Xəbərlər

Soylu Atalı. İnamın İnsanilik Bayramı

DSCF0115Bayram İnsanın sevincinin xüsusi bir məqamıdır. Məsələn, hər kəs doğum gününü bayram edir. Əslində dünyaya gəlişinə sevinməyini ifadə edir. Ancaq bütün insanlar dünyanı sevirmi, dünyanın mənası ilə vəhdətdə yaşayırmı?! Dünyanı sevmirsə, dünyayla vəhdətdə yaşamırsa, doğum gününü niyə bayram edir?! Bir çox adamdan soruşsan ki, doğum gününü niyə bayram edirsən, əsaslandırılmış cavab verə bilməz. Sadəcə bir adət halını alıb deyə, hər kəs bu adəti özü üçün tətbiq edir. Əslində isə doğum gününü bayram eləmək ciddi bir məsuliyyətdir. Belə ki, heç kim bu fərdi bayramını tək keçirmir. Yaxın-uzaq adamları, dostlarını dəvət edir. Bu bayramın nədəni heç kimə aydınlaşmadan yola verilir. Süfrə açılır, yemək-içmək və bayramı keçirilən adamın şəninə təriflər söyləmək. Lakin bu bayramın mənası yoxdur, insan dünyaya gəlişi ilə ömrünü ülviyyətə qovuşdurursa, bunu bayram eləməlidir: Dünyaya gəldim, dünyanı dərk elədim, dünyanı sevdim, insanı tanıdım, həqiqəti anladım, birinə atalıq haqqı verdim, birinə analıq haqqı verdim, birinə övladlıq haqqı verdim.
Yəni məni dünyaya gətirən qadında analıq mənası aşkarladım. Kişidə atalıq haqqı aşkarladım. Dünyaya gətirdiyim uşaqda övladlıq haqqı aşkarladım – nəsil oldum, xalq oldum. Böyük mənalara qovuşdum… Bayram bu məzmunun izharı olmalıdır.

Eləcə də insan vətən qurur, onu müqəddəsləşdirir, onun azadlığını təmin edir; dövlət qurur, onun asılılığa düşməsinə qarşı mübarizə aparır, ictimai inkişafın təkanvericisinə çevirir. Bu yaratdıqlarının məzmunu ilə yaşadıqca ömür dolur, zənginləşir. Məqsədlərinin doğrulmasından yana sevincini, fərəhini bayram edir. Bu bayramda sevincinin, fərəhinin məzmununu izhar edir. Gələcəyə üz tutur, nikbinliyini ifadə edir.

Ancaq bu gün cəmiyyətdə keçirilən bayramları araşdırsaq, görərik ki, ya məzmun yoxdur, ya da məzmun təhrif olunub. İnsanın nəyi bayram eləməsi özünə aydınlaşmır. Keçirdiyi bayramın onun ömrünə, sevincinə, sevgisinə nə qədər qatqısı var, bu suala cavab vermək çətindir. Məsələn, bir çox xalqlarda oruc ənənəsi var. Bu ənənə bioloji orqanları təmizləməklə ona dinclik vermək, başqa sözlə, bədəni tərbiyə etmək anlamındadır. Ancaq müsəlmanlar onu təntənəli şəkildə, süfrələr bəzəmələrlə qeyd edirlər. Yaxud keçmiş ölkə rəhbərinin hakimiyyətə gəldiyi günü ümummilli bayram elan edib küçə konsertləri təşkil edirlər. Bu konsertlərdə həyatını əxlaqa zidd quran yarımçılpaq qadınların antimusiqi ovqatları nümayiş olunur. Ümumiyyətlə, siyasi bayramların hamısı bu yöndədir. Dini bayramlar da həmçinin, insanın ləyaqətinə dəxli yoxdur. Məsələn, Animizm dövründən qalma qurban bayramı. Əgər heyvanları boğazlamaq bayram edilirsə, çağımızın quldarlıq dövründən nə fərqi olur ki?!

Butün bunları hesaba alaraq deyə bilərik ki, Yurdumuza İnamın Gəlişi böyük dəyişikliklərin başlaması deməkdir. Bu gün topluma İnam bayramları təqdim edirik.

Dünya özündən ayrılıb. Bu səbəbdən də insanı öldürür – hərcayiləşdirir, caniləşdirir, əxlaqsızlaşdırır.

İnam İnsanı dirildir – Mənəviyyata yüksəldir, Millətə yüksəldir, Bəşərə yüksəldir.

Siyasət İnsanı öldürür, yəni onu sürüyə çevirir, bicliyə alışdırır, yaşamaq uğrunda heyvani mübarizəyə qoşur.

İnam insanı özünə tanıdır, aşkarlayır, böyüdür, gələcəyə yönəldir.

Din İnsanı öldürür, onu qorxuya, yalana, ikiüzlülüyə, yalançı möminliyə bağlayır.

İnam İnsanı kamilləşdirir, ləyaqət uğrunda mübarizəyə böyüdür.

İnamı heç nə ilə müqayisə eləmək mümkün deyil. Heç nə İnam qədər səmimi, sağlam, doğru, bitkin deyil.

Bir çox nəzəriyyələr insanı necə var elə götürür, elə öyrənir. Ona görə də İnsanda qabağa gedə bilmədilər. Ona görə cəmiyyət yerində saydı. Bu gün hamı demokratiyaya çağırır. Ancaq heç kim nə çağırışına inanır, nə də gedişatdan razıdır. Çünki heç kim nə istədiyini özünə izah eləmir, başqalarına deyir. Özünə aydın olmayan söz başqalarında gerçəkləşə bilməz.

İnamın tələbi İnsandan başlamaqdır.

Yurdumuzu qurmaq istəyirikmi, gəlin insandan başlayaq.

Millət olmaq istəyirikmi, gəlin insandan başlayaq.

Ədalət istəyirikmi, gəlin insandan başlayaq.

İnsandan başlamayan söz insani əməl yetirməz.

İnsandan başlamayan həqiqət yalana bənzəyər.

İnsanı tanımayan ürəklər abad olmaz.

Abad olmayan ürəklərdə Azadlıq bəslənməz.

Azad olmayan cəmiyyət sürüdür.

Azad olmayan bəşər ölüdür.

İnsanilik – Bəşərin Diriliyidir.

İnsanilik Bayramımız qutlu olsun!

Atamız var olsun!

13 Günəş Ayı, 35-il. Atakənd.

(mart, 2013. Bakı.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir