I
Biz insandan kənarda inam mənbəyi tapıb insanların sevgisini ona yönəltmirik. İnamı insanın özünə bağlamaqla onun özünü yaratmasına və öz mahiyyətinə uyğun yaşamasına çalışır, bununla da həyata yeni hal, yeni ahəng gətirməsinə yol açırıq. Bu yolda insan əbədi, ölməz dəyərlərə üz tutaraq gerçəklikdə müqəddəsliyin yaşamasını təmin edir.
xxx
Asif Atanın “Kutsal bitiqlər”i insanı fövqəltəbii, transsendental qüvvələrə itaət göstərməyə deyil, Mütləqi özündə axtarmağa, tapmağa, sevməyə və yaşatmağa çağırır.
İnsan Mütləqə itaət eləmir, Onunla vəhdətə yetir və yaşayır. Başqa sözlə, var olur.
Kutsal Bitiqlər İnamın Bitiqləridir, dinlərin kitablarından alidir, yüksəkdir. Dində insan Allaha itaət göstərə-göstərə qeyri-müəyyən aqibətə düçar olur, əslində boşluğa düşür. Özünü tapmayan insan özgəlik boşluğunda yaşayır.
xxx
Əski peyğəmbərlərin verdikləri mistik ideyalar gerçəkliyi pozuntulardan, qarışıqlıqlardan xilas eləyə bilmədi. Başqa sözlə, idealın xeyrinə dəyişiklik yaranmadı. Toplum ona təqdim olunan ideyaları öz həyat gedişinə uyğunlaşdırdı. Çünki toplumun çağırıldığı yön, ideal ötəri, keçici keyfiyyətlərdən ibarət idi. Toplumun yaşatdığı naqis cəhətlər ona təqdim olunan idealda da öz əksini tapırdı. Bu ideal Allah adlandırılmışdı. Allah – panteizmin, dualizmin, antropomorfizmin ayrı-ayrı elementləri ilə rənglənmiş bir təxəyyül subyektidir.
Bunları deməkdə məqsəd diqqəti Asif Ata Peyğəmbərliyinin yeni məzmununa cəlb eləməkdir. Asif Ata mücərrəd göylərin elçisi deyil, O, Dünyalığı, İnsanlığı Allahdan yüksəkdə görür. Özü də yaratdığı İdealla iç-içə, vəhdətdə yaşayır.
xxx
Asif Ata Ruhani Qurumun biçimini düşünüb: ilk öncə Ruhani Evladlarını öz aralarındakı münasibətləri qurmağa çağırır – “Atalılar münasibəti”. Eləcə də Ata ilə Evlad arasında münasibəti dəqiqləşdirir – “Günah fəlakəti” kəlamı (“Sədaqət” kitabında). Evladın Ataya ruhani tabeliyi böyük ləyaqət kimi dəyərləndirilir. Bunun üçün Ata öz ömrünü Mütləqə layiq şəkildə yaradır. “Qüsurlu Ataya tabe olun” demir. Qüsurlu Ata olmur, Atalıq – qüsursuzluq deməkdir. “Atayla Görüş mütləqiliyi”ndə (“Sədaqət” kitabında) bu məsələ aydınlaşır.
II
Ürək ali arzularla dolmayanda İdrak gözəl şeylər düşünə bilmir.
xxx
Hər kəsin içində mənadan gələn bir reaksiya var – pisi yaxşı kimi sırısalar da, qəbul edə bilmir.
xxx
“İnsan daxilində Mütləq gəzdirir” – buna inanmayanda poeziya xurafata bənzəyir.
xxx
Poetik gözəllik ürəyin hökmü ilə yaranır, ürəyin sirlər diyarı olduğunu izhar edir.
xxx
Şeir həyatda məna tapmayanda təbiətə üz tutur, təbiətdən ilhamlanır.
Sevmək istəyir, sevgili axtarır, cəmiyyətdə tapmayanda təbiətə üz tutur.
Ədalət istəyəndə Allahı axtarır. Allah isə Yer üzünü tərk edib. Buna görə də ürəklər yaratmaq gərəkdir – dostluğa layiq olsun, vicdan səltənətinə bənzəsin. Könüllər tellənsin, nəğməyə çevrilsin ümidlər.
xxx
Adam sənət vasitəsilə həyatda gözəllik yarada bilmir, özü üçün şöhrət yaradır. Millətdə var olmaq əvəzinə şöhrətdə var olmaq. Milləti fərdin şöhrəti yaşada bilməz, ancaq gözəllik yaradanı millət yaşadır.
xxx
Ziyalılıq – maarifçilik mühiti yaratmalıdır. Yəni fərd yaranmalıdır və insani mühit yaratmalıdır.
xxx
Özüylədoluluq – insanla ünsiyyətə ehtiyac yaradır. İnsan özüylə dolmalıdır, həyata fayda kimi baxmamalıdır. İnsanın içi ruhani istehkama çevrilməlidir. Onda xalq var olacaq.
xxx
İnsan arzularını səhnələşdirir.
Peyğəmbər hər şeyi öz yerinə qoymalıdır ki, həyat səhnələşməsin.
Sənət yardımçıdır, peyğəmbər harayı qurucu.
Peyğəmbər olmasa, sənət “ədəbiyyat yaşasın, insan özü bilər” deyəcək.
Peyğəmbərlik divardır, sənət suvaq.
Yazıçı, şair evin içindəkilərə (divarın arasında olanlara) çıraq tutmalıdır.
İnsanı inandırmalıdır ki, peyğəmbərin dediyi sənin xilasındır. Söhbət xurafatı sırımaqdan deyil, həqiqəti çatdırmaqdan gedir.
Atamız var olsun!