I. FƏRD və KÜTLƏ
İnsan haqqında təsəvvürlər, bilgilər, axtarışlar çox mürəkkəbdir və müxtəlifdir. İnsanın mənşəyi, psixologiyası, sosial həyatı, ictimai mövqeyi haqqında çoxsaylı mülahizələr ortaya qoyulmuş, əksər hallarda insanın fərd olaraq dərk olunması arxa plana keçmişdir. Biz insanın mənşəyi haqqında gərgin axtarışları təbii sayırıq. Bu, idrak məsələsidir. İdrak cavab tapmamış axtarışları dayandırmır. İnsan hardan başlayır, insan varlığının dərk olunması mümkündürmü və s. bu kimi suallar həmişə aktual olub. Dünyəvi sayılan dinlər (əsasən semit dinləri) insanın kənar qüvvə tərəfindən yaradılması üzərində dayanır. Başqa baxışlar bununla bağlı əsaslı bilgiyə malik olmadıqları üçün dinlərin fantastik qənaətlərini təkzib etmirlər. Təkamül nəzəriyyəçilərinin “insan heyvandan əmələ gəlibdir” qənaətləri isə, ümumiyyətlə, qeyri-ciddidir.
Asif Atanın yaratdığı İnama görə, insan mənaca əzəlidir. İnsan özündə İnsanilik adlı məna daşıyır. Bu məna yaradılmır, sonradan yaranmır. Ümumiyyətlə, Mənanın yaradılması, yaxud sonradan yox yerdən peyda olması doğru deyil. Gerçəklik hardansa başlayır, hansısa zaman kəsiyində mövcud olur və dayanır, fəqət yox olmur. Məna da gerçəkliyin içindədir, ondan kənarda deyil. Mənanın əzəliliyi isə əsas verir deyək ki, insan haradansa başlamır, o əzəlidir. Məna ilə gerçəkliyi bir-birindən təcrid eləmək olmaz. Əlbəttə, Məna və gerçəklik keyfiyyətcə fərqlidir, lakin biri digərindən kənarda deyil. Şübhə yoxdur ki, “Yaradıcı Allah” ideyası Məna ilə gerçəkliyi təcrid eləyən fikirlər əsasında formalaşıb. Dünyanın kənardan yaradılması və idarə olunması onun mexaniki bir şeyə çevrilərək bəsitləşməsi və təbiiliyini itirməsi demək olardı. Bizə görə, bu cür baxışların elmi və idraki əsası yoxdur. O ki qaldı mənanın təzahür prosesi, yəni maddi təzahür etməsi və həm də məna olaraq qalması necə baş verir, – şəxsən mən bir fərd olaraq bununla bağlı nəsə demək iqtidarında deyiləm. Bəlkə də bunun sözlə ifadəsi mümkün deyil. Bu yazıda biz insanın ruhani varlıq olması ideyası üzərində dayanmaq istəyirik. Lakin müraciət elədiyimiz bu ideya bizə tarixdən gəlmir, Mütləqə İnam sisteminin tərkib hissəsidir. Dində, cəmiyyətdə, fəlsəfədə, quruluşlarda insana olan münasibət bizi qane etmir. Bizim baxışımıza görə, ictimai, siyasi, milli problemlərin əsasında insana doğru qiymət verilməməsi dayanır. İnsan üzərində sonu görünməyən basqılar təkcə həyati problemlərlə məhdudlaşmır, bizim hər an müşahidə elədiyimiz daha amansız fəlakətlərlə sonuclanır. Fərd azadlığını itirəndə ədalətsizlik mühiti yaranır. Belə bir mühitdə zor həlledici olur. Fərd cəmiyyətdə zor vasitəsiylə idarə olunur. Əlbəttə, çıxış yolunu fərdin tərki-cəmiyyət həyat tərzi yaşamasında axtarmaq doğru deyil. Fərdlərin birgə yaşamaq zərurəti mövcuddur. Bu zərurətdən qaçmaq mümkün deyil. Elə ona görə də ayrı-ayrı dövrlərdə fikir, düşüncə adamları fərdlərin toplum halında yaşamasını təmin etmək məqsədiylə vahid bir meyar axtarmışlar. Bu axtarışlar fəlsəfi düşüncələr, dini baxışlar qismində mövcud olmuş və həyatın gedişinə təsir göstərə bilmişlər. Lakin arzu olunan həyat qurulmamış, İdeal mücərrəd olaraq qalmışdır. Çünki işin çox az hissəsi insandan asılı götürülmüş, daha çox hissəsi isə insandan kənarda dəyərləndirilmişdir. Yaranan qanunlar, dövlət quruluşları həyatı idarə etmək məqsədi daşımışdır. İnsanın ağlı, düşüncəsi, əməyi, imkanları idarə olunmuş və mənimsənilmişdir. Bunun sayəsində insan fərdi qüdrətini itirmiş, alətə, vasitəyə çevrilmişdir. Həqiqətə xidmət etmək düşüncələri tərk etmiş, həyat uğrunda heyvani mübarizə bərqərar olmuşdur. Azadlıqdan məhrum olmuş, müstəqilliyini itirmiş insanların birgə yaşamaq məcburiyyəti kütləvi məzmun almış, insan kütləyə çevrilmişdir. İnsanın taleyində mürəkkəblik yaradan amillər maraq doğurur. İnsanla bağlı, onun həyatını yönəldən məsələlərlə bağlı nəyisə asan qəbul etmək və ya asan rədd etmək ciddiyyətdən deyil. Nəyinsə pis olduğunu dilə gətirib inkar etmək, yaxud nəyinsə yaxşı olduğunu təbliğ etmək ilk baxışdan publisistik cazibə yarada bilər, amma addıma çevrilib yeriş yarada bilməz. Habelə problemlər üzərində dəqiq müşahidələr aparıb fikir bildirmək də işin çox az hissəsidir. Yol, yön, meyar olmayanda fəlakətlər üzərində aparılan müşahidələr yaxşı olmayan nəticələr verir, – inam sarsılır, zəlalət həyatı daha da əyir. Bu müşahidələr çıxış yolları aramağı da təkanlaşdıra bilər. Bu isə axtarışın xüsusiyyətlərindən asılıdır. Əvvəla, fəlakətlər üzərində müşahidələr aparan kəsin axtarışlarında dönməz inam olması gərəkdir və onun çıxış nöqtəsi aramaq istəyi axtarışının məzmununda yer tutmalıdır. “Elə belə də olmalıdır” qənaəti yaradıb həyatı uğursuzluğa bərabər götürmək yolverilməzdir. Çünki inkişaf həyatın məzmununda var və insan bədbəxtlik üçün doğulmayıb. Biz iradəçilik (volyuntarizm) üzərində «belə eləmək gərəkdir» qərarı vermək fikrindən də uzağıq. İstəyirik məsələyə yanaşma biliyə və məsuliyyətə əsaslansın. (davamı var)