Xəbərlər

Soylu Atalı. İnsana doğru (V yazı)

MƏDƏNİYYƏT və AZADLIQ
Hər bir xalq özünün yaratdığı mədəniyyətlə varlığını qoruyur. İnsan sürülüyə mədəniyyətlə son qoyub. İnsan həyatda nə etməli olduğunu mədəniyyətlə müəyyən edir. Başqa sözlə, mədəniyyət ulusal yaşam təcrübəsi yaradır. İnsanlar birgə istehsal yaradır, ölüsünü dəfn edir, dirisinə münasibət yaradır, bir dildə danışır, bir tarixə malik olur. Bütün bunlar müəyyən qaydalarla, nizamla həyata keçirilir. Fəqət cəmiyyətin həyatı yalnız bu nizamla getmir, daha mürəkkəb təsirlərlə əhatə olunur. Belə ki, Adam İnsanlaşa bilməyəndə mədəniyyət Adamlaşır. Bu halda mədəniyyətmi təsir edir, yoxsa mədəniyyətəmi təsir olur – bizə görə məsələnin bu cür qoyuluşu həlledici olmamalıdır. Hansı təsir əsasdır – mədəniyyətin təsiri, yoxsa mədəniyyətə təsir, – məsələni belə qoymaq daha doğru olar. Çünki mədəniyyətin də təsiri var, mədəniyyətə də təsir var. Məsələnin əsas mahiyyəti ondadır ki, mədəniyyət formalaşanda hansı meyarlarla formalaşır?! Başqa sözlə, mədəniyyət hansı ideyalardan tərkib götürür? Təəssüf ki, cəmiyyətin həyat tərzində sualın bu cür qoyuluşu da çox vaxt cavabsız qala bilir. Çünki mədəniyyətdə kortəbii ünsürlər də mövcud olur, şüurlu başlanğıc da. Hər bir adət-ənənəni müəyyən qaydalar sistem halına gətirir. Bu qaydalar – idealın düşüncələrə təsiri nəticəsində gerçəkləşəndə, əlbəttə, mədəniyyət insani səviyyəyə yüksəlir. Hansısa yasaqlarla müşayiət olunanda mədəniyyət kortəbii nizam yaradır və azadlığa meyli məhdudlaşdırır. Bu səbəbdən də mədəniyyətdə meyar əsas məsələdir. Mədəniyyəti yalnız ahəngini itirmiş həyat axarında araşdırmaq onun təhrif olunmasına gətirib çıxarır. Mədəniyyəti hissə kimi götürüb öyrənmək, hissəni bütöv kimi dərk eləmək cəhdi – həyatı olduğu kimi qəbul eləmək, ondakı ali keyfiyyətləri görməmək deməkdir. Meyar müəyyən olmayınca mədəniyyətin həyatda təsirinin müsbət, yaxud mənfi olduğunu göstərə bilən kifayət qədər dəlillər ortaya qoymaq olar. Əks dəlillərin isə hər ikisi eyni dərəcədə həqiqi ola bilməz. Əks dəlillərdən hər hansı birini əsas götürən personalın mülahizələri istər-istəməz subyektiv xarakter daşıyacaq. Subyektiv baxışın qəbul olunması isə sübut və dəlillərin obyektiv olmasından asılıdır. Deməli, subyektiv baxış kamil meyara əsaslanmadan obyektiv ola bilmir. Bizim subyekt və obyekt anlayışlarının üzərində gəzişmələrimizin səbəbi ondadır ki, mədəniyyət məfhumuna qarşı aydın baxış ortaya qoya bilək. Əvvəldə vurğuladıq ki, dövrümüzdə bəzi fikir adamları mədəniyyətin zərərli hadisə olduğunu sübutlamağa çalışırlar. Bu baxışların əsası ayrı-ayrı Avropa fikir adamları tərəfindən qoyulub. Mədəniyyətin – azadlığı məhdudlaşdıran hadisə kimi şərh olunması bizdə insanla təbiətin fərqinin dərk olunmaması təsəvvürü yaradır. İnsan təbiətə bərabər deyil. İnsanı təbiətdən fərqləndirən keyfiyyətləri dərk etməmək – ona inanmamaqdan irəli gəlir. İnsanla təbiətin eyniliyi qəbul olunan olsaydı, onların vəhdətindən danışmaq yersiz olardı. Çünki vəhdət yalnız fərqli olanlar arasında mövcud olur. Mədəniyyətin “lüzumsuzluğunu” sübut etmək üçün insanın heyvandan ibarət olduğunu elmiləşdirmək bəşəriyyətə heç bir uğur vəd eləmir. Cəmiyyətə onun mövcud vəziyyətindən qiymət vermək hünərsizlikdir. İnkişaf mövcud vəziyyəti ötməyə cəhdlər əsasında baş verir. İnsanı öz mahiyyətindən ayırmaqla azadlığın təsdiq olunmasını düşünmək əbəsdir. Onun mahiyyəti ruhani varlıq olması anlamındadır. Təbiəti insanın mahiyyəti saymaq ciddi yanlışlıqdır. Təbiət insanın gerçəkliyindədir, mahiyyətində yox. Biz hesab edirik ki, məsələnin düyün nöqtələrini insana münasibətin sağlamlaşması ilə açmaq olar. Mədəniyyəti Adamdan başlamaq olmaz, onu İnsandan başlamaq gərəkdir. Mədəniyyəti cəmiyyətdən yox, xalqdan başlamaq gərəkdir. Mədəniyyət cəmiyyətin həyatına gətirilməməlidir, o, xalqın ali keyfiyyət-lərindən başlamalıdır. Dövrümüzdə mədəniyyəti ən çox siyasət formalaşdırır. Siyasət quruluşun tələblərinə xidmət göstərir. Quruluş isə pulçuluq mühitindən ibarətdir. Pulçuluq özü antiazadlıqdır, onun formalaşdırdığı mədəniyyət azadlığa yol aça bilməz. Azad xalqın isə ali keyfiyyətlərindən başlayan mədəniyyətin azadlığa mane olmasından söhbət getməməlidir.
Asif Atanın Mütləqə İnam sistemində bəşər övladı üç mərhələdən ibarət götürülür: – Məxluq, Adam, İnsan. Məxluqluq – heyvanilikdən ibarət olan, Adamlıq – yarımheyvan, yarıminsan, İnsanlıq isə Kamil xilqət səviyyəsi deməkdir. Biz öz yanaşmalarımızda bu fərqləndirmələrə istinad edirik. Beləliklə, Adamlıqdan başlayan mədəniyyətin İnsan azadlığına, İnsanlıqdan başlayan mədəniyyətin isə Adam azadlığına qarşı olduğunu söyləmək mümkün olardı. Fəqət Azadlıq bölünmür, o yalnız bir məzmun daşıyır. Buna Asif Ata baxışında Mütləq Azadlıq deyirik. Nisbi Azadlığı əsarət hesab edirik. Adam azadlığı heyvani sərbəstlikdən başqa bir şey deyil. Bütün məsələlərdə bizim meyarımız İnsanilikdir. Çağdaş dünyanın qəbul elədiyi azadlıq “demokratiya azadlığı”ndan ibarətdir. Əlbəttə, bu azadlıq – mərkəzçilik iddiasında olan inkişaf etmiş Batı dövlətlərinin təlqinindən ayrı məna daşımır. Dərindən diqqət yetirəndə məlum olur ki, demokratiyanın yaratdığı azadlıq ən pis adamlıq səviyyəsidir. Özbaşınalıq, hərcayilik yaradan demokratiya xalq arasında insanların birliyinə qarşı yönəlib. Hər kəsin axıra qədər nə olduğu anlaşılmayan hüqu-qunu bəhanə eləməklə yerə-göyə sığmayan rəqabətçilik yaratmaq, hər kəsin süni şəkildə özünü ağıllı sayması – insanlarda həmrəyliyin, əməkdaşlığın və nəhayət, xəlqi yöndə vəhdətin məhv olmasına gətirib çıxarır. Bu səviyyəni azadlıq saymaq ona görədir ki, istənilən bir ölkəni siyasi mənada mənimsəmək və idarə etmək mümkün olsun. Bəzi Batı fikir adamlarının mədəniyyətə qarşı mübarizələri ona görə ayaq açıb yeriyə bilir ki, imperialist güclər bu baxışları siyasi ideologiyaların nəzəri əsası kimi qəbul edirlər. Təsadüfi deyil ki, dinlərin və mədəniyyətin ziyankarlığı fikrini irəli sürənlər bunu əsasən Doğunun timsalında yürüdürlər. Məlumdur ki, dinlərin hamısı Doğuda yaranıb. Deməli, ya insanlıq inkişaf eləməlidir, belə olan halda Batının ağalıq iddiası puç olur (odur ki, bu haqda heç düşünmür də), ya da bu vəziyyətdə üstünlüyü əldən verməmək üçün Doğunun din yaratmaq üstünlüyünü ləkələmək lazımdır. Batı də elə bu yöndə mübarizə aparmağa girişibdir. Bu səbəbdən də Batı fikir adamlarının ən kamil şərhləri belə obyektivliyi tamamilə əks etdirə bilmir. Biz də dinlərin həyata gətirdiyi cəhaləti rədd edirik. Lakin bizim imtinamız heç kimin inkarçılığına doğma deyil. Biz dini İnamla əvəz eləmək uğrunda mübarizə aparırıq. Bu mübarizənin başında İnamın peyğəmbəri Asif Atanın ləyaqəti dayanır. Bizim məqsədimiz Ruhaniyyat mərkəzi yaratmaqdır. Hər cür ağalıq mərkəzini rədd edirik. Azadlığı Ruhaniyyatçılıqda görürük. (davamı var)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir