DİN və GERÇƏKLİK
Bütün problemlər insana qarşıdır, hər cür uğurlar insana bağlıdır.
Bizim aydınlaşdırmağa çalışdığımız bu məsələlər də insan üçündür. İndi nə dərəcədə məsələyə dərindən yanaşmağı bacarırıq – bu, bizim gücümüzün imkanıdır. Dinin insan həyatına təsiri ardıcıl olduğu üçün daim bizim diqqətimizi məşğul edir. Biz ən çox dinin insan taleyinə mənfi təsirlərindən söz açırıq. Bəs onun müsbət təsirləri yoxdurmu?! – Əlbəttə, sualın cavabı məsələyə hansı meyarla yanaşmaqdan asılıdır. Şübhəsiz ki, zaman baxımından yanaşanda dinin müsbət təsirlərini də vurğulamaq mümkündür. Məsələn, İslamın meydana gəlməsiylə ərəblərdə bütpərəstliyin yaratdığı özbaşınalıq, pərakəndəlik müəyyən mənada aradan qalxdı. Bununla bərabər, bir çox mənfur köhnəliklər, o cümlədən ilk övladı qız olanların onu diri-diri basdırması kimi vəhşi bir ənənə aradan qalxdı və s. (biz bunlara bu və ya başqa şəkildə “İnamçı Harayı” kitabımızda – “İlahi Xəta” və “İlahi nağıllar karvanı”nda toxunmuşuq). Lakin həqiqət baxımından yanaşanda hansısa köklü dəyişikliklərdən danışmaq mümkün deyil. Ona görə də dini təsəvvürlərin qalması inkişafın qabağını kəsir. Çünki dinin həyata yanaşma üsulu fantastik və mifik səciyyə daşıdığına görə gerçəkliklə təzad təşkil edir. Dinin ehkamlarına məcburi inam var. Din – avamlığın nizamı üçün fəaliyyət göstərən ideolojilikdir, avamlıqdan xilas eləmək üçün yox. Bu, inamın yalanlaşması deməkdir. Yalana inandırmaq məcburiyyəti zorun və bununla da ədalətsizliyin yaşamasını təkanlaşdırır. Dini qorumaq avamlığı qorumaqdır. İnam adamın avamlıqdan xilas olması üçündür. Bu səbəbdən də inamı yalanla yükləmək olmaz. İnamda yalan olanda həyat nizamını itirir. Buna görə də çıxış yolunu diktatura yaradıb zor vasitəsiylə nizamlamağa nail olmaqda görürlər.
Diqqət yetirin, İblis Allahı öz iradəsinə tabe etdirib Adəm və Həvvanı cənnətdən qovdurur. Adəm və Həvva özlərinin sonrakı nəsilləri ilə birlikdə İblisin verdiyi qərarla əbədi günahkarlıq statusu qazanırlar. İndiki insanları da Adəm və Həvvanın günahlarına görə suçlayırlar. Əgər biz bu mifik münasibəti bir anlıq həqiqət kimi qəbul eləsək, onda gərək bunun ziddiyyətli məzmununun doğurduğu suala cavab axtaraq. Allahın bacarmadığı İblislə yazıq Adəm və Həvva necə bacarmalı idi?! Yazıq “bəndə” ağlını söndürüb cinə, şeytana inanmalıdır ki, inamı olsun, müsəlman sayılsın. Yer, göy saysız-hesabsız mələklərlə doludur – hamısı da mütləq saf. Özləri də yerin, göyün nizamı ilə məşğuldurlar. Amma yer, göy çirkabla doludur. Din yeri, göyü İnsanın əlindən alır, mələklərə verir. Yer, göy insansızlaşır. Din əsasən təskinlikdən ibarət olub, xilaskarlıqdan yox. Din heç bir dövrdə insanları ədalətsizliyə qarşı birləşdirə bilməyib. İslam hökmranlıq etdiyi heç bir dövrdə böyük mənada sağlam düşüncəyə yönəlik insani əməllər aparıcısı olmayıb. Zorakılıq öndə gedib. Böyük şəxsiyyətlərə münasibətdə bu özünü açıq göstərib. İnsanı mütilik boyunduruğuna salandan sonra ona rəhmli yanaşıblar. Qüdrətli insanlara qarşı amansız, zəlillərə qarşı rəhmli olmaq heç də insanilik meyarı ilə yaşamaq deyil. Azad insanı sevməmək küfrdür. Dinin yalanlarını qəbul etməyən insanlara kafirlik damğası vurub ya məhv ediblər, ya da hər vasitə ilə gözdən salmağa çalışıblar. Biz dedik ki, bu cür problemlər Adamlığın yaratdığı mürəkkəb psixologiyadan doğur. Cəmiyyəti Adamlıq psixologiyasına uyğun nizamlayan qaydalar yaratmaq haqqında düşünüblər. Başqa sözlə, İnsanilik – cəmiyyətin dəyişməsi üçün Meyar kimi yox, tərbiyəvi vasitə kimi təbliğ olunub. Bəzi din araşdırıcıları xristianlığı – qulların, məzlumların dini hesab ediblər. Bu fikirlə axıra qədər razılaşmaq olmur. O səbəbdən ki, Quldarlığa qarşı döyüşkənlik çağırışı əvəzinə “bir üzünə vuranda o birini də çevir” çağırışı xilaskarlıq yaratmır, məzlumluğun qalmasına imkan yaradır. Canavarlığa qarşı güzəşt yolverilməzdir. Bir üzünə vurulanda o birini tutursan, ona da vurur və üstəlik səni hələ bir ayağının altında tapdalayırsa, sənin yenidən üzünə vurdurmağınla mütilik, məzlumluq aradan qalxa bilməz. Hind xalqı ruhaniyyat yaradan xalqdır. Biz Buddanın ideyalarındakı gözəllikləri alqışlayırıq. Fəqət Buddanın ideyalarında döyüşkənlik ruhu yoxdur. Bəlkə buna görədir ki, Hind xalqıının xarakterində hardasa bir köləlik formalaşıb. Bəs görəsən Asif Atanın Mütləqə İnamı türk xalqına mütilik gətirə bilərmi? Necə etməli ki, ruhaniyyatçılıq birtərəfli qəbul olunub döyüşkənliyi ləğv eləməsin; və necə eləmək olar ki, bu döyüşkənlik zora, müstəbidliyə çevrilməsin? Belə olan təqdirdə yenə də siyasət ruhaniyyatı vasitəyə çevirəcək. Ruhaniyyat vasitəyə çevriləndə Azadlıq dayağını itirir, nisbi Azadlıq bərqərar olur ki, bununla da azadlıq və əsarət müəyyən bir dairədə biri digərinin əvəzi kimi mövcud olur. Şübhəsiz buna görədir ki, Asif Ata ideyalarının məzmununda döyüşkənlik tələbi xüsusi bir xətt kimi keçir. Əslində adamın özüylə döyüşü, özünü yaratması – döyüşkənlik ruhuna köklənməsi deməkdir. Din insanın özünü yaratmasına qarşıdır. Din insan yaratmır, insanın üzərində nəzarət yaradır. Bu səbəbdəndir ki, din ictimai əmin-amanlıq yarada bilmir. Həm din var, həm də inqilablar baş verir. İnqilab isə istehsal dəyişikliyi yaradır, insani dəyişiklik yaratmır. İndiyə qədər sosial inqilablarla quruluş dəyişilib. Yəni bir sosial quruluş başqa bir sosial quruluşla əvəz olunub. Din Ruhani quruluş yaratsaydı, inqilablara ehtiyac qalmazdı. Din isə Ruhani quruluş yarada bilməz, – çünki məzmunu ən çox yalanlardan ibarətdir. İsanın çarmıxa çəkilməsini belə əsaslandırırlar ki, Adəmin cənnətdən qovulmasına görə bütün bəşəriyyət, yəni onun törəməsi günahkardır. İsa (Allahın oğlu, yaxud özü) qurban getməklə hamıya günahdan azad olmaq imkanı yaradır. Hər bir dünyaya gələn insanın bir borcu qalır ki, İsanın təliminə etiqad göstərsin. Yeni doğulanları xaç suyuna salmaq bu məntiqdən irəli gəlir. İsanın çarmıxını xaç rəmzi götürürlər və yeni doğulanları rəmzi olan xaçın suyu ilə (babasının günahından) yuyub azad edirlər. Bu ideyada çox təhlükəli kobudluqlar var – insanın mahiyyyətində günahın olması, onun xaç suyu ilə azad olması arxayınçılığı, insanı əzəlilikdən məhrum eləmək. Bəlkə də xristian erasının başlanğıcında bu nağıllar ictimai həyata müəyyən təsirlər göstərə bilib. Fəqət biz məsələyə yalnız həqiqət ölçüsüylə yanaşdığımıza görə insanı aldatmaqla nisbi xeyir əldə etməyi çıxış yolu saymırıq. İnsan bütün dövrlərdə aldadılır. Bunun bəraəti yoxdur. O dövrdə o cür aldadılıb, bu dövrdə də bir başqa cür aldadılır. Yüzillər sonrakılardan da biz yeni yalanlar uydurub bəraət uma bilmərik. “O dövrdə idrak o səviyyədəydi, bu dövr başqadır” kimi fikirlər, dediyimiz kimi, yalnız bəraətdir. Bəşər yeni dünyabaxışa üz tutmalıdır, köhnəliyə bəraət verib yaşatmalı deyil. Unutmaq olmaz ki, o dövrün mütəfəkkirləri, alimləri bu dövrün idraki səviyyəsindən heç də aşağı deyildi. Bəşəriyyətin qədimliyində çox dərin biliklər mövcud olub, o bu günə qədər də yaşamaqdadır. Bu səbəbdən də dövrü bəhanə edib yalanlara haqq qazandırmaq olmaz. (Davamı var)