Xəbərlər

Soylu Atalı. Faciə konsepsiyası (V.Şekspirin “Hamlet” əsəri üstə düşüncələr)

 İnsan faciəsinin tarixi elə insanlığın yaşı qədər qədimdir. Bu tarixi səhifələmək necə də dəhşətlidir. Adamın ürəyi üzülür. Tarixi vərəqləmək, xatırlamaq istəmir. Dünyanı sevmək yerinə dünyadan əl götürmək istəyirsən. Bu cür dünyada yaşamaqdan fərəh ala bilmirsən. İnsanın fəlakətlər tarixinin hansı səhifəsini açırsan orada qladiatorluq dövrünün amansızlığını oxuyursan. Fəlakət fəlakət olaraq qalmır, o, dərinləşir, hüdudsuzlaşır. Sonsuz qatlarda hər cür faciə çalarlarının tanıqı (şahidi) olursan. İnsan təkcə öldürülmür (qətlə yetirilmir), lağa qoyulur, məshəkəyə çevrilir. Eyş-işrət məclislərində əyləncə vasitəsi kimi qullanılır. Faciənin dəhşəti, mürəkkəbliyi ondadır ki, ölən də insandır, öldürən də, gülən də insandır, ağlayan da, zalım da insandır, zavallı da. Həmişə də yaradıcı insanların axtarışları bu nöqtədə qəlizləşir. Ümidi bu nöqtədə sarsılır. Həmişə də insan faciəsini araşdıranlar, yol axtaran dahilər, yaradıcılar həqiqəti üzə çıxarmaq üçün bütün yollara bu nöqtədən göz yetiriblər. Şekspir də öz yaradıcılığında baxışlarımızı bura yönəldir. Bizə görə Şekspirin “Hamlet”i, özünün dəyəri baxımından, brunoların, yan qusların fəlakətli ölümlərinin gördüyü işlə bir xətt üzərindədir. Qəhrəman ömürlər bizə yaşamın çətinliyini, mənasını göstərə biliblər. Ülviyyətin varlığını da təsdiq edə biliblər. Həyatda insanlığın bərqərar olmasına, yaşamasına əngəl törədən şərlə döyüş ruhu yaşayır qəhrəman ömürlərdə. Bu cür ömürlər bizim ümidimizə işıq tuta biliblər. “Hamlet”də şəri tanıdan, sarsıdan idrak, ləyaqət qəhrəmancadır. Şekspirin “Hamlet”i dövlətin insan üzərində qurduğu faciə konsepsiyasıdır. Burada dövlətlə insan arasındakı yadlıq, dövlətlə həyat arasındakı müxaliflik üzə çıxır. Dövlətin amansız, qəddar səlahiyyətlər üzərində bərqərar olması dərk olunur. Məsələnin ilginc çaları odur ki, qəddarlıq qaynağı olan bu səlahiyyətləri dərk edən də, səlahiyyətlərin potensial varisi olan, Hamlet özü olur. Hərçəndi əsərin başlanğıcından görünür ki, Hamlet bu aşamaya qədər də düşünən, qanan insanlarla insani davranışda bulunan alicənab bir şəxsdir. Hələ Poloninin (müşavir) Hamleti cəzalandırmaq önərisinə – kralın “qara camaat onu sevir” deyə cavab verməsi də bunu bir daha sübut edir. Elə buna görədir, Hamlet həqiqəti üzə çıxartmaq, şərdən intiqam almaq üçün özünün varislik haqqından tərəddüdsüz imtina edir. İnadla xeyirin varisi kürsüsünə qalxır.

Şekspir öz əsərində sübut edir, ən böyük haqq insanilik haqqıdır. O öz qəhrəmanı araçılığıyla axıra qədər ləyaqətin yoluna işıq tutur. İnsan fəlakətinə hər addımda boy verən dövlət  səlahiyyətinin, belə bir vəhşətin varisi olmağın nə demək olduğunu öz qəhrəmanına dərk etdirir. Hamlet yırtıcılığa göz yumub səlahiyyəti ələ keçirməyin vaxtını gözləmir. Səlahiyyət araçılığıyla qisas almağı arzulamır. Canavarlıqla döyüşməyin asan yolunu ləyaqət üçün doğru saymır. İntiqam almaq üçün, şərlə döyüşmək üçün ən böyük səlahiyyət ürəyin təpəridir. Şərlə döyüşməkdən, intiqam almaqdan ötrü hamı hökmdarlıq səlahiyyətinə can atsa yeni fəsadlar meydana atılar. Yeni qurbanlar tələb olunar. Sonucda canavarlıq sarsılmaz, təsdiq olunar. Rəsmi səlahiyyətə can atmaq da bir ayrı cür canavarlıq tələb edir.

Əsərin drammatikliyi Hamletin şübhələri ilə daim dərinləşir. Hamletin ölmüş atasının yası, çox sürətlə, sarayda əyləncələrlə əvəz olunur. Bu əyləncə onun öz anası ilə əmisinin sevgi macəralarında amansız bir səviyyədə qabarır. Hamletin ürəyi qana dönür. O, ata ölümünün kədərini rahat yaşaya bilmir. Ruhu təhqir olunur. Ruhun təhqirinə dözmək heç cür mümkün deyil. Hamletin şübhələri atasının kölgəsi biçimində meydana çıxır. O əmisinin xəyanətini, qəsdini başa düşür, sevinir. Əslində bu sevinc şübhənin inamla əvəz olunmağa başladığı bir aşamanın görsənişi idi. Bunu kralın, Hamletin, kraliçanın aralarında yer dəyişən dialoqlardan izləmək mümkündür.

Kral: Yenəmi üzünü tutmuş buludlar?

 Hamlet: Əksinə, nədənsə o günəşlidir.

 Kraliça: Yetər tutqunlaşdın gecələr kimi!
Hamlet! mehriban ol bizim krala,
bir gülər üzlə bax. Nə vaxta qədər
Başını sallayıb, mərhum atanı
Torpaqlar içində axtaracaqsan?
Belə yaranmışdır dünya əzəldən,-
Təbiət hökmü ilə bütün canlılar
Ölüb keçməlidir əbədiyyətə.

 Hamlet: Belə yaranmışdır dünya əzəldən.

 Kraliça: Eləysə, nə üçün, bir söylə görək,
Qəribə görünür matəmin sənə?

 Hamlet: “Görünür”…
Yox, xanım, doğrudan bu qəribədir.
Mənə tanış deyil bu “görünmələr”.
Nə bu tutqun plaş, nə bu qara paltar,
Nə nəfəs təngliyi, nə göz yaşları,
Nə bu üzüntülər… heç şey, heç bir şey
İfadə edəmməz mənim qəlbimi.
Bunlar görünməyin vasitəsidir,
Bunların hamısı bir hərəkətdir…
Bunları çox asan oynamaq olar…
Mənim riyasızdır bu kədurətim,
Nümayişkarlıq da deyil adətim.

 Kral: Sənin atan üçün bu qədər matəm
Saxlamağını görmək çox xoşdur, Hamlet.
Lakin sənin atan öz atasını,
O da onun kimi öz atasını
İtirmişdir, bəli. Bir neçə müddət
Yaxın mərhumlara matəm saxlamaq –
Bizim borcumuzdur. Amma hər zaman,
Bu yasa bağlanmaq günahdır, oğlum.
Kişiyə yaraşmaz belə bir kədər.
Bu kədər iradə acizliyinin,
Ürək korluğunun, ümidsiz ağlın
İnan ki, ən qabar ifadəsidir.

……………………………………………………

 Kişiliyə qəsd edən, ən yüksək duyğuları içində qətlə yetirən bir namərd Hamletə mərdlik dərsi deyir. Başında namərdlik tacı gəzdirən səlahiyyətli üçün, ürəyi xəyanətə qarşı hiddətlə döyünən, bir  gəncə müdrüklük öyrətmək, dözümlüyə çağırmaq necə də asandır. Xeyirin adından danışmaq da xəyanət törətmək qədər asan olanda vicdan elə fəryad qoparır ki, onun harayını heç bir sözlə ifadə eləmək, heç bir fəlsəfi dillə ifadə eləmək belə, mümkün olmur. Bəlkə buna görədir, intiqam hissi kükrəməyə başlayır.

Öz parıltıları ilə göz qamaşdıran bu cür qiymətli tac nə qədər rahatlıqlara qənim kəsilir, səadətləri qeybə çəkir. Nə qədər insani dəyərlərin üstündən adlayıb namərd bir başa qonur. Dünya özü boyda məşəqqətlərə çevrilir Hamlet üçün. Dünən öz ərinə məhəbbət təranələri yazan ana, bu gün sərxoş bir qucaqda, özünü xöşbəxt hiss edərək, oğlunu ata qatilinə qarşı ehtirama çağırır. Dünya gözündə bir heçə çevrilir Hamletin. Hər an həyasızlıq, cilddən-cildə dəyişən cadügərlik, ifritəlik onu təqib edir. Qəlbini ovundura bilən bircə təsəlli belə, tapmır. Yanıb-yaxılır, əzabla qovrulur.

Hamlet: Ah, insan bədəni, ət və sümükdən
Yaranmış ağır yük! Kaş əriyəydin!
Ah, böyük yaradan, sən intiharı
Yasaq etməsəydin! Aman, ilahi!
Mənim gözlərimdə bütün bu dünya,
Ah, nə qədər rəzil, alçaq görünür.
Hər tərəf murdarlıq! Üstünü kol-kos
Basmış gülüstan tək, hər tərəf, hər yer
Tamam murdarlanmış çirkə batmışdır.

…………………………………………………………………………………

Hamletin əhvalı daim tuqun, daim gərgin! – Sanki ömrünün sonunu gözləyir. Həyat onun üçün elə bir iztiraba çevrilib ki, bu əhvalnan ayaq üstə gəzmək, yaşamağı bacarmaq, doğrudan da, möcüzədir. Şübhənin sarsıntıları çox amansız olur. Özəllikcə də şübhə şübhə olaraq qalanda, həqiqəti üzə çıxara bilməyəndə ürək sərsəmlik yükü daşımaqdan üzülür.

Axır ki, Hamlet aktyorlar vasitəsilə özünün şübhələrini səhnələşdirməyə qərar verir. Bu səhnə Hamletin yeganə qurtuluşu olacaq. Ona həqiqəti göstərən, şübhələrinə son qoyan bir işarə verəcəkdir. Kralın özünü aparması ilə onun xəyanəti təsdiq oluna biləcək.

Hamlet: Mən aktyorlara tapşıraram ki,
Atamın ölümünə bənzər səhnəni
Əmimin önündə canlandırsınlar.
Baxıb göz çəkmərəm mən də əmimdən.
Ona toxnuarsa bu oyun əgər,
Onda mən bilərəm neyləyəcəyəm!
Bəlkə də o kölgə bir şeytan imiş,
Bəlkə də o şeytan atamın əziz
Surətinə girib aldatmış məni?
Bilib bu üzücü yorğunluğumu,
Məni sürükləyir o fəlakətə…
Yoxlamaq gərəkdir şübhələrimi.
Mənə əsas gərək, möhkəm bir əsas.
Bilmək ki, kralın vicdanı nədir,
Onu göstərəcək yalnız səhnədir.

 Həqiqəti bilmək arzusu ilə vicdan tələbi birləşir Hamletin içində. Onun mənliyini sarsıdır. Bu sarsıntı Hamletin doğru yol göstərcisinə çevrilir – xəyanəti acığın gücü ilə deyil, həqiqətin gücü ilə ifşa eləmək mümkündür. Müəmmalar açılmalıdır. Açılmasa yeni fəlakətlər yaranacaq. Müəmmanı elə fəlakət yaradıb. Müəmma ömrü nə qədər üzsə də dözmək gərəkdir. Müəmmanın açılması – fəlakətin tanınması, dərk olunması deməkdir.

Hamletin faciəsini dərinləşdirən başqa bir cəhət onun Ofelyaya münasibətidir. Hamlet həm də sevir. İntiqamla məhəbbət – bunlar bir araya sığmayan anlamlardır. Xəyanətə qarşı intiqam duyğusuyla çırpınan bir ürək məhəbbət yükünü götürə bilməz. Məhəbbət Hamletin səadətidir, intiqam isə fəlakəti. Hamlet səadətdən imtina edir, fəlakəti seçir. Hamletin təhqir olunmuş ruhu məhəbbətin sevinci ilə sakitləşə bilmir. Bu səbəbdən Ofelyanı özünün faciəli aqibətinə yoldaş eləməyə qıymır. Ömrün qapısını faciənin üzünə açan Ofelyaya məhəbbət ümidi verməkdən açınacaqlı durumda imtina edir.

Hamlet öz iradəsi ilə dəli kimi yaşayır. Şəri ağlın təmkini ilə tanımaq çətin olanda onu çaşdırmaqla tanımaq mümkün olur. Hərçəndi Hamletin iradəli qəribəliyi – “dəliliyi”, sonradan, Ofelyanı faciəvi taleyin qucağına atır. Ofelya iradəsini itirərək dəli olur. Ardınca isə həyatla vidalaşır. Əslində isə bu faciənin özülündə kral işrətinin qanlılığı dururdu. Kral qanlılığının cazibəsində yaşayan Poloni öz ölümü ilə zavallı Ofelya üçün böyük dərdə çevrilir. Poloni qızını Hamletə verməkdən səatət tapardı. Ona görə də kral Hamletin “dəliliyi”ndən rahatsız olanda Poloni, Hamletin öz qızının dərdindən bu kökə düşməsini dilə gətirmişdi. Kral, Hamletin bu dərdinə sevinərdi. Böyük məmnuniyyətlə Polonini xöşbəxt edərdi. Poloni üzdə qızının prins Hamletə – kral ailəsinə layiq olmadığını göstərməyə çalışsa da, içində sevinirdi. Kralnan qohum olmaq Poloniyə qol-qanad verərdi. Ancaq bütün bunların fonunda kralı rahatsız edən Hamlet “dəli”liyinin görünməyən yanı idi. Onun xəyanətinin izi tapılmışdı. Hamletin bu dəlilik oyunları kralı boğaza yığmışdı. Onun ürəyi üzülürdü. Poloni öncə bütün bunların səbəbini bilməsə də, kralın Hamletdən bezar olduğunun şahidi olduqdan sonra, qohumluq düşüncəsindən daşınır. Yaltaqlığın fitnəkar rəqslərinə başlayaraq, kraldan Hamletə cəza istəyir. Xəyanətin qaranlığına qərq olmuş bir ailənin münasibətlərinə fəal şəkildə qoşulan Poloni canfəşanlığının girovuna çevrilir. Ömrü bu “sədaqətinin” güdazına gedir. Belə ki, bir xəyanətkara (krala) sədaqət göstərən Poloni Hamletin iti qılıncının ucunda göynəyir.

Hamlet (qılıncını çəkərək): Eləmi? Burada siçanlarmı var?
Öldü. Mərc gələrəm, gorbagor oldu…
(Qılıncını xalçaya sancır)
Poloni (xalça arxasından):
Aman, öldürdülıər!
(yıxılıb, ölür).

 Kraliça: Sən neylədin, ah!

 Hamlet: Xalça arxasındakı yoxsa kraldı?

 Kraliça: Sən nə amansızsan! Bu nə dəhşətdır!

 Hamlet: Bir kral öldürüb, ər qardaşına
Arvad olmaqdan da dəhşətlidirmi?

 Kraliça: Bir kral öldürüb?

 Hamlet: Bəli,miledi!
(Xalçanı qaldıraraq Poloninin cənazəsini görür)
Sən, axmaq, çərənçi, məni bağışla.
Mən səni çox mühüm bir nəfər ilə
Qarışıq salmışam. İndi gördün ki,
Aralığa girmək xeyir gətirmir.

 Siçan taleyi yaşayır Polonilər. Bu səbəbdən də ziyankar siçanları öldürmək humanizmin qələbəsi haqqında düşünən Hamleti belə, rahatsız etmir. Polonilər qanlı rəzalətlərin könüllü qurbanlarıdır.

Əsəri izlədikcə qanlı rəzalətin yeni qurbanlarının şahidi olursan. Bu qurbanlar eyni zamanda həm quzudurlar, həm də canavar. Çünkü qanlı rəzalətin cazibəsini daim qoruyurlar. Onun ortadan qalxmasına imkan vermirlər. Qurban – rəzalətin özünüqoruma əməlidir. Nadanlıq – rəzalətin özünü təsdiqeləmə vasitəsidir. Qurbanlıq nadanlığın görsənişidir. Həm də nadanlıq qurbanlığın sonucudur. Çünkü qurban getmələr ayıltmır – nadanlıq yaşayır. Nadanlıq yaşadıqca rəzalət böyüyür. Həyatı qana çalxalayır. Belə nadanlar Rozenkrantslar, Qildensternlərdir. Bunlar sarayda bəslənilən qurbanlardır. Rəzaləti qorumaq üçün – rəzalətin qanlı izini öz kölə ömürləri ilə silməyə hazır dayanan quzulardır. Onların quzuluğunu sübut edəndə canavar şəsti nümayiş etdirirlər. Elə buna görə “həqiqi, ağıllı sözlər axmaqlara təsir etmir” deyir Hamlet.

Xəyanət davam edir. O dayanmayıb. Nə qədər ki, cavab almayıb sona yetmiyəcək. Çox qurbanlar udacaq, ancaq o dayanana qədər də çox qurbanlar udmalı olur. Həyatı qanla çalxalayır rəzalət. Hamı qan gölünə batır. Hər şey qan rəngində görünür. Dost dosta yağı kəsilir. Düşmənin düşmənliyi bilinmir.

Əsər Layertlə Hamletin faciəvi döyüşü ilə sona  çatır. Hər biri öz atasının intiqamı üçün meydana atılır. Ancaq onların heç biri qatilin meydanına deyil, hökmdar hərisliyinin qanlılığından məşəqqət görmüş özlərinin meydanına atılırlar. Əslində hər iki ata intiqamçısının düşməni birdir – Hamletin əmisi Klavdi. Baxmayaraq, Layertin atası Polonini Hamlet öldürüb. Əslində bu ölüm səhnəsini yaradan Klavdi xəyanəti idi. Bunu anlayırlar. Ancaq fəlakət müdhiş bir zirvəyə qalxanda başa düşürlər. Çünkü tələsiyirlər, acıqla tələsiyirlər, qisas almaq tələskənliyi ilə davranırlar. Daha doğrusu, Layert tələsiyir, həqiqəti bilməyə səbr etmir. Səbirsizlik şərə qulluq eləmiş olur. Fəlakətləri bir-birinin dalınca qoşur. Layert öz acığının əli ilə kralın toruna düşür. Hamleti öldürmək üçün zəhərlədiyi qılınc ilə özünün də həyatına son verir. Son nəfəsində anlayır ki, qatil kraldır. Kraliça da xəyanətin qurbanı olur. Ancaq bu xəyanət kralın xəyanəti deyildi. Həm də kraliçanın öz xəyanəti idi. Ərinə, oğluna göstərdiyi xəyanəti kralın Hamlet üçün hazırladığı zəhərli şərbəti içməklə yuyur.

Zəhərli qılıncla yaralanmış Hamlet kralı məhv eləməklə intiqamı başa çatdırır. Hadisələrə öz ölümü ilə son qoyur.

İntiqam alındı, alınanda xeyirə ziyan vermədi. Vicdan əzab çəkmədi. Fəqət rəzalət həyat üzündən silinmədi. Xəyanətlər davam edir, fəlakətlər davam edir. Çünkü hərislik qanlı əlini həyatdan çəkməyib. Çünkü Adam İnsan olmayıb.

Yükümüzdən Böyük fərəhimiz yoxdur!

Atamız Var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir