Xəbərlər

Soylu Atalı. İnamın bilinmə mərhələləri (III yazı)

Ağıllar böyüyüb ürəklər durulduqca inamın gərəkliyi dərk olunacaq  

Cəmiyyətdə dağıdıcı, pozucu meyillər artdıqca həqiqətə ehtiyac da böyüyür. Sözün doğru mənasında cəmiyyət xilas olmaq üçün həqiqət axtarır, İnam axtarır. Ümidsizliyin yaratdığı təşviş, ədalətsizliyin doğurduğu mənəvi iztirablar, sosial məşəqqətlər cəmiyyətin İnam işığına meyillənməsini sürətləndirir. Necə deyərlər, Şər Xeyirə xeyir verir. Hər bir hadisəyə, gedişata İnamın münasibəti  müqayisə edilir, araşdırılır, öyrənilir.
İnsanların həyatında yad baxışlarla doğma baxışlar mübarizə aparır. Artıq cəmiyyətdə anlamağa başlayırlar ki, kimlərsə Asif Atanı özünün peyğəmbəri saymaya bilər, amma onun peyğəmbərliyini, Ocağının varlığını, fəaliyyətini dana bilməz, danmaq iqtidarında olmaz. Asif Atanın baxışı, onun Ocağının hər şeyə münasibəti xəlqi meyar kimi getdikcə oturuşmaqdadır. Ocaq ardıcıl öyrədir ki, İnamçılıq həqiqətinə yetmədən xeyiri şərdən, yalanı doğrudan, ədaləti ədalətsizlikdən fərqləndirmək çətin olacaq. Əsilliyə çatmaq üçün Ruhani İdrak gərəkdir. Yalnız Ruhani İdrak dərk edir ki: Bu gün nur, işıq sözündən yapışanlar onu xurafat səviyyəsində qəbul edirlər. Bizim Azərbaycanımızın ruhani mahiyyətinə aid elədiyimiz işıqçılıq anlayışının əvəzi kimi, analoqu kimi sırımağa çalışırlar. Əslində Azərbaycanın ruhani işıqçılığı Zərdüştçülükdən başlayan mənəvi təmizlənmə, daxilən aydınlaşma, özünü dərk eləmə olduğu halda, bugünün nur axtarıcılarında göylərdə oturan adamabənzər varlığın gizli əməlləri kimi qəbul olunur. Bizdə işıq İnsanın aqibətindən yaranır, onlarda nur göylərdən insana şərt daxilində pay kimi göndərilir. Əgər göylərin adamabənzər qüvvəsini müdafiə eləsən, bu pay sənə verilər. Bu münasibət ardıcıl şəkildə türkçülüyə, milli varolmaya qarşıdır. Bu cür təsirlər ulusumuzun ideoloji, eləcə də ideya bütövlüyünün olmamasından, boşluğun yaranmasından irəli gəlir.
Ünlü türkçülərimiz Z.Göyalp, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə Atatürkün ideoloji formalaşmasında ciddi təsirə malik olsalar da, Ərbakanın yaranmasında da rol oynamış oldular. Belə ki, türkçülüyü süni şəkildə İslamçılıq və Qərbçiliklə birləşdirmələri Ərbakanlar üçün sonrakı dönəmdə şərait yaratdı. Türkçülük ciddi hadisə ola bilmədi. “Yeni doktrina yaranmadı, yamsılamaq yarandı” (Asif Ata). Qısa müddətdə qalxınma göründü, amma xalqın içində əsaslı inkişaf başlamadı.
Bugünkü həyatımız nəticədir. Türk fəlakətlərdən çıxa bilmir. Bu, Türkiyədə də belədir, Azərbaycanda da. “Türkiyə Atatürkdən sonra heç kimi vermədi” (Asif Ata). Azərbaycanın da güclə boynuna qoyurlar ki, o, H.Əliyevi verib. Bəs H.Əliyev Azərbaycanda nə yaratdı?! Çəkinmədən cavab verirlər ki, o, “əsrin kontraktları”nı imzaladı. Guya bu kontraktı heç kəs imzalaya və Azərbaycanı sata bilməzdi. Biz isə deyirik ki, H.Əliyev Azərbaycanda yüzlərlə bölücü təşkilatlar yaratdı. Başladığı kontraktlardan gələn milyardlarla vəsaiti özünün və tayfasının büdcəsinə topladı. Azərbaycanın hər yerində özünə çoxsaylı heykəllər ucaltdı (əsasını özü qoydu). İndi vəzifəyə xidmət eləyən icra başçıları öz işlərinə H.Əliyevə bağ salmaqdan və heykəl qoymaqdan başlayır.
Bugünkü Türkiyənin Azərbaycanla yaxınlaşması zahiridir, siyasidir, təməlsizdir. İslam Babəki amansız edam eləməklə, Nəsimini soymaqla, Nəimini parça-parça eləməklə türk ruhuna, yenilməzliyinə qılınc çaldı. Azərbaycan ruhu balacalaşdırıldı. Balacalaşan xalqın vətəni də parçalandı. Dövrümüzdəki Xocalı fəlakətinə qədər yeridi. Türkiyə isə hakimiyyətinə Ərdoğanı gətirdi – ağlı və arvadı çadraya bükülmüş Ərdoğanı. İndi o,  Atatürk prinsiplərinə də arxa çevirir. Belə bir hökumətə malik olan Türkiyə Azərbaycanla necə birlik quracaq?  Bu gün Azərbaycan və Türkiyə hökumətləri tərəfindən səsləndirilən ortaq türk dili, ortaq dərslik uzun dövrdür bizim arzuladığımız və mətbuatda ardıcıl vurğuladığımız bir ideyadır. Buna baxmayaraq, Türkiyə hökumətinin bu ideyaya yönəlik müsbət münasibətindən adam sonacan sevinə bilmir. Çünki bu ortaqlığın dalınca Ərdoğanın “mavi” çadraları gələcək. Və İranın qara çadraları ilə Azərbaycanda rəqabətə girəcək. İslam ruhlu hakimiyyətin türk birliyi yarada bilməsini təsəvvür eləmək çətindir. Qədimdə də bu məntiq özünü göstərib. Zahirdə genişlənən (imperiyalaşan) türk daxildən kiçildi, əridi. Osmanlı imperiyasının qüdrətindən ağız dolusu danışanlar orada türk ruhunun qüdrətini göstərə bilməzlər. Başqa sözlə, möhtəşəm səltənət yaradanlar türk inamı, türk birliyi yarada bilmədilər. Eləcə də Ş.İ.Xətainin Səfəvi imperiyasından heç nə qalmadı, çünki içi özgələşmişdi. İndi bizim millətimizə Ş.İsmayıl milləti demək çətindir. Əlbəttə, Ş.İsmayılın yaratdığı dövlətçilik ənənəsi cahanşümul hadisə idi. Amma bu hadisənin arxasında Ş.İsmayılın qolu dayanırdı. Türk ruhu, türk dünyabaxış sistemi dayanmırdı. Qolu türk idi, gözünün baxarı,  mənəviyyatının yönü (qibləsi)  türk deyildi. Bu gün də Azərbaycan dövlətini yadlaşma əsasında qorumağa çalışırlar. Bu cəhdlərdən də heç nə qalmayacaq. Gözümüzün qabağında Azərbaycançılıq – etniklərlə oyun oynamaq səviyyəsinə endirildi. “Hamı azərbaycanlıdır” deyimində dəhşətli bir ruhsuzluq var. Bu deyimdə Azərbaycan coğrafiya səviyyəsindən başqa heç nə ifadə eləmir. Hakimiyyəti qorumaq siyasətidir bu. Bunu uzaqgörənlik, müdriklik kimi dəyərləndirənlər anlamadılar ki, bu gedişlə Azərbaycanda türk ruhu bilinmir, qurulmur və qəbul olunmur. Azərbaycançılıq – yəni mücərrəd hamıçılıq.
Əslində Azərbaycançılıq – türk ruhunun ifadəsidir. Azərbaycan türk ruhunun ünvanıdır. Bu mənada Azərbaycançılıq–Türkçülük birliyi yaranmalıydı. Amma türkçülük Azərbaycançılıqdan ayrıldı və qanundan çıxarıldı. Azərbaycançılıq da oldu hamının birgə yaşayış ünvanının yalançı ideoloji anlayışı. Bu anlayış, dediyimiz kimi, özündə heç bir ciddi ideya daşımır.
Yaxşı şeylərdən icazə veriləndə danışırlar – siyasətin xeyrinə. Siyasətin əlinə harda imkan düşür ən uca ideyaları öz adına çıxır. Amma heç nəyə doğruçu əməl eləmir. Uca idealların arxasında durmaq asan deyil. Gərək o idealın ruhuna uyğun yaşayasan ki, özünü yiyə kimi görə biləsən. “Biz bir millət, iki dövlətik” deyilişini az qala kəşf kimi, heç kimin ağlına gəlməyən bir ideya kimi dəyərləndirənlər unudurlar ki, Azərbaycanda türk adını rəsmi şəkildə bu deyimin müəllifi ləğv elədi. Elan olunmuş müstəqilliyimiz dönəmində türkçülüyün məzmununa doğru bircə dənə rəsmi səviyyədə prinsipial addımın şahidi deyilik. Torpağı müqəddəsləşdirən, yurd səviyyəsinə qaldıran dəyərlər dövlət idarəçiliyində özünü göstərmir.
Torpağın Yurd səviyyəsi – bizim üçün Ocağın xalqlaşması deməkdir. Ocağın xalqlaşması Yurdun qorunması səviyyəsi yetirir. Xalqı xalq eləyən dəyəri yaşatmaq üçün Vətən qorunur. Bu mənada Ocağın müttəfiqi yoxdur. Heç rəqibi də yoxdur. Partiyalar, təşkilatlar Ocağın dünyabaxışını qəbul edəndə belə müttəfiq deyillər. Yəni onları Ocaqla müttəfiq edəcək elə bir ortaqlıq yoxdur. “İkisi, üçü … Əl-ələ verib işləyər” anlamı ilə Ocağa yaxınlaşmaq mümkün deyil, doğru da deyil. Ocaq ideyalarından bəhrələnib iş görmək olar, Ocaqla birgə yox. Ocaq ruhaniyyat hadisəsidir. Ruhaniyyat hadisəsi isə təşkilatlar kimi iki olmur, çox sayda olmur. Təşkilatların içində kimlərdəsə səmimi olaraq hakimiyyətə gəlib xalqa xidmət eləmək istəyi ola bilər. Lakin bununla belə, o kəslər Ruhaniyyatla eyni işi görmürlər. Ruhaniyyat xalq yaradır – onun gələnəklərini, azadlığını, aqibətini yaradır. Başqa hadisələr belə əsaslı məqsəd daşımır. O hadisələrin belə bir məqsəd daşımaq imkanı olmur. Başqa hadisələr təməl deyil, özül deyil, üzdür, üzdəkidir. Bu səbəbdən də başqa hadisələr Ocağın rəqibi də deyil. Heç din də Ocağın rəqibi deyil. Rəqabətdə sıra var, təbəqə var, birincilik, ikincilik var, aşağı, yuxarı var. Ocaq İnamı dini əvəz etmək məqsədi daşıyır. Onunla birinci, ikinci olmaq yarışına girmir. Ocaq ardıcıl vurğulayır ki, din getməlidir, o insana gərək deyil, bu vaxta qədər də gərək olmayıb. Ümumən Din və İnam yalanla doğru kimidirlər. Bunlardan birinin varlığı o birinin yoxluğu deməkdir.
Məsələnin bu cür qoyuluşu Asif Atanın güzəştsizliyinin, prinsipiallığının tələbindən irəli gəlir. Və bu tələb İnamın əsillik səviyyəsində qəbul olunması üçün zəmin hazırlayır.
Ocaqdan kənarda bütün hadisələr, fəaliyyətlər, təşkilatlar insana tale qəlibi düzəldirlər. Başqa sözlə, İnsanın taleyini ideologiyaya tapşırırlar. İdeologiya ən yaxşı halda insana xidmətçilik öyrədir. Ocaqda İnsanın taleyi Ruha tapşırılır. Ruh insana yaşamaq öyrədir. İnsan mübarizə tələbinə tabe etdirilmir, özündə mübarizə tələbini yetirir. İdeologiyanın tələbi məcburi qarşılanır. Ruhun tələbi ali sayılır.
Dünya kədərlidir, əzablıdır, müxtəliflikdir, ziddiyyətlidir, təzadlıdır. Bu səbəbdən də İnsan dünyaya münasibətdə çaşa bilir. İnsanın dünyaya münasibətdə çaşmaması üçün o öz adi halından yüksəyə qalxmalıdır. Ruhani qüdrətlə dünyanın hər cür xassələrini, məqamını, gedişatını özü üçün aydınlaşdıra, müəyyənləşdirə bilir. Adi səviyyəsində isə dünyanın kədərində, əzabında, müxtəlifliyində, təzadlarında dolaşır, haldan-hala düşür. Sabitliyini, səbatlığını itirir, – yoxluqla varlıq arasında mövcud olur və son anda yoxluğa dönür. İnsan təbiətin ünsürü kimi görünüb yox olur. Təbii ki, istənilən səviyyədə, halda insanın təbiətdən fərqliliyi var. Fəqət bu fərqlilik bütövlükdən çox aşağı olduğu üçün onun gerçək həyatı sona çatandan sonra az müddət qalır, sonra bu fərq də silinib gedir. Belə bir fərq insan haqqında ən yaxşı halda xatirat yaradır, gerçək həyatda mövcud olduğunu nişan verir, yaxınlarının yaddaşında saxlayır və getdikcə unudulur. Lakin İnsan ruhani qüdrətini təsdiq edəndə nəinki təbiətdən fərqliliyini elə-belə göstərir, xalqın mənəvi həyatında yaşadığı, yaratdığı ali ömrün təsiriylə varolmağa çalışır, yoxluqdan çıxır.
Ocağın İdrakda, düşüncədə yaratdığı və fərd-fərd gerçək həyatda təsdiq elədiyi həqiqətçilik bütövlükdə xəlqi rəğbət yaradır və yaşam meyarına çevrilməyə başlayır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir