DİN və AZADLIQ
İnsanın həyatında ən çox rol oynayan amillərdən biri kimi dinlərin məzmununa nəzər yetirməyi bəzi məsələləri aydınlaş-dırmaq baxımından gərəkli hesab edirik. Hər bir din müəyyən yeniliklərlə gəlsə də, əsasən ibtidai baxışlar üzərində qurulub. Təbiidir ki, ibtidai baxışlarda dayanıb qalmaq tərəqqiyə yol aça bilməz. Bəs necə olur ki, ibtidai baxışlar yaşaya bilir, inkişaf təbii axara çevrilə bilmir? Bəlkə insanın imkanı mövcud olan gedişatı ötməyə qadir deyil? Bəlkə xeyirin şər tərəfindən üstələnməsi qarşısıalınmazdır?! Dinin həyata münasibətində bu sualların cavabını tapmaq doğrudan da çətindir. Əlbəttə, biz dini yanaşmanın səhv olduğunu bildirməklə öz işimizi bitmiş hesab eləmirik. Bu məsələni ciddi öyrənib özümüz üçün aydınlaşdırmağa çalışırıq. Biz sadəcə inkarçı mövqe daşımırıq, inam yaradırıq. Məqsədimiz də odur ki, həqiqətsizliyin inama qarışmasına imkan verməyək. Bunun üçün bir çox gerçəklikləri bilmək gərəkdir. Və bunun çətinliklərini anlamağa çalışırıq. Bəşəriyyətin axtarışları nə qədər mürəkkəbdir! Gah bu, gah da başqa məbud tanımaq, ona tapınmaq nədən doğur?! Tarixdə bəşəriyyətin vahid bir idealı olmayıb. Allahı isə bəşəriyyətin vahid idealı kimi qəbul eləmək çətindir. Çünki Allahı ideal kimi dərk eləmək olduqca problemlidir. Allaha qarşı mövcud münasibətlər də onun ideal kimi qəbul olunmasını rədd edir. Allaha olan münasibətlər çox ziddiyyətlidir. Allah – gerçəkliyə gərək olmayan mücərrəd bir uzaqlıqdır. Belə olan halda ideal mənasızlaşır və həyatdakı yanlışlara, əyintilərə yol açır. Ümumiyyətlə, bəşəriyyətin bu gün də ayrı-ayrı dinlərə tapın-ması – onun vahid ideala malik olmadığının göstəricisidir. Burada biz ideal deyəndə hər kəs üçün böyük həqiqət, “Məna birdir” anlamını nəzərdə tuturuq. Hər xalqın ideal şəxsiyyə¬tinin, dəyərinin olmasını, yaxud olmalı olduğunu çox vaxt danmırıq. Beləliklə, dinin yaratdığı ideal insana gərək olmur, hətta insana qarşı olur. Bu səbəbdən də dünyəvi sayılan dinlər əski təsəvvürlərdən köklü şəkildə fərqlənmirlər. Totemizm, animizm kimi baxışlar dünyəvi sayılan dinlərin məzmununda bir çox cəhətləriylə indi də yaşamaqdadır. Hətta bəzən ədəbiyyat səhifələrində əski təsəvvürlərlə (məsələn, şamançılıqla) öyünmələrə də rast gəlmək olur. Bizim keçmişdə əski təsəvvürlərlə yaşayan insanlara heç bir xor baxışımız yoxdur. Sadəcə aşağı idrak səviyyəsinin, yaxud idraksızlıq səviyyəsinin yaratdığı primitiv təsəvvürləri istər ədəbiyyatda, istər dini qaydalarda bu günə daşımağı zərərli sayırıq. O ki qaldı dinlərin dünyəvi adlanmasına, deməliyik ki, istənilən təhrif yalnız zərərli təsirə malik olur. Dinlər dünyaya yayılsalar da, dünyalaşa bilməyiblər. Başqa sözlə, bəşəri məzmuna malik deyillər. Qılınc zoruyla yeridilən din elə zora tapındığı andaca bəşəriliyini itirir. Hələ biz onun məzmununun axıra qədər doğru olub-olmadığını demirik. Çünki başlanğıc sonrakı gedişlərdə həlledici təsirə malik olur. Hər şeyi, çətinə dirənən¬də, zor vasitəsiylə həll etmək ənənəsi yaranır. Zor azadlığa qarşıdır. Ümumiyyətlə, zoru təkcə silah-sursatla eyniləşdirmək doğru deyil. Hər hansı məsələ azadlıqdan kənarda həllini tapırsa, bunun adı elə zordur. Zorun məkr, biclik, qəbahət, xəyanət biçimləri var. Məkr, biclik, xəyanət, qəbahət işləməyəndə silah işləyir. Bu deyilənlər isə bəşəriliyə qarşı yönəlmiş addımlardır. Bu qədər zərərlərə baxmayaraq, heç bir din başqa xalqların həyat tərzinə bütün atributları ilə daxil ola bilmir. Çünki bir xalqın tarixi-psixoloji durumunu əks etdirən bir dünyabaxış başqa bir xalqı bu baxışı yaradan xalqla mütləq eyniləşdirə bilməz, başqa xalqın, yaxud xalqların özünəməx¬sus¬luğunu tamamilə ləğv edə bilməz (Genetik assimilyasiya belə mütləq olmur, o ki qala ruhun ləğvi). Ya müəyyən mənada assimilyasiya edər, ya da həqiqətə tapınmaq gücündən, bəşəri məzmun daşımaq iqtidarından asılı olaraq, həmin dünyabaxış – özünün yaradıcısı olan xalqla başqa xalqları doğmalaşdıra bilər. Hərçəndi din heç bir vaxt belə məsuliyyətli yükün öhdəsindən gələ bilməyib. Və xalqlar sözün həqiqi mənasında bir-birinə qarşı əsil doğmalıq səviyyəsi yarada bilməyiblər. Bu da onu göstərir ki, din bəşəri məzmun daşımaq səviyyəsindən aşağıdır. Bəs biz nəyə əsaslanıb bu qənaətə gəlirik?! Dövrü¬müz¬də bir çox alimlər də keçmişdəki dini baxışları, mədəniyyətləri tədqiq edir, onlarda bir çox bəsitliklər, yanlışlar ortaya çıxarırlar. Bütün bunlar ümumi idraki inkişafın sayəsində baş verir. İdraki inkişafa, əlbəttə, mane olmaq mümkün deyil. Məlum olur ki, dini meyarlar və ona söykənən baxışlar idraki inkişafın növbəti mərhələsinə qədər yaşaya bilir, bu və ya başqa təsirə malik ola bilir. Bu da onu göstərir ki, indiyə qədər meydana gətirilən baxışlar nisbidir, Adamlıq səviyyəsində yaranır və əsasən Adamlıq səviyyəsində cəmiy-yətin nizamlanması üçün meydana gətirilir. Necə olur ki, əski baxışlar bugünə gəlib çıxır? – Biz dedik ki, həmin baxışlar idraki inkişafın növbəti mərhələsinə qədər yaşaya bilirlər. İdraki inkişafın növbəti mərhələsi o deməkdir ki, artıq əskinin yaşamı üçün müqavimət var və bu müqavimət böyüdükcə əskilik tədricən təsirini itirməyə başlayır. Başqa baxışlara nisbətən Dini baxış bu prosesdə gec təsirsizləşir. Bu da ona görədir ki, insanlar yüzillərlə içlərinə hakim kəsilmiş təsəvvürlərdən asanlıqla əl çəkə bilmirlər, yarana biləcək boşluq intuitiv olaraq cəmiyyəti dəhşətə gətirir. Odur ki, o özünün həqiqət kimi anladığı və qəbul elədiyi baxışın əsasən yanlış olduğunu qəbul eləmək istəmir və onun müdafiəsinə qalxır. Fəqət bu qoruma kor-koranəlik səviyyəsində olanda xeyir təsdiq olunmur. Deməli, mahiyyətcə yaxşı olan keyfiyyət (qoruma əməli) yaxşı olmayan bir şeyə xidmət göstərir. Öz məbudunu qorumaq müqəddəslikdir. Məbudda yalan olanda isə müqəddəslik idraksızlıq səviyyəsinə enir və ülvi təsirini itirir. İndi necə düşünək, bəşəriyyət səhvmi edib din yaradıb? Bəlkə dinin yaranması da qaçılmaz olub?! Biz sadəcə ittiham eləmirik ki, niyə din yaranıb, biz deyirik niyə İnam yaranmamalıdır?! İdrak nisbilikdən çıxa bilməyəndə nə qurursa, Adamlığın yeni səviyyəsi üçün qurur. Əlbəttə, idrak insani prinsiplərdən tamamilə kənarda da durmur, fəqət indiyə qədər Mütləq İnsanilik tələbi əsasında da durmayıb. Adamlığın yeni səviyyəsi də Adamlıqdır. Ona görə də ictimai inkişaf tam bərqərar ola bilmir. Deməli, elə meyar tapılmalıdır ki, o heç vaxt dəyişməsin. Gərək inkişaf Dəyişməzliyin əsasında baş versin. Belə olan halda yaranan hər bir yeni dəyər özündən sonrakı dəyərə stimul verəcək və özü də özünün ümdə cəhət¬ləriylə yeni dəyərə qovuşub inkişaf mərhələlərində yaşayıb gərək olacaqdır. Hər bir əsil dəyərdə bütün zamanlara gərək olan keyfiyyətlər yaşayır. Meyar isə o vaxt dəyişməz ki, o Əzəli, Əbədi, Kamil və Sonsuz mahiyyətli olsun. Meyar kimi biz, İnsanilik imkanını qəbul edirik. Və hesab edirik ki, İnsanilik imkanına inam insanlarda daxili tələbat olaraq əbədi yaşardır. Bu isə ictimai tərəqqi üçün hərəkətverici bir qüdrətdir. Din İnamın yanılmasından yaranıb. İnamın yanılması azadlığın itirilməsi ilə sonuclanır. Əslində siyasət də inamın yanılma¬sından başlayan prosesdir. Ləyaqətə inam azalanda bicliyə üstünlük verilir. Hamı bir-birini aldatmaqla, əyməklə yaşayır. Yaşamağın anlamı ləyaqətsizlik səviyyəsində bilinir. Cəmiyyət təbiətin sərvətləri hesabına insani yaşamağı qura bilmir. Həyat bioloji məzmunla eyniləşdirilir. Xeyirin təsdiqi yönündə tərəqqi başa gəlmir. Cəmiyyət təbəqəyə bölünür: – yaşamağı bacaranlar və yaşamağı bacarmayanlar. Buna sinifli cəmiyyət deyirlər. İnsanların sinfə aid edilməsi yaşamaq uğrunda mübarizənin təzahürüdür. Yaşamaq uğrunda mübarizə aparan insanın azadlığa qovuşması müşkül məsələdir. Cəmiyyət azadlıq haqqında düşünməyi çoxdan unudub. İndiki dövrdə mübarizə adıyla fəaliyyət göstərən qüvvələr də əslində azadlıq uğrunda deyil, məişət uğrunda mübarizə aparırlar. Azadlığa mane olan hədəf tanınmır və dərk olunmur. Azadlıqla məişət eyni məzmuna aid olunur. Dövlətin idarə olunması insani ləyaqətə əsaslanmır, sinfi xarakterə əsaslanır. Bir sinfin digər sinif üzərində hökmranlığı, təsiri uğrunda demokratik dartışmalar gedir. Əyilən sinif əyən sinfin yeri uğrunda təşkilatlanır, düşmənçilik təbliğatı aparır. Ulus uğrunda, yurd uğrunda mübarizə getmir. Məişət uğrunda mübarizə yurda qarşı, ulusa qarşı olan kənar qüvvələrlə əlbir olmaq zərurəti yaradır. Bu gediş insanı fərdi əsarət mühitindən ictimai əsarət mühitinə sürüyür. Din, onun qolları, təşkilatları siyasət tərəfindən bu məsələdə istifadə olunur. İnsanın azadlığının qurucusu olan İnam duyğusu idraksızlıq səviyyəsində olduğu və yalana, mifoloji əsaslara bağlı olduğu üçün şərin xeyir libasına bürünməsini dərk edə bilmir. Avamlıq mühitində şəri tanımaq və onunla mübarizə aparmaq mümkün deyil. İctimai zəlalət yaradan, avamlıq qoruyucusu olan din azadlığın qapısını insanın üzünə bağlayır. (davamı var)