Xəbərlər

Soylu Atalı. Həyat üfüqləri

(L.N.Tolstoyun “Hərb və Sülh” əsəri üstə düşüncələr)

Sənət ciddi məsələdir. Bu ciddi məsələ ilə ciddi insanlar məşğul ola bilər. Sənət yaratmaq –  həyatı dərk edən, onun iç anlamını, insan varlığının aşkara çıxan-çıxmayan incəliklərini görən, bilən, göstərməyi bacaran şəxsiyyətin işidir. İctimai həyatda insana yanlışlardan çıxmağa yardım etmək sənətin xüsusiyyətlərindən biridir. Həyat dolaşır, dolaşdırılır, talelərə yeriyir qarışıqlığı ilə. Bir insan taleyində nizamın pozulması bəzən onlarla insanın taleyinə təsir göstərir. Çünki insan toplumsal həyat sürməyə məhkumdur. Bu məhkumiyyət onun varlığının mahiyyətindən doğur. Kainat cisimləri müstəqil fəaliyyət göstərə bilmədiyi kimi, insan da toplumdan fiziki təcrid olub yaşamını müstəqil sürdürə bilmir. Ona görə də insanlar bir-birini anlamağa borcludur. Bir-birini anlamaq – yaşamın qədrini bilmək deməkdir. Böyük şəxsiyyətlərin çabaları da yaşamı insanın gözündə qiymətləndirməyə xidmət edir.

Hər kəsin başı yaşamında yaranan qarışıqlığa qarışanda, şəxsiyyətin işi pozulmaqda olan insani münasibətlərin bərpasına yönəlir. Bu məsələdə şəxsiyyətin zəhmətinin ortaya gətirdiyi uğur onun yaradıcılıq fəaliyyətinin ölçüsündən və ideya siqlətindən asılı olur. Əlbəttə, bir var köklü dəyişikliklər, bir də var ictimai həyatda etik davranışların, insani münasibətlərin bərpasına qulluq göstərmək. Birinci məsələ inanc işidir, ikinci məsələ isə elmin, sənətin işidir. Burada biz ikinci məsələnin yönündən söhbət açacağıq. Çünki Tolstoyun yaradıcılığı sənət faktıdır. Doğrudur, biz dönə-dönə vurğu eləmişik ki, Tolstoy sənətdən üstün hadisədir. Onun axtarışlarının yönü din siqlətindədir. Bununla belə, biz Tolstoyu bütöv bir hadisə kimi din, yəni inanc zəmini üzərində təqdim edə bilmirik. Çünki onun belə bir sistemi mövcud deyildir. Ancaq toxunduğu məsələlərin müəyyənlik xətləri bir ucuyla inanc məsələsinə dayanır. Ona görə də biz əsərlərinə üz tutanda Tolstoyu ən gözəl xəyal estetikasının örnəyi kimi deyil, varlığın sirrinə vaqif olub gözəllikləri həyata qaytaran yaradıcı kimi təhlil edirik…
Sənətin gözəlliyi ondadır ki, davranışların, ünsiyyətlərin təbiiliyi, sadəliyi, dinamikliyi, canlılığı füsunkar bir cazibə yaradır. Bu cazibə, əsərdəki mənfi xarakterlərin təzahürlərini müşahidə eləyəndə belə, ürəyimizi yorulmağa qoymur. Əks halda, əsərin təsiri öz gücünü itirər və üzücü bir ovqatın basqısı altında düşüncələrdən məhrum ola bilərik. Tolstoy öz obrazlarının xarakterlərini həyatın məzmunundakı dərinliklərdə təqdim edir. Ona görə də diqqətimizi qüsurlu xarakterlərin müstəvisinə daşıyanda belə, sevinirik. Çünki anlayırıq, görürük, tanıyırıq, bilirik. Çünki məktəb keçirik, öyrənirik. Bu məktəb bizə nə etməli olduğumuzu izah edir, doğru yaşamağın çətinliklərini, fəzilətlərini açıb göstərir.

Tolstoy yaradıcılığı bədii ədəbiyyatdırmı, yoxsa həyatın özüdürmü?! Bəlkə tərəddüd doğuran bu sual, cavabın özü üçün ən doğru bir zəmindir. Yaşamaq üçün zəmin nədir – inanmaq! Bəs inamın bərkiməsi üçün zəmin nədir – düşünmək! Tolstoy yaradıcılığı da bizi düşüncələr, axtarışlar yoluna salır. Bu isə elə həyatın özü deməkdir. Tolstoy hansı sahədən danışırsa, özü haqqında həmin sahənin mükəmməl bilicisi təsəvvürü yaradır. Təhlil edə bilmədiyi sahəni əsərə gətirmir. İnsanın həyatına bağlı olan məsələlərdən səthi danışıb yan keçmir, onu bütün dolğunluğu ilə izah etməyə çalışır. Məsələn, əsərdə hərbçilərin həyat tərzindən, davranışlarından, həyata baxışlarından elə sərbəst danışır ki, elə bil çoxillik hərbi təcrübəsi var. Qısa müddətə hərbdə olmaq bu təfsilatı vermək üçün yetərli deyil. Doğrudur, həyat prinsipləri ümumidir, hərbçinin evdə, cəmiyyətdə davranışı cəmiyyətin başqa zümrələrinin davranışlarından xüsusi fərqlənmir. Ancaq hər halda, onların psixoloji durumları zahirən çox diqqət çəkməyən xırda incəliklərdə özəl fərqləri ilə üzə çıxır.

Əsərdə çoxsaylı obrazların xarakteri o qədər dəqiqliklə işlənmişdir ki, münasibətlərin ümumi ahəngi pozulmur. Müxtəlif və mürəkkəb xarakterlərin hər birini sabit ahənglə qoruyub saxlamaq üçün istedad azdır. Burada yazıçıdan zəngin şəxsiyyətlilik tələb olunur. Bu zənginlik təkcə dövrün sosial-ictimai xarakterini qavramaqla yetərlənmir, bütövlükdə bəşər həyatının inkişaf aşamalarını (mərhələlərini) doğru təhlil eləmək və dəyərləndirmək səviyyəsi ortaya çıxarır.

Tolstoyun bu əsəri ilə bağlı müəyyən bir söz demək üçün onu üç cəhətdən dəyərləndirib ümumiləşdirmək olar: birinci cəhət – həyatın təbii gedişatı və insanlararası münasibətlərin, əlaqələrin bu gedişata zamaniçi və zamandışı təsiridir. İkinci cəhət – xarici səbəblərin bu əlaqələri pozmağa yönəlməsinə baxmayaraq, əlaqələrin daha da möhkəmlənməsi və üçüncü cəhət – keçmişlə indinin, keçmişlə gələcəyin əlaqələrində insan varlığını dərk eləmək!

İndi əsərin öz köməyilə bu cəhətlər üzrə bəzi məqamlara, daha doğrusu, obrazların xarakterlərindəki özünəxaslığa, dəyişikliyə və inkişafa diqqət yetirək. Bu keyfiyyətlərlə biz təkcə dövrün mədəni-mənəvi, ictimai-sosial anlamına deyil, insanlığın dövrdən yüksək olan ümumbəşər tələblərinə yetirik. Hərçəndi Tolstoyun əsəri ağa-qul mühitində yazılıb. Onun obrazlarındakı bütün uğurlu keyfiyyətlər imtiyazsız kəndlilərin (bütövlükdə təbəqənin) mənliyindən qıraqda təsvir olunur. Buradan belə çxıır ki, Qulun romantik düşünməyə, insan kimi yaşamağa vaxtı və imkanı yoxdur. Gerçək sıxıntıları, basqıları nəzərə alsaq, bu, belədir. Ancaq bu, onun alnına yazılmayıb. Hesab edirik ki, yüksək mənəvi əhvallar maddiyyat üzərində deyil, ürəyin gözəlliyində yaşayır. Əsərdə bəzi çalarlar bunun əksini göstərsə də, insanı təbəqəçilik qəlibində dərk eləmək mümkün deyil. Məsələn, biz varlı təbəqənin nümayəndəsi olan Rostovu qabaqcıl düşünən, həyatın mənasını anlayan biri kimi izləyirik. Məsələn, Denisovun pulunu Telyanin oğurladıqda, Rastov onu açıq şəkildə ifşa edir. Halbuki hamı Rostovu üzr istəməyə çağırırdı. Çünki hamı orduda zabitin nüfuzunun düşməməsini hesablayırdı, Rostov isə vicdanını həqiqətdən yan ötürə bilmirdi. Onun içində həqiqətə yönəlik sağlam əhval var idi. Ona görə də açıq davranırdı. Özü də bilirdi ki, açıq davrananın suçu olmadıqda belə, bütün suçlar ona qarşı yönəldilir. Onun isə yeganə “suçu” diplomat kimi davranmamasında idi.

Bir yerdə biz, yoxsullaşan Rostovun bütün varlığının qarışdığını müşahidə edirik. Sonradan varlanmaq onun keyfiyyətlərini yenidən dirçəldir. Bu da o deməkdirmi ki, yoxsulun məhəbbətli olması, qabaqcıl düşünməsi mümkün deyil?! Təzadlı görünsə də, bu durum, Tolstoyun insani keyfiyyətləri təbəqədə axtarması anlamına gəlmir. Sadəcə, Tolstoy canlı həyatın özündə dəyişikliyin baş verə biləcəyinə inam yaradır və yüksək təbəqənin qəlbində böyük ideallara sevgi bəsləməklə cəmiyyətin dəyişməsinə xidmət edir. Hər şeyin baş-ayaq olduğu ağa-qul mühitində insanın mənliyini düzəltmək üçün onun təbəqəçilikdən yüksək olduğunu diqqət mərkəzinə gətirir. Ayrı-ayrı obrazlarda dövrə sığmayan keyfiyyətlərin aşkarlanması, onların həyat eşqiylə çağlayan düşüncələri bu dediyimizə canlı bir örnəkdir. Əsərə müraciət edək:

“Düşmən atəşə ara verdi və iki düşmən qoşununu bir-birindən ayıran o ciddi, müdhiş, görülməz və bilinməz hüdud daha aydın hiss edilməyə başladı.

Diriləri ölülərdən ayıran bir xətti andıran bu hüduddan bir addım o yanda min bir əzab və ölüm başlayırdı. Orada, o çölün, o ağacın, o günəşdə parlayan damın arxasında nə vardır? Kim vardır? Kimsə bilmir, amma bilmək istəyir. Bu hüdudu keçmək qorxuludur, amma adam onu keçmək istəyir. Hər kəs bilir ki, tez-gec bu hüdudu keçəcək və orada nə olduğunu öyrənəcək, bu, öləndən sonra nə olacağı bilmək qədər zəruri idi.”

(“Hərb və Sülh”, I cild, səh. 195).

Necə parlaq bir təsvir. Burada insanın daxilən sirli, əsrarlı olması təbii bir ahənglə, harmonik olaraq izahını tapır. İnsanda hər şeyi bilmək meyli həyatın bütün mərhələlərində özünü göstərir. Fəlakətin içinə girmək, ölümün sirrini öyrənmək insanda nəşə gətirici bir ovqat yaradır. Ən çətin və gərgin anlarda qorxunu ötmək, fəlakətdən o tərəfdə səadətin olduğuna ümid bəsləmək, qaranlıqlardan o üzdə işığa qovuşmağın mümkünlüyünü düşünmək insanın ölməz, əbədi bir keyfiyyətini – inamını təsdiq edir. Tolstoy insana xas olan bu daxili qüdrəti öz obrazlarının xarakterində aydın bir şəklə salır və onu sadə bir dildə təqdim edir.

“Oooo!.. Allah xatirinə, buraxın, – deyə yaralı bağırdı, onu qaldırıb xərəyə qoydular.

Nikolay Rostov üzünü o tərəfə çevirib, bir şey axtarırmış kimi, uzaqlara, Dunayın suyuna, göyə və günəşə baxdı. Göy nə qədər qəşəng görünürdü, o nə qədər mavi, sakit və dərindir! Qüruba doğru enməkdə olan günəş nə qədər parlaq və gözəl idi! Dunayın suyu nə qədər xoş və zərif bir halda parıldayırdı! Uzaqda, Dunayın o üzündə maviləşən dağlar, monastr, əsrarəngiz dərələr, təpələrinə qədər dumanlara dalan şam meşələri daha gözəl idi… Oralar sakit və xoşbəxt idi…” Bircə orada olsaydım, heç bir şey, heç bir şey arzu etməzdim, heç bir şey arzu etməzdim – deyə Rostov düşündü. Təkcə məndə və bu günəşdə o qədər səadət var ki, amma burada… inilti, iztirab, qorxu, bir də bu anlaşılmazlıq, bu tələsiklik… Bax, yenə də çığırırlar, yenə hamı geriyə qaçır, mən də onların dalınca qaçıram. Bax, odur, odur, ölüm, başımın üstündə ölüm, ətrafımda ölüm… Bir anda hər şey itə bilər, mən bir daha bu günəşi, bu suları, bu dərəni görməyəcəm…”

(I cild, səh.202).

Arzular, təbiətin gözəlliklərini şövqlə seyr edən duyğular və bu gözəlliklərə qarşı törədilən qanlı əməllər bir-birindən fəlakətli bir sərhədlə ayrılır. İnsan idrakının məhdudluğu fəlakət deməkdir. Ona görə də məchul boşluqlarda azıb çaşan insan idrakı əzəli və sonsuz gözəlliklərin yaşama gəlməsinə əngəllər yaradır. Yerə-göyə sığmayan qorxu cəngəlliklərində təbiət sevgisi, bəşər sevgisi qəhr olunur. Qorxu cəngəlliklərinin içində tüyünən insan ilahi hikmətləri dərk eləmir, öz növündən olanlara qənim kəsilir. Bəşər tarixi vəhşətlərlə doludur. İnsan gözəlliklərə qıymaq, məhv eləmək ehtirasından usanmır. Sülhə, əmin-amanlığa silah tuşlamaqdan geri durmur. Yaşıl ormanları tüstüyə, mavi göyləri qara dumana bürümək – cəhalətin hökmüylə titrəyən ürəklərin yazdığı tarixdir. Bu tarix bütün dövrlərdə sanki yenidən canlanır. Hər bir nəsil özündən öncəki tarixin fəlakətlərini təkcə kitablardan oxumur, öz yaşadığı dövrdə əməli olaraq müşahidə edir.

Ətrafa yağan mərmi partlayışlarıyla göylərin aydınlığının tüstülərə bələndiyi bir zamanda Rostovun gözlərindən qəlbinə əsrarəngiz təbiət gözəllikləri axıb dolur. Bu gözəlliklərin arxasında ölməz bir gələcəyin varlığı bütün qüvvəsi ilə onu həyat eşqinə bağlayır. Dünyanı qana qərq edən müharibənin dağıntılarının eni və uzunu nə qədər geniş olsa da, Rostovun qəlbini bir anda vahimələrə qərq etsə də, bir insan duyğularının yaratdığı kamil dünyanın əsrarını sevgilərimizdən qopara bilmir. Elə bədii ədəbiyyatın əsil siması da bu cür duyğuların və bu duyğuların yaratdığı dünyanın ülviliyini bizə anlatmasında özünü göstərir. Əsil bədii ədəbiyyat insan duyğularının, arzularının, ideala meylinin obrazlardakı təcəssümüdür.

Gerçəklikdə insan duyğularının, arzularının yaşaması üçün normal zəmin yoxdur. Həyat təzadlarla doludur. Ona görə insan əlini-qolunu sallayıb rahat yaşaya bilmir. O, mübarizə aparır. Bəs bu mübarizə təzadları aradan qaldıra bilirmi? Bu suala cavab tapmaq üçün mübarizənin haradan başlamasını bilmək çox önəmlidir. Mübarizəni kiminlə aparmaq, nə üçün aparmaq – insanın özünə bəllidirmi? Mübarizə nə uğrundadır – həyatda hansısa bir mövqeyə sahib olmaq uğrundamı, yoxsa həyatda gözəllikləri, ülvilikləri bərqərar etmək uğrundamı?

Birinci məsələ ilə bağlı aparılan mübarizə qanlı savaşlara, kütləvi qırğınlara gətirib çıxarır. Hamı müharibə istəyirmi, kimdir müharibə istəyən? Həyat üzərində, insanlıq üzərində üstün bir mövqe tutmaq istəyənlər həmişə zora əl atır və insanları kütləvi şəkildə özünə tabe edir. Başqa sözlə, öz mənafeyi uğrunda onların qanlı savaşlara qatılmasını təmin edir. Ümumiyyətlə, müharibə siyasi mənfəət deməkdir. Bu mənfəət ya kiminsə şöhrətinin, başqalarına ağalıq eləmək ehtirasının dövrəsində fəlakət atəşinə çevrilərək əmin-amanlığı yandırıb-yaxır, ya daxili siyasət uğursuzluqlarından diqqəti yayındırmaq üçün boş və mənasız bir bəhanə ilə ortaya çıxır. Guya qıraqdan ölkəni təhdid edən qüvvələrə qarşı müharibə cəbhəsi açılır. Yaxud da bu müharibə yüksək sayılan təbəqənin varlanmaq istəklərinin gizli şəkildə qarışdırıcılığı ilə həyata keçirilir. İstənilən halda, müharibə ilə heç bir uğur əldə olunmur. Tərəflərin udub-uduzması şərti xarakter daşıyır. Müharibəni ortaya gətirən istəklər insanın daxili aləmində yaşayan bəşəri hisslərə nə verə bilər ki? Müharibə aparmaq arzuları ilə bəşəri sevgi bir insan daxilindəki təzad deyil, ictimai münasibətlərdəki təzaddır. Bəzən isə, insanın iç dünyasındakı əhvalla, onun ictimai aləmdə daşıdığı mövqe, səlahiyyət özlüyündə təzad təşkil edir. İnsan öz içinin tələbləri ilə düşünsə də, ictimai qaydaların diqtəsi ilə yaşamlı olur. Bu da fərdin öz ömründə toqquşan bir məsələdir. Məsələn, Knyaz Andreyin fərdi düşüncələri orduda daşıdığı səlahiyyətlərə sığmır. Məcburi daşıdığı vəzifə ilə fərdi azadlığının doğurduğu əhvallar təzad təşkil edir. Əslində bir insan ömründə yaşanan təzadlı əhvallar bütövlükdə ictimai qaydaların nizamına mənfi təsir göstərir. Çünki ictimai qaydalar ayrı-ayrı fərdlərin münasibətlərinə və davranışlarına bağlıdır.

Normal vəziyyətdə insan bu məsələlərin fərqinə varmaya bilər. Ancaq üzləşdiyi ən ağır bir durumda o, öz istəklərinin əksinə hərəkət etdiyini dərk edir. Və özünün də içində olduğu proseslərin doğru olmadığını, hətta insanlığa qarşı olduğunu anlamağa başlayır. Budur, Knyaz Andrey yaralanır. İndi o, bütün varlığı ilə həyatın gözəllikləri ilə ünsiyyətə çəkilir. “Nə qədər də sakit, rahat və əzəmətlə axırlar, bunlar heç mənə oxşamırlar, mən qaçırdım. Biz qaçırdıq, bağırırdıq və döyüşürdük. Fransızla topçu qəzəbli və qorxmuş bir halda bir-birinin əlindən topsiləni qoparmağa çalışırdılar, buludlar isə elə deyillər. Bu yüksək, sonsuz səmada buludlar yavaş-yavaş axır. Necə olub ki, mən bu vaxta qədər bu yüksək səmanı görməmişəm. Nəhayət, bu yüksək səmanı gördüyüm üçün nə qədər xoşbəxtəm. Bəli! Bu sonsuz səmadan başqa hər şey boş, hər şey yalandır. Bundan başqa heç bir şey yoxdur! Heç bir şey. Lakin səma özü də yoxdur. Sükutdan və istirahətdən başqa heç bir şey yoxdur”.

(I cild, səh.359).

Səma o vaxt var ki, insan qəlbindən doğan bəxtiyar duyğular səmanın aydınlığına bağlanır. Təəssüf ki, insan niyə yaşadığını dərk eləmir. Başqalarına əzab verir, sıxıntı gətirir və ən son anda özü bu məchul münasibətlərinin fəlakətləri ilə üz-üzə qalır. İnsan həyatdan qazandıqlarını əldən buraxmamaq üçün həyatın özünü itirənə qədər gedir. Həyatla öz istəkləri arasında sonsuz bir sərhəd gördükdə isə anlayır ki, həyatdakıların heç biri onunku deyilmiş. Həyatdan istədiklərini həyat qarşılıqsız vermir. Həyatın istədiyi qarşılıq isə insana fəlakətdən, faciədən başqa bir şey saxlamır…

Savaş, qırğın – qiyamətin cəhənnəmi… İnsanları qurban vermək nə üçün? Məgər vətən insanların ölməsi, öldürülməsi üzərindəmi qutsaldır? Məgər vətənin, dəyərlərin yaşaması mütləq savaşdanmı keçməlidir? Qırğınsız gözəllik sevilməzmi, müqəddəslik dərk olunmazmı?! Bəşəriyyət niyə bu qədər heyvana enir? Bu heyvanlığın başında niyə dövlətlər durur? Bəlkə ona görədir ki, dövlətlərin başında heyvanlıq durur? Əgər dövlətlər heyvanlığı sürdürürsə, bəs özgürlük, azadlıq nə deməkdir? Bəs onda ədalət, vicdan harda özünü göstərəcək? Bəs onda ədalətin, vicdanın tələblərinin həyata keçirilməsi niyə dövlətə tapşırılır? Bəs niyə dövlətin yazdığı qanunlar ümid yeri olur? Axı bu qanunları kim həyata keçirəcək?

Bu sualları düşündükcə, Asif Atanın “Ruhani Dövlət” ideyasının nə qədər yüksək əxlaq, dərin məna daşıdığı aydın bir şəkildə görünür.

Ümumiyyətlə, qanlı savaş meyli hardan başlayır? Bu savaşın başa gətirilməsi ilə onun nəticəsi arasında heç cürə əlaqə qurmaq olmur. Savaşın başlanğıcında ehtiraslı niyyətlər, güc nümayişi özünü göstərir, sonda isə ölçüyə gəlməyən, sözlə ifadəsi mümkün olmayan faciələr, insan əzabının son həddi. Adi bir şəraitdə insana əzab verilsə, görən, bilən hər kəs etiraz edər. Ancaq döyüş şəraitində insanın işgəncəli ölümlə üzləşməsinə təbii baxırlar. Buna qaçılmaz səbəb olduğunu düşünürlər. Üzdən baxanda adi görünən bu paradoksallıq dərk olunmur. Ancaq dərk olunsaydı, bu dərketməni bütün bəşər həyatının dönüş mərhələsi kimi qiymətləndirmək olardı. İnsanlaşmaq, ruhani cəmiyyətin formalaşması, ruhani dövlətin qurulması, bəşər varlığının ləyaqət üstə bərqərar olması ideyalarının altında həyatın bütöv bir əyintisinin mahiyyətini dərk eləmək dayanır.

Adama belə bir paradoksal gedişatın aradan qaldırılması mümkünsüz görünür. Halbuki ortaya çıxan qanlı əməllər hardasa bir yerdən başlayır. Bir yerdən başlayanın bir yerdə sona çatması mümkün olmazmı? Qanlılıq bəşər nəslinin insanlaşmaması ucbatından ayaq açırsa, insani cəmiyyətin qurulmağa başlaması ilə müəyyən bir gedişatda dayandırıla bilməzmi? İnsan niyə xislətindəki heyvana daha çox inanmalı, mahiyyətindəki insana isə yox?! Biz burada yenə “Mütləqə İnam” ideyasının zəruriliyi ilə üzləşirik. Mütləqə İnam insandakı nisbi əməllərə, bir az da sərt desək, heyvana pərəstişi aradan qaldırmaq üçündür. İnsan nəyə pərəstiş edirsə, həyatda o qalib olur. Asif Ata insana pərəstişi, səcdəni önə çəkir. Bu çağdan sonra onu eşitməklə İnsanın (İnsanlığın) qalib olmasını təsdiq eləmək mümkündür.

Deyirlər heyvanın da Allahı var. Asif Ata deyir heyvanın Allahı yoxdur. Çünki Allah (Məna) tanındığı, sevildiyi, ifadə olunduğu dərəcədə var. Heyvan Allahı tanımır, sevmir və ifadə eləmir. Heyvanın sadəcə bir həyat ünsürü kimi, təzahür kimi Allaha (Mənaya) dəxli var. Tanınmayan, sevilməyən, ifadə olunmayan yoxdur deməkdir. Yəni bir var imkan, bir də var gerçəklik. Allahın geçəkliyə təsiri insanın öz mahiyyətinə bərabər yaşaması və ülvi münasibətlər qurması deməkdir. Bu, heyvanda yoxdur. Heyvan kortəbii şəkildə mövcudluğunu sürdürür. Kainatın daxili qüdrəti imkandır. Bu imkan kainatın bütün ünsürlərində ifadəyə gəlməlidir.

Heyvanda ifadə, dediyimiz kimi, mövcud olması ilə məhdudlaşır. Ancaq insanda mövcudluqdan yüksəyə qalxmaq hər zaman mümkündür. Bununla belə, insan da öz mövcudluğuna bərabər yaşayırsa, deməli, Allah onun ömründə də ifadə olunmur. İnsanda Allah imkan kimi İnsanlıq deməkdir. İnsanlıq da ifadə olunmursa, necə demək olar ki, insanın Allahı var. Yəni, tutaq ki, bir fərddə rəssamlıq imkanı var. Əgər o imkan aşkarlanıb gerçəklikdə özünü büruzə vermirsə, necə demək olar ki, o fərd rəssamdır. Yəni Allah yalnız imkan kimi qalanda dünyada heç nə dəyişmir. Ancaq onu gerçək əməllərdə ifadə edəndə dünya füsunkar bir fərəh qaynağına çevrilir. Nə qədər ki, Allah gerçəklikdə ifadə olunmur, onda gerçəklik Allahsızlıqdan ibarət olur, yəni İblislik hökm sürür. Əslində İblislik Allahın yoxluğudur. Allahı ömründə, yaxud ictimai həyatda var edərsən, İblislik yox olar. Allahı da var etməyin anlamı İnsanlaşmaqdır.

Bu dediklərimizi əsərdəki bir örnəklə də izah etmək olar.

“…Mən Doloxova güllə atdım, çünki özümü təhqir olunmuş hiss etdim. XVI Lüdoviki cani hesab etdikləri üçün edam etdilər, bir il sonra da onu edam edənlərin özünü yenə müəyyən bir səbəbə görə edam etdilər. Nə yaxşıdır? Nə pisdir? Nəyi sevmək, nəyə nifrət etmək lazımdır? Yaşamağın mənası nədir? Hansı qüvvə bizi idarə edir? Pyer bu sualları özünə verir və heç birinə cavab tapa bilmirdi. Ancaq bircə cavab vardı, o da məntiqsiz və bu suallara dəxli olmayan bir cavabdı. O cavab bu idi: “Ölərsən, hər şey qurtarıb gedər. Ölərsən, hər şeyi bilərsən, yaxud daha sual verməzsən”. Lakin ölmək özü dəhşət idi”.

(II cild, səh. 70).

Bu suallar insanı əbədi narahat edən suallardır – yaşadığımız həyat nədir? Yaxud heyvanat aləmindən bizim fərqimiz varmı?! İnsan öz həyatını niyə mənalı yaşamır? Yaxud mənalı yaşamaq üçün o, nə etməlidir? Bu suallar hər kəsi düşündürməli suallardır.

Tolstoy obrazının diliylə yuxarıda vurğuladığı sualları “Etiraflarım” əsərində öz diliylə verir. Hətta o bu suallara bütöv bir cavab tapmadıqca, həyat gözündən düşür. Bu sualların doğurduğu iztirablara intihar etməklə son verməyi qərarlaşdırır. Ancaq bacarmır. Çünki bu, çıxış yolu deyildi. Ona çıxış yolu lazım idi. O, çıxış yolunu peyğəmbərlərin dediklərində tapdı.

Burada qoyulan suallar və axtarışlar bizim üçün heç də təkrarçılıq təsiri bağışlamır. Əksinə, həyatın mənasını düşünmək üçün axtarışlarımıza yön verir və içimizdəki həyat eşqini ideala bağlı bütün tərəfləri ilə qüvvətləndirir.

Tolstoyun axtarışları ayrı-ayrı obrazlarında müəyyən cəhətləriylə birləşir və bütövləşir. O, həyat məsələlərini izah eləmək üçün bir obrazının xarakterini çoxcəhətliliklə yükləmir. Bu da təbiidir, çünki həyatın gedişi, nizamı, yaxud nizamsızlığı bir fərddə deyil, bütövlükdə cəmiyyətin inkişaf qanunauyğunluqlarında öz izahını tapır. Ona görə də hər bir obrazın özünəxaslığını öyrənməklə əlaqələrin ümumi nizama təsirini dərk eləməyə çalışacağıq. Bu əlaqəni biz, ən çox iki obrazın xarakterində öyrənirik. Haqqında söhbət gedən xarakterləri Pyer Bezuxovla, Nataşa təmsil edir.

Bir məsələ də var ki, dediyimiz bu iki xarakter başlanğıcda bir-birindən tamamilə ayrılıqda və uzaqda görünür. Ancaq hadisələrin gedişi zaman-zaman bu iki xarakteri bir-birinə doğru çəkib aparır… Əsərin başlanğıcında Pyerin taleyini izlədikcə, adama elə gəlir ki, bu adam bədbəxtliklə bir yerdə dünyaya gəlib. O, ailəyə mənsub olmayan, nikahdan qıraqda doğulmuş və o dövr üçün heç bir ictimai hüququ olmayan şəxs kimi səhnəyə çıxır. İlk çağlar xarakteri də taleyi kimi dağınıq olan, heç kim tərəfindən diqqətə alınmayan bu fərdin timsalında, biz sonralar müdrik niyyətlərin şahidi olacağıq. Nataşanın timsalında isə gəncliyin çılğın, ehtiraslı, şövqlü həyat eşqini izləyəcəyik. Yəni Nataşanın daim həyat üfüqlərində qanad çalmağa can atan hissləri ilə Pyerin həyatın dərin qatlarına meyil edən müdrikliyinin vəhdətində yazıçının estetik ideallarına doğmalaşacağıq. Bu iki obrazda üzə çıxan keyfiyyətlərin birliyi əslində bütöv bir cəmiyyətin həyat nizamının açarıdır.

Pyerin taleyindəki mürəkkəbliklər əsərin daxili dramatizmindəki xətlərdən birini təşkil edir. Atası Qraf Bezuxov ömrünün sonunda bütün mülkünün vərəsəlik hüququnu Pyerə tapşırır. Bundan sonra Pyer onu əhatə edən mühiti tanıya-tanıya yeni həyata doğru irəliləyir.

“Bu cəmiyyət üzvlərini bir-birinə bağlayan əhəmiyyətsiz dərəcədə xırda, süni mənafe içərisinə gözəl və sağlam gənc kişi ilə qadının bir-birinə meyli də gəlib düşmüşdü. Bu insani hiss hər şeyi əzir, bütün bu süni laqqırtılar üzərində qanad çalırdı. Zarafatlar nəşəsiz, yeniliklər maraqsız, həyəcanlar da yəqin ki, saxta idi. Nəinki onlar, hətta stol ətrafında fırlanan lakeylər də, sanki bunu hiss edir və xidmət intizamını unudaraq, gözəl Elenin gülümsəyən üzünə və Pyerin qırmızı, şişman, məsud və rahatsız üzünə baxırdılar. Sanki şamların alovları da ancaq bu iki xoşbəxt üzə işıq salırdı”.

(I cild, səh.276).

Pyerin düşdüyü mühit onun durumunun acınacaqlı səviyyəsini bütün çılpaqlığı ilə gözümüzün qarşısında canlandırır. Qraf Bezuxov ölənə qədər Pyer öz ömrünü yaşayırdı və bu ömür heç kim üçün maraqlı deyildi. Onun varlığı ilə yoxluğu arasında sərhəd başqaları üçün bilinmirdi. Qraf  Bezuxov öləndən sonra isə Pyer öz ömrünü yaşamadı. Artıq onun ömrü əhatə olunduğu mühitin tələbləri ilə tərtib olunurdu. Çünki ona böyük miras qalmışdı. Qanun Pyerə miras hüququ tanıdığı üçün, o, hər kəsin diqqətini məşğul edirdi. Pyer, əhatə olunduğu mühitin insanları üçün, insani qiymət ifadə etmirdi, əmtəə qiyməti daşıyırdı…

Əslində Tolstoyun bu əsəri heç bir çalarıyla köhnəlmir, sanki bu günün ictimai keyfiyyətlərini açıb göstərir. Yəni o dövrlə bu dövrün arasında heç bir prinsipial bəşəri dəyişiklik baş verməyib. Nə qədər ki, insanlaşma qanunları işləməyəcək, əsər bu günün aktual problemlərinin parlaq ifadəsi olaraq qalacaq. Millətlərin sağlam bəşəri dəyərlər daşıyıcısına çevrilməsindən sonra bu mövzu arxivləşəcək, yaxud tarixi fakta çevriləcək.

Burada yurdumuz Azərbaycanla bağlı bir haşiyə çıxmaq yerinə düşərdi. Azərbaycanın indiki durumunu biz fərdin timsalında izah etməli olsaq, Pyerin obrazını seçmək məqsədəuyğun görünər. Tarixdən və təbiətdən miras qalmış Azərbaycan nemətlərinə siyasi güclərin münasibəti o dövrün kübar cəmiyyətinin fərdə münasibəti kimidir. Knyaz Vasili (Qraf Bezuxovun kürəkəni) Pyerin əldə etdiyi mirasa ortaq olmaq üçün hər cür oyundan çıxır, hətta qızını da ona sırıyır. Pyerin bir insan kimi mənliyi onlara söz demir.

Azərbaycanın milli-insani, tarixi dəyərləri də heç kimin ləyaqətinə işıq salmır. Hamı onun coğrafi mövqeyinə, təbii sərvətlərinə və “qara qızıl”ına umsunur. Bunun üçün də, Azərbaycanı, ona hazırlanmış süni bir aqibət yaşamağa vadar edirlər. Azərbaycan coğrafi durumundan və sərvətlərindən imtina edə bilməz, bu mümkünsüzdür. Ancaq milli-mənəvi gücə sahib olmaqla, özünü idarə olunduğu bu gülünc durumundan xilas edə bilər…

Biz dedik ki, Pyerin əhatəsində olanların ona münasibəti hüquqi varis kimi tanınmasından sonra bütün mürəkkəbliyi ilə özünü göstərməyə başlayır. Hətta onun ailə həyatına başlaması da mürəkkəb taleyin xətlərindən birini təşkil edir. Pyerə insan kimi deyil, miras sahibi olduğu üçün, sunulan bir qadın onu ilk çağlardaca insan əzabının sıxıntılarına soxur. Normal ailə səadəti yaşamaq əvəzinə, xəyanətin sarsıntıları Pyerin düşüncələrinə hakim kəsilir. İndi o, mənliyinə, kişilik heysiyyatına vurulan zərbələrin ağrıları ilə yaşamalı olur. Adətən belə hallarda insana təsəlliverici bir fikir, ideya, yaxud ümidverici əhvalda olan bir şəxs ilk addımdaca təsir göstərə bilir. Pyer də qatarda yol gedərkən “mason düşüncə daşıyıcıları”nın ustadlarından biri ilə qarşılaşır və qısa söhbətlərdən sonra özünü, gələcəyini belə bir məsləkdə görür. Bu gedişlər, əlbəttə, Pyerin içində gedən axtarışların aşamalarıdır. İnsan bütöv, dəyişməz, dolğun bir meyara bağlanmaq üçün qıraqdan yetkin təkan olmasa, illərlə axtarışda olur.

“İndi onu (Pyeri – S.A.) nə Peterburqa gec və ya tez gedib çatması, nə də bu stansiyada rahatlanmaq üçün yer olub-olmaması maraqlandırırdı, hətta bu stansiyada bir neçə saatmı, ya ömürlükmü qalacaqdı, – indi onu məşğul edən fikirlərin yanında bunun heç bir əhəmiyyəti yox idi”.

(II cild, səh.69).

İnsanlığın ən böyük problemlərindən biri sosial durumundan, ictimai mövqeyindən, vəzifəsindən, səlahiyyətindən asılı olmayaraq, bütün insanlarda mənəvi ağrılar eyni təsirə malikdir. Xəyanətin, sədaqətsizliyin təhqirindən böyük işgəncə olmur. İnsan ruhunun sarsıldığı məqam hər şeyi qara göstərir, həyat mənasını itirir, ölümlə diriliyin arasındakı sərhəd aradan qalxır. Allaha inamdan yaranan gözəlliklər belə, dünyanı tərk edib təsirini itirir.

Pyerlə Eleni bir-birinə bağlayan duyğular çox üzdə idi. Bu duyğuları, öndə də vurğuladığımız kimi, Qraf Bezuxovdan qalan miras və ona tamah salan Knyaz Vasiliy idarə edirdi. Pyerlə Elen sədaqət, məhəbbət hisslərini tanımadan, aşkarlamadan bir-birinə bağlanmışdılar. Ömürlərin vəhdətinə yol açmayan və dərk olunmayan bu bağlılıq indi ən böyük əzaba çevrilmiş və insan ləyaqətinin təhqiri ilə sonuclanmışdır. Hətta duel kimi amansız, dəhşətli, ölümsaçan bir münasibət təhqirə uğrayan ürəyə təsəlli verə bilməmişdir. Çünki dueldə nəticəyə atəş açılmışdır, səbəbə yox. Çünki səbəbə atəş açmaq heç mümkün də deyil. Səbəb atəş açılan canda deyil, yuyulması atəş açandan asılı olmayan bulanmış bir könüldədir – Elenin öz zahiri gözəlliyinə küsənən könlündə. Atəş könülləri durultmaz, yalnız qisas istəyini başa çatdırar…

Bəşər tarixinin görkəmli fikir adamları, devrimçi düşünərlər ictimai problemlərin əsas səbəbini sosial ədalətsizliklərdə axtarıblar. Halbuki bütün fəlakətlərin özülündə mənəvi problemlərin həllolunmazlığı dayanıb. Dini siyasətə çevirənlər dərk etməyiblər ki, inanc məsələsi kütlənin fərdi mistik istəklərinin ifadəsi deyil, bütövlükdə həyatın həqiqi nizamını saxlayan bəşəri bir qüvvədir. Bu qüvvəni qorumaqla ailədə, insani münasibətlərdə, sosial həyatın yönəldilməsində olan əyintiləri aradan qaldırmaq mümkün olar. Dövlətin insana gətirdiyi xoşbəxtlik də həmin qüvvəyə xidmət eləməkdən keçir.

Pyerin içindəki təbəddülatlar ictimai həyatın müəyyən gərginliklərini izah etməyimiz üçün önəmli rol oynadığından əsərdəki çalarların məntiqinə diqqət yerirək: “…Bu qadın (Pyerin oxuduğu romandakı obraz – S.A.) öz məşuquna qarşı nə üçün mübarizə edirdi, o ki onu sevirdi? – deyə Pyer düşündü. – Allah öz iradəsi xilafına ona heç bir şeyi bəxş etməmişdir. Mənim keçmiş arvadım mübarizə etməzdi və bəlkə də, o, haqlı idi…”

(II cild, səh. 70).

Pyer hələ öz içində doğru bir ölçü tapmadığı üçün nəyin doğru, nəyin yanlış olduğunu kəsdirə bilmir. O, öz vicdanı qarşısında doğru olduğuna inanmaq istəyir. Eyni halda, bütün bu düşüncələrin, bu “bəlkə”lərin içində üzüntülərdən xilas olmaq və yaşamaq qətiyyəti gizlənirdi. Əslində bu əzab Pyerin öz aldanışlarından doğan bir təsir idi. O, adi duyğularla həyat məktəbinə daxil olmuşdu. Burada onun dərin düşünə bilməməsindən və biliksizliyindən yaranan sərt sınaqlar iç dünyasının dərinliklərinə nüfuz etmiş və köklü duyğularını zədələmişdir. Böyük anlamda isə Pyerin itirdiyi bir şey yox idi. Çünki o, heç nə tapmamışdı. Başqa sözlə, Elen onun tapıntısı deyildi. Onu təhqir edən məsələ də məhz itirdiyi bir şey deyildi. Sadəcə olaraq o, anlamışdı ki, Elen onun mənliyinə hakim deyilmiş, yəni ortada köklü sevgi münasibətləri olmayıb. Knyaz Vasilinin quramaları nəticəsində Elen Pyerin mənliyini əyləncəyə çevirmişdir.

Bununla belə, Pyerin mənəvi dünyasındakı ağrılar, narahatlıqlar, çaşqınlıqlar Elenin bu dünyaya (Pyerin həyatına) gəlməsiylə başlamamışdır. Səbəbi bütünlüklə bir fərdin xarakterində axtarmaq həqiqi vəziyyəti ifadə eləyə bilməz. Pyerin qərarsızlıqlarının başlıca səbəbi öz içində idi. Yenə əsərə müraciət edək: “Bəşər övladının nöqsanlı cəhətlərini islah etməyi düşünən və bunun mümkün olduğuna inanan, eyni zamanda öz-özünü də təkmilləşdirməni yüksək dərəcədə qaldırmaq istəyən yenə o (Pyer – S.A.) deyildimi?”

(II cild, səh. 308).

“Bəzən o, öz-özünə təsəlli verərək deyirdi: “Bu həyat ki, mən keçirirəm, bu müvəqqəti bir şeydir, həmişə belə olmayacaq”. Lakin sonra başqa bir fikir onu dəhşətə salırdı. “Elə müvəqqəti bir şey deyə bir çoxları sənin kimi bu kluba ağzı dişli və başı saçlı girmişlər, oradan da dişsiz, saçsız çıxmışlar”.”

(II cild, səh. 309).

Pyer keçirdiyi həyat tərzindən razı olmasa da, islah olunmaq asan başa gəlmir. Onun öz arzuları xilafına yaşamasında tüfeylilik görməsi təbii idi. Ümumiyyətlə, insanlar gördükləri, eşitdikləri (gözəl həyat haqqında) hikmətlərin təsiri ilə bəzən həmin hikmətlərə xidmət eləmək qərarını verirlər. Ancaq həyat şərtləri ilə əqidə şərtləri arasında qalanda birinciyə təslim olur və sıradan həyatlarını yaşamaqda davam edirlər. Eyni zamanda əqidə cazibəsindən də ayrılmaq istəmirlər. Belə olanda onlar özlərinə təsəlli vermək üçün bəsit yaşantılarını ötəri bir mərhələ kimi qiymətləndirirlər. Əslində isə o cür zəiflik və təslimçilik mərhələ deyil, tərzdir. Əgər bu tərzi dəyişməyə cəhd olmasa, ömür bəsit bir axarla sonuna doğru sürüləcəkdir.

Pyeri həyat da çaşdırır, insanların münasibətləri də. Hətta onun inandığı və böyük dəyişikliklər yaradacağına ümid bəslədiyi mason cəmiyyəti də, əməli davranışlarda toplumun saxta davranışlarından heç nəyi ilə fərqlənmir. “Mənim mason qardaşlarım öz qanlarına and içərək yaxın adamları üçün hər şeylərini qurban etməyə hazır olduqlarını söyləyirlər, lakin kasıblar üçün pul yığılanda bircə manat da vermirlər”. Bəli, sözdə hər şeyi söyləmək asandır. Hətta adamlar sözdə dilə gətirdikləri fədakarlığı o qədər asan deyirlər ki, sanki onu əməli olaraq yaşamışlar. Əslində özünü tanımayan və dəyişməyən adamların əməlləri sözdən o yana keçmir, sözdə dayanıb qırılmaqla sözü də adiləşdirib dəyərdən salırlar.

Ümumiyyətlə, həyatda yaşananlarla deyilənlər arasında müəyyən bağlılıqlar olsa da, bunlar bir-birindən xeyli uzaqdırlar. Çünki yaşanan nə qədər görünsə də, özündə bir sirr daşıyır. Bu sirrin yaratdığı doluluq adi ifadənin bəsitliyinə uyğun gəlmir. Yaşanan – sirrdir, Deyilən (danışılan) sirrin sadə, hətta adi biçimdə faş olması. Ona görə yaşamın gözəlliyini bədii ədəbiyyatda təsvir etmək böyük sənətkarlıq və istedad tələb edir. Müdrik o kəsdir ki, dediklərini yaşama (həyata), onun məzmununa maksimum dərəcədə yaxınlaşdıra bilir.

Pyerin xoşlamadığı həyat tərzindən uzaqlaşmaq istəyi nədən təkan götürürdü? Adam nə qədər ki, fəlakəti başqalarının həyatında müşahidə edir, o, ən yaxşı halda acıyır və təəssüf hissi keçirir. Ancaq ağrıları öz mənliyində daşıyanda fəlakətin nə demək olduğunu anlamağa başlayır.

Pyerə mənəvi əzab verən, mənliyini parçalayan arvad xəyanəti, Elenin ölümü ilə başa çatmışdı. O, mənəvi təhqirdən xilas olmuşdu. Mənliyini təhqirdən açmış bir sevinc anı yaşayırdı. Bu sevincdən zahirən elə görünür ki, Pyer insan ölümünə bu dərəcədə sadə bir əhvalla şadlanır. Halbuki o, mənliyini təhqir edən bir prosesin başa çatmasına sevinirdi.

Elen Pyerin həyatına daxil oldu və çıxdı. Ancaq onun taleyinin gələcəyi bu qısa dəyişikliklə başa çatmalıdırmı? Onun həyatında nə aydınlaşıb və nə həll olunmuşdur?

Bundan sonra Pyerin taleyində dəyişiklikləri yönəldən bir-birinə zidd olan iki hadisə olmuşdur. Bunlardan biri Nataşanın varlığıdır, o biri isə müharibənin sel kimi gətirdiyi fəlakətlərdir. O, müharibədə döyüşməsə də, yurdunun fəlakətini, soydaşlarının acılarını uzun zaman öz varlığında sadəcə hiss etməmiş, hətta bütün çətinlikləri ilə yaşamışdır. Bundan sonra o, həyatı daha dərindən düşünməyə başlamışdır. Eyni halda, Nataşanı düşünməyə başlayandan gələcəyə ümidi artmış və insani əlaqələrin mənasız olmadığını dərk etmişdir. Nataşa onun içində sağlam duyğular oyadır. Özünə də münasibəti aydınlaşır, topluma da. Pyer Nataşanın timsalında bütün cəmiyyəti sevirdi. Nataşaya olan sevgisindən qəlbinə dolan səadət elə bir qüvvətli işığa çevrilirdi ki, o, bu işıqda bütün insanların ancaq yaxşı cəhətlərini görürdü. Heç kimdə yaşam üçün yararsız bir kobudluq müşahidə eləmirdi, yaxud özü bunu görmək istəmirdi.

Tolstoyun insanda aşkarladığı bu hal bizim üçün də həm dəyərlidir, həm də düşündürücüdür.
Əcəba, biz, Asif Atanı sevənlər, onun Yolunu gedənlər, sevgimizin işığı ilə insanlardakı dəyərli cəhətləri görüb pis cəhətləri görməməkdən məmnun qala bilirikmi? Yoxsa o cəhətlər mərhəmətli olmağa çağırılan xristianların özünəməxsusluğudurmu? Bəs hər addımda gözümüzə soxulan məkr, xəyanət, dağıdıcılıq, vəhşət necə qiymətləndirilməlidir? Biz, eybəcərliyi özü üçün normaya çevirib yaşamın bütün qaydalarını pozanlara qarşı xristiansayaq mərhəmətli olmalıyıqmı, yaxud xristian bu mərhəməti doğru sayırmı? Asif Atanın təliminə görə bu məsələyə daha köklü yanaşılır. Bir var fərdin davranışlarında üzə çıxan adi nöqsanlar, əlbəttə, bu nöqsanları qabardıb üstünə yerimək doğru deyil. El arasında buna “mərdi qova-qova namərd etmək olar” deyirlər. Nöqsana qarşı deyingənlik onu aradan qaldırmır, daha da böyüdür. Bir də var fərdin ictimai nizamı pozmağa yönələn şər əməlləri. Bu şər əməllərə qarşı mərhəmətli olmaq isə şəri bəraətləndirə bilər. Belə halda, fərdə qarşı sevgi bəsləməklə şəri döymək mümkün olmur. Ona görə də şəri nifrətlə damğalamaq gərəkir. Dediyimiz kimi, şərin təsir miqyası o qədər böyük olur ki, sevgi bəsləmək üçün fərddə dəyərli bir keyfiyyət tapmaq mümkünsüzləşir. Odur ki, onun şərə qulluq göstərən əməllərini nifrətin zəhmiylə sarsıtmaq gərəkdir. Təbii ki, əsərdə Pyerin sevgisini məsələnin bu dərinliyinə bağlamağa ehtiyac yoxdur. Nataşaya sevgidən oyanan əhval, İnsanlığın ictimai gedişatda yaratdığı nizamın bir atributu kimi önəmlidir. Çünki insanda həqiqi sevginin yaranması ömürdə ciddi dəyişikliyə gətirib çıxara bilir. Ancaq bu sevgi ötəri olmamalıdır. Yəni əks cinslər arasında yaranan sevgi böyüyüb həqiqət sevgisi ilə birləşməsə, ömürdə yetkinləşmə də bütövləşməz. İnsan həyatda bəzən hansısa əhvallardan, münasibətlərdən sevinə bilir. Gedib-gələn sevinc anları adi haldır. Adam içkidən keflənir, içkinin təsiri gedəndə isə kefliliyi də gedir. Yəni qıraqdan gələn keflilik, sevinc halı ötəri olur. Ancaq içdən həqiqətə bağlananda ömrün fərəhi davamlı və tükənməz olur. Necə ki, bulaq suyu özündən qaynadığı üçün tükənməzdir.

Biz dedik ki, Pyerin axtarışları onun ömrünə təsir edən iki hadisəylə daha çox aydınlaşmışdır. Bunlardan birinin Nataşa, o birisinin isə müharibə fəlakəti olduğunu demişdik. Pyer ictimai həyatı dərk eləmədiyi və bu həyatda öz yerini də müəyyən eləmədiyi bir zamanda müharibə birbaşa yaşadığı evin içinə gəlib girmişdir. Müharibə nə deməkdir? – İnsanların kortəbii düşüncələrə malik olması, özgə evinə soxularaq qarət eləməsi, aparılması mümkün olmayanların yandırılıb sıradan çıxarılması, başqalarının namusuna təcavüz olunması, əsirlərin üzərində ağalıq ehtiraslarının həyata keçirilməsi, onların ən adi sərbəst bir davranışına görə qətlə yetirilməsi və b.k. Bütün bunlar Pyerin gözləri qarşısında baş verdiyindən həyatın nə demək olduğu onun üçün bir anda anlamını itirmişdir. Əsərə müraciət edək:

“(Pyer – S.A.) Özü başa düşməsə də, onun qəlbində dünyanın düzgün quruluşuna, bəşəriyyətə, öz qəlbinə və Allaha olan inam məhv olmuşdu…

O hiss edirdi ki, bir də yenidən həyata inanmaq onun ixtiyarında deyildir”.

(IV cild, səh. 48).

Pyer əsirlikdə tanış olduğu Karatayevin aydın mülahizələrində, şən əhvallarında, sanki azadlıqda yaşayırmış kimi, davranışlarında yeni bir məna və yaşamaq gücü tapmışdı. Doğrudur, burada təsir qıraqdan gəlir, ancaq inamın barmaqları onun içindəki sarı simə toxunmuşdu. Onun içində Mənanın sonsuzluğu ilə ünsiyyət üçün pəncərə açılmışdı. Ümidlərini puç edən sıxıntıların əbədi olmadığını anlamağa başlamışdır.

“…yanında uzanan Platonun müntəzəm xorultusuna qulaq asdı və hiss etdi ki, bir az əvvəl dağılmış dünya indi qəlbində yeni bir gözəlliklə, yeni və sarsılmaz əsaslar üzərində canlanmağa başlayır…”

Bu adamlar (əsirlikdə olanlar – S.A.) sonralar Pyerin təsəvvüründə dumanlı bir şəkildə qalmışdı, Platon Karatayev isə Pyerin qəlbində ən qüvvətli və əziz bir xatirə kimi, bütün rus xasiyyətini təmsil edən mərhəmətli, mülayim və kamil bir varlıq kimi həmişəlik olaraq yaşadı”.

(IV cild, səh. 52).

Pyer Karatayevin dilindən sadə bir insan qəlbinin gerçəkliyin durumunu ifadə edən həqiqətləri dinləmişdi:

“Məhkəmə olan yerdə ədalətsizlik olar…”

“Dilənçi torbasından və bir də həbsxanadan heç vaxt boyun qaçırma…” Bu durumun mahiyyətini Karatayev özü dərk eləmişdirmi, yoxsa gedişata boyun əyməyə adətmi etmişdir? Bunu söyləmək çətindir. Ancaq bir həqiqət var ki, gedişatın ədalətsizliyi insanın içində gələcəyə olan inamı axıra qədər məhv edə bilmir. Dağların dumanında azan adam bir yerdə dayanıb ümidini itirmir. O, müəyyən bir səmt axtarır və gedir. Dumanlardan o tərəfdə nə olduğunu görməsə də, öz durduğu yeri və özünü bütün aydınlığı ilə görür. Dumanın içiylə haraya yerini dəyişsə də, özünü və durduğu yeri aydın görəcəkdir. Ola bilər ki, duman adamı yanlış yerə aparıb çıxartsın. Ancaq gedib çıxdığı yerdən mütləq özünün getməli olduğu yer üçün müəyyənlik öyrənəcəkdir. Yəni ən pis məqamda belə, çıxış nöqtəsi tapmaq olur. İnsanın özünü aydın görməsi ümidin yaşaması deməkdir. Pyer üçün Karatayev özünü görməsi və ümidlənməsi üçün bir işıq qaynağı idi. Bu işığın sayəsində o, öz içində sağlam mühakimələrə başlamışdı:

“Pyer göyə, göyün dərinliklərində sayrışan ulduzlara baxdı. “Bunların hamısı mənimdir, bunların hamısı məndədir, bunların hamısı mən özüməm!” – deyə düşündü. “Bunların hamısını da onlar tutub, taxta ilə hasarlanmış anbara salmışdılar!”

(IV cild, səh.109).

Kainatın ən böyük sirri insandır. Möcüzəsi də insandır. Dünya insandan qıraqda mənasını itirir. Ona görə insan özü elə dünyadır. Ancaq bu dünyaya münasibət heç vaxt tam sağalmır, şikəst durumda qalır.

Napoleon dünyaya meydan oxumaq üçün silaha pərəstiş edir. Ancaq dünyanı fəth etmək qədər də uğursuz fəaliyyət yoxdur. Ölkələri viran qoymaqla aşkarlanan qüvvə mənəviyyatsız bir təsir kimi ölümə bərabərdir. Napoleon əsir bir dustaq kimi anbara saldırdığı Pyerin qəlbinin dərinliklərinə hakim ola bilmədiyini dərk etsəydi, xülyəvi niyyətlərlə yaşamazdı. Hökmranlıq ehtirası düşüncəyə hakim olduğu andan fərdin özünün fiziki və mənəvi ölümü üçün zəmin hazırlayır. Ağalığın çılğın və güclü hökmü ilə nəşələnən bir ürək bəşəriliyin məntiqinə bağlı aydın bir mühakimə yürütməz!

Pyer Napoleonun əsiri idi, ancaq onun dünyasının sakini deyildi. Napoleonlar həyat işığını söndürməyə çalışdıqca Pyerlərin qəlbində həyat eşqi çiçəklənirdi. Bu isə Xeyirin şərdən daha qüvvətli olmasının əlamətidir.

“O (Pyer – S.A.) bilmişdi ki, xoşbəxtlik insanın özündədir, təbii, insani ehtiyacları təmin etməkdədir və bütün fəlakətlər kasıblıqdan yox, israfçılıqdan əmələ gəlir. Lakin bu axırıncı üç həftəlik səfər zamanı o, yeni və təsəlliverici bir həqiqət də öyrənmişdi. O öyrənmişdi ki, dünyada heç bir qorxulu şey yoxdur…

O öyrənmişdi ki, bir zaman, güman etdiyi kimi, öz xoşu ilə öz arvadına evləndikdə heç də indikindən, yəni gecələr tövləyə salındığı günlərdə olduğundan çox azad deyildi”.

(IV cild, səh.155).

“Həyat hər şeydir. Həyat Allah özüdür. Hər şey bir-birinə qarışır və hərəkət edir, bu hərəkət özü Allahdır. Nə qədər ki, həyat var, Allahı dərk eləmək məmnuniyyəti də vardır. Həyatı sevmək – Allahı sevmək deməkdir. Bu həyatı öz əzabları, öz günahsız əzabları ilə sevmək ən çətin və ən xoşbəxt bir sevgidir”.

(IV cild, səh. 160).

Müharibə həyatı məhv eləməklə əslində Allaha qarşı yönəlib. Hər bir talançılıqda, dağıntılarda, insan əzabında Allahı qəhr etmək var. Allahı qəhr edənlər də kilsələrdə ibadət edirlər, Allahı sevənlər də. Ona görə də Kilsələrdə Allah var olmur. Allah insan qəlbinin gözəlliklərində var ola bilər. Allahı qəlbin sevgisindən məhrum edəndə müharibələr, qırğınlar, yaramazlıqlar həyatın üstünə şığıyır. Tolstoy da Pyerin diliylə bu həqiqəti anlatmağa çalışır:

“Onun (Pyerin – S.A.) indi məqsədi ola bilməzdi, çünki indi o inanırdı, qayda-qanuna və ya sözə, yaxud fikrə yox, canlı və hər yerdə hiss olunan Allaha inanırdı. Əvvəllər o, Allahı qarşısına qoyduğu məqsədlərdə axtarırdı…

O, əsirlikdə dərk etdi ki, Karatayevdəki Allah daha böyük, sonsuz və əlçatmazdır, nəinki masonların qəbul etdiyi kainatın Memarında”.

(IV cild, səh.206).

Ölkənin padşahı xalqın içindən ayrılır və xalqdan yüksəkdə durur. Başqa sözlə, özünü xalqdan yüksəkdə saxlayır. Ona görə də ictimai həyatda mütləq ədalət bərqərar olmur. Çünki padşahın əsas məqsədi mütləq ədaləti bərqərar eləmək deyil, özünü xalqdan üstün saxlamaqdır. Dinlər də Allahı padşah xislətində dərk edirlər: kainatı və insanı idarə edən, eyni halda kainatdan və insandan uzaqlarda yerləşən bir güc qaynağı. Ona görə də dindar Allahı axtarmaq üçün çox uzaqlara baxır, dönüb qəlbinə, yaxud yanındakı insan xilqətinə baxmır. Bəlkə də bu amillər insanın daxili azadlığı məsələsi ilə bağlıdır. Bir çox fikir adamları deyirlər ki, mütləq azadlıq yoxdur. Amma Asif Ata deyir ki, Mütləq Azadlıq var. Ümmiyyətlə, Azadlıq nədir? Bu suala doğru cavab tapmadan azadlığın nisbi, ya mütləq olması haqqında qərar vermək çətin olar. Bizə görə, azadlığı nisbi sayanlar, başqa sözlə, mütləq azadlıq yoxdur deyənlər azadlığı xarici aləmin insana, insanın xarici aləmə təsiri ilə ölçürlər. Bizə görə, xarici aləmə münasibətdə insanın nəyi haqq edib, nəyi haqq etməməsi onun azadlığının miqyasını bildirmir. Onun azadlığı daxilindəki heyvani duyğuların təsirindən xilas olması ilə ölçülür. Başqa sözlə, insan öz içində kamil duyğuların, ruhani idrakın tələbiylə addım atarsa, bu, onun həqiqi azadlığını ifadə eləmiş olar. Naqis duyğuların və bəsit ağılın tələbi ilə atılan addımlar nisbi azadlıq yaradır. Deməli, Azadlığı nisbi sayanlar insanı necə var, elə qəbul edənlərdir. Asif Ata isə Kamil İnsan səviyyəsinə əsaslanır. Kamil İnsanın qeyri-kamil azadlığı ola bilməz.

Burada Azadlıq və zərurət anlayışlarının mənasını aydınlaşdırsaq, onların birliyini, yaxud ayrılığını həyat və ruhaniyyat birliyi, yaxud ayrılığı kimi izah edə bilərik. Bizə görə azadlıq ruhanidir, zərurət həyati. Spinoza azadlığı dərk olunmuş zərurət kimi qiymətləndirir. Dialektik materialistlər isə obyektiv zərurəti birinci, insanın iradəsinin, şüurunun, azadlığının törəmə olduğunu, yəni ikinci olduğunu sübut etməyə çalışırlar. Asif Ata isə Azadlığı rədd edilmiş zərurət sayır. Bu nə deməkdir? Əgər zərurət həyatdan gəlirsə, başqa sözlə, həyatın mövcudluğunu saxlayan qanunauyğunluqları ifadə edirsə, onun rədd olunması nə deməkdir? Asif Atanın öz təliminə görə də Mütləq olan, yəni Məna təzahürlərlə, hadisələrlə gerçəkləşir və həyat mövcud olur. Bəs Azadlıq bunu rədd edirmi? Rədd etmir. Azadlıq Ruhaniyyatın tələbidir. Ruhaniyyat isə biolojiliyi rədd etmir, biolojiliyin ruha hakim olmasını və mütləq təsirə çevrilməsini rədd edir. Azadlığı itirən insan heyvandır. Nə qədər ki, insan sırf bioloji yaşayır, onu Azad saymaq olmaz. Azadlıq – insanın ruhani imkanlarını aşkarladığı andan başlanır. Getdikcə, yəni aşkarlandıqca, azadlıq böyüyür, inkişaf edir və mütləqləşir. İnsan ruhani yaşayır və bioloji mövcudluğuna tam sahib olur. Həyatın üstünə tamahıyla, maddiyyatsevərliyi ilə, hakimiyyətçilik ehtirasıyla yerimir, vicdanıyla, ədalətiylə, əxlaqıyla, mərhəmətiylə yeriyir. Yəni Azadlıq – kor və şüursuz bir canlının nizamsız hərəkəti deyil.

Fəlsəfədə obyektiv zərurət və subyektiv zərurət anlayışları işlədilir. Sadə dildə desək, həyatdan gələn zərurət və şəraitdən gələn zərurət. Azadlığın zərurəti rədd etməsini həyatdan gələn zərurətə münasibətdə izah elədik. Şəraitdən gələn zərurətə münasibət də fərqli deyil. Tutaq ki, insan dənizin ortasına düşüb. Onu buradan xilas edəcək heç nə görünmür. Deməli, onun ölməsi zərurətə çevrilib. Ancaq insan əlini-qolunu sallayıb ölümə təslim olmur, başqa sözlə, yaşamını təhdid edən zərurəti rədd edir. Yaxud götürək Məcnunun halını. Leyli ölür, torpağa gömülür. Ancaq Məcnun çöllərdən yığışmır, fəryad qoparır, Leylini haraylayır. Məntiqlə o, Leylinin ölümü ilə barışmalıydı. Ancaq məhəbbətin dönməz əzabı Məcnunun varlığına hakim kəsilmişdi. Onun bütün varlığı məhəbbətdən ibarət idi. Məhəbbətin qarşısında heç bir zərurət əngəli mövcud deyil. Bu, onun ilahi Azadlığının göstəricisidir…

Tolstoy bütöv bir cəmiyyətin dövrə, quruluşa bağlı xarakteri içində ayrı-ayrı fərdlərin timsalında insanlığın hər şeydən yüksəkdə olduğunu bir xətt üzrə vurğu edir. Ayrı-ayrı fərdlərdəki üstün keyfiyyətlər yaşamağın heç də mənasız olmadığını göstərməklə, həyatın daha gözəl biçim ala bilməsinin mümkünlüyünü isbatlayır. Ən mürəkkəb zamanda belə, ən pozğun cəmiyyətdə belə, insanlığa qarşı ümid aşkarlayan və yaşamağın anlamını anladan fərdlər ortaya çıxır.

Yuxarıda vurğu elədik ki, əsərdə çoxyönlü hadisələrin, çoxsaylı mürəkkəb xarakterli obrazların olmasına baxmayaraq, dövrün ictimai əlaqələrini, həyatın inkişaf dinamikasını Pyerlə Nataşanın keyfiyyətlərində öyrənib ümumiləşdirə bilirik. Bir tərəfdə Nataşanın eşqli, ehtiraslı, şövqlü duyğuları, insan varlığını dolğun göstərən ruhi zənginliyi, o biri tərəfdə Pyerin sarsılan, yorulan, sonra yenidən həvəslə dolan əhvalları, narahatlıqları, müdrik axtarışları dayanır. Bu iki obrazın daşıdığı keyfiyyətlər ictimai həyatın inkişafını tənzimləyən qüvvənin simvoludur. Sonda gəlib bir nöqtədə birləşir və bu iki fərd üçün həyat müəyyən bir nizamda, axarda davam edir. Əslində yazıçının əsərdəki hədəfi də buna bağlı görünür. Yəni tərəqqini təyin edən keyfiyyətləri oxucuya tanıtmaq. Başlanğıcda gənc Nataşanın davranışları ətrafdakılara bir uşaq şıltağı təsiri bağışlayır. Ancaq getdikcə onun içində qaynayan əhvallar münasibətlərə daxil olmağa başlayır. Heç kimə bənzəməyən sadəlik, şuxluq, məsudluq olduğu hər bir mühitdə lirik ovqatlar yaradır. “Həyatın müxtəlif təsirlərinə qarşı dərin bir ehtiras göstərən, aldığı təəssüratları mənimsəyən bu gənc qızın qəlbində nələr olurdu? Bunlar hamısı onun qəlbində necə yerləşə bilirdi?”

(II cild, səh.280).

Yolboyu (ovdan qayıdanda, gecə saatlarında) Nikolay Rostov adi müşahidə olunan həyat əlamətlərini düşünürdü. Nataşa isə insan ağlının dayanıb qərar tapa bilməyəcəyi ucsuz-bucaqsız sehrli aləmlər haqqında düşünürdü. O, cəmiyyətin adi həyat normaları ilə yaşadığı məkana gedib çatmağı arzulamırdı. Onun xəyalından sehrli yollar keçirdi. Onun qəlbi də, qəlbini bürüyən bütün hisslər də özünə belə, izah olunması çətin olan sirrlər dünyası idi. O, hər yerə, hər bir ünsiyyətə bu sirrlər dünyasından baxırdı. Onun üçün adi heç nə yox idi. Həyat, təbiət, yer, göy, insanların varlığı onun hisslərinə möcüzə kimi daxil olur və onun iç dünyasını sevinc işıqlarına qərq edirdi. Ancaq çağlayan sevinc işıqları belə, onun içinin sirlərini bütünlüklə aydınlaşdırıb izah edə bilmirdi. Çünki onun könlündə tükənməz bir sevgi qaynayırdı. Nə idi Nataşanın sonsuzluğa doğru uzanan insani dünyasını yaradan? Ziyafətlər, ballar, rəqslər, kübar cəmiyyətinin qaynar həyatı, yoxsa yoxsulluq tanımayan həyat tərzimi? Yox, bunların heç biri deyildi. Nataşanın azalmayan, yüksəkliklərdən enməyən coşğun duyğuları onu bizə, gerçəkliyin övladı deyil, mənanın övladı kimi tanıdır. Əslində Peyğəmbərlərin kəlamlarındakı möcüzələr Nataşaların fərəhli əhvallarını ifadə edən hikmətlər olmalı idi. İnsan qəlbinin ilahi sevdası peyğəmbərlərin çağlayan vəhyi, çağıran harayları olmalı idi. Onlar Allahın gözəlliklərini insan qəlbinin qüvvətli hisslərində deyil, mücərrəd göylərdə axtarmalı deyildilər…

Nataşa heç yerə sığmırdı, nə musiqiyə, nə rəqsə, nə kübar cəmiyyətinin məclislərinə, nə nökər-naibli evə, nə adamlarla ünsiyyətə. Sığmazlıq onun gedə biləcəyi yeganə ünvan idi. O, heç vaxt xəyallar, xatirələr aləmindən qayıtmırdı. Onun bütün hissləri durmadan yol gedir, ancaq hara gedir, bunu onun özü də bilmirdi. Onun içində Məcnun tövrü vardı, vurğun idi. Ancaq kimə vurulmuşdu? Knyaz Andreyəmi? Yox, o, yalnız səbəbi özünə bəlli olmayan vurğunluğunun əlamətlərini Andreydə tapırdı, yaxud tapmağa çalışırdı. Bundan əvvəl o, Borisi də sevirdi. Ancaq Borisin də dəlisi deyildi. Onun vurğunluğunun sirri açılmamışdı…

Özü də bilmir ki, bu tale onu hara çəkib aparır?! Elə bilir ki, həyatını Andreyə bağlasa, rəvan bir həyat yaşayacaq. Ancaq evlilik onun coşğun hisslərini sakitləşdirəcəkmi? Yaxud doğrudanmı coşğun hissləri sakit yaşamq gərəkdir? Coşğunluğundan ayrılan ömür quru və gərəksiz olmazmı?

Elen də qaynar xarakterə malikdir. Ancaq onun qaynarlığı əyləncələrdə tam ifadə olunur, bu isə onu təmin edirdi. Başqa sözlə, Elen özünü alışdığı cəmiyyətin qələbəlik mühitində təmin edə bilirdi. Elenin varlığı heç nəyi ifadə etmirdi. Çünki onun varlığı fiziki gözəlliyindən ibarət idi. Ona ayrılan diqqətlər və bəslənilən hörmətlər də fiziki gözəlliyinin cazibəsinə görə idi. Elenlə Nataşa arasındakı fərq həyatla ruhaniyyat arasındakı fərqə bənzəyir.

Həyatın yeknəsəqliyi Nataşanı sıxırdı. Sözlə deyə bilməsəydi də anlayırdı ki, heç kim onun duyduğunu duymur, heç kimin qəlbi dünyanın mənasından riqqətə gəlmir.

“(Nataşa – S.A.) masa arxasında oturdu, danışanların və yenicə gəlib oturan Nikolayın söhbətinə qulaq asmağa başladı: “İlahi, ilahi, yenə həmin adamlar, yenə həmin söhbətlər, yenə atam fincanı əlində əvvəlki kimi tutmuş, yenə də o cür əvvəlki kimi çayı üfürür!” Nataşanın qəlbində evdəkilərin hamısına qarşı onların yenə əvvəlki adam olduqları üçün nifrət doğur və bunu da özü dəhşətlə hiss edirdi”.

(II cild, səh.287).

Onun qəlbu möcüzələr axtarışındadır, ətrafındakılar isə onun axtarışlarının ən sadə tələblərinə belə uyğun deyildi. Həyat yeknəsəqdir. Hər şey təkrar olunur, insan dəyişmir. İnsanların varlığı, duyğuları bəsit bir ardıcıllıqla qarıyır, köhnəlir. Hər kəs bir rəngdə, bir əhvalda görünür. Bütün bu adi məişət qayğılarının əhatəsində Nataşanın varlığı zədə götürür, hissləri sanki təhqir olunur. Onu əhatə edən adamlar öz həyatlarını yaşayırdılar. Buna görə onlar suçlu deyildilər. Həm də onlar Nataşanın halındakı coşğun tələblərin hara yön aldığını bilmirdilər. Nataşa da darılmaqda, darıxmaqda haqsız deyildi. İndi onun qarşısıalınmaz ehtiraslarını yalnız sevgi ünsiyyətləri təmin edə bilərdi. O, öz qəlbinin ilahi döyüntülərində Knyaz Andreyin xoşbəxtlik bağışlayan təbəssümlərini hiss edir, dodaqlarının arasından süzülən sevgi pıçıltılarını dinləyirdi. Sevgidə insan qəlbi o qədər qüdrətli olur ki, adam belə insanın nə vaxtsa öləcəyinə də inana bilmir.

xxx

Dövr insanı qiymətləndirə bilmir. Əksinə, özünün sərtliyi və amansızlığı ilə insanın bütün nəcib duyğularını, gələcəyə ümidini tapdaqlara qərq edir. Bununla belə, insanın öz içində təzələnməsi,

yeni duyğuların yaranması, ümidin yenidən dirçəlməsi qarşısıalınmazdır. Knyaz Andrey yenilmiş bir taleni yaşadığı halda, qəflətən içində yenilənmə başlayır. Nə yaşadığı elitar həyat, nə hərbdə tutduğu mövqe, nə də dünyanın gedişatı onu təmin etməmişdi. Üstəlik doğuş zamanı arvadının ölməsi, körpəsinin yetim qalması həyatı onun gözündən salmışdı. Knyaz Andrey ona görə vardı ki, yaşamamağın ixtiyarı onun əlində deyildi.

Baş çəkmək üçün qonşu malikanələrə gedərkən yolunun üstündə rastlaşdığı hər şey ona cansız və mənasız görünürdü. Meşədə gördüyü qocaman palıd ağacı da onun kimi tükənmiş, miskinliyin əlaməti olaraq boz rəngə çalırdı. Ancaq qayıdanda sanki ümid dolu bir həyata  dönürdü!

“…Bəli, bu həmin palıddır, deyərək düşündü və onun könlü bizdən yaz şənliyi və yeniləşmə hissləri ilə doldu. Həyatının bütün gözəl diqqətləri xəyalında canlandı. Əngin göylü Austerlits də, arvadının töhmətedici ölü üzü də, Pyerlə söhbət etmələri də, gecənin gözəlliyi ilə həyəcana gələn qız (Nataşa – S.A.) da, o aylı, gözəl gecə də birdən onun yadına düşdü”.

(II cild, səh.165)

Günəşin şəfəqləri altında parıldayan palıd pöhrələri də, Nataşanın ayın ziyasına vurulub gecənin sehrinə qarışması da Knyaz Andreyin yenilmiş hisslərini cana gətirmiş və ruhunu sağaltmağa başlamışdır. Nataşanın timsalında Dünyanın, yaşamağın fərəhli olmasını anlamışdır.

Gəzmək, görmək, eşitmək nə qədər böyük təsirə malikdir. Düşünmək isə daha böyük təsirdir. Birinci halda duyğular oyanır, ikinci halda idrak dərinləşir.

Tolstoy heç bir fəlakətin içində insanı ümidsizləşməyə qoymur: gah təbiətin özündən, gah fərəhli Nataşadan, gah müdrik nəsihətlərdən insanı xilas edən səbəbləri aydın bir şəkildə diqqətə sunur. Ümumiyyətlə, Tolstoy insanı cəmiyyət prinsipləri ilə, sxematik normalarla deyil, onu öz daxili, mənəvi keyfiyyətləri ilə tanıdır. Biz sovet ədəbiyyatında insanı şəraitin yetirdiyi, sosial inkişafın tərbiyə elədiyi hadisə kimi öyrənirik. Tolstoyda isə insan şəraitə öz daxili qüsurları ilə qatılır, yaxud şəraitin dəyişməsinə öz fəzilətləri ilə təkan verir. Baxın, Tolstoy obrazının diliylə deyir: “Həyat Allahın özüdür, əngin səmada sayrışan ulduzlar mən özüməm. Məni anbara salmaqla əslində ulduzları həbs edirlər”. Yəni mən, insan dünyanın sehrini, sirrini içimdə daşıyıram.

Biz dedik ki, Tolstoy ciddi məktəbdir. Ancaq insanlar, çoxluq etibarilə, ömürlərində görmədikləri bir imarəti qıraqdan seyr etməklə içi haqqında təsəvvür uydurduqları kimi, Tolstoyu oxuyanlar da onunla bağlı üzdəki təsəvvürlərə sahib olurlar. Əslində bütün dühalara münasibət belədir.

İnsanların, tarixin şəxsiyyətə yanaşmasında dövrə, zamana bağlı mülahizələr yürütmək bütün çağlarda özünü göstərmişdir. Şəxsiyyətə çağdaşının münasibəti ilə sonrakı çağın insanının münasibəti arasında həm kəskin fərqlər olur, həm də bəzi çalarlar tamamilə təkrarlanır. Çağdaşı şəxsiyyətin yerişini, duruşunu, qidalanmasını, geyimini də onun tutduğu mövqeyinə, ortaya qoyduğu ideya-fikrə əlavə edərək, haqqında təsəvvür yaratmağa çalışır. Sonrakı dövrün qabaqcıl düşünən insanı isə şəxsiyyətin ideyasına, düşüncəsinə, vətənə, bəşəriyyətə göstərdiyi xidmətə diqqət yetirir. Ancaq kütləvilik prinsipinə uyğun düşünənlər şəxsiyyəti öz arzularına uyğunlaşdırmağa çalışırlar. Belə halda onlar şəxsiyyətin ən əhəmiyyətsiz bir sözünə, hərəkətinə aşırı diqqət ayırmaqla təhriflərə yol verirlər. Məsələn, Füzulinin bütün yaradıcılığının əsas qayəsi bir yanda qalır, müsəlmanlar onun harda dəfn olunmasıyla bağlı bir arzusunu diqqətə sunurlar. Bu arzunu Füzulinin bütöv təfəkkür faktı kimi qabartmağa çalışırlar. Hələ o da tam sübut olunmayıb ki, Füzuli basdırılmasıyla bağlı belə bir sonərkdə (vəsiyyətdə) bulunub, ya bulunmayıb. Eləcə də Tolstoyun İslam dininin hansısa üstün cəhətiylə bağlı söylədiyi fikri Tolstoy şəxsiyyətini formalaşdıran bir arqument kimi qəbul etdirmək istəyirlər. Bununla bağlı gərəksiz təbliğat aparırlar. Bu misalı Atatürkə də aid etmək olar, uzaq tariximizdəki Babəkə və Nəsimiyə də.

Şəxsiyyətlərə bəslənilən sevgili münasibətlərdən sui-istifadə eləməklə, onları dinin keşikçisi kimi qələmə vermək həyatda, cəmiyyətdə xüsusi bir dəyişiklik etməz. Şəxsiyyətlərin adlarını hallandıraraq dinin qabaqcıl bir etkiyə malik olmasını isbatlamağa ehtiyac yoxdur. Dinin insana, həyata münasibətini doğrultmaq gərəkdir. Ancaq nə yazıqlar ki, bu mümkünsüzdür. Çünki belə bir istəyə cəhd etmək peyğəmbərlərin təməl prinsiplərinə dəyişiklik etmək anlamına gəlir…

Din insanın içi ilə məşğul olmur, ibadəti ilə məşğul olur. İbadət isə göydəkinə münasibəti tərtibləyir. Bu əsərdə Tolstoy obrazının diliylə deyir: “Monastrların və kilsələrin çoxluğu həmişə xalqın geridə qalmasına bir işarədir”. Bizdə isə, parçalanmış Azərbaycanın bir hissəsində, məscidlərin sayı evi olan kişilərin sayından çoxdur. İnsanların mənliyini öldürənlər onlara ibadət evləri tikirlər. Talanan, ayaqlanan, təhqir olunan, muzdlu yaşayan insanların məscidlərin çoxluğu ilə əldə edəcəkləri təsəllinin mənası nə demək olur görəsən?! Məscidlərə toplaşan insanları sürüyə çevirirlər. Onları milli kimliyinin sıradan çıxarılması, etnik özünəməxsusluğunun zədə götürməsi qayğılandırmır, namazıyla, orucuyla, məscidiylə fəxr edir. Ancaq bu fəxarətdən vətəninə, millətinə bircə dəfə ağ gün qismət olmur. Allah – insanı sevməkdə, milləti var etməkdə, Vətənə sahib çıxmaqdadır. Fındığın qabığına, donuzun dərisinə, atın yalmanına adını yazmaqla varlığını sübutlamağa çalışmaqda deyil. Öz varlığını sübut etmək üçün dəridən-qabıqdan çıxan Allah yoxdur, insanın sevgisində, idrakında, mənəviyyatında yaşamasıyla həyata ülviyyət, dünyaya gözəllik gətirən Allah var. Həyat pozulub, dünya əyilib, deməli, Allah yoxdur. Çünki İnsan yoxdur! Məscidləşmə, kilsələşmə Allahlaşma deyil, İnsanlaşma Allahlaşmadır! Tolstoyun ucalığı da ondadır ki, o, Allahı Nataşaların ilahi ehtiraslarında, Pyerlərin müdrik axtarışlarında, Karatayevlərin həyat eşqində axtarır…

Bizə israrla deyirlər ki, Asif Ataya səcdə qılmayın, duyğusal olmayın, əqliyyətçi olun. Ərəb qılıncının kəsdiyi başlardan sıçrayan qan damlaları tariximizin elə ən uzaq nöqtələrinə düşüb ki, gözlərdəki milli işığı, beyinlərdəki milli düşüncəni yuya bilmişdir. Əks duruma qayıtmaq üçün yenəmi kötək lazımdır?! Səcdə bizə Allahın insanla, həyatla, dünyayla iç-içə olduğunu dərk etdirir, ruhumuzu bu ali həqiqətə böyüdür. Biz insanlaşmaqla millət oluruq, millət olmaqla bəşər oluruq. Bunun üçün Asif Ata bizə cəhalət dünyasının içindən çıxmaq qüdrəti, idraki yetkinlik səviyyəsi gətirir.

Küçələrimizdəki qızlar reklamlardakı, internetdəki qızlara oxşayırlar. İnternet şəbəkələrindən o tərəfdə varlığı bilinməyən kişilər də beləcə. Hamı küçələşir, internetləşir, heç kim millətləşmir. Asif Ata millət olmağımızın yolunda alovlanan məşəldir. Küçələşməyə, sürüləşməyə səcdə qılmırıq, insanlaşma-millətləşmə üfüqlərində günəş kimi doğan şəxsiyyətimizə səcdə qılırıq…

xxx

– Dedilər, zaman niyə bu qədər korlanıb?

– Dedim, kişilər “arvadlarını” Allahdan çox sevirlər, ona görə. Yəni ailənin mənafeyini, evinin içini, məişətini millətdən, bəşərdən, mənəviyyatdan üstün tuturlar, ona görə də dünya əyilib…

– Dedilər, sənin həyatını, ailənlə bağlı gələcəyi dəqiqliyi ilə sənə söyləyən falçı olsa gedərsənmi?

– Dedim, mən həyat üçün yaşamıram, ideallarım üçün yaşayıram. Mənə ideallarımın dediyindən daha doğru, daha ülvi kim söz deyə bilər ki, məndə maraq oyatsın. Mənim üçün kainatın sirri açılmağa başlayıb. Bundan ali sirri kim mənə söyləyə bilər ki, heyrətimi marağa dəyişə bilim. Falçı zəlillər üçündür, xoşbəxtlər üçün deyil.

Heç nə mənə axtarışlarım və yaşadıqlarım qədər xoşbəxtlik fərəhi gətirə bilməz…

Həyatı tükdən asılı olan adam Allaha dua edər. Çünki onun həyatından böyük həqiqəti yoxdur. Hətta Allahın özü də onun üçün həyatdan aşağıda durur. Allah üçün həyatın üstünə getməz, yəni heç nəyindən keçməz. Ancaq həyatı üçün Allahdan diləkləri olar. Həyatın adiliklərinə yenilənlər Allahı öz məqsədlərində axtarırlar, ona görə də insanlaşa bilmirlər. Biz bu münasibəti Tolstoyun ayrı-ayrı obrazlarında da müşahidə edirik. Bununla da biz, obrazların timsalında cəmiyyətin ümumi halı haqqında təsəvvür əldə edirik. Yəni həyatın adi tələbləri ilə yaşayanlar və bu tələblərdən üstün olmağa can atanlar.

…Nataşa hər bir adamın, özəllikcə cavan kişilərin sevgisinə, sevincinə işıq kimi düşür. Ancaq bu işıqda onun özü üçün nə aydınlaşır, bəlli deyil. Axı onun hisslərinin boyu burada dayanmır. Onun hisslərində daha nələrin izahını axtarmaq lazımdır?! Bu axtarış hansı suallara cavab verə bilər?! Onun dünyası hardan başlayır və bu dünyaya nələr aiddir?! Onun dünyası ilə cəmiyyətin qanunauyğunluqları arasında qəribə bir təzad yaranıb. O, cəmiyyət qanunauyğunluqlarına uysa, öz dünyasına xəyanət etməzmi? Onun içində hər hansı bir kişiyə qarşı sevgi işığı çox da parlaq yanmır. Bununla belə, onun ailə həyatı qurmasıyla axtarışlarına son veriləcək, yoxsa davam edəcək? O, hələ ki, narahat dünyasının sakitliyini hansısa bir kişi ilə romantik sevişmələrinin gerçək ailə münasibətlərinə çatmasında axtarır. Ancaq belə adamların cismani vüsala yetməsi böyük həsrətinə son verə bilməməlidir. Bu tip xarakterlərin həsrəti əbədi olur. Çünki onların vurğunluğu əbədi ideyalar aləminə bağlı olur…

Nataşa gah Borisi sevir, gah Knyaz Andreyi, sonra Anatolini. Duruma üzdən baxanda o, yüngül əxlaqlı, sədaqətsiz, sürüşkən biri kimi görünər. Yəni adamın könül sultanı bir olar, bir neçə yox. Əvvəla, Nataşa onların heç biri ilə ailə qurub, sonra da boşanmır. Sadəcə ailə qurmağa cəhdlər edir, amma alınmır. Bu alınmazlıq Nataşanın könül dünyasının yoxsulluğundan irəli gəlmir, əksinə, bəlkə də  onun könül dünyasına hakim olacaq mənəvi ehtiras hələ yetişməyib.

Nataşa əvvəl Borisi, sonra Knyaz Andreyi sevməsində ötəri bir həyəcan yaşamışdı, sonra isə tamam sakit və şən bir əhvalda olurdu. Halbuki sevgi – yuxusuz gecələr, qərarsız günlər deməkdir. O, Knyaz Andreylə adaxlanır və onu bir il gözləmək şərti qarşısında qalır. Bu o deməkdir ki, Andrey sadəcə normal bir qadınla ailə həyatını bərpa eləmək istəyir. Nataşa isə onun düşündüyü normallığa sığmırdı. Axı sevgi münasibətləri ictimai qaydalara tabe olmur. Ona görə də Nataşanın bir ara Andrey üçün darıxması, onun gəlişini həssaslıq və gərginliklə gözləməsi daxili dünyasında başqa bir narahatlığın başlaya biləcəyindən soraq verirdi. Tez-tez kübar cəmiyyətinin məclislərində olmasıyla günlərin bir günü qəlbini həqiqi bir məhəbbətin tabeliyinə verməsi baş verə bilərdi. Şüuraltı olaraq bunun baş verməsinin mümkünlüyündən və vicdan əzabına uğramaqdan qorxurdu.

Gəncliyin daxili dünyasında hər zaman iki hiss bir-biri ilə toqquşa bilir – vicdan və məhəbbətin romantikası. Məhəbbət onu başqa səmtə çəkib aparır, ailə, ev, valideyn isə onun qarşısına ayrı tələblər çıxarır. Bunları birləşdirmək çətin olur. Bu çətinlikdə ən çox vicdan qurban verilir. Məhəbbətin romantik təsirləri çox güclü, onu nəzarətdə saxlaya biləcək iradənin gücü isə zəif olur. İş orasındadır ki, məhəbbət romantikası həmişə ürəyin əbədi gücü kimi qalmır. Həsrət ortadan qalxandan sonra adiləşmələr başlayır və gerçək, canlı həyat məhəbbətli ürəkləri təbii bir şəkildə özünə tabe eləməyə başlayır. Ev-məişət qayğıları, övlad böyütmək bir sıra çətinliklər çıxarır qarşıya. Romantik münasibətlər gəncliyin şıltaqlığı kimi qavranılır və yalnız xoş xatirələr təsirinə çevrilir.

Əslində isə insan dünyası sirdir. Onun daxili aləminin sehrli ahəngi pozulmaya bilər və məhəbbət ocağının hərarəti həsrət ehtiyacını qoruyub saxlayar. Bunun üçün insan gərək öz sevgisinə, münasibətlərinə həyat faktı kimi yanaşmasın, İdeala meylin gerçək təzahürü kimi baxsın.

…Budur, Nataşanın qəlbində məhəbbət hissi yenidən coşur. Anatolinin vurğun baxışları onun qəlbini həyəcanlara bürüyür. Həyəcan, əsəbilik. Vicdan onun içində Andreyi müdafiə edir. Ancaq coşğun məhəbbətin baş alıb getməsinə Andreyin varlığının mane olması nə dərəcədə haqlıdır?!

Əsəbilik həm də ona görə baş verir ki, Nataşa bundan sonra özünü nələrə və kimlərə qarşı qoyacağının çətinliyini anbaan ömrünə dəvət edir və indiyə qədər yaşadığı şən və rahat həyatını azman bir fəlakətə təslim etməyə hazırlaşır…

Nataşa Anatolini niyə sevmişdi, bilmirdi. Sevgi icazəli və ağıllı bir surətdə gəlmir ki! İnsan həssas və qüvvətli duyğulara bir anın içində əsir düşə bilir. Onu bu əsarətdən qurtarmaq da mümkünsüz olur. İnsanda vurğunluq heç nəyə məhəl qoymur, ağıla qulaq asmır. Hətta aldadılanda belə, həmin duyğulara görə vurğun ürəyi suçlamaq doğru məna daşımır. O duyğuları dərk etmək mövcud qaydaların sınırları içində mümkün olmur. O duyğular o qədər güclüdür ki, insanı rüsvayçılığa, hətta məhv olmağa qədər çəkib aparır. Bu rüsvayçılıq aşiq rüsvayçılığıdır, istənilən cəmiyyət fərdinin rüsvayçılığı deyil…

Knyaz Andreyin suçu varmı? O, Nataşaya sevgi elan edib uzaq diyarlarda dolaşmalı idimi? Nataşanın ömrünün elə bir yaşında ki, bütün duyğuları aşıb-daşır və onları heç bir həyat məntiqiylə cilovlamaq mümkün olmur. Gənc bir qızın eşqi, məhəbbət romantikası, sevib-sevilmək ehtiyacı hansı gücün qarşısında qalmalıdır ki, özünə aydın olmayan gözləmək tələbini qəbul edə bilsin?! İndi Andreyə qarşı Nataşanın yalnız mərhəmət hissi onun aşıb-daşan ehtiraslarını sakitləşdirməli idi. Ancaq gənclik ehtiraslarının yanında mərhəmət hissinin tab gətirəcəyinə inanmaq elə də sadə bir məsələ deyil.

Bəs necə olsun? Andrey suçlu deyil, çünki dövrün qanunlarına görə atası ilə razılaşdığı bir il gözləmə vədini poza bilməzdi. Bu ona ağır başa gələrdi. Gərək bütün imtiyazlarından əl çəkib hər cür tənələri də qarşısına alaydı. Başqa bir tərəfdən o, xəstəliyini müalicə etdirməliydi.

Bəs Nataşa necə, suçludurmu? O, özünün gənclik eşqini, ömrünün şövqlü, hisslərinin gözəl çağlarını qurban verməlidirmi? Nəyə qurban versin, Andreyin atası qoca Knyaz Nikolay Andreyiçin kobud, yovuşmaz xislətinə, yekəxanalığınamı? Hələ bəlli deyil, izdivac baş tutacaq, ya tutmayacaq? Knyaz Andrey Nataşanı alovlu bir məhəbbətlə sevir, ya sevmir? Sevən kəs bir il təcriddə necə rahat yaşaya bilir?! Knyaz Andreyin məktubları bir dəfə də olsa, Nataşanın təravətli hisslərinə uyğun yazılmayıb. Üstəlik, Andreyin atası, bacısı onu və ailəsini hər addımda təhqir edir. Knyaz Andrey özü də dul bir kişidir və körpə uşağı var. Bütün bunlar Nataşanın əvvəlki, yəni Knyaz Andreyə qarşı olan hisslərinin köhnəlməsinə başlanğıc verir. Bu əngəllər qarşısında gənc bir qızın daxili aləmində yeniliyin baş qaldırması təbii idi. Bu yeniliyi, dediyimiz kimi, ona qarşı münasibətin aydınlaşmasında uzun bir fasilənin olması doğururdu. O, bu fasilədən gec və ya tez usanmalı idi. Gəncliyin hissləri yetkin, səbrli, müdrik olmur ki! Ona doğru yön vermək, yardımçı olmaq, onu hər an aza bilməkdən qorumaq gərəkdir. Ancaq bu qorumaq əməli – yasaqlarla, mərhəmətçiliklə, vicdanı tez-tez yada salmalarla başa gəlməz. Sevgi özünə qarşılıq istəyir, alovlu ehtiras özünə qarşı hər an hiss olunan, yaşanan sədaqət istəyir. Sevginin təmiz və sağlam olması görünməli, bilinməli və ifadə olunmalıdır. Həsrət bilinməli, dərk olunmalıdır. Həsrət güclü hissdir, sirrdir, ecazkar təsirə malikdir, ancaq məchul və mücərrəd deyil…

xxx

Tolstoyun insan dünyasının incəliklərini izah eləmək üçün qabartdığı xarakterlərdən biri də Knyaz qızı Maryadır. Onun taleyi oxucuda ayrıca maraq doğurur. Marya cəmiyyətin diqqətində aktiv xarakter sayılmır. Bunun da başlıca olaraq iki nədəni var. Biri odur ki, o, dindar bir qız olduğuna görə kübar məclislərinə həmişə qatılmır. İkincisi isə onun üzdən çirkin olmasıdır. Buna baxmayaraq, onunla ailə qurmağa cəhd eləyənlər olur. Dövrün əsas səciyyəvi xüsusiyyətlərindən biri vərəsəlik hüququnun tanınması olduğu üçün, heç kim özünün gələcəyini aşağı sayılan təbəqəyə bağlamaq istəmir və varlı qızlarla ailə qurmağa meyil edir.

Ancaq Knyaz qızı Maryanın ailə qurmaq baxımından bəxti gətirmir. Çünki atası Nikolay Andreyiç qızını ərə verməkdən dəhşətli qısqanclıq hissi keçirir. Onun ölümündən sonra Maryanın ailə həyatı baş tutur, ancaq bunu o qədər də təqdir eləmək olmur. Çünki Sonya ilə sevişən və onunla ailə qurmağı vədələşən Nikolay Rostovun (maddi durumunun çətinliyindən çıxmaq üçün) qərarının dəyişdirilməsi, bizə insanlığa uyğun olmayan addım kimi görünür. Ümumiyyətlə, insanın ləyaqətini nəzərə almayan cəmiyyətdə normal münasibətlərin olacağına ümid bəsləmək mümkün deyil. Qraf Bezuxovun və Knyaz Andreyiçin maddi mirasına göz dikən Knyaz Vasili qızını Bezuxovun varisinə calayır, oğluna isə Andreyiçin qızını almaq istəyir. Knyaz Vasilinin onlarla bağlaşmaq cəhdlərində əcayib macəraçılıqlar yaşanır. Qızı öz gözəlliyi ilə Pyerin başına dərd olur. Yuxarıda biz bunun təfsilatını izah etmişik. Hər zaman özünün zahiri qəşəngliyi ilə diqqət çəkən oğlu da, ilk baxışdan Knyaz qızı Maryaya deyil, onun gözəl fransız rəfiqəsinə meyil edir. Belə isə, Knyaz qızı Marya üzdən çirkin olsa da, onu bu cür səbatsız bir adam üçün bəzəmək nəyi ifadə edir?! Ümumiyyətlə, çirkin bir qızı zahiri geyim və zinətlə gözəl göstərmək cəhdi məhəbbət hissinin üzərində qurulan məzhəkə oyunu idi. İnsan qəlbinin təbii bir sevgi ilə döyünməsinə zor göstərmək bütün ali dəyərləri təhqir eləməkdir. Yüksək mənsəb və mirasları ələ keçirmək xatirinə sağlam duyğulardan əl çəkmək ailə müqəddəsliyini ləkələməkdən başqa bir şey deyil. Yüksək mənsəb sahibləri əldə etdikləri məişət nemətlərini özlərindən sonra da qoruyub saxlamaq üçün övladlarının həyatını komediyaya çevirirlər. Çünki öz varlıqlarının məzmununu əldə saxladıqları mənsəbdə və məişət üstünlüklərində qavrayırlar. Mənəvi xoşbəxtliyin üzərində maddi xoşbəxtlik istehkamları qurmaq – fiziki firavanlığın könül abadlığından daha üstün bir dəyər olduğunu sübut etməyə çalışmaqdır.

Gəncliyi daxili dünyasından ayırdıqca onun ürəyi çopurlaşır və hər cür həyat nəşəsinin yalançı parıltıları ilə maskalanmış olur. Həyatı dərk eləmək və dünyaya ülvi münasibət bəsləmək üçün mənsəb kölgəsində daldalanan gəncliyin sevgisi yalan olur, çünki ürəyi sağlam gücə malik olmur…

Knyaz qızı Marya onu knyaz oğlunun görüşü üçün bəzəyənlərə könüllü tabe olsa da, özündə bir dəyişikliyin olacağına daxilən inanmırdı. Çünki heç bir süni bəzək köntöy cizgiləri dəyişməyə qadir deyil. Ona görə də hər bir bəzək eksperimenti onun varlığını təhqir edir və ümidlərini puç edirdi. O, mühiti tərəfindən ona hazırlanmış rolu ifa edə bilmirdi. Çünki onun rolu fiziki taleyi tərəfindən seçilib möhürlənmişdir (təbiətən çirkin doğulmuşdur). İndi o, ümidini, xristian ehkamlarının öyrətdiyi kimi, gözəgörünməz xəyali qüvvəyə bağlamaqla vəziyyətdən üzüağ çıxmağa çalışırdı. Ümumən, insan öz qəlbini gözəlliklərlə işıqlandırıb, fəzilətlərlə doldurmağa çalışmalıykən, üzünün çopurlarını zinətlərlə gizlədib diqqətləri oxşamağa zorlanır. Gözəl könül qətiyyətli sevgi bəsləyər və üzün ifadələrində məsum bir vəfadarlıq doğmalığı yaratmaqla qarşı tərəfin könlünü fəth edər. Romantik nəğmələr könüllərdə oxunar, münasibətləri məhəbbətli xəyallarla zənginləşdirər. Belə olanda könüllər üzün cizgiləri ilə deyil, sevdaları ilə birləşər və hər cür tənələrə, iztirablara son qoyar.

Knyaz qızı Maryanın üz cizgiləri gözəl olmasa da, könlündə gözəlliklər vardı, sadəcə qarşı tərəfdə bu gözəlliyi dərk edib sevə biləcək könül yox idi. Bəs belə bir dərk edən könül sonralar Marya ilə ailə quran Nikolay Rostovda vardımı? Yuxarıda dedik ki, Rostov əvvəlcə Sonyanı sevib. Doğrudur, Sonya Rostova yazdığı məktubla ona sərbəstlik vermişdi. Yəni Rostovun başqası ilə ailə qurmaq istəyinin qarşısına keçməyəcəyini vəd edirdi. Ancaq Sonya buna Rostovun anası tərəfindən məcbur edimişdir. Sonya, onu himayəsində saxlamış bir qadının sözünü çevirə bilməmişdir. Buna baxmayaraq, Rostov özü də Sonyadan uzaqlaşmaq üçün səbəb axtarırdı. Sonya fədakar idi, özünü qurban verməyi bacarırdı. Rostovun anasını eşitməsi də Sonyanın növbəti qurbanı idi. Bununla belə, Sonya Rostovla aralarındakı əhdə, sevgiyə çox inanmışdı. O, inanmırdı ki, Rostov ondan asanlıqla imtina edə bilər. Ancaq elədi. O cür həyəcanlı anlar, tarıma çəkilən könül simlərinin sevgi nəğmələri çalması, sevinclərin şaxtalı bir qış gecəsində unudulmaz xatirələrə çevrilməsi sevən bir ürəyi necə tərk edə bilər? Sevginin ürəyi sakit bir tərzdə tərk etməsi bir yana, başqası ilə ailə qurub dünyaya övladlar gətirmək və Sonya ilə bir mühitdə yaşamaq necə baş tutur? Bütün bunları vicdan necə sakit bir şəkildə həll edə bilib? Çox qəribə və mürəkkəb münasibətlərdir. Adətən erkən gənclik çağlarında əks cinslərin bir-birindən xoşu gəlir, bunun adına həvəskar sevgi də demək olar. Belə münasibətlərə qonşu gənclər, yaxud məktəbli gənclər arasında daha çox təsadüf edilir. Bu gənclər hisslərini çox vaxt bir-birinə və başqalarına bildirmirlər. Bu hisslər zaman-zaman dərinləşirsə, ikini bir eləyən münasibətə yüksəlir, dərinləşmirsə, şirin bir xatirə kimi arxada qalır. Ancaq Nikolay Rostovla Sonyanın hissləri qonşu gənclərə xas olan hisslər deyildi axı. Biz Nataşanın sevgi münasibətlərinin də bir fərddə dayanmadığını vurğulamışdıq. Ancaq onun nə Borisə olan sevgisində, nə də Andreyə olan sevgisində ilahi təsirlər yox idi. Qarşı tərəflərin sevgilərində də həsrət iztrabları görmədik. Nataşanın Anatoliyə qarşı olan hisslərində isə iztirab olsa da, aldadıldığını bilən kimi hər şey orda da başa çatmışdı..

Maraqlıdır, gənc bir qızın (Nataşanın) ömründə bu qədər gərginliklər, ağrılar, sarsıntılar nədən baş verir? Pyerlə ailə qurduqdan sonra onun həyatındakı təbəddülatlar aradan qalxırmı? Yəni gəncliyin hissləri cilovsuz at kimi hər yana çapdığı üçünmü həyatı sanki nizamsız olur? Yaxud ailə həyatı nizamdırmı? Nəyin nizamıdır? Ailə nə qədər yaxşı hadisə olsa da, bir çox hallarda şəxsin əl-qolunu bağlayır. Biz bunu, ailə qurandan sonra Nataşanın ömründə də izləyirik. Ümumiyyətlə, ev gözəl şeydir, ancaq o, qadını elə kökə salır ki, xarici aləmin, deyək ki, təbiətin, bəşəriyyətin təsiri onun həyatında heçə enir. Ona görə də daim mövzusu adi məsələlər olur. Təbiətdə yaşayır, təbiəti görmür; cəmiyyətdə yaşayır, bəşərin mahiyyətini dərk eləmir. Qeybət də, dedi-qodu da burdan yaranır. İndiki cəmiyyətdə də biz bunun lap son həddini görürük. İnsanları məişət “zəhmətkeşliyi” bütünlüklə bu duruma salıb. Kişidə, ya qadında, fərq etməz, romantik xəyallar yox, müqəddəs duyğular yox, insanda sirr görmək, göylərdə əsrar görmək yox. Doğrudur, biz Nataşanın evə bağlanmasını görürük, ancaq onun içində narahat duyğular yenə qalır. Bu da Pyerin işi ilə bağlı uzun müddətə Peterburqa getməsi zamanı özünü göstərirdi. Bütövlükdə isə analıq əvvəlki çılğın, qaynar duyğuları əvəz etmişdir. Bu yaxşıdırmı, pisdirmi? İzah etmək xeyli çətindir. Çünki qadının qəhrəmanlığı analıqda məhdudlaşır. Bəlkə də bu qaçılmazdır. Ancaq qadında analığa sığmayan ilahi imkanlar da aşkarlana bilər axı! Bu halda o, bəlkə də ana olmaq istəməz. Bunu da qəbul etmək gərəkdir. Doğrudur, bu hal nadir olur. Amma qadının dahi insan olmaq imkanı yox deyil. Axı kişidə də dahilik imkanı nadirdir. Ona görə dahiliyi yalnız kişinin imkanı, yaxud haqqı saymaq olmaz. Dahilikdə qadın analıq haqqını qurban verirsə, kişi də atalıq haqqını qurban verə bilir. Evə sığmayanlar evi qurban verməli olurlar…

Şəxsən mənim üçün ciddi maraq doğurur: görəsən Tolstoy Nataşanı niyə dahi qadına deyil, sadiq anaya çatdırdı. Bunun mümkünlüyünə inanmadımı? Yəni əsərin sonluğu xülyəvimi görünərdi? Axı Nataşanın dahi olmaq imkanı vardı. Bəs o ilahi çırpıntılar necə oldu? Demək olmaz ki, analığa çevrildi. Çünki o ilahi çırpıntıları olmayan qadınlar da gözəl ana ola bilirlər. Oxucu deyə bilər ki, bəşəriyyətdə insanın məqsədi gözəl ailələr yaratmaqdır. Olsun. Axı insan üçün ailədən başqa da ruh dünyası var və bu dünya ailəyə sığmır. İkinci bir tərəfdən, axı dövr, zaman, cəmiyyət gözəl ailə olmaq üçün əlverişli səviyyə deyil, o dəyişilməli, insana uyğun qurulmalıdır. Bəs bunu kim edəcək?!.

Hər halda, bu, bizim yazıçı təfəkküründə fərqli yanaşmanı görmək arzumuzdur.

Bütövülkdə, əvvəldə də vurğuladığımız kimi, Tolstoy dühası bəşəriyyətin nəsr zirvəsini fəth etmişdir. Bu əsərdə Tolstoy bütün bəşəriyyətin taleyinə bədbəxtlik gətirən müharibənin fəlakətlərini bir müstəvidə göstərir, bir insan taleyinin enişlərini, yoxuşlarını isə bir müstəvidə. Bir insan aqibətinin doğurduğu ağrılar, acılar daha cazibədar, daha təsirlidir, nəinki bütöv bir cəmiyyətin. Çünki bütün böyük, həcmli problemlər insanın problemindən doğur. Yaradıcılıq da beləcə, insanın iç dünyasının zənginliyindən, zənginləşməsindən başlayır. İnsan təbiətin yaratdığı gözəlliklərlə yetərlənsəydi, mənəvi qüdrəti aşkarlanmazdı. İnsan gözəlliklər yaratmağa meyillidir. Sənətdə, ictimai həyatda, poeziyada yaranan, ifadə olunan gözəllik öz başlanğıcını gerçək olaraq, təbiətdən götürsə də, onun cilalanması, aşkarlanıb inkişaf etməsi daxili gücə bağlıdır. Mənanı ifadə edən anlayışlar, onun dərk olunması – daxili gücə bağlıdır. Gerçəklikdə mövcud olanlar insanı qane eləmirsə, yenisini yaratmağa meyillidir. O başqa məsələ ki, yaratmaq sadə bir bacarıq deyil, doğuluşdur. Yaratmaq üçün bilmək və dərk eləmək gərəkdir. Bilmək dərkin birinci mərhələsidir. Hər bilinən dərk olunmur. Dərk eləmək isə yaşamaq deməkdir.

Yaratmaq – həm də, milli varolmanın zəminidir. Millət fərdin əbədiliyidir. Fərd ölür, millət ölmür. Fərdi var edən ölməzlik – millətdə daim aşkarlanır və yaşayır. Yaratmaq – fərdin inam gücüdür. İnamın gücü bütün gerçəkliklərin ziddiyyət doğuran əhvallarını sarsıda bilir. Təbii ki, inam da asan yaranmır. Hər şey adamın içində şübhə və tərəddüd doğurmağa meyillidir. İdraki yetkinliyə çatmayan adam biliksizliyin doğurduğu şübhə və tərəddüd içində hər cür səhvlər etməyə yaxın olur. Adam yaşamın tələblərindən yüksəyə qalxmasa, özünü heç vaxt azad və xoşbəxt hiss edə bilməz. Azad olmayan üçün millətin varlığı da yaradıcılıq təsirlərini itirə bilir. Ona görə dönməz inam səviyyəsini yetirmək tükənməz hikmətlərin açarı olur.

Əsəri oxuduqca o dövrün cəmiyyətində insanların mənəvi aləmlərinin qarışdığının, dolaşdığının şahidi oluruq. Üstəlik, dediyimiz kimi, müharibə amansızlığı normal həyatı elə qarışdırmışdı ki, cəmiyyətin içində nəyi necə yoluna qoymaq heç bir məntiqlə həllini tapmırdı. Amma ayrı-ayrı obrazların xarakteriylə Toltsoy həyatın daxili dinamikasında gələcəyə elə ümid aşkarlayır ki, bizim dövrümüzdə də həmin ümidlə düşünməyə təkan götürmək olur. Vətəni əzən, milli ruhu sarsıdan bəlaları düzgün dərk eləmədən, nifrətin hara və kimə qarşı yönəlməsi bəlli olmaz. Bu məsələlər yazıçı tərəfindən böyük həssaslıqla işlənmişdir. Nifrətsiz adam öz toplumuna şəri tanıda bilməz, tanıtmaq istəməz. Müharibə şərdir, şəri yaşadan nifrətlə damğalanmalıdır. Tolstoyun təsvirlərində adam Rusiyanın mövqeyində durur və onu haqqı ayaqlanmış, normal həyatına qəsd edilmiş bir ölkə kimi təsəvvür edir. Yazıçıdakı bu ləyaqət milli ruhun ifadəsi kimi özünü göstərir. Bu xidmət tarixin göstərdiyi xidmətdən daha böyükdür. Tarix siyasətin yaratdığı mühiti araşdırır, siyasətin uyğunlaşdırdığı münasibətləri tədqiq edir. Nəzərə alsaq ki, siyasətin doğurduğu münasibətlər doğru deyil və insanlığın tələblərindən irəli gəlmir, deməliyik ki, tarix yalan üzərində mühakimələr yürüdür. Ayrı-ayrı fərdlərin qəlbində hansı uğurlar, yaxud hansı fəlakətlər ərsəyə gəlir? İnsan azadlıq haqqını necə itirir, yaxud necə qazanmalıdır? Bu kimi suallara tarix heç vaxt müsbət cavab verməyib. Tarix xalqların istəyiylə şəxsiyyətlərin fəaliyyəti arasındakı əksliyi, yaxud uyğunluğu açıb göstərmək iqtidarında da deyil. Hadisələri saymaq və bir-birinə bağlamaqla həqiqəti fəth etmək mümkün deyil. Tarix rus cəmiyyətində fransız dilinin hakim olmasını yüksək mədəniyyətin bir subyekti kimi araşdırır. Əslində bu mədəniyyət subyekti bütöv rus cəmiyyətinə deyil, yuxarı təbəqədə hakim olmuşdu. Bu isə aşağılarla yuxarıların arasındakı mədəniyyət kimi dərk olunurdu. Amma durum təkcə aşağıların təhqir olunması anlamı daşımır, bütövlükdə rus cəmiyyətinin aşağılanmasını ifadə edirdi. Tolstoy bu məsələyə öz obrazlarının diliylə açıq etirazlar edir. Başqa bir xalqın dilinin hökmran olduğu ölkənin nə vaxtsa mədəni, mənəvi inkişaf edəcəyini düşünmək mümkün deyil. Biz, Azərbaycan olaraq, əsrin dörddə biri qədər bir zamanı belə, sabit bir millilik üzərində davamlı yaşamamışıq. Dilimizin gah ərəb-fars, gah rus, gah ingilis dilləri tərəfindən sıxışdırılması milli mədəniyyətimizin və mənəviyyatımızın dirçəlməsinə bəri başdan əngəl olur. Hətta biz Tolstoyu nə qədər sevsək də, əsərlərini onun dilində deyil, öz dilimizdə oxuyub bəhrələnməyi doğru sayırıq. Tolstoy öz ədəbi zənginliyi ilə bizim dilimizi işğal etməyə gəlmir, gəlməməlidir. Dəyər, mədəniyyət o vaxt ali və bəşəridir ki, o, özündə işğal təsiri daşımır. Tolstoy məhz xalqları bir-birinə doğmalaşdıran dəyərdir. Ona görə də bəşəridir, Əbədidir!

Yükümüzdən böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!

30 Ata Ayı, 15 Xəzan Ayı, 35-il.

(sentyabr-oktyabr, 2013.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir