Bir gənc Amaldaşımın evində oldum. Bir yaşında körpəcə qızı var. Uşaq həm şəndir, həm də çox həssasdır. Enerjili, aktiv hərəkətlidir. Bir istəyi də yerinə yetirilməyəndə zənguləli, cingiltili, həm də gur səslə ağlayır. Bir dəfə ağlayanda qəribə hal yaratdı məndə. O anda ağlıma gəldi ki, ağlamaq səsinin musiqi ilə birbaşa bağlılığı var. Bu uşaq böyüyəndə yaxşı muğam oxumaq bacarığı aşkarlana bilər… Genel olaraq, insanın gülüşündə də, ağlamasında da musiqi var. Bu məzmun insanla birgə doğulur, böyüyür. Ya aşkarlanıb ifadə olunur, ya da qəbrə aparılır. Ancaq istənilən halda, bu keyfiyyət insanın duyğularına, ruhani xislətinə bağlı olub körpəliyində də, yetkinliyində də, qocalığında da özünü göstərir.
xxx
Bu uşaq ağladıqca səsində muğamla, sazla, ana laylasının həsrətiylə bağlılıq tonu yeriyirdi düşüncələrimə. Bəlkə də bütün bunlar mənim duyğularımın fantaziyaları idi. Ancaq məncə bayatılar, ağılar bu səsin sözə çevrilmiş ifadəsidir. Ana laylası uşaqdakı həmin səsi sözə çevirən musiqi tonudur. Uşağın sirli, gizlin halı musiqiyə, bayatılı sözə çevrilib ifadə olunmuş arzu kimi özünə qaytarılır. Bu zaman onun azadlıq, xoşbəxtlik duyğuları təmin olunaraq rahatlıq, arxayınlıq, hüzur gətirir uşağa. Ana laylasının sirli, müqəddəs oxşamaları ilə uşağın məsumanəliyi birləşir, uyuma çevrilir, uyğu gətirir.
xxx
Uşağın istəkləri ödənməyəndə özünü tək hiss edir, yalqızlığı onda həyəcan doğurur, ürək nisgilə bürünür. Ağlamaqla nisgil ürəkdən silinir. Bəlkə də ağlamaq – təmizləmək, ağartmaq anlamında işlənən sözdür. Göz yaşı kədəri, nisgili ürəkdən silib ağardır. Bəlkə də kədər ürəyin ağarmasının, ağlanmasının yenilənməsi üçün var. İnsan böyüyür, dünyada, həyatda istəklərini, arzularını tam ödəyə bilmir. Gerçəklik Mənadan uzaq düşür. Mənaya olan həsrət kədər yaradır. Bu kədər göz yaşı ilə deyil, musiqi ritmiylə, poeziya diliylə ifadə olunur. Körpəliyindən yetkinliyinə, qocalığına doğru yol gedən ağlama səsi həsrət yanğısı kimi nəğmələşir, şeirləşir, musiqiləşir. Muğama çevrilir, saza çevrilir. Söz yox, ürəyi – sevincin də öz böyütməsi var. Sevinclə kədər insan halının tarazlığıdır. İnsanda yalnız davamlı, tükənməz kədərlər olarsa mərhəm duyğular qırılar, ömürdə amansız, sərt əhvallar oluşar. Qayğılarsız ömür də çaşar. Mövcudluq toxunulmaz deyil, onun sürdürülməsində uğurlar da, uğursuzluqlar da qaçılmazdır…
xxx
Körpənin arzusu da körpə olur, kövrək olur. Ona görə arzularına əlinin çatmamasını ağlamaqla çatdırır. Yetkinin arzuları da yetkin olur. Onun içində həsrət yarananda ağlamır, musiqi diliylə, şeiriyyət diliylə danışır. Bununla belə yetkinliyin də göz yaşları var. Kədərdən doğan əzabın son həddi görünəndə onu ifadə eləməyə sözün, musiqinin, poetik duyğuların belə gücü çatmır. Bu zaman ürəkdəki nisgili ancaq göz yaşı yuya bilir.
xxx
Bu məna dərk olunanda, ürək ülviyyətlə işıqlananda kin-küdurət bəsləmir, şər ürəyə yol tapa bilmir. İşıqlı ürəklərdə şər qaranlığı var ola bilmir. Bu hallar insanla dünyanın əbədi bağlılığının görsənişidir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
26 Ata ayı, 42-ci il. Atakənd.
(sentyabr, 2020. Bakı).