Xəbərlər

Soylu Atalı. Gerçəkləri görməli, yenilməməli

Ürəyinizdə Ata Günəşi olsun, sevimli amaldaşlarım.
Ölkədəki son durumla bağlı bəzi düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Faktiki olaraq,  ölkədə durum, düşüncə baxımından, çox qarışıq bir yönə meyillənir. Anarxiya var. İnsanlar daha çox çaş-baş durumdadırlar. Düşüncə baxımından toplum iki cəbhəyə bölünüb. Özləri də bu cəbhələrdən birini bədbin, birini nikbin adlandırırlar. Optimist,  pessimist. Bəziləri deyir ki, mən nə optimistəm, nə  pessimistəm, realistəm. Belə söz oyunları var, durum acınacaqlı şəkildədir.  Bəzən deyirlər, milli birliyi qorumağa çalışaq. Bu cür çağırış eləyən adamlar ya öz dediklərini özləri dərk eləmirlər, ya da bunlar özlərini ağıllı göstərməyə çalışırlar, özlərini şöhrətə mindirməyə çalışırlar. Niyə? Öncə aydınlaşdırmaq gərəkdir, milli birlik – yəni nə? Kiminlə milli birlik yaradaq, qoruyaq? 27 sentyabr ayından savaş başladı. Ölkədə hər kəs bütün iddialarını qırağa qoyub dövlət başçısının arxasında durdu. Həlledici bir məqamda dövlətin başçısı Azərbaycanın çıxarılarına, insanların ümidlərinə, inamlarına, sevinclərinə, şəhidlərin ruhuna gözlənilmədən bir balta vurdu. Niyə?! Rusiya güclüdür, biz zəifik ona görə?! Bəs Türkiyə, Pakistan ordusuyla, yarağıyla yanımızda idi, bəs dövlət başçısı deyirdi, bundan sonra heç kim məni dayandıra bilməz. Bunu deyəndə Rusiyanın güclü olduğunu bilmirdi?! Əslində məsələnin mahiyyətini deyilənlərdən qıraqda axtarmaq gərəkdir. Bir ara bəzi dövlətlərdə Azərbaycanın iqtidar başçısının varı-mülkü ilə bağlı araşdırma işləri olmuşdu, sosial şəbəkələrdə də paylaşılırdı. Azərbaycanda rüşvətxorluğun, korrupsiyanın sınır tanımadığı danışılırdı. Halbuki bunlar Azərbaycana olan sevgilərdən gəlmirdi. Görünür, kimlərsə Azərbaycandan umduqlarını ala bilmirdilər. İqtidar başçısı özünün varını böyük çapda Rusiya banklarına dövr elədi. İndi heç kimə sirr deyil ki, iqtidarın Rusiyada nə qədər varı, mülkü, yatırımı var.

Azərbaycanı ilərlə çalıb-çapan, soyub-talayan iqtidar başçısı savaş başlayandan sonra xalqın gözündə az qala qəhrəmana dönmüşdü. Nə baş verdi, iqtidar başçısı xislətini dəyişdimi?! – Dəyişmədi. Düşüncəsini, mövqeyini dəyişdimi, dəyişmədi. Dəyişə bilməz. O, şəxsi çıxarılarını düşünən biridir. Bəs qədər açıqları olan biridir. Rusiyanın ona basqı göstərmək olanaqları olduqca genişdir. İndi “milli birliyi qoruyaq” deyənlərə üzümü tuturam: kiminlə qoruyaq, necə qoruyaq?  Bu iqtidar başçısı ilə milli birlik var ki, qoruyaq? Milli birlik idi, arxasında durmuşduq. Təkbaşına qərar verdi, Azərbaycanın mənafeyini satdı. Axı nəyin arxasında duracaqsan – satılmağın, satqınlığınmı? Xəyanətin arxasında durub milli birlikmi qoruyacaqsan?! – Bu mümkün deyil…

İndi məsələnin başqa bir yanına baxaq. Hamı eyforiyaya qapılmışdı. Toy-bayram əhvalları vardı: – Türkiyə Rusiyanın qabağını kəsəcək, məsələ bir yolluq sona varacaq, Rusiya erası bitdi, nəinki Qarabağı, Zəngəzuru da alacağıq i.a. Dönə-dönə demişəm, yenə vurğulayıram: Türkiyəni sevirəm. Ancaq Türkiyənin başında duranın doğrudanmı xəbəri yox idi bəyannamənin qollanmasından, o bəyannamənin içində yazılanlardan?! Yaxşı xəbəri yox idisə, bəyannamə harda, nə vaxt ortaya çıxdı? Ortaya çıxandan sonradamı başa düşmədi orda nə var, nə yox? Hamı bildi, o bilmədi? Bilmədimi ki, orda yazılanlar Azərbaycanın zərərinədir? Əgər bildisə, necə olur, Azərbaycanı  qutladı ki, “zafer kazandınız”. Hər şeydən xəbəri vardı. Sadəcə təbliğatlar Ərdoğanı arı-duru çıxartmağa çalışacaq.

Ordumuz ləyaqətini sübut elədi, canı bahasına torpaqlarımızın çox hissəsini işğaldan qurtardı, bu onun qələbəsidir. Ancaq Azərbaycan öz ordusunun qələbəsini sonacan da görə bilərdi. Belə yarımçıq qələbə bundan sonra çox sorunlar ortaya çıxaracaq. Məsələ Rusiyanın güclü bizim zəif olmağımızda deyil, məsələ siyasi başbilənin Rusiyanın qarşısında dilinin gödək olmasındadır. Bundan başqa, Ərdoğan o dövlət başçılarındandır ki, hər dəfə Azərbaycanda prezident seçkiləri, parlament seçkiləri keçiriləndə dəstəkləyib, Azərbaycanda demokratik, şəffaf seçki keçirildiyini elan edib. İlham Əliyevi savunub, onun pozuntularla, zorakılıqla seçilməsinə həm hüquqi don geyindirib,  həm də arxasında durub. Türkiyə dövləti hüquqi dövlətdir, güclü dövlətdir. Onun başında duranın Azərbaycan xalqının iradəsinin zorlanmasına yardım eləməsi bugünkü təslimçi durumumuzun nədənlərindən biridir. Bəs Ərdoğan nədən bu rejimi savunma xətti tutur? Məntiq onu deməyə əsas verir ki, korrupsioner rejimlə ortaqlıqları var.

Əliyevlərin rejimi gözümüzün qabağında, onillərdir, Azərbaycanın hüquq-məhkəmə sistemini, təhsil sistemini, mədəniyyət-eyitim sitemini, səhiyyə sistemini çökdürür, özbaşınalıqlar qaynadır,  dəyənək gücü ilə yönətim formalaşdırır (Azərbaycanın bu günkü məğlubiyyətinə öncədən ortam yaradıb), Ərdoğan da bu rejimin ömrünün uzanmasına yardım edib. İndi necə olur ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Azərbaycanın qəhrəmanlarına çevrilirlər. Çoxluq alqışlayır, sevir… Bütün bu yalançı görsənişlər Azərbaycan toplumunda iki yönlülük yaradır. Bir yanda mollaqafalılarla rusiyayanlılar, bir yanda isə (azlıq) Azərbaycanın milli düşüncə yönündən çaba göstərənləri. Azərbaycan yenə çox pis duruma gətirildi. Deyirdilər, Türkiyə gəldi, Rusiya Türkiyədən qorxur, çəkinir. Rusiya artıq o Rusiya deyil. Bəs hansı Rusiyadır?! Nə Türkiyəni saydı, nə Azərbaycanı, girib torpağımızı işğal elədi. Postsovet məkanında olan dövlətlərin üzərində  Rusiyanın hegemonluğu hələ də qüvvədədir, aparıcı güclər də bununla razılaşırlar. Rusiyanın əlini, ayağını Şərqi Avropa dövlətlərindən yığışdırdılar, ancaq postsovet dövlətlərindən yığışdırmayıblar. Heç kimin arxasında durmadılar. Nə Gürcüstanın, nə Ukraynanın, nə Belorusiyanın, nə Moldovanın, nə də Azərbaycanın. Olduqca çətin bir dönəm yaranıb. Nə yazıqlar ki, Azərbaycan hələ çox çalxalanacaq. Azərbaycanın yanında yer alan yoxdur. Ərdoğanı qəhrəmanlaşdırmaq doğru deyil. Türkiyə ilə Azərbaycan doğma qardaş olsa da, dövlət çıxarları deyilən bir şey də var.  Naxçıvanla Azərbaycanı birləşdirən dəhliz Türkiyə ilə Rusiyanın arasında bağlanan yüz milyardlıq iqtisadi layihənin gerçəkləşdirilməsi üçün çox yaxşı bir ortamdır. Türkiyə Rusiya ilə heç vaxt Azərbaycan məsələsində kəskin qarşı-qarşıya gəlməyəcək. Türkiyənin gəlişi, gedişi böyük anlamda heç nəyi dəyişmir. Hələlik Rusiya istədiyini elədi, eləməyə də davam edəcək, özümüzü aldatmayaq. Naxçıvan-Mincivan dəhlizi ilə Rusiya İranla da quru əlaqələrini genişləndirəcək, Ermənistan blokadadan çıxacaq. Yəni bu dəhliz təkcə Azərbaycan üçün deyil…

Azərbaycan üçün doğrudan da çox ağrılı bir dönəmdir. Ancaq fəlakətdən yıxılmalı deyilik, güc almalıyıq, toparlanıb tarixi haqlarımızı bərpa eləməyi düşünməliyik. Milli özül üzərində yeni siyasi hərəkat başlamalıdır. Yalançılara ümid bəslədikcə uçurumdan uçuruma düşürük. Məncə, Türkiyənin sağlam düşüncəli insanları ilə Azərbaycanın sağlam düşüncəli insanları bir araya gəlməli, yeni milli qüvvə formalaşdırmağa başlamalıdırlar. Biz Ocağıq, öz işimizlə uğraşmalıyıq. Ancaq doğruçu milli qüvvə hərəkətə keçərsə, bacardıqlarımızı eləməyə hazırıq. Biz Ocaq olaraq, Asif Atanı daha aktiv şəkildə öyrətməliyik ki, milli düşüncə daha çox gəlişsin. Demokratiya çoxrəyliliyi bu işdə yaramır. Çoxrəylilər bir-biri ilə döyüşürlər, ortaq düşmənə qarşı birləşə bilmirlər. Hərə bir yana dartır Azərbaycanın taleyini. Ona görə Ocaq  daha çox işləməli, qabaqkından daha çox xalqa söz deməlidir. Asif Atanın kimliyini, nə istədiyini öyrətməlidir. Mən bu cür düşünürəm, bu cür yaşayıram, bu cür də edirəm. Uğurlar, başarılar diləyirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

17 Yağış Ayı, 42-ci il.

(noyabr, 2020).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir