İşin Ocaq yönü necədir, biz həyata nə dərəcədə bağlıyıq, bağlı olmalıyıqmı?! Biz həyata bağlılığı açıb qırağa qoymaqdan çox danışırıq. Ancaq həyata bağlılığı açıb qırağa qoymaq daha çox məcazi xarakter daşıyır, gerçək anlamda deyil. Yəni biz, həyatın bioloji cəhətlərinin bizim üzərimizdə hakim olmasını açıb qırağa qoyuruq. Həyatın bizim üzərimizdə ağa kimi davranması, bizim iradəmizi zorlaması, iradəmizin özümüzdən asılı olmaması kimi məsələlərə dirəniş göstəririk. Biz demirik ki, Ömürtay işləyir evinə pul qazanmalı deyil, ancaq əqidəni düşünməlidir, ya Nurtəkin, ya bir başqası, fərqi yoxdur. Yəni bizim hər birimiz işləməyə, ailə saxlamağa, evimizi dolandırmağa sorumluyuq. Bunu danmaq kimi bir hədəf ola bilməz. Nə yazıqlar ki, insan daha çox əmək qoyur ortaya, daha çox çalışır, ancaq daha az qazanır, hətta daha çox əmək qoymaqla ailəsinin qayğılarını belə tam ödəyə bilmir. Bu əslində İnsanlığın çökdüyü, qırıldığı nöqtədir. İnsanlıq qırıldığına görə, həyat başdan-başa antiinsani gedişlərlə dolduğuna görə insan bu gündədir. İnsanlar öz növündən olanlara qarşı ədalətsiz, haqsız davranırlar, qamarlamaq, talamaq prinsipi ilə yaşayırlar. Tamah, nəfs tabeliyində yaşayırlar. Ona görə bizim fiziki, maddi həyatımız özünü doğrultmur. Ona görəbiz insana, İnsanlığa, həyata elə ölçü verməliyik ki, bizi maddi cəhətdən asılı duruma salıb məhv eləməsinlər. İnsanları maddiyyatçılığapərçimləməsinlər. Bu görsənişlər daha çox nəyin sonucudur, – onun sonucudur ki, insanların bəlli bir kəsimi maddiyyat əldə eləmək üçün cəfa çəkmirlər, üstünlük əldə eləmək, başqasından üstün olmaq üçün cəfa çəkirlər. Yəni şüurda, mənəviyyatda, psixologiyada daha çox yarış gedir. Yoxsa ədalət bərpa olunsun, hər kəs haqq etdiyini əldə eləsin, hər kəs öz dolanışığına gərək olan gərəkən ödənişi (təminatı) alsın, – buna çalışılmır. Əslində buna çalışılmalıdlr. Mübarizə ona görə var ki, insanlararası münasibətlər bizim arzuladığımız şəkildə olsun. İnsanlararası münasibətlər heyvani münasibətlərdir, ağalıq münasibətləridir daha çox. İnsanlararası münasibətlər tamamilə qırağa çıxmış münasibətlərdir ki, bunun da sonucunda çoxluq dolanışıq əldə edə bilmir. Bizi, ya bir başqalarını, fərqi yoxdur,mənəviyyatla bağlı düşünməyə qoymayan maddiyyat məsələsi deyil, maddiyyatçılıq azarıdır. Biz bilirik, insanlararası münasibətlərdə ədalətsizliyin, haqsızlığın, talançılığın olması, başqasının haqqına girmək, başqasının əlindən almaq, qamarlamaqmənəvəviyyatolmadığına görə baş verir. Mənəvi keyfiyyətlərlə yaşanılmadığına görə baş verir. Həyatda ölçünün mənəviyyat olmamasına görədir bütün bunlar. Biz də istəyirik, həyatda ölçü mənəviyyat olsun ki, hər bir insan haqq etdiyi dolanışığını təmin edə bilsin. Bütün məsələ ondadır, sorun maddi yoxsulluqda deyil, mənəvi yoxsulluqdadır. Maddi yoxsulluğu yaradan mənəvi yoxsulluqdur. Maddiyyatsızlıq mənəvi yoxsulluq yaratmır. Maddi yoxsulluğu mənəviyyatsızlıq yaradır. Mənəviyyat olsaydı maddi yoxsulluq deyə bir ölçü olmazdı ortalıqda. Mənəviyyat olsaydı insanlararası münasibətlərdə haqqa, həqiqətə, insanların haqqına qarşı bu qədər yürüş olmazdı. Yadınıza salıram, mən yazmışdım, dindarlar Allaha dua edirlər. Bu zaman onlar Allahdan ruzi-bərəkət istəyirlər, umurlar, – Allah, ruzimi bol elə. Əslində isə Allahla (bizim düşüncəmizə görə Mütləqlə) ünsiyyət insana mənəvi qüdrət verməlidir, mənəvi güc verməlidir. Biz Mütləqlə ünsiyyətdən mənəvi qüdrət almalı, mənəvi güclənməliyik ki, öz növümüzdən olanlara qarşı insani davranaq. Onların maddi haqqına da, başqa haqqına da girməyək. Ona görə deyirik, bütün sorunların başında mənəviyyatsızlıq məsələsi durur. Biz insanları, dünyanı, bəşəriyyəti ona çağırırıq.
Zəhmət çəkmək, işləmək, evimizi dolandırmaq üçün mənəviyyatsız olmayaq. Mənəviyyatlı olaq, ölçü verək. Bizi mənəviyyatsız eləməyə zorlamasınlar. Mənəviyyatsızlıq eləyib də nə əldə edəcəyik. Tutaq ki, mənəviyyat haqqında heç düşünmədik, daha çox qazanc əldə edə bildik. Bəs burada biz nəyi qurban veririk, nəyi qazanıb nəyi itiririk, bunun fərqinə varmalıyıq. Ona görə tarix boyu bütün dühalar, düşüncə insanları bəşəriyyəti mənəviyyata çağırıblar.
Biz də deyirik, Mütləqə tapınmaq gərəkdir, çünkü nisbilik dünyanı əyib. Dünyanı əyən mənəviyyatsızlıqdır. Mənəviyyatın əyilməsi aclığa, yoxsulluğa, qırğına, savaşa, daha nələrə gətirib çıxarır…