…İlahi ədalət axtaranlar ən çox verdiyin vədlərə baxırlar. Məsələn, göyel (səmavi) dinlər cənnət vəd edir, bəs sən nə vəd edirsən?! Ölümdən sonra fiziki həyat vəd edirlər. Cənnəti əslində fiziki həyatın davamı kimi qiymətləndirirlər. Öləndən sonra diriləcəksən. Birinci həyatında, yəni Yerdəki mövcudluğunda yaxşı işlər görübsənsə cənnətə aparılacaqsan. Orada yaşayan sənin ruhun deyil, məzmunun, mənan deyil. Orada sənin fiziki mövcudluğunun davam eləməsi vəd olunur. Yeyirsən, içirsən, əylənirsən. Ruhda əyləncə olmur, bunu bədən edir. Bədənə xas olan, bədənin istəklərinə aid olan şeylər vəd edirlər. Bizdən də (Ocaqdan) onu gözləyirlər. Gərək biz də bədənə aid bir şeylər vəd edək. Belə bir vəd gözləməkləri çox yanlışdır.
Aşağı-yuxarı üç min ilə yaxın bir müddətdə bizə Budda adlı bir şəxsiyyət bəllidir. O fiziki yaşasaydı nə olardı?! Lap fiziki yaşayır, onun fiziki yaşaması nəyi həll edir?! Özü üçün yaşayırsa yaşasın, bunun bir anlamı yoxdur. Onun varlığı bizim üçün Mənada yaşamasıdır. Dediyini deyib, elədiyini eləyib. Əbədi fiziki yaşamağın nə anlamı var?! (O başqa məsələ ki, əbədi fiziki yaşamaq yoxdur. Göyel dinlər elə vəd edirlər).
Tutaq ki, insan fiziki yaşamını min il davam edir, bunun heç özünə də gərəyi yoxdur. Adam iki yüz il yaşasa doğrudan da bezər. Nə qədər məzmunla dolsan da, Məna üstə yaşasan da, fiziki ömür bir yerə qədər gözəldir. Nəsimilik yarım min ildir var, Nəsimi yaşayır, Mənada var. O məna ki, o məna bizim varlığımızda özünü göstərir. O ruh ki, o ruh bizim varlığımıza söz deyir. Gözəllik də odur. Yoxsa fiziki varlığı min il davam eləmək nəyə gərəkdir?! Yaşayırsan elə yaşa ki, gerçəkdən fiziki yaşamından sonra sən mənim üçün Mənada qalasan. Belə götürəndə soyun (nəsilin) davam eləməsi var. Bu davamda da sən varsan…Bu həqiqətləri dərk eləyən adam ölümdən qorxmaz. İnsanlar ölümdən niyə qorxurlar, – çünkü yaşamayıblar. Yaşamağın məzmununu düşünüb ona çatmayıblar. Ona görə vahimə bürüyür ki, heç nə yoxdur ortada, mən yox oluram vahiməsi. Qorxunc bir şey kimi gəlir ölüm, artıq biryolluq yox olacağını düşünür. Ancaq sən elə bir məzmunla dolarsan ki, fiziki olaraq, bədən olaraq, olmayacağından qorxunc bir hal keçirməzsən.
Hər şey bir yerə qədər var, sonra olmayacaq. Əbədi mövcudluq yoxdur, həyəcan keçirmək, qorxmaq ona görə var ki, dediyimiz kimi, insan cismi varlığında yaşamayıb, ortaya heç nə gətirməyib. Yaşamadığı üçün də ölümdən qorxur, hələ yaşamaq istəyir.
Bəşəriyyətdə bu məzmunu yaşamaq, anlamaq, dərk etmək kütləvi xarakter almır,insanlar ona görə qorxurlar. Bunu anlamaq az-az adamlarda olur. O az-az adamlardan olmaq özü də xoşbəxtlikdir. Gərək o adamlardan olasan…
