Xəbərlər

Soylu Atalı. Həyatdan üstün yaşamaq axtarışı

(İ.S.Turqenevin “Atalar və Oğullar” kitabı üstə düşüncələr)

 Turgenevin bu əsəri həyata obyektiv yanaşmanın insani bir durumunu göstərən sənət örnəklərindəndir. Aydın mühakimələr, bədii, assosiativ çalarlar oxucunun qarşısında düşüncə səhifələri açır. Turgenevin obrazları da yaradıcı obrazlardır. O, bu obrazları vasitəsiylə dövrün ənənəvi xüsusiyyətlərini, ictimai psixologiyasını görmək, dərk eləmək imkanı yaradır. İnsanların həyatla, mühitlə əlaqələrini dolğun biçimdə izah etməklə adamın gözləri qarşısında canlı səhnələr açır. Biz obrazların qarşılaşmasında, dialoqlarında onların davranışlarını, jestlərini, hətta üzlərinin cizgilərini, boylarını, geyimlərini aydınca təsəvvür edirik. Bu isə yaradıcıda estetik duyğuların ideyalla təmasda olduğunu sübut edir. Turgenev həyatı sevir, ancaq gerçəkliklə əsilliyin əlaqəsi onu qane etmir. Ona görə də bu obrazları vasitəsilə əslində sevdiyi həyatı axtarır. Öz oxucusunu da bu axtarışa qoşur. İlk epizodlarda Turgenev həyatın təbii gedişlərinin dialektikasını verməklə yanaşı, ictimai inkişafın təbii gedişlərdə öz rolunu hansı səviyyədə göstərməsini də izah etməyə çalışır.

Söz yox, düşüncələr mühitin tələblərinə uyuşmayanda, daha doğrusu, mövcud mühitin tələbləri yeni düşüncə ilə səsləşməyəndə ictimai yeniliklər baş verir. Ancaq bu yeniliklərin – həyatı hansı yöndə dəyişikliyə uğratması düşüncələrin doğruluğundan, ya da ziddiyyətliliyindən asılıdır. Müəllif dövrün ictimai ortamında ortaya çıxan düşüncələri süni şəkildə doğru göstərməyə meyil eləmir. Çünkü süni cəhdlər, ən yaxşı halda, sxematik, standart baxış yarada bilər. Bununla bədii fantaziyalar güclənsə də, əməli münasibət, məqsəd bəlirliyini itirə bilər. Bu isə, dediyimiz kimi, müəllifin öz axtarışlarına sadiq qalmaması demək olardı.

Əsər başlanğıcından axırına qədər hadisələrin dinamikliyi ilə, obrazların fəal çəkişmələri ilə izlənilir. Burada həm rahatsız, həm də ahəngdar münasibətlər canlı həyat lövhələridir…

Nikolay Petroviçin öz oğlu Arkadini qarşılama səhnəsi əsərin mənalı bir axara başlamasını nişan verir. Öz atalıq duyğusu ilə qürurlanan Nikolay Petroviç oğlunda özünə qarşı arxa, dayaq görür. Bununla belə, o anlayır ki, tələbə oğlu artıq yeni mühitə düşüb, yeni düşüncələrlə, yeni dünyagörüşlərlə təmasda olub. Odur ki, yolboyu oğlunun olmadığı vaxtlarda kənd həyatından danışarkən, birgə yeni işlər görmək arzusunu bildirərkən: “biz indi gərək bir-birimizdən möhkəm yapışaq, bir-birimizi lap yaxşıca tanıyaq” deyir. Bu vaxta qədər onun böyütdüyü, öyrətdiyi Arkadi vardı. İndi müstəqil düşüncəli, yeni təsəvvürlü Arkadi var. Bu Arkadini Nikolay Petroviç tanımır. Çünkü indiyə qədər onlar cismani doğmalıq, birgə yaşayış qaydaları əsasında ömür sürüblər. Bu isə bioloji həyatdır. Bioloji həyatda insanlar bir-birini üzdən tanıyır, ruhani mənada tanımır. Öz doğmasının ruhunun nəyə kökləndiyini incələməyib, içində hansı nəğmələrin oxunduğunu dinləməyib. Həyat isə kəşflər seriyasıdır. İnsan dünyanı görsə də onu tanımaya bilir. Hətta insan öz atasını, anasını, öz balasını belə tanımadan yaşayır. Bu, insanın bioloji həyatdan üstün ola bilməməsinə görədir. Ömrü boyu bir evdə yaşaya-yaşaya insanlar bir-birini tanımırlar. Bu gediş yaşanan ömürü dəyərsiz etməkdir.

Arkadi öz kəndinə tək gəlmir. Onun qonağı da var – dostu Bazarov. Əslində əsərdə hadisələrin canlılığı, fəallığı Bazarovun hər şeyi, hamını özünəxas bir inadla inkar etməsindədir. Elə əsərin leytimotivi də bu inkardadır. Bu inkar Bazarovda hədsiz dərəcədə sərbəstliyin, müstəqilliyin olması ilə ifadə olunur. Elə buna görə də ev yiyələrindən biri – Nikolay Petroviçin qardaşı Pavel Petroviç bu qonağı arzuolunmaz adam kimi qəbul edir. Bazarovun xarakteri Pavel Petroviçin əyan xarakterinə, dvoriyan mühitinə ziddir. Bütün bunlar öz yerində. Bizi düşündürən başqa bir məsələ də həyatda insanın qonaq anlamına münasibətidir. İnsanlar qonaqsevərliyi bacarır, ancaq çox uzun sürən qonaqlığa dözmürlər. “Qonaq” sözü özlüyündə ağır yükdür. Qonağa qarşı hər an diqqət, qayğı yetirmək gərəkdir. Üstəlik insanlar diqqəti, qayğını rəsmiləşdirəndə, qayğını qonağın özünə anladacaq qədər qabardanda daha ağır, daha çətin olur. Ona görə də tez yorulurlar. Çünkü bütün bu rəsmiyyət ailəni öz mühitini dəyişməyə vadar edir. Hər davranış, giriş-çıxış, danışıq tərzi təntənəli şəkildə yeniləşdirilir. Bu isə ailənin sərbəstliyini məhdudlaşdırmaq deməkdir. Bu cür məhdudlaşdırmalar uzandıqca əhvallara yoruculuq, üzücülük gəlir. Söz yox, bu yorulmanın bir səbəbi də qonaqla doğmalaşa bilməməkdir. Qonaqla ev mühiti arasındakı rəsmiyyət sınırı aradan qalxmırsa yadlıq yaranır. Yadlıq getdikcə ərki, etibarı azaldır…

Bizim məqsədimiz əsər boyu bütün hadisələri izləmək deyil. Ayrı-ayrı epizodlara münasibət bildirməklə aldığımız təəsüratları bölüşməkdir.

Nikolay Petroviçin özünə qeyri-qanuni arvad elədiyi Feniçkaya Arkadinin səmimi münasibəti də maraq doğuran epizodlardandır. İlk çağlarda atası elə güman edir ki, Arkadi bu addımına görə ondan üz döndərə bilər, ya da ən azı onu danlaya bilər. Ancaq münasibət onun duyduğunun tərsinə baş verir. Arkadinin: “ata, gərək sən onunla kəbin kəsdirəsən” deməsi, ata-oğul söhbətində möhtəşəm bir həyəcan yaradır, onlar qucaqlaşırlar. Bu məqamda Pavel Petroviçin içəri girməsi, söhbət mövzusunun dəyişməsi həm atanın, həm də oğulun ürəyincə olur. Çünkü insanlar həya məsələlərində bir-birini anlamalarına baxmayaraq, o məsələni mövzuya çevirməyi arzulamırlar. Məsələ mövzuya çevriləndə anlayışla yanaşmağın yaratdığı həyəcan tədricən əriyir. Bəlli pərdələr aradan qalxa bilir. Bundan sonra adilik başlayır, hətta qabalıq da görünə bilər. İnsanlar intuitiv olaraq bunu duyurlar. Ona görə də həya məsələsini geniş sözlə deyil, əməli davranışlarda ifadə edirlər.

Əsərdə bizim düşündüyümüz məsələlərdən biri də dördlüyün (Nikolay, Pavel Petroviçlər, iki dost – Arkadi ilə Bazarov) arasında baş verən söhbətdən qaynaqlanır. Bayaq qeyd elədiyimiz kimi, Bazarovun istənilən sərbəstliyi Pavel Petroviçin qüruruna zərbələr vurur. Bu durumu biz iki dostun otaqdan ayrılmasından sonra Petroviç qardaşların söhbətindən də aydın duya bilirik. Pavel Petroviçin dili danışsa da üzünün tam ifadəsizliyi qorxunc düşüncələrin yetişməsindən soraq verir. Bunu Turgenev elə izah edir, istər-istəməz insanın iç dünyasında gizlənən fəlakətlərin həyatdakı münasibətlərə ziyan gətirəcəyini öncədən aydınca görürük. Adamların içsəl aləminin bu cür anormallığına həyatda çox tez-tez rast gəlmək olur. Adam öz mənliyini uzaq bir xəyalın dalınca göndərib başqası ilə söhbət edəndə həyat son dərəcə cansız, quru, soyuq məzar mühitinə bənzəyir. İstənilən bir fərd kiməsə öz içində acıqlı, kinli münasibət haqqında düşünürsə, başqası ilə edəcəyi söhbətdə yaxşı ovqat, səmimi əhval yarada bilməz. Ruhsuz davranış heyvani xislətin təntənəsinə çevrilir. Ehtiramsız, nəvazişsiz münasibətlərin hamısında həyat öz mənasından ayrılır. Ölülüyün izlənməsində varlığı dərk eləmək olmaz. Ona görə də insan varlığı dərk eləmək istəyəndə gərək həyatı öncə öz içində diriltsin. Onun, həyatın mənası ilə təması öz içində başlayır. 

Əsərdə ölümə münasibət də özünəxas xarakterlə verilir. Həm duel məsələsini, həm də Bazarovun xəstəlikdən ölümünü Turgenevin təkcə yüksək sənətkarklığı ilə izah etmək azdır. Bizə görə, burada dərin bədii təhlil əsasında uğurlu bir zəkanın dərk elədiyi həqiqət çalarları üzə çıxır. Şübhəsiz, istənilən halda, duel antiinsani bir hadisədir. Məsələ burasındadır ki, bu antiinsani bir hadisənin həyatla əlaqəsini, insanın mənliyinin, duyğularının öz instinktləri ilə bağlılığını Turgenev müdrik bir ustalıqla izah edir. Duele gedənlərin bir-birinə qarşı yüksək mədəniyyət nümayiş etdirməsi, habelə ölümə böyük bir təmkinlə hazırlaşmaları adamda heyrət oyadır. Biz bir-birini öldürməyə hazırlaşan insanların heç bir həşirli, emosiyanal, hikkəli davranışlarının şahidi olmuruq. Çünkü onlar dərk edirlər ki, bu elə-belə hədə-qorxu deyil. Real, labüd ölümdür.

Bazarov Pavel Petroviçi yaraladıqdan sonra silahı atır, özünü onun üstünə salaraq, “mən artıq bir həkiməm” deyir. Bu hal insan dünyasının qəribəliyini, sonsuzluğunu ifadə edir. Turgenev bizə məsələnin təkcə bu cəhətini deyil, başqa cəhətlərini anlamaqda da yardımçı olur. Adamlar bir-birinə qarşı kin duyğusunu öldürə bilməyəndə bir-birini öldürürlər. Kinləri soyuyur, ancaq ortadan qalxmır. Yenə baş qaldıracaq, yenə ölüm törədəcək, yenə qatilə çevirəcək kin duyğusu. Həyatı kin çalxalayır. Bu, heyvaniliyin doğal halıdır, insaniliyə meydan oxuyur. Bəzən idrak adamları, elm, düşüncə adamları belə, bu heyvani xislətin öhdəsindən gələ bilmirlər. Kin duyğusuna şərəfi, qeyrəti, kişiliyi qorumaq donu geydirib qatillik edirlər. İnsanı öldürmək özündəki heyvani duyğunu öldürməkdən asan görünür. Asanlığı seçirlər. Ancaq bu asan görünən əməl daha böyük duyğuların ölümü ilə başa gəlir. Məsələn vicdan, təmkin, humanizm, ləyaqət duyğularının ölümü hesabına qatil olmaq olur. Nə yazıqlar, adam insani duyğuları heyvani duyğulardan asan öldürə bilir. Çünkü insan mahiyyətindən qıraqda yaşayır. Başqa sözlə, ən çox biolojiliyin üstünlüyünə boyun əyib yaşayır. Əslində kin elə biolojiliyin doğurduğudur. Həyat uğrunda döyüşün, həyatı qamarlamağın bir parçasıdır. Bu məsələdə adama onun ictimai mövqeyi də ziyan verir. Məsələ burasındadır ki, ictimailik də ən çox biolojilik əsasında formalaşır. Yəni hamının bir-birinə fərdi münasibəti, ümumi qayda bioloji ictimailikdir, ruhani nizam deyil. Duel də ümumi qaydaya aid olduğu üçün doğal qarşılanır.

Mən, bir oxucu olaraq, Pavel Petroviçin Bazarova duel təklifini oxuduqca həyəcanlanmağa başladım. Ürəyimin daha bərk, şiddətli döyündüyünü duydum. Düşündüm ki, mənim yaşadığım indiki dövrdə duel yoxdur. Bəlkə ona görə mənə sərt, amansız göründü. Ancaq anladım ki, mən ruhaniyyatla uğraşdığım üçün belə münasibətlər mənə doğal görünmür, pis etki göstərir. Ruhaniyyat üçün insan həyatı  dövrə bölünmür, zamana ayrılmır axı.

İlk baxışdan adama elə görünə bilər ki, Pavel Petroviç bu duel təklifi ilə ailənin namusunu qoruyur (Bazarovun Feniçkanı öpməsinə görə). Əslində isə bu namus məsələsi Pavel Petroviçin içində Bazarova qarşı üst-üstə yığılmış acıqlı, kinli münasibətə bir bəhanə idi. Burada duel namus üçün baş vermir, namus duel üçün vasitə olur. (Ona görə də həyatda namusçuluq təsdiq olmur). Namus qorunmaq əvəzinə oynadılır. Belə götürəndə Feniçkanı qeyri-qanuni arvad eləməyin özü namussuzluqdur. Onu dvoryan mühitində, rəsmi qaydalarla, qorxu altında saxlamaq, ona malı kimi baxmaq, onu hər cür müstəqillikdən məhrum eləmək özü namussuzluqdur. Yəni namus Bazarovun Feniçkanı öpməsi ilə deyil, buna qədər zədə götürmüşdür. Namus zədələrinin yaratdığı qapalı mühit Feniçkada öpüşə qarşı müqavimətsizlik halı yaratmışdır. Başqa sözlə, Feniçkanı Bazarovda azadlıq axtarmağa sövq etdirmişdir.

Nəhayət, Pavel Petroviçin içində yığılmış kinə özünün Feniçkaya meyli yekun vururdu. Məsələnin əsil mahiyyəti də burada aydınlaşır. Deməli, üzdə namusu qorumaq görüntüsü içdə namusla oynamaq gedişlərinin üzə çıxmasına sonralar mane ola bilməyəcəkdi. Necə ki, mane ola bilmədi də.  Öz qardaşının qeyri-qanuni arvadına qarşı gizlin münasibəti bəlli edir ki, duel heç də namusu qorumaq cəhdi deyildi…

Əsərin ən spesifik cəhəti Bazarov xarakterinin özünə xaslığı ilə dəyərlənir. Bazarov qəti, ardıcıl inkar yolu seçir. Ancaq Bazarovun inkarında həqiqət yoxdur. Çünkü inam yoxdur. Mütləq inamsızlıq var. O öz içində yaranan məhəbbəti də inkar edir – əslində özünü inkar edir. Bazarovun inkarı gerçəkliyin tələbindən doğurdu, İdeal tələbindən gəlmirdi. Həyatda gördükləri mənasızlıq idi. O da buna əsaslanırdı. Həyatda tapa bilmədiyini heç özündə də tapmırdı. Hamıya qarşı çıxırdı. Ancaq heç nəyi təsdiq eləmirdi. İnkarın bir başında təsdiq durmursa, o yanaşmanın boş, anlamsız olduğunu ifadə edir.

Toplum saxta yaşayırdı. Bazarov bu saxtalığı qəbul eləmirdi. Ancaq əsillik tələbində də yaşamırdı. Hamı gələnəksəl düşünürdü, rəsmi davranırdı. Bazarov bu gələnəksəlliyə, rəsmiliyə qarşı çıxırdı. Ancaq gələnəksəlliyi  dəyişməyə gücü, sözü yox idi. Ən böyük sözü inkar idi. Ən böyük məqsədi inkar idi. Həyatda özünü tapa bilmir, ona görə də içində baş qaldıran məhəbbət duyğusuna qəsd edir.

Heç kim onu anlamırdı, o da heç kimə anlada bilmirdi. Çünkü bilmirdi nəyi anlatsın. İnkarın təsdiqi də olmayanda onu qanmaq olmur. Hərçəndi ayrı-ayrı adamlarda ona qarşı meyil də yaranırdı. Bu meyil Bazarovun fərqli düşündüyü üçün, fərqli davrandığı üçün yaranırdı. Fərqi görəndə ya kortəbii, ya da şüurlu şəkildə adamlarda eyniliyə qarşı, ümumiliyə qarşı ikrah duyğusu yarana bilər. Bununla belə, bu fərq heç bir canlı dəyişikliyi ifadə eləmirdi.

Bazarovun avtoritetlərdən zəhləsi gedirdi. Ancaq onun özü getdikcə avtoritetə çevrilirdi. Əslində Bazarovun inkar elədiyi rəsmi avtoritet idi, yəni imtiyazın, səlahiyyətin yaratdığı süni, uydurulan avtoritet.

Bazarovu avtoritetə çevirən fərqli davranmasıdır. Fərqlilik vahidlik, tənhalıq demək olur. Avtoritet də tənhalıq deməkdir. Hərçənd Bazarov təkcələri, tənhaları də təqdir eləmir. Bu isə dediyimiz kimi, qəti inkardır. Həyat qəti inkarda tərəqqiyə çatmaz. Həyatdakılar sürüləşər.

Bazarov ölümü saymırdı. Çünkü həyatı sevməmişdi. Bazarov ölümdən qorxmurdu, fəqət ölməzliyi də tanımamışdı. Varlığı təsdiq eləyən də ölümü saymaya bilir, varlığa biganə olan da.

Bazarov ziddiyyətlidir. Həm var, həm də yoxdur. Var, çünkü özünü bütün topluma qarşı qoyurdu. Yoxdur, çünkü ən yüksək duyğuları belə tanımırdı. Bazarov həm güclüdür, həm zəif. Güclüdür, çünkü düşdüyü mühiti silkəliyirdi. Zəifdir, çünkü mühitə ruh verə bilmirdi.

İnkar Bazarovun xarakterində idi. Arkadi isə öz təbiətinə qarşı gedərək özünü onun kimi olduğuna inandırmağa çalışırdı. Arkadi – Bazarov sehrinin cazibəsində yaşayırdı. O özü deyildi. Onun çıxış yolu o idi ki, ya Bazarovluğu xarakterinə çevirməlidir, ya da Bazarovdan imtina eləməlidir. Hərçəndi Arkadinin məsum duyğuları daha güclü idi. Birləşdirə bilmirdi dostu ilə duyğularını.

Bazarovun xarakterinə bəlli tellərlə bağlı olan Anna Sergeyevna xarakteri idi. Ancaq Anna Sergeyevna, Bazarovdan fərqli olaraq, həyatın doğal gedişlərinə qarşı çıxmadan, özünə xas yaşamağa üstünlük verirdi. Bununla belə, həyatın doğal gedişi nə Bazarovu xöşbəxt edirdi, nə də Anna Sergeyevnanı. Elə onların faciəsi də onda idi ki, mövcud həyatı da qəbul etmirdilər, bu həyatdan fərqli həyat da tanımırdılar.

Turgenev ictimai mürəkkəbliyi, gerçək həyatın bəsitliyini, həyatdan artıq olana meyli özünün dərin axtarışları ilə işıqlandıra bilmiş, həqiqət axtarışlarını məhəbbətlə elan edə bilmişdir. Düşüncəmizə görə Turgenev bu əsəri ilə dünya ədəbiyyatının azları arasında özünə ədəbi pillə seşmişdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

 Atamız Var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir