Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə Almaniyada yaşayan ziyalı həmyerlimiz Fəxrəddin Hacıbəylinin söhbəti
Soylu Atalı: Xoş gördük, Fəxri bəy! Necəsən?
Fəxrəddin Hacıbəyli: Xoş gördük, Soylu bəy! Mən yaxşıyam, siz necəsiniz?
Soylu Atalı: Təşəkkür edirəm, biz də çox yaxşıyıq.
Mənim üçün dünyanın harasında olursa-olsun, Azərbaycan ziyalısı dəyərdir. Mən onu həmişə yanımda bilirəm, – əsil ziyalını. Asif Ata, 60-cı illərdə SSRİ-nin qılıncının arxasının da, qabağının da kəsdiyi bir dönəmdə Azərbaycançılığa üz tutdu. Başladı mübarizə aparmağa. O mübarizənin əsasında nə dururdu? – İllərlə ortaya gətirdiyi axtarışlar. Onun istəkləri özünü doğrultmurdu.
Axtarışlar arzu olunan nəticəni vermirdi. Asif Ata insanla bağlı, milləti ilə, onun varlığıyla bağlı, tarixi ilə bağlı əlini hara atırdı boşa çıxırdı. Əli havadan asılı qalırdı. Bu cür boşluqla, özü də imperiyanın içərisində neyləyə bilərsən?! Başladı, ədəbi tənqidlə məşğul olmağa. Ədəbi tənqid ona çox az gəldi. Ədəbi tənqidlə istədiklərini tam deyə bilmirdi. Hətta buna da mane olurdular. Üzünə qapıları bağlayırdılar. Çapdan məhrum edirdilər. Adına dəli deyirdilər. Min dənə şər, böhtan, daha nələr. Bəzəyirdilər Atanı əməlli-başlı. “Çimizdirirdilər” dəhşətli dərəcədə. Bütün bunlara baxmayaraq bu bir fərd özündə güc tapdı, özünü hazırladı Quruluşa qarşı. O, başlanğıcdan Quruluşa qarşı çıxırdı. Quruluşa qarşı çıxmaq sadə bir proses deyil. Çünki bütün problemlərin başlıca fəlakəti bu Quruluşun içindədir. Bu Quruluşla döyüşdün döyüşdün, döyüşmədin onun başında duran ayrı-ayrı bambılılarla döyüşmək effekt vermir. Onlarla neyləyə bilərsən? Tutalım bu getdi, o gəldi. Nə fərqi var? İdeoloji mübarizə getməlidir. İdeya səviyyəsində mübarizə haqqında düşünürdü Ata. Onu da deyim ki, hələ 70-ci illərdə yığılırdılar Atanın ətrafına. Nə qədər adamlar axışıb gəlirdilər onun çıxışlarına qulaq asmaq üçün. Ancaq günlərin bir günü sovet DTK-sı (Dövlət Təhükəsizlik Komitəsi) Asif Atanı təqib eləməyə başlayan kimi, onun ətrafına yığılan adamların hamısı dağıldı. Qaldı tək-tənha. Bu məqama qədər Ata deyirdi ki, biz hakimiyyətə gələcəyik, özümüz istədiyimiz dövləti quracağıq. Xalqımızı özümüz istədiyimiz kimi yönəldəcəyik, özümüz istədiyimiz dəyərləri verəcəyik ona. Ancaq xalq dediyi toplumun içindən çıxanların bir anda onun ətrafından dağılması hər şeyə son qoydu. Və dedi ki, bu xalqla, başqa sözlə, xalqın bu səviyyəsiylə heç 5 addım yol getmək olmaz. Ona görə dedi: “düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Mütləq təzə xalq yaranmalıdır, təzə İnam yaranmalıdır, təzə fəlsəfə yaranmalıdır, təzə tənqid yaranmalıdır, təzə ədəbiyyat yaranmalıdır, təzə gedişat lazımdır, təzə dövlət yaranmalıdır. Bu xalqı böyütməklə məşğul olmaq lazımdır. Çünki bu xalqı o qədər geri çəkiblər ki, artıq bilmir hara getsin. Məsələ ondadır.
Fəxrəddin bəy: O ideoloji nəyə gətirib çıxarır? İsrarla bir ideologiyaya dayanılmalıdır. “Şimal” tərəfdən bir ideologiya, cənubdan biri, Türkiyədən bir başqası… Azərbaycan qədər çaş-başlıq içərisində olan, qarmaqarışıqlığın hökm sürdüyü ikinci bir məmləkət tanımıram… Almaniyanın 83 milyon əhalisi var. Dünya var olandan Almaniyadır. Belə deyək də, tarixi ilə, keçmişi ilə Avropanın ən oturuşmuş xalqlarındandır. O qədər ideoloji çarpışmalar, çəlişkilər burda görə bilmirəm. Bir kiçik ölkə isə müxtəlif ideologiyaların savaş alanına, poliqonuna çevrilib. Azərbaycanda hərə bir tərəfə çəkir. Çünki bizi damarı boş görüblər, bizi tez yolundan döndərilə bilən, meyilləndirilə bilən, “başı bişirilən” görüblər. Eyni şeyi nəyə görə Ermənistanda edə bilmilər. Çünki bilirlər ki, onlarla mümkün deyil. Düşmənimiz olsa belə, gərək reallığı deyək, bizdən nədə geridirlərsə o heç, məhz nədə öndədirlərsə, bunu çəkinmədən dilə gətirməyi bacarmalıyıq. Məsələn, erməninin hər hansı kənar dövlətlə bir ideoloji bağlılığı yoxdur, ona yad olan bir ölkənin dini lideri, bir başı bağlısı çıxıb deyə bilməz ki, ey Ermənistan dövləti, sən mənim dediyimə qarşı çıxsan, mən filan qədər adamı sənə qarşı qaldıracam, sənin dövlətinin sabitliyini pozacam. Ermənistanın ideoloji sahibi də, dini sahibi də, ruhani sahibi də onun öz içindədir. Kilsəsi qalx deyəndə qalxacaq, otur deyəndə oturacaq. Amma bizdə vəziyyət başqa cürdür. İranın bir küçə mollası, hansi ki, bizim qəbirstanlıqlarda o mollalardan on minlərlədir, həmin o qəbirstanlıq mollası istənilən an bizi öz içimizdəkilərlə, bizdən olub amma bizə deyil, bizi sevməyənlərə xidmət edənlərlə şantaj edə, hədələyə, hərbə-zorba gələ bilir və bizim mətbuat da həmin bədxah küçə mollalarına cəmiyyətə fikriylə hesablaşılmalı mötəbər mənbə statusu qazandırırlar. Bu kimdir Şirazi, bu kimdir, nə bilim hansı ayətulla. Orda bir tapşırıq verən kimi, biz dövlət olaraq təşvişə düşürük, ay aman, gəldilər, sabitliyimizi pozdular. Həqiqətən pozacaqlar sabitliyi, bu ehtimal güclüdür. Bax, bu bizim XXI əsrdə qarşılaşdığımız ən böyük fəlakətdir. Ən böyük fəlakətdir ideoloji boşluq.
Soylu Atalı: Doğrudur. Deməli, bu məsələ ilə bağlı bir şey deyim, söhbətimizə yön olaraq. Əvvəla, Ermənistan və Gürcüstan məsələsi. Azərbaycanla onların durumu bir sıra cəhətlərdən fərqlidir. Bu fərqi deməzdən öncə, Azərbaycanın indiki durumundan tarixin köklərinə ekskurs eləmək istəyirəm. Bəllidir ki, German tayfaları Avropada, əsasən orta çağlarda inkişaf tapdılar. Orta çağlarda millətləşməyə, millət kimi özlərini ifadə eləməyə başladılar. Dünyada tarixi xalqlar var və bu tarixi xalqlar içərisində həm mədəniyyət yaranıb, oturuşub, həm də bu xalqlar arasında çox ciddi ədavətlər mövcud olub. Hökmdarlar səviyyəsində qovğalar, savaşlar, davalar mövcud olubdur. Bu qovğalar, savaşlar da imperiyaların yaranmasına gətirib çıxarıbdır. Çoxsaylı imperiyalar yaranıbdır. Türk milləti də yaradıb o imperiyaları. Türkün imperiyaları baxmayaraq ki, başqa millətləri assimilyasiya etməyib, onun təsirini, nüfuzunu isə bütün Avropa bilib. O cümlədən Şərq xalqları da. Məsələ burasındadır ki, hətta mənim qəbul eləmədiyim Osmanlı imperiyası onların yerini dar eləyib. Osmanlı imperiyasına təkcə 60-a qədər Şərqi Avropa dövlətləri xərac verirdi. İndi fikir verin, belə olan təqdirdə intibah keçmiş, renesans mərhələsini keçməklə millətləşməyə başlamış Avropa təkcə millətini formalaşdırmadı, mədəniyyətini qurdu. İndi nə qədər əxlaqi səviyyədə formalaşdırıb, qeyri-əxlaqi, bu ayrıdır. Milləti mədəniyyət üstündə, öz tarixi aqibəti üstündə formalaşdırmağı mən əsas götürürəm. Bu gün aqibətində, həyatında fəlakətlər, mənəvi iflaslar bu ayrı mövzudur. Onlar öz xalqlarını müəyyən bir millətçilik inkişafına doğru yönəldəndən sonra, paralel olaraq türk millətinin yenidən dirçəlməsinin qarşısını almaq planları, proqramları işlədilər, hazırladılar ki, yeni türk imperiyalarının təsirinə məruz qalmasınlar. Bunun üçün bu milləti xarakterik olaraq öyrənirlər və ona hansı ideolojini, deyək ki, idarəetmə üsulunu verə bilərlər, hansı ideoloji yaşam prinsiplərini verə bilərlər, onları ölçdülər, biçdilər, gündəliyə gətirdilər, verdilər. Həmin prinsiplər, həmin tərzlər bizi millət olaraq tamamilə özümüzdən ayırdı, dəyərlərimizdən məhrum elədi və millət olaraq bizi elə parçaladı ki, bir qismimizin üzü bu yana, bir qismimizin üzü o yana baxdı. Belə bir dövrdə biz, millət olaraq özümüzün böyük mədəniyyətimizi yaratmaqla məşğul olmadıq, tariximizi yazmaqla məşğul olmadıq. Tarixi dəyərlərimiz üzərində inkişaf tapmaqla məşğul olmadıq. Yeni dəyərlərə üz tutmağa, meyl etməyə çalışmadıq. Biz ələ baxanlığa alışdıq, alışdırıldıq. Biz elə bildik ki, bütün tarixlər boyu qolumuz işləyəcək, qılıncımız da kəsəcək. Anlamadıq ki, günlərin bir günü texnoloji inkişaf adlı silah qulağımızın dibinə dirənəcək, anlamadıq ki, silahdan başqa, günlərin bir günü Avropadan əsən ideoloji basqılar, yaxud Şərqdən gələn xurafat basqıları qulağımızın dibinə tapança dirəyəcək. Yəni bunu biz anlamadıq. Ona görə də 670-740-cı illər arası dəhşətli fəlakətlər yaşadıq, faciələr yaşadıq və millətimizi ərəb işğalı, ərəb ideolojisi məhv elədi, ruhumuza hakim kəsilə bildi. Ruhumuzun özgələşməsi ilə sonrakı mərhələlərdə gücümüz getdi, vüqarımız getdi, hökmümüz getdi. Hökmümüz getdiyinə görə də millətin içində mütilik oturdu. Onun ağlında, düşüncəsində başqa əhvallar oturdu. Gözünün baxarı, yönü dəyişdi. Öz torpağına sahib çıxmadı. Torpağında məbudunu yaratmadı, müqəddəslik yaratmadı. Torpağını öpmədi, ona səcdə qılmadı. Getdi yadların ətəyində namaz qıldı, yadların torpağını öpdü, səcdə qıldı. Ona görə də onun içində vətən sevgisi öldü. Bu gün Qarabağın taleyini oyuna çevirməyin kökündə də həmin şeylər durur. Özlərinə divident qazanmaqdan ötrü Qarabağın adını tutalqaya çeviriblər. Bu siyasi konyukturaçılıqdır və ayıb gətirən bir şeydir. Qarabağı nə ilə xilas edə bilərsən?! Qarabağı nə ilə sevə bilərsən, nə eləyə bilərsən ki, sənin əhvalın, yaşamın, gözünün baxarı, qəbul elədiyin ideoloji, içində daşıdığın ruhani keyfiyyətlər, hamısı yaddır, yadçılıqdır, özgəçilikdir. Necə sən vətəninə sahib çıxa bilərsən?! Axı vətən nə deməkdir? Vətən Qarabağ adlı neçə min kv. km ərazi demək deyil axı. Qarabağ deyilən bir bölgə, yaxud Azərbaycan adlı bir bölgə. Vətən – insanlığın bərqərar olması üçün və bu insanlığın bayrağa çevrilməsi üçün elə bir məkana çevrilməlidir ki, bu dəyərlər insanları özünə bağlaya bilsin. Bu dəyərlər onu sevdirə bilsin. Vətən özünün milli-insani dəyərləri ilə vətən səviyyəsində qalır. Torpaq, onda yaranan mədəniyyətlə, böyük dəyərlərlə, böyük insanlarla müqədəsləşir. Özündən, torpaq səviyyəsindən yüksəyə qalxır, fəlsəfi-ruhani məna daşıyır. O vətəni sevmək, qorumaq xalqın birliyini qorumaq anlamına gəlir. Xalqın içində yaranan dəyərləri qorumaq anlamına gəlir, xalqı xalq eləyən keyfiyyətlərin, sifətlərin qorunması anlamına gəlir. Əgər o dəyərlər yoxdursa, o keyfiyyətlər yoxdursa, sənin üçün vətən mənasını itirir. Vətəni qorumaq da beləcə, mənasını itirir. Sən daşı, torpağı qorumayacaqsan. Heç kim daşı, torpağı qorumayacaq. Bu gün vətən adlanan məfhum hər kəsin qazanc sexinə çevrilib. Və hər kəs bu vətəni özü içəridən talaya-talaya, xarici işğalçılarla birləşir əslində. Bununla da anamıza bərabər saydığımız (boğazdan yuxarı anamıza bərabər tutmayaq barı) vətən ayağımızın altında inildəyir, məhv olur. Bu gün bütövlükdə türklük məhv olur. Biz, türk olaraq bu gün bir qismimiz musəviyik, bir qismimiz buddistik, bir qismimiz müsəlmanıq, bir qismimiz xristianıq. Hər birimizin içində adını saydığımız cəhətlər, keyfiyyətlər oturuşub. Müxtəlif mədəniyyətlər, fərqli mədəniyyətlərdir bunlar. Fərqli mədəniyyətlərin gücü, təsiri var içimizdə. Onun məzmunu, mənası, insani keyfiyyəti hara qədərdir, bu, məni maraqlandırmır. Məni rahatsız edən odur ki, bunların hər biri bir mədəniyyət sistemidir, türkün içində, taleyində oturub, idarəetməsini ələ keçirib. O mədəniyyət sistemləri imkan vermir ki, bu toplumun ayrı-ayrı bölümləri bir yerə gəlsin, vəhdət təşkil eləsin. Çünki, biri deyir ortaq mədəniyyət filan şey olsun, o biri deyir filan şey olsun, başqa hissəmiz deyir filan şey. Beləcə çəkib-çeviririk. Bir-birimizin yaxamızı cırmaqla məşğuluq. Ona görə Asif Ata gəldi dedi ki, türkün öz bağrından qopan, öz içində onun Dünyabaxışı yaranmalıdır. Onun öz İnamı yaranmalıdır. Bu İnam, Dünyabaxış onun mahiyyətini ifadə eləməlidir. Əgər onun bəşəriliyini, mahiyyətini ifadə edəcəksə, onda bu xalq üzünü özünə tuta biləcək. Onda bu xalqı bir araya gətirə biləcəksən. Bir bayrağın altına toparlaya biləcəksən. Gərək bir ruhani bayrağın olsun. Min bayrağın altında min qrupa çevrilirik. Min səmtə baxırıq. Bax, bizim böyük fəlakətlərimiz budur. Ona görə də, hesab edirik ki, bizi birinci növbədə xalq eləyən o dəyərləri yaradıb ortaya gətirməliyik. Bizim problemlərimiz ordan başlayır. Millətimiz hər şeyi üzdə axtarır. Dəyişikliklər üzdə gedir, inqilab gəlir, o gəlir, bu gəlir. Çoxlu partiya yaradırıq. Azərbaycanda yüzlərlə partiya var. Atam, qardaşım, yüzdən çox partiya olar balaca bir məmləkətdə?! Hamısı da kağızı yazıb qabağına qoyur ki, “gəl mənim üzvüm ol. Çünki mən bu vətəni sevirəm”. Sevmirsən ay qardaş, sevmirsən. Dağıdırsan, parçalayırsan, qruplara bölürsən, tikələrə bölürsən. Xarici qüvvələrin əlində oyuncağa çevrilirsən. Xarici himayədarların vasitəsiylə bu məmləkəti dağıdırsan, talançılıq edirsən. İqtidar-müxalifət dartışması yaradırsan. Hakimiyyətdən ötrü ölürsən. Vətənindən ötrü ölmürsən axı. Bax, ona görə biz düşünürük ki, xurafatdan kənar, elmə, biliyə, idraka əsaslanan, türkün özünün mahiyyətindən gələn, özünün mədəni əsaslarını ortaya gətirən, özünün milli keyfiyyətlərini, etnik kimliyini özündə təcəssüm etdirən bir Dünyabaxış yaranıb, ərsəyə gəlib. Xalq zaman-zaman buna gəlməlidir. Bu, xalqın özünü-özünə bənzədəcək, öz hikmətiylə, öz həqiqətiylə üz-üzə qoyacaq xalqı. Azadlıq bunsuz mümkün deyil. Mən üzr istəyirəm sizdən, eldə bir misal var, yəqin ki, bu Azərbaycanda hər yerdə var. Deyirlər ki, pazı pazla çıxardarlar. Biz kənddə odun yarırıq, yekə-yekə yoğun kötüklər. Balta gedir ilişir onun düyününə. Çıxartmaq mümkün olmur. Onu pazla çıxartmaq olar. Bizim içərimizə Ərəb pazını çalıb, Qərb pazını çalıb, İran pazını çalıb. Bu pazları çıxarmaq üçün bu düyünü dağıtmaq gərək.
Fəxrəddin bəy: Bizim üçün ən qorxulusu da məhz ərəb pazıdır, ərəbizm virusudur. Yəni o elə bir virusdur ki, orqanizmimizin müdafiə sistemi var ey, o sistemi sıradan çıxardıb. Bir dəfə üzünü özünə tutmaq, özünə baxmaq, özündən olana tapınmaq yox, uzaqdan birinin başını görəndə, “eh, qurban olduqlarımdandır, bizə xeyir gətirir” deyirik. Bu millətdə qəribə bir yanaşma var; bir adam, ya bir qüvvə ki, uzaqdan gəlib, onun keçmişiylə bağlı bilgisi yoxdursa, keçmişi mübhəmdirsə, mübhəmliyi bir sirrilik, həm də müqəddəslik, kutsallıq kimi qavrayır. Bunun keçmişini araşdırmaq, onunla bağlı bilgilənmək istəmir. Bunun keçmişi quldur idi, ya bu adam başkəsənin biri idi, fərq etməz, yetər ki mən onunla bağlı heş bir bilgiyə malik olmayım, o mənə qaranlıq qalsın, onu özündə qutsallaşdıra bilməyim üçün onun haqqında bilgisizlikdə olum, yetər. Amma sən bilmirsən, bilmədiyin sənin üçün niyə müqəddəsləşib axı. Bu əmmaməli Ərəbistanda bilinmir kim idi, nəçi idi? Təsəvvür edin, Ərəbistandan gəlib Azərbaycanda ölənin hamısının üstündə bir məbəd tikib, başlayıblar ona tapınmağa, qəbrini ziyarətgaha çevirməyə; bu, Məhəmməd peyğəmbərin 19-cu nəvəsinin nə bilim qaynatasının xalasıoğlu idi, vəssalam oldu “qurbanolduqlarım”dan, müqəddəslərdən. Bizim ağdamlılar, nə qədər ki, Xudu Məmmədovun qəbrinə yox, özünü idarə edə bilməyən, əqli cəhətdən anormal bir adamın (fuqara deyirlər də, seyid fuqara), qəbrini ziyarət edəcək, ondan kömək istəyəcək, belələrindən nə gözləmək olar?! Demirəm Xudunun qəbrini ziyarət edib ondan nəsə mədəd umaq, şəfa diləyək, yox. Ziyarət etmək, nəsə istəmək yox. Sadəcə olaraq onu önəmsəmək, ona önəm vermək, o cür yaşamağı dəyərləndirmək, onun kimi olmağı örnək vermək və digərlərinə də “bax, belə olsan – sözü bütöv olsan, ziyalı olsan, millətini sevən, xalqını sevən, ondan ötrü canını verən olsan axırda qəbrin ziyarət ola bilər” mesajını, önərisini vermək üçün. Gedib Xudu Məmədovun yox, əqli özünü idarə edə bilməyən, qarşısından yeməyi götürüb “ağa, doymusan bəsdir” deyilənədək doyduğunu anlamayan birisini müqəddəsləşdirmənin sonu torpaq itirməkdir, pərən-pərən olmaqdır, düşməninə yenik düşməkdir. Bütöv bir xalq – Azərbaycan görün hara gedir?! Əqildən yüngül, özü-özünü idarə edə bilməyən, mədəsi ilə başı arasında 30-40 sm-lik bir məsafədə əlaqə qura bilməyən birisindən (Mir Möhsün nəzərdə tutulur – U.A.) mədəd umub, onun qəbrini ziyarət edir. Bax, bu bədbəxtçilik, bu anormallıqlar hamısı həmin o ərəbizm xəstəliyinin nəticəsidir.
Mənim bir yazım var, idi, biz ictimai QİÇS daşıyıcısıyıq. Bax, “QİÇS”ə yoluxmuşuq, immun sistemimiz sıradan çıxıb. Ona görə də hər təsirə, bəlaya əkstəsir imkanımız yoxdur, yerindən duran kəs bura gəlir, buranı özü üçün münbit yer hesab edir. Təsəvvür edin, Türkiyədə çoxunun “tapulu dəli” saydığı möhtəkir, fırıldaqçı Harun Yəhya hətta Türkiyənin özündə belə özünə auditoriya tapa bilmədi, hərlənib-fırlanıb soluğu Azərbaycanda aldı. Türkiyədə bu adam belə deyək, sayılmayan, tanınmayan, Türkiyə telekanalları səhərdən-axşama qədər lağa qoyduğu, hətta elm səviyyəsində deyil, aşağı küçə səviyyəsində ələ salınan bir adam, axtardı, axtardı, istinad nöqtəsini Azərbaycanda tapdı. Onun kitabları, hansı ki, Amerikan yaradıcılarının ingilis dilindən onların əsərlərini tərcümə elətdirib, Azərbaycan Elmlər Akademiyasının akademiklərinin stolüstü kitabına çevrilib, xeyli sayda tərəfdar toplaya bilib. Baxın, Azərbaycanın Elmlər Akademiyası Harun Yəhya oxucularıyla doludur, elmimiz hansı gündədir, alimimiz nə duruma düşüb? Təsəvvür edirsiniz, bu adama Türkiyədə dəli deyirlər, dəlixanada yatıb çıxmış möhtəkirin biri, keçmişi ləkəli, saxta sənədlə yaşamış bir adam, Azərbaycanda fundamental elmi istinad kimi təqdim olunub və bəzi xəstə təfəkkürlülərin ideoloji bazasına şevrilib, ona ciddi elmi qaynaq kimi baxırlar. Kimlə danışırsan, deyir ki, sizin filan sözünüzə cavabı Harun Yəhya filan kitabında verib, gedin oxuyun, suallarınıza Harun Yəhyanın sitəsində cavab tapa bilərsiniz. Deyirəm ay balam, Harun Yəhya nə bilir axı təkamül nəzəriyyəsi nədir, onun ciddi elmə nə aidiyyatı, axı Harun Yəhya mənim üçün örnək ola bilməz. Amma bu türkiyəlilərin “tapulu dəli”si Azərbaycanda özünə arxa, istinad, tərəfdar tapıb, bədbəxtçilikdir.
Oqtay Hacımusalı: Üzr istəyirəm, həmin o Harun Yəhya hələ yaxşıdır, ümumiyyətlə, Cübbəli Əhməd eşitmisiniz də yəqin…
Fəxrəddin bəy: Eşitmişəm. Hələ deyilənə görə onlar düşməndirlər.
Oqtay bəy: Cübbəli Ahmetin də bu saat Azərbaycanda çox böyük kontingenti var. Bədbəxtçilik ondadır. Belə deyək də, bizdə özümüzün milli ideologiyamız olmadığı üçün, düşüncə, məfkurə olmadığı üçün, bunun içərisində kontingent olmadığı üçün, dini ideologiyamız olmadığı üçün, konkret olaraq bunlar gələcəklər, özlərinə rahat yer də tapacaqlar.
Uzağa getməyək. 3 gün bundan qabaq keçən cümə namazında… Konkret olaraq belə deyək ki, guya Azərbaycan İrana narkotik ötürürmüş. Dünyada analoqu olmayan bir şeydir. Hamı bilir ki, tranzit keçid mərkəzləri var. Bu tranzit keçid mərkəzlərinin də sərhədləri var, konturları, xəritələri var. Onda belə deyək ki, o tranzit keçid mərkəzləri tərsinə işləyir, onların məntiqiylə. Nəysə, yazım çıxdı, çox gözəl. Bu gün səhərdən hamısı İran yönündə, Allaha şükür, daşı atırsan, İran yönümüzə dəyir. 450-yə yaxın İran yönlü saytımız var. Hansı İran yönlü saytı açdımsa, hamısında konkret olaraq bir mənbədən deyilən kimi, – Oqtay Hacımusalı qatildir. Onun qətli vacibdir. Qardaş, fakt var ortada.
Fəxrəddin bəy: Bayaq Soylu bəy dedi, pazı pazla çıxardarlar. Artıq ufaq-təfək şeylərlə yetinməyəcəyik. Bizim bunlara, təbii ki, cavab verməyimiz lazımdır. Bu yaxınlarda bütün qəzetlər onu qabardırlar. Mən dəhşətə gəldim. Mən bir yazı da yazdım. Siz nə edirsiniz?! Siz bir məscid mollasının sayıqlamalarını niyə mötəbər fikir kimi ictimaiyyətə təqdim edirsiniz?! İranda hər küncdə, hər kənddə minlərlə molla bu sayaq sözlər deyir. Hər molla sayıqlamasına reaksiya verməliyik ki, bu fəlakətdən xəbər verir?! Hər gün İranın kəndlərində, məscidlərində o cür iftiralar, o cür hədyanlar dəfələrlə səsləndirilir. Bunun hamısına vaxt sərf etməliyik?! Azərbaycanın ictimai fikrini bununla məşğul eləməliyik?! Bir də mənim əsas diqqətimi çəkən şeylər nədir? Altdan-altdan bunlar çox sistemli şəkildə gizli müharibə aparırlar. Yəni istədiklərini, məqsədlərinə xidmət edən təlimlərini yavaş-yavaş yeridirlər. Təsəvvür eləyin, tutaq ki, qadının kinoya getməsi məsələsi, dinimiz buna necə baxır, olarmı, olmazmı?! Başlayıblar geniş müzakirə açmağa, biri deyir dinimiz buna pis baxmır, digəri deyir Quranda bu haqda heç nə yoxdur və sairə. Əslində məqsəd nədən ibarətdir? Qazancları nədir bu “olsun, ya olmasın” məsələsində. İnsanların şüuraltına dini bilikləri yeritmək, sən onunla hesablaşmalısan, davranışlarını onun tələblərinə uyğunlaşdırmalısan, onu hər bir hərəkətində nəzərə almalısan və yavaş-yavaş insan avtomatik olaraq ona öyrəşir ki, guya filan işi görsəm, dinimiz buna nə deyər, iznlədirmi, haram deyil ki, günah yazılmır ki?! Və beləcə insanları instinktiv olaraq dini tələblərlə yaşamağa alışdırır, onun tələbləriylə yaşamağın vacibliyini beyinlərə yeridirlər. Sənin dinin nə deyir, mənə niyə maraqlı olmalıdır?! Bu yaxınlarda bir görüntü seyr etdim, sünniylə şiə mübahisə edirlər, – südəmər qız uşağıyla mazaqlaşmaq, cinsi həvəsi təmin etmək üşün ona toxunmaq olarmı? Və götürüblər bu məsələni müzakirə mövzusuna çeviriblər. Azərbaycan insanı XXI əsrdə gör nəyi müzakirə edir?! Dünya kainatdakı dəyişilmələrlə, gözlənilən böyük miqyaslı kataklizmlərdən necə qaçınmağın yollarını araşdırır, fundamental elmi məsələlərlə məşğul olur, dünya böyük, qlobal iqtisadi problemlərlə məşğuldur, bizim 21-ci əsr insanımızın müzakirə predmetinə fikir verin. Bizim azərbaycanlı Xomeyninin yazdığı səfeh bir cümlənin müzakirəsinə baş sındırır ki, bu olar, ya olmaz. XXI əsrin insanının məşğul olduğu məsələyə baxın. Bu zərərvericidir, alaqdır. Uşaq vaxtımda atam deyirdi ki, alaq otu olan çayırı gərək kökündən qazıb çıxarasan. Çünki deyirlər ki, guya çayır sağsağan yuvasında belə yeddi il qalır, quruyur, amma torpağa düşəndə yenə də cücərir. İslam eynilə çayır kimidir, illərlə passiv qala, özünü biruzə verdirmədən “undergraunt” mövcud ola bilər, ancaq ona bir fürsət, cücərməsi, dirçəlməsi üçün münbit bir zəmin gərəkdir ki, kök atsın, ətrafı bürüsün. Hərdən xırdalanmağa, hər replikaya cavab verməyə məcbursan. Amma əsaslı olaraq iş görüb, həmin o alaq otunun kökünü çıxarmaq, virusun mənbəyindən qarşısını alıb önləmək lazımdır. Kəskin fikir səsləndirməkdən çəkinmək lazım deyil, bu qızdırılmış dəmirə soyuq şok vermək kimidir. O dəmiri möhkəmləndirmək üçün qızdırıb şok verdikləri kimi. Belə edirlər ki, dəmirin atomları daha səlis düzülsün, daha möhkəm olsun. Bəzən səlisləşmək, düzümünə, səfinə nizam vermək üçün cəmiyyətə də dəmirə verilən kimi soyuq şok vermək lazım gəlir.
Heç bir Dünyabaxış insanı sərbəst şəkildə öldürməyi, əlini kəsməyi mən bilən əmr eləməz. Nə olur-olsun. Bir tək İslamın baş kitabında insana qarşı hədələr, məhv etmələr yer alıb. Onu Budda da deməyib heç. Mən inanmıram Budda desin ki, gedin filankəsi öldürün, yolunu kəsin, ona tələ qurun, əllərini, barmaqlarını kəsin. Yəni özünü müsbət təqdim edən, qutsallığa iddialı olan heç bir ideologiya deməzdi, öldürmə əmri, qətl fərmanları verməzdi. Ona görə də birinci kökdən, bu fərmanlara ideoloji dayaq olan mənbədən başlamaq lazımdır.
Bu günlərdə Bədr Savaşı ilə bağlı bir yazı yazıram. Böyük bir yazı olmalıdır əslində. Qəzetlərin bilmirəm hansı verəcək?!
Oqtay bəy: Səs-küylü bir yazı olacaq.
Fəxrəddin bəy: Kəskin yazı olmalıdır. Turan Dursun Bədr Savaşıyla bağlı fikirlərini bildirib. Amma orda bəzi şeyləri bilmirəm, nəzərdən qaçırdıb ya vurğulamaq istəməyib. Əslində bizim millətdə nifrət tandemi, içimizdəki şiəlikdən gələn nifrət, – Yezidə nifrət, Osmana nifrət, Ömərə lənət, şeytana lənət, kimə, kimə hamısının kökü ört-basdır edilib, fərqli təqdim olunan, ideallaşdırılmış tarixçələrdədir. Türk millətinin qədimdən içərisində, folklorunda nifrət olmayıb.
Oqtay bəy: Təbiidir. Ancaq sevgi olub, ancaq gözəl hisslər olub.
Fəxrəddin bəy: Halbuki bizə baxın, tonlarla qarğışlarımız var ki, hamısı birbaşa İslam mentalitetiylə bağlıdır. İslamın gətirdiyi o nifrətin doğurduğu psixoloji durumdur. Belə bir yazım olmuşdu – Şərqdə nifrət tandemi. Şərq deyəndə İslamı nəzərdə tuturdum. Su içən deyir ki, Yezidə lənət. Su içir, susuzluğunu yatırdır, amma içində doğal ehtiyacının ödənilməsinə nifrətlə, qarğışla qarşılıq hissi yaşadır. Bir dəfə burda bir dükandan su alıb içirəm. Deyirəm “susuz insanın həyatı yoxdur”. Deyir o zaman de ki, “lənət olsun Yezidə”. Deyirəm ki, mən lənət oxumuram. Cavab verir ki, axı onu Allah da lənətləyib. Deyirəm yox, ola bilər sənin Allahın lənətləyib, amma mən özümü ağlımla idarə eləyirəm, sənin Allahının ağlıyla yox. Qəribədir, düşməninin su yolunu kəsməklə ona qalib gəlmə taktikasından istifadə etmə ənənəsinin təməlini elə həmin Bədr Savaşında Məhəmməd özü qoymuşdu. Birinci, o susuzluq məsələsi ki var, Yezid Hüseynin yolunu kəsib, onu susuz saxlamışdı, bu Yezidin icadı deyildi, ilk ondan baş vermiş hərəkət deyildi. Bu yola Məhəmməd ilk olaraq baş vurmuşdu, Bədr Savaşında. Əgər susuz saxlamağa lənət oxunulursa, birinci elə bundan Məhəmmədə də çatmalıdır. Bədr Savaşında quyuları doldurduğuna və su ilə düşmənini imtahana şəkdiyinə, daha doğrusu məhv etdiyinə görə. Əbu-Süfyan o zaman Məhəmmədə barmağını silkələyib demişdi, “ey namərd insan! Sən ərəb adətlərinə bağışlanmaz, qəddar bir yenilik gətirdin”. Ərəb adətlərində müharibə olanda belə, düşmənçiliklərini, qılınclarını bir qırağa qoyub su quyusunun başında, suyu birlikdə çəkib aparardılar. Çünki səhrada su həyatdır. Suyun isə mənbəyi quyudur. Quyunu doldurmaq həyatı məhv eləməkdir. Peyğəmbər olduğunu iddia edən kəs döyüşə girmədən, yəni qılıncı çəkib mərdanə döyüşə başlamadan, namərdcəsinə, quyuları qumla doldurtdurdu. Təbii ki, qaliblər mühakimə olunmur. Amma bu, özünü Peyğəmbər elan eləyən insan üçün keçərli olmamalıydı axı. Bu adam axı peyğəmbər idi. Quyuları doldurmaqla, insanları susuz saxlamaq ənənəsinin əsasını özü yaratdı. Müaviyənin oğlu Yezid isə bu ənənəni sadəcə təkrar elədi. Dedi, əgər susuz saxlamaq mübarizə üsuludursa, mübarizə yoludursa, o zaman sənin baban mənim babamı susuz saxlayıb məğlub eləmişdi. Nədən həmin mübarizə üsulundan mən də istifadə etməyim? Niyə ona olar mənə yox? Məsəl var ey, “sən vuranda su çıxır, mən vuranda qan çıxır?” Sənin baban onu eləmişdi. Buna görə onu lənətləyən yox, ona pis baxan yox, bu döyüş taktikasıydısa demək iznlidir. Özü də aradan yüz ilə yaxın vaxt keçmişdi.
Birinci onların toxunulmaz, qapalı saydıqları nə varsa, hamısını onların gözünə (üstünə çəkilmiş örtüyü qaldırıb) həqiqəti göstərmək lazımdır və tənqid olunmalıdır. Hər bir şey tənqidə açıq olmalıdır. Layiq olduğu dərəcədə sənin peyğəmbərin də tənqid olunmalıdır, dinin də tənqid olunmalıdır. Tənqid olunmasa tabulaşacaq. Tənqidə açıq olsan, müsbət olacaqsan. Çünki biləcəksən səni tənqid eləyərlər, yanlışını deyərlər. Sən ayağını əyri qoysan, deyiləcək. Düşünən beyinləri dondurub, danışan dili kəsməklə, görən gözü kor eləməklə məşğul olmayacaqsan, onlara azadlıq verəcəksən. O naqisliyi, nöqsanlığı özündə axtaracaqsan. Qadağanı özünə, öz davranışlarına qoyacaqsan. Bax, ona görə də, onların müqəddəs saydıqları və tənqidə qapalı tutduqları yanlış nə varsa, üzərinə getmək lazımdır…
Təbii ki, orda sizin üçün təhlükələr var, yəni Azərbaycan bu dəqiqə bomba üzərində oturmuş adama bənzəyir. Dursa partlayacaq. Buna görə də, kənarda yaşayanlar üçün tənqidi demək daha asandır. Orda probleminizi başa düşürəm. Amma bilmirəm, hər halda nələrsə eləmək lazımdır. Sakit dayanmaqla bunlar gündən-günə çoxalırlar, bizsə məğlub oluruq. Sabirin bir sözü var: “Yorulduqca qırıldıq və qırıldıqca yorulduq”. Elə bilin ki, bu virusa yoluxduqca yenilirik, yenildikcə də qayıdıb bundan möhkəm yapışırıq. Bu bizi əzir, biz də qayıdıb buna daha çox sarılırıq. Eynən manqurt kimi. Manqurt bilmir ki, onun huşunu alan başına yapışdırılmış dəridir. Dərini qopartmaq istəyəndə deyir, yox, yox, dəymə, ona toxunma. Bəlkə də, Çingiz Aytmatov elə bunu nəzərdə tutmuşdu. Anlamalıyıq ki, yaddaşımızı bərpa edib kimliyimizə qayıtmaq üşün ilk növbədə biz yaddaşımızı əlimizdən alan, bizi kimliyimizdən uzaqlaşdıran, unutqanlığımıza bais olan nəsnədən xilas olmalıyıq.
Soylu Atalı: Çox gözəl. Bir neçə məsələyə istəyirəm mövqeyimizi bildirək. Bunlardan birincisi, bayaq dediyin erməni məsələsidir. Niyə qayıdıram bu məsələyə?! Mən çox istəyirəm ki, dövlət məsələsində, xalq olmaq məsələsində milli şüurun daşıyıcıları, axtarışda olan insanlar özləri üçün müəyyənlik yaratsınlar. Əvvəla, erməni ilə Azərbaycan, erməni ilə türk dünyası tamam fərqli anlayışlardır. Tamam fərqli millətlərdir. Ermənini dünya qoruyur, türkü isə dünya dağıdır. Türkü özü qoruyur. Azərbaycan üzünü özünə tutmalıdır. Erməni üzünü dünyaya tutur ki, özünü qorusun. Çünki ermənini bizim içərimizə toxum kimi əkən, səpən, yaradan, bəsləyən həmin dünyadır. Siyasi dünyadır. Azərbaycan coğrafiyasında Türkiyə ilə Azərbaycanın, bütövlükdə Türk Dünyasının ortasında Ermənistanı yaradan ruslardır, ingilislərdir, fransızlardır. Bunlar yaradıblar və bunlar da erməninin arxasında dururlar. Bu gün də erməninin içində nə qorunursa, əslində erməninin öz gücündən deyil. Çünki erməni bəşəriyyətə heç yarım dəyər də verməyib. II Tiqrandan başqa, Samvel Qriqoryandan başqa erməninin şəxsiyyəti yoxdur. Onlar da bəşəriyyətə heç vaxt gərək olmayıblar. Erməni bəşəriyyətə ayrı heç nə verməyib. Nə dəyər verib, nə mədəniyyət verib. Bu baxımdan erməni heç mənada örnək deyil, erməni bədbəxt bir şeydir. İkinci, gürcü də həmçinin. Onların dövlətini başqaları yaradır, başqaları qoruyur. Necə ki, bu gün Orta Doğu projesinin əsas hədəflərindən biri Kürdüstan yaratmaqdır. Kürdüstanı yaradıb Şərqin əsas millətlərindən olan türkü, farsı və ərəbi parçalamaq, bir-birinə qarşı qoymaq, idarə etmək məqsədi güdülür. Bu, açıq bir mövqedir. Ermənistanı yaratdılar, bəs eləmir. Ermənistanla türk dünyasını pərakəndə saxladılar. Sonra İsraili yaratdılar, ərəbləri içəridən darmadağın saxladılar. Bu da bəs eləmir. İndi Kürdüstan bu üç milləti, üç etnosu birlikdə idarə etmək üçün yeni bir vasitədir, yeni bir siyasi mexanizmdir.
Sonra, ikinci bir məsələ, – yurdumuzda İslamla döyüşən insanlar olub. Baxın, lap götürək XIX əsri. XX əsrin əvvəllərini götürək. Axundovun mübarizəsi, Cəlil Məmmədquluzadənin ədəbi savaşı, Sabir və b. Bilirsiz ki, Cəlilin “Ölülər”ində Şeyx Nəsrullah əslində Məhəmmədin prototipidir. 9 yaşlı nazlılar, 9 yaşlı ayişələrin prototipidir. Onu yaradıb. Açıq şəkildə deyə bilmirdi. Məcbur idi, bunu həmin dildə, obrazlı təqdim eləsin. Bununla ayrı-ayrı ziyalıların ağlında hal yaranması üçün, millətin içərisində oturuşmuş, daşlaşmış geriliyin azalması yönündə əlbəttə, adı çəkilən şəxslərin əməyini inkar eləmək doğru deyil. Ancaq biz görürük ki, bu insanların əməyi belə, bizim üçün əsaslı heç nə vermədi. Niyə vermədi? Bayaq dedim, pazı pazla çıxartmaq məsələsi. Axundov İslama ateist kimi yanaşırdı. Cəlil Məmmədquluzadə sırf ədəbi-bədii obrazlarla yanaşırdı. Sabir millətin özünə üzünü tutub satirik yumorla yanaşırdı. Onların müəyyən mənada bizim maariflənməyimizdə rolları oldu. Ancaq dediyim kimi, əsaslı dəyişiklik üçün mütləq millətin içində yeni dalğa başlamalıdır. Yeni Dünyabaxış məsələsi. Bax, indi Asif Atanın üzərində vurğu edilməlidir. Asif Atanın yaranması təsadüfi deyil. Çox böyük bir zərurətdir bu.
İkinci bir şey. Bayaq mən ayrı-ayrı türk qövmlərinin içərisində oturuşmuş yad mədəniyyətlərin adını çəkdim. Mədəniyyət də Dünyabaxışdan qaynaqlanır. Təsəvvür edin ki, bu millətin içərisində həm fərqli dini baxışlar oturuşub, həm ideoloji-siyasi baxışlar. Siyasi baxışlar deyəndə bu gün dünyada yaranan beynəlxalq birlikləri nəzərdə tuturam. Beynəlxalq birlikləri yaradırlar və bizi beynəlxalq birliklərə üzv qəbul edirlər. Mahiyyətcə bizi qulluqçu götürürlər. Biz birlikləri yaradanların qulluqçusuyuq. Biz o evin sahibi deyilik. Biz o evdə söz sahibi deyilik. Bax, bu bizim aqibətimiz, siyasi gedişatımızdır. Bayaq mən dini fəlakətlərimizi dilə gətirdim: – xristian türk, buddist türk, müsəlman türk, musəvi türk… Hələ onların qolları da var. Təkcə İslamın qollarının təsirində türk qövmləri bir-biri ilə üz-üzə qalıb: – şiə, vəhhabi, sünni, nurçu, daha nələr-nələr. Xristianlığın da özünün qolları var. Missioner təşkilatların sayı Azərbaycanda bu gün 2400-ü keçib. Onlardan da 400-ə qədəri Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatından keçib. Bunların qarşısını almaq mümkün deyil. Yeni Dünyabaxış lazımdır. Ciddi, böyük mübarizə, böyük ölçü ortaya gəlməmiş onlarla bacarmaq mümkün deyil. Dünyabaxışımıza sahib durmasaq, yenə özümüzün balaca sevgimizlə, qeyrətimizlə çabalayacağıq. Həmin maarifçi şəxsiyyətlərimizin aqibətini yaşayacağıq, ən yaxşı halda. Bizi də tarixin arxivinə göməcəklər. Bax, bu mənada hesab eləyirəm ki, o məsələlərin özünü ciddi araşdırmağımız və onlara yanaşmağımız ciddi bir meyar əsasında olmalıdır. Bax, tənqiddən danışırsan, gərəkdir. Ancaq tənqid çox azdır. Həm də bəzən bizə yad olan bir şeyi elə tənqid edə bilərik ki, onun xeyrinə ola bilər. Ona elə yanaşarıq ki, onun xeyrinə olar. Biz ona aqressiv yanaşmaqla ona xeyir verə bilərik. Bayaq çox gözəl vurğuladın ki, başımıza dərini geyindirdikcə biz onun ətəyindən yapışırıq, ətəyindən öpürük. Bir xalqın gözünü açmaq üçün ona yad olan pozucu fikirləri, əhvalları aqressiv üsullarla təmizləmək istədikcə, o, ondan beşəlli yapışır. Qayıdıb sənin gözünü deşir ki, dəymə onun xətrinə. Məhərrəmlik deyilən bir şey var. Yığışıb Hüseynin öldürülməsinə şivən qoparırlar. Ən çox Bakı və Bakıətrafı kəndlərdə. Başlarını-gözlərini yarıb qanadırlar, dəhşətli nifrət püskürürlər. Axı kimə qarşı? Yezidin yüz arxadönənindən bir kimsəsi belə, Azərbaycanda yoxdur. Hüseynin min dənə arxadönənindən belə, bir kimsəsi Azərbaycanda yoxdur. Bəs sən bu nifrəti kimə qarşı yönəldirsən? Elə İranın istədiyi də budur. Bizi qardaş qarşıdurması səviyyəsində saxlayır ki, Güneyli, Quzeyli Azadlıq mübarizəsi aparmayaq. Azərbaycanda müəyyən bir sünni kəsimi də var. Şiə sayılanların nifrətini əslində guya Yezidin tərəfdarları olan həmin sünni kəsimə qarşı yönəldirlər. Nifrəti şərə qarşı deyil, öz qardaşının üstünə səpələyirlər. Siyasətdə də bu belədir. Bunu mən “Mitinq tələsi” adlı bir yazımda yazmışdım ki, insanları mitinqə çağırırlar, arxasında durmurlar. Qışqırdırlar, bağırdırlar. Nifrəti boşalır küçələrə, ya da bir-birinə. Nifrət şərə qarşı yönəlmir, soyuyur. Sonra hamı evinə çəkilir. İkinci, “Şiə Azərbaycanı”nın Aşuradakı nifrəti Türkiyə türkünə qarşı yönəlir. Yenə də Türkiyə ilə Azərbaycan arasında Sultan Səlim-Şah İsmayıl sərhəddi çəkilir. Ona görə deyirəm, biz Məhəmmədi söyməyək, həqiqəti söyüşsüz deyək. Söyüş fəlakəti gizləyir, fəlakət dərk olunmur və söyüşdə fəlakəti yaradan bəraətlənir, müdafiə olunur.
Fəxrəddin bəy: Söyüş yox, sadəcə olaraq ələşdirmə, araşdırma və tənqid etmə…
Soylu Atalı: Bəli. Həm də əvəzini ortaya qoymaq.
Fəxrəddin bəy: Ələşdirilsə həm də yaxşı nəyi varsa, o da ortaya çıxar. Təbii ki, hələ ortada yaxşı heç nə tapmamışam.
Soylu Atalı: O ki, qaldı xalqın keçmişi məsələsi, məncə hər şeyi xalqın keçmişindəki çatışmazlıqlara bağlamaq doğru olmaz. Yəni keçmişdə naqis bir dövr yaşayan xalq qaranlıqdan, cəhalətdən, cəfəngiyyatdan çıxa bilər. Müsbət addım ata bilər. Ancaq xalq keçmişindəki naqislikdən ayrılmayıbsa, bu başqa. Türkün özünə deyirlər, dünən sən imperiya yaratmışdın, məni əsarətdə saxlayırdın. Mən isə deyirəm ki, dünən səni əsarətdə saxlayırdım, imperiya yaratmışdım. Bu gün isə mən sənə Dünyabaxış verirəm, İnam verirəm, xilas verirəm. Bu da gəlir çıxır nəyə?! – Türkçülük dediyimiz anlayışın həqiqi mənasını xalqa, xalqlara təqdim eləməyə. Bax, biz rusçuluğu dışlayırıq, ingilisçiliyi dışlayırıq, farsçılığı dışlayırıq. Türkçülüyü irəli sürürük. Qayıdıb bizə deyərlər ki, niyə farsçılıq pis olur, amma türkçülük yaxşı? Onda deyirik ki, biz türkçülüyü, ordakı farsçılıq səviyyəsində, farsçılıq şovinizmi kimi, eybəcərliyi kimi yaratmırıq. O cür olarsa, türkçülüyü də rədd edərik, ləğv eləyərik.
Asif Ata Azərbaycanı obrazlaşdırır. Azərbaycanı üç mərhələdən ibarət təhlil edir: “dünənimiz, bu günümüz, sabahımız”. Dünənimiz, yəni qədimliyimiz. Qədimliyimiz də başlayır Azərbaycanın ruhani mahiyyətini özündə daşıyan dəyərlərdən. Zərdüştçülük, yəni mənəvi-ruhani işıqçılıq. Dünyaya işıq saçmaq. Dədə Qorqudluq, ağsaqqallıq, böyüklük. Dədə Qorqudluq özü mahiyyətcə işıqçılıqdır. Babəkçilik, yəni Xürrəmidinlik, Fərəhçilik işığı. Hürufilik işıqçılığı, Füzulilik işıqçılığı, Muğamlıq işıqçılığı və Sazçılıq işıqçılığı. Bunlar hamısı işıqçılıqdır. Bax, Azərbaycanın Dünəni budur. Bu gün Azərbaycan nədir? Bu gün Azərbaycan bayaqdan danışdığımız əsir-yesir, zəlil, zavallı, miskin, ayaqlar altında qalmış, dəyərlərinə sahib çıxmayan bir toplum. Sabahkı Azərbaycan nədir? Sabahkı Azərbaycanda Asif Ata öz yaratdığını ortaya qoyur: Mütləqə İnam əsasında, Kamil İnsan əsasında, Xəlqi Birlik əsasında, Müstəqil Vətən əsasında, Özümlü Şərq əsasında, Ləyaqətli Bəşər əsasında qurulan və dünyaya sözünü deyən İnam Azərbaycanı. Bax, bu, Atanın obrazıdır. Bu obrazla Asif Ata Azərbaycanın içinə gələn yadlıqları dışlayır. Deyir ki, mənim içimdə sənə yer yoxdur…
Mən də yadlığa dirəniş göstərmək üçün özümdə güc tapıram bu gün. Mən özümdə Asif Ata adlı güc tapıram. O zəminin üzərində dayanıb dünyanın yadlığına, yağılığına dirəniş göstərmək halındayam. Dünyanın yadlığına dirəniş göstəməyincə, özümü qura bilməyəcəm. Özümü qura bilməyincə, dünyaya doğmalaşa bilməyəcəm, millət olaraq.
Fəxrəddin bəy: Doğrudur. Tam razıyam. Bir qeyd edim. Füzuliyə olan münasibətim Axundovun ona olan münasibətinin davamıdır.
Soylu Atalı: Sözünü kəsirəm, bağışla, bir az etikasızlıq olmasın. Mən Füzulini qəzəllərdə görürəm, fəlsəfi hekayələrində görmürəm. Füzulini “məni Hüseynin ayağının altında basdırın”da görmürəm. O, Füzuli deyil, – Hüseynin ayağının altındakı. Hüseyn özü ərəb üçün hadisədir, özü bilər. Amma Hüseynin ayağının altında basdırılan Füzulinin Azərbaycana dəxli yoxdur.
Fəxrəddin bəy: Ümumiyyətlə, onun özü də əslində mübahisəli bir məsələdir. Həqiqətdə nə elə bir vəsiyyət var, nə də elə bir qəbir.
Soylu Atalı: Üzr istəyirəm, Fəxri bəy. Mən onun basdırılıb-basdırılmamasını nəzərdə tutmuram. Mən o məntiqin özünü əsas götürürəm ki, o ifadəni işlədən adamı mən Füzuli hesab eləmirəm.
Fəxrəddin bəy: Nizami mənim üçün Azərbaycanda doğulmuş fars şairidir. Necə ki, milli kökünə görə Puşkinin ata babası da ərəbdir. Amma kimə, hansı irsə xidmət eləyir, hansı xəzinəni zənginləşdirir, hansı millət üçün çalışır, bu, əsas götürülərsə o dahi rus şairi sayılır. Ona görə də həmin məntiqlə çıxış eləsək, Nizaminin Azərbaycan xalqına aidiyyatı yoxdur. Çünki Azərbaycanda doğulsa da, farsca yazıb, fars ədəbi irsini zənginləşdirib, farsdilli ədəbiyyata aiddir. Bəşəridir, ancaq Azərbaycana aidiyyatı Viktor Hüqonun Azərbaycana aidiyyatı qədərdir.
Soylu Atalı: Firdovsini mən sevmirəm, çünki şovinistdir. Amma Firdovsi ilə Nizamini müqayisə eləmişəm və yazmışam ki, kaş bizim şairimiz Nizami də Firdovsi kimi milli qeyrətdə olaydı.
Fəxrəddin bəy: Firdovsi fars üçün elə farsçılığın simgəsiydi.
Soylu Atalı: “Şahnamə” fars üçün Tövrat deməkdir.
Fəxrəddin bəy: Mənim üçün arzuolunmazdır, ola bilər mənim üçün ən pis adamdır. Amma milləti üçün qəhrəmandır. Ola bilər ki, Firdovsiyə bizim münasibətimiz türk baxışıdır. Yəni basqı altında olan türk baxışı. Güneydə 35 milyonluq soydaşının haqqı tapdanan türk baxışı. Fars şovinizminin tapdaladığı türk baxışı.
Soylu Atalı: Yenə məni bağışla. Mən “Şahnamə”ni oxuyandan sonra yazı yazmışam. Firdovsiyə türk baxışıyla yox, lap bəşər övladının baxışıyla baxıram və deyirəm: Türk millətini farsın tör-töküntüsü elan eləyən bir şairi mən bəşəri saymıram. Şahnamə başdan-ayağa türkü farsın tör-töküntüsü elan eləyir. Mən məsələyə dar mənada türk kimi yanaşmıram. Sonra, Puşkinə də, türk təəsübkeşliyindən başqa bir bəşər övladı kimi yanaşıram. Sən necə bəşəri şairsən “1829-cu ildə Ərzuruma səyahət” əsərində yazırsan ki, dünyada türklərin (kalmıkların) mədəniyyətindən eybəcər, məişətindən murdar bir şeyə hələ mən rast gəlməmişəm.
Fəxrəddin bəy: Füzulinin bir özəlliyi var, Nizamidən fərqli. Nizamini oxuyub öyrənmək üçün fars dilini bilmək kifayətdir. Amma bu Füzuli üçün keçərli deyil. Füzulini başa düşmək üçün üç dil bilgisi lazımdır. Məsələn, fars dilini bilən alman anlaya bilməyəcək. Çünki o, gərək ərəb dilini də bilsin, üstəgəl gərək türk dilini də…
Oqtay bəy: Üzr istəyirəm, hələ üstəgəl sufi estetikalarını bilməlidir, mistikanı bilməlidir.
Fəxrəddin bəy: Bu da üstünə gəlir. Amma mənim üçün Azərbaycan ədəbiyyatı başlayır Axundovdan. Bir də tarixin dərinliklərində bir Günəş kimi parlayıb söndürülən Nəsimi. Yəni Nəsimidəki o yol, Nəsimidəki o mübarizlik, Nəsimidəki o barışmazlıq, haqlı olmaq, haqlı olmağına da mütləq əmin olmaq və buna görə də ölümün gözünə baxmaq. O, mübarizlik Babəkdə başlamışdı. Babəklə başlayan özünə bağlılıq, özünü haqlı bilmək, “haqlıyam. Bilirəm ki, haqlıyam” düşüncəsi. Və buna görə ölümü özünə rəva bilməsi. Mənə elə gəlir ki, Babəklə Nəsimi arasındakı o bağlılıq, bənzərlik ikisinin də ruhundakı mübarizlik yanğısı, haqlı olduğuna əminlik düşüncəsi idi. Füzulidəki o melonxoliya ki vardı, “ruzi hicrandır sevin, kim bu qəfəsdən bu gün mən səni əlbəttə azad eylərəm”. Yəni ruhun bədəndən çıxması, ruhun azadlığı, ruhun bu ilahi məqama yetməsi, bax, bu Nəsimidə başqa cürdür. Nəsimidə özünəməxsus dəlisovluqla, türk cəngavərliyiylə içindəki duyğunu, istəyi kəskin şəkildə ortaya qoymaq, tələb etmək. Allahın özündən belə, Tanrının, yaradıcının özündən belə tələb etmək. Yəni ərəbin gətirdiyi o “əşi Allah bilən məsləhətdir, verər, verər, verməz də ki, verməz” təfəkkürlə yox. Türkün ki, Tanrıyla hesablaşması var, sən mənə məsləhət eləyə bilərsən, önərə, göstərə bilərsən, sən mənə əmr edə bilməzsən. Yəni türkün Tanrı anlayışında son qərar vermə haqqını özündə saxlama inanışı var idi. Ona görə də o, Şərqdən Qərbə, o tərəfdən üzü bu yana gələ bilirdi. Çünki içində mübarizlik var idi, melanxoliya yox idi. Allah, Tanrı ona ancaq məsləhət eləyə bilərdi, qəbul edib, etməmək mənim öz seçimimdir. Tanrı mənim dostumdur, mən ona aşiq oldugum sevgilim kimi baxıram, ilahi sevgi, qutsal eşq. O mənim sevgilimdir ağam deyil. Tanrıyla türk arasında dost, yaradıcı və yaradılmış, amma son qərar sahibi olan yaradılmış bağlılığı var idi. “Bəndəlik, ağalıq” əlaqəsi yox. “Biz onun qulu, köləsiyik və yaxud o bizi heçdən yaratdı, o bizim sahibimizdir” bilinci deyil. Tanrısına köləlik etmək etiqadı yox idi əski Türk inanışında. Türk içində özünə sahib olmaq ixtiyarını çıxarıb kiməsə verməmişdi. Div, şüşə məsələsi. Div canını çıxardıb şüşəyə qoyması kimi. Türkün özünə hakim olması, özünə əmr etməsi, özünə nəyi məsləhət bilməsi… Ərəbin gəlişiylə içinə, ruhuna qorxu girdi, ruhuna qorxu, mütilik hakim oldu. Özünə deyil, özündən kənardakına tabe oldu.
Soylu Atalı: Doğrudur, kənar iradəyə təslim olmaq ölümdür. Mən Füzuli və Nəsimi ilə bağlı müəyyən məsələləri sizinlə bölüşmək istəyirəm. Birinci, əvvəla, Füzuli diliylə bağlı demək istəyirəm. Füzulinin dili Azərbaycan dili idi. Ancaq o Azərbaycan dili təbiidir ki, bugünkü Azərbaycan dili deyildi. Qarışıq bir Azərbaycan dili idi. Bunun səbəbi nə idi? Axı Füzuli Bağdadda yaşayırdı. Mən deyərdim, əksinə, bu, Füzulinin bir üstünlüyüdür ki, Bağdadda yaşaya-yaşaya Azərbaycan dilində yazdı, yaratdı. Füzuli Azərbaycan dilinə neyləsin ki, o dil qarışmışdı. Onun ayrı dili yox idi, yaşadığı dövrdə. Məsələn, mən bir misal çəkirəm, Asif Atanın birinci dəfə Mütləqə İnam kitabı Kiril əlifbasıyla çap olunub. Asif Ata yazılarını Kiril əlifbasıyla yazıb. İndi sabah durub biri suçlasın ki, Asif Ata niyə Kiril əlifbasıyla yazılarını yazıb?! Asif Ata neyləsin ki, təhsil aldığı, oxuduğu dövrdə Kiril əlifbası var və türk əlifbası yaranmayıb. Bu mənada Asif Ata hətta bizə (davamçıları olaraq) göstəriş də verir ki, türkün öz əlifbası yaranmalıdır. Və o əlifbada yazıb yaratmalısınız. Biz o əlifbanı yaradıb ortaya qoyduq. İndi o əlifbayla yazırıq. Bu gün azərbaycanlılar bu əlifbaya ögey baxırlar.
Fəxrəddin bəy: Görmüşəm. Onu mən Uluyol bəydə görmüşəm.
Soylu Atalı: Bəli, bax, mən bu tədbiri bayaqdan o əlifbayla qeyd edirəm. İndi dediyim odur ki, Asif Atanın yaşadığı dövr Kiril dövrüdür. Bunları nəzərə almalıyıq. Füzuli Bağdadda yaşayırdı və onun da Azərbaycan dili o gündə idi. Amma ruh, yön əsil mənada Azərbaycan idi, Füzulidə. Sonra, Hürufilikdə Nəsimi döyüşkən ruhdur. O ideyanın daşıyıcısı idi Nəsimi. Bir ideoloji döyüş də var idi Nəsimidə. O ruh var idi. Füzulidə ideya daşıyıcılığı yox idi. Məsələn, Füzuli Hürufi deyildi, Sufiydi. Ona görə də Füzuli öz yaradıcılığıyla Nəsimi yaradıcılığından bu cəhətiylə ayrılır. Nəsimidə qırım var, hökm var. Füzulidə isə sevgi var. Bir şeydir. Ancaq hal fərqi var. Muğamla Sazın fərqi kimi qəbul edirəm. Nəsimidə qırım, hökm çağlayırdı, Füzulidə eşq fəryadı. Hər ikisi türk keyfiyyətidir. Füzulinin “Heyrət ey büt”ü əslində ənəlhəqq ideyası idi, Babəkdən başlayan. Babək deyirdi içimdə Şirvin gəzdirirəm, yəni mənəm, məndədir! Həqq mənəm! Mahiyyətcə oydu. Ondan sonra X yüzildə Hüseyn Mənsur Həllac o sözü dedi, Ənəlhəqq ideyasını. Mənsurun Ənəlhəqqi Allaha qovuşma anlamında idi. Ondan sonra Nəiminin və Nəsiminin ənəlhəqqi isə insanın Allah olması anlamında idi. Buradakı ənəlhəqq birdən-birə kəskin dəyişdi və insanın özünü Allah saydı. Allaha qovuşmaq azdır dedi, Allah özüməm. Bunlar bir xətt üzrə gəlir. Azərbaycan ruhudur. Türk ruhudur. Azərbaycanın Azərbaycançılıq mahiyyətidir. Biz Füzulini burda görürük, budur Füzuli. Məncə məsələyə bu cür yanaşanda dəyərlərimizin yerini düzgün müəyyən eləyə bilərik.
Fəxrəddin bəy: Çox sevindim sizlərlə ünsiyyətdən. Sizi bağrıma basıram.
Soylu Atalı: Biz də səni bağrımıza basırıq. Özünü orada tək hiss eləmə, bizi yanında bil.
Qeyd: Bu söhbət “Uluyol-Hünər” Ailəsinin tədbirindən sonra oldu. Günev, Elana, Ulusəs, Nurtəkin, Nəsibə xanım, Yasin bəy də bu ünsiyyətdə iştirak edib, hərdənbir söhbətə qatılıblar. Bu söhbəti ixtisarla veririk.
Səsdən sözə çevirdi: Ulunur Atalı
Xəzan Ayı, 33-il.
Atakənd. İnam Evi.
(oktyabr, 2011)