Aldığımız bilgilərə görə Gürcüstanın Dmanisi (keçmiş Başkeçid) rayonunda bir sıra cavan adamlar (onların svanlar olduğu bildirilir) yerli azərbaycanlılara hücum etmiş, onları dəyənəklərlə döymüşlər. Ən çox da aralarında olan yaşlı azərbaycanlı kişiyə zərbələr vurmuşlar. Bu olay azərbaycanlıların işlətdikləri “Ömər Market”in qarşısında baş vermişdir. Hücumun səbəbi kimi satıcı işləyən azərbaycanlı qadının onlara havayı pivə verməməsi göstərilir. Bizə görə bu, sadəcə bəhanədir. Məsələnin mahiyyəti daha dərində görünür. Dmanisi meri Giorgi Tatuaşvili baş verənləri xırda insident kimi dəyərləndirsə də, Dmanisidən olan millət vəkili Qoqi Meşveliani baş verənləri siyasiləşdirməməyə çağırsa da, məsələyə olduqca ciddi yanaşmaq gərəkir. Bu cür olaylar ötən yüzildə də bir neçə yol baş verib. Hər 25-30 ildən bir, sanki planlı şəkildə, bu cür olaylar baş verir, azərbaycanlıların bəlli bir kəsimi öz yurdlarından, evlərindən didərgin salınırlar. İnsanlarımız qaçqın, köçkün salınandan sonra sakitləşdirici tədbirlər görülür. Yalançı “Azərbaycan-Gürcüstan dostluğu” bəyənatları verilib olayın üstünə pərdə çəkilir.
80-ci illərin axırları şovinist Qamsaxurdiyanın törətdiyi cinayətlər ayrı-ayrı biçimdə yenidən davam edir, davam etdirilir. Azərbaycanın indiki durumunda bu olayların törədilməsi, bəlkə də, siyasi təxribat məqsədiylə gerçəkləşdirilir. Bu açıdan məsələyə soyuqqanlı yanaşmalar nə qədər önəmlidirsə, olayları gözardı eləmək bir o qədər qorxuludur. Düşünürük, Azərbaycan rəhbərliyi bu məsələni 30-40 adamın xuliqanlığı kimi dəyərləndirib yan keçməməlidir. Azərbaycanın Milli Məclisi toplantı keçirməli, məsələnin araşdırılması üçün Gürcüstan parlamentinə çağırış etməlidir. Birgə komissiya yaradılıb olayın nədənləri araşdırılmalı, yerində çözümünü tapmalıdır.
Bildirildiyinə görə, bu kimi olaylar artıq tez-tez baş versə də, Gürcüstan Hüquq Mühafizə Orqanları ciddi ölçü götürmürlər. Ona görə məsələyə Gürcüstanın daxili işi kimi baxmaq olmaz.
Bir daha vurğulayırıq, durum qarşısıalınmazlığa doğru inkişaf edə bilər. Bu isə regionda yeni qarşıdurma (münaqişə) ocaqlarına çevrilər ki, bu da nə Azərbaycana, nə də Gürcüstana xeyir gətirməz…