Xəbərlər

Soylu Atalı. İbadət – Kamilləşmə yetirməlidir

Ürəyinizdə Günəşi olsun!
İnsan-Tanrı münasibəti məsələsi (Asif Atanın anlayışı ilə desək, İnsan-Mütləq münasibəti) bəşəriyyəti düşündürən başlıca bir qonu olmuşdur. Bu məsələni din ruhaniyyatı ilə aydınlaşdırmalı olsaq, insan üçün sanki ondan qıraqda, onun ifadə edə bilmədiyi, əlinin çatmadığı, özündə daşımadığı bir həqiqət var, bir ideal var. İnsan həmişə bu idealla üz-üzə qalıb ona ibadət edir, dua edir ki, ondan hansısa keyfiyyətlər götürsün. Başqa sözlə, insanın ibadətinin anlamı odur ki, o özünün yetmədiyi, özündə olmayan, özündən qıraqda olan bir idealla ünsiyyətdə olsun, o ideala doğmalaşa bilsin, o idealdan etkilənə bilsin. Bu cür ibadət bizim toplumumuz üçün bir az başqa bir anlam daşıyır. Başqa xalqlar ibadəti öz dilində edir, Tanrısı ilə, idealı ilə öz dilində ünsiyyətə gedir, dua edir. Ancaq türklər Tanrısı ilə başqa dildə qonuşur, başqa dildə dua edir, başqa dildə ibadət edir.Yəni özünün anlamadığı, bilmədiyi bir dildə. Ona görə də, onunla Tanrısı arasında münasibət gerçəkləşmir, heç bir bağlılıq yaranmır. Yəni o, Tanrısı qarşısında, sadəcə olaraq, müti duruşa keçir, Tanrısı qarşısında qul duruma düşür. Tanrısını sevə bilmir, görə bilmir, anlaya bilmir, Tanrısından etkilənə bilmir. Ya da etkilənirsə bu kortəbii baş verir. Ömürdə dəyişiklik yaratmayan bir şəkildə baş verir. Ona görə ibadətlər avamlıqla, cahilliklə sonuclanır. Başqa xalqlarda belə deyil. Deyək ki, xristiyanlarda hər bir xalq öz dilində dua edir, ibadət edir. Dediyini anlayır, Tanrı ilə ünsiyyətini qura bilir. Alman kilsəyə alman kimi girir, alman kimi dua edir, alman kimi çıxır. İngilis, rus, fransız, erməni, gürcü də beləcə. Bu ünsiyyətdən nə dərəcədə doğru etkilənir, əyri etkilənir, bu məsələnin başqa bir yanı. Türklər məscidə türk kimi girir, ərəbcə dua edir, ərəbçilik bilinci (şüuru) ilə çıxır.
Asif Atanın “Mütləq-İnsan münasibəti” məsələsi bunlardan çox fərqli, həm də üstündür. Asif Ata Mütləqi insandan qıraqda deyil, özündə görür, göstərir. İnsanın özündəki Mütləqə üz tutmasını sağlayır. Belə deyək, Özündəki Mütləqlə ünsiyyətini yaradır insanın. O, insanın Mütləqə üztutma “Rica”larını yazıb. Məsələn, “Özündəki Mütləqlə Səhər Təması”nda deyir:

– Məndə məndən yüksək olan Mütləq Məna!
Məndəki qorxunu məndən al.
Məndəki həsədi məndən al.
Məndəki köləni məndən al.
Məndəki xəbisi məndən al.
Məndəki cahili məndən al.
Məndəki vəhşini məndən al.
Məndəki hərisi məndən al.
Məndəki zalımı məndən al.
Məni Özümə çatdır.

(Burada önəmli bir vurğu var: “məndəki qorxunu məndən al”. Ancaq “nisbi cəsarəti (də) məndən al”. Asif Ataya görə nisbi cəsarət elə qorxaqlıqdır. Nisbi cəsarətlidən kamil insan olmaz.)

Nisbi cəsarəti məndən al.
Nisbi heyrəti məndən al.
Nisbi vüqarı məndən al.
Nisbi saflığı məndən al.
Nisbi doğruluğu məndən al.
Nisbi insaniliyi məndən al.
Nisbi ləyaqəti məndən al.
Nisbi mərhəməti məndən al.
Məni Özümə çatdır.

Nisbi inamı məndən al.
Nisbi idrakı məndən al.
Nisbi mənəviyyatı məndən al.
Nisbi iradəni məndən al.
Məni Özümə çatdır.

Mütləqə tapınım, nisbiyə tapınmayım.
Həqiqətə tapınım, yalana tapınmayım.
Vicdana tapınım, zora tapınmayım.
İnsana tapınım, zamana tapınmayım.
Özümə çatım!

(Günorta, axşam deyiləcək “üztutmalar” (“Rica”lar) da var. Adları belədir: “Təbiətdəki Mütləqlə Gündüz Təması”, “Dünyadakı Mütləqlə Axşam Təması”. Asif Ataya görə Təbiətdəki Mütləq, Dünyadakı Mütləq, İnsandakı Mütləq ayrı-ayrı Mənalar deyil, Birdir. Mütləq (Tanrı anlamı) dünyadadır, təbiətdədir, insandadır. Mütləq – insanda İnsanlıqdır. Özündəki Mütləqə üz tutmaq İnsanlığa üz tutmaqdır).

İnsan özündəki Mütləqə üz tutur, özündəki Mütləqi tanıyır, ona tapınır, onunla etkilənir, ona üztutmalarla böyüyür, dəyişilir. Bu, çox önəmli bir yenilikdir, önəmli bir dəyişiklikdir. Asif Atanın yaratdığı ibadət, yaratdığı dua yönü bu cürdür, – Özündən qıraqdakına deyil, özündəkinə, içinə üz tutmaq. Ona görə bu məsələ insan üçün yeni aşama sayıla bilər.
İdealı insandan qıraqda axtarmamaq, insanı özüylə üz-üzə gətirmək gərəkdir. Onda insan özündəki olanaqları tanıyacaq, biləcək, aşkarlayacaq. Mütləq – insandakı imkandır. Mütləq insandan qıraqda əyləşib onu seyr edən, ona nəzarət edən güc deyil. Bu imkan aşkarlandıqca insanın qüdrətinə çevrilir. İnsanın kamilləşməsi də bu deməkdir:  – Öz içindəki olanaqları üzə çıxarmaq, onunla birikmək, qüdrətli olmaq. Qıraqdan etkilənmək, qıraqdan kamillik ummaq, qıraqdan ədalət ummaq, qıraqdan həqiqət ummaq, qıraqdan özünün böyüdülməsini ummaq özünü doğrultmur, indiyə qədər də doğrultmayıb. Ona görə də insan kamilliyi çağımıza qədər söz olaraq qalıb.
Asif Atanın görmək istədiyi İnsan kamilliyi Ocaq ruhaniyyatı açısından önəmli bir aşamadır…
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Günəş Ayı, 45-ci il.
(mart, 2023).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir