Bu gün İranda baş verən olaylar hansı səbəb üzündən baş verməsinə baxmayaraq, ən çox bizi – Quzey Azərbaycanı ilgiləndirir, ya da ilgiləndirməlidir. Nədəni bəllidir, milyonlarla soydaşımızın yaşadığı bir dövlət çalxalanır, həm də çalxalandırılır. Öncələr də yazmışıq, şah rejimini, daha doğrusu, fars yönətimini yaradan da Batı oldu, devirən də. İran İslam inqilabını həyata keçirib Molla rejimini quran da Batı idi, indi onu “zəiflədib yeniləmək” istəyən də. Söz yox, heç bir yönətim (üsul-idarə) öz-özünə yaranmadığı kimi, öz-özünə xoşluqla çıxıb getmir də.
Minillik Türk hökmdarlığının devrilməsi sonucunda qurulan fars yönətimlərinə xronoloji ardıcıllıqla qısaca aydınlıq gətirsək, bu gün baş verənlərin mahiyyətini daha yaxşı anlaya bilərik. Böyük coğrafiyalarda dövlətlər qurmuş Türk hökmdarlığı çağımıza kimi davam etsəydi, sözsüz, dünyanın siyasi mənzərəsi tamam fərqli olacaqdı. Batı ağalığının planetin hər yerinə ayaq açması mümkünsüz olacaqdı. Rusiya imperiyasının ömrü uzun olmayacaqdı, əsarətində olan türk toplumları bağımsızlıq əldə edəcəkdi. Çin kimi qəddar bir imperiyanın əlində Doğu Türküstan qırılıb məhv olmayacaqdı. Onda Adriatikdən Sibirə kimi iki qitənin orta zolağında Türk Birliyi yaşayacaq, dünyanın siyasi düzəninə uyum gətirəcəkdi. Ona görə İran adlandırılan coğrafiyada Türk hökmranlığına da son verilməliydi. Avropada hazırlanan Rza Şah Pəhləvinin hakimiyyətə gətirilməsiylə fars yönətimi quruldu. Saxtalıqlar başladı – çoxsaylı Türk toponimləri dəyişdirildi, zaman-zaman türkdilli məktəblər bağlanıldı…
Heç bir zorakı yönətim (farsca üsul-idarə) uzun ömürlü olmur, dəyişir. Fars-molla yönətimini yaradan Batı bunu hamıdan daha yaxşı bilir. Ona görə molla geyimli (qiyafəli) Xomeynini alternativ hazırladılar. Azərbaycan türkləri, Pişəvəridən sonra yenidən milli istəklərlə ayağa qalxmasınlar deyə, gözə kül üfürən inqilab hazırladılar. İslam inqilabını həyata keçirməklə milli istəkləri arxa plana keçirdilər. Milli şüurun gəlişməsinə qarşı dini şüurun oturuşması daha gərəkli idi: “hamı dini bir qardaşdır, dövlətin başında da bu qardaşlığı qoruyan din oturuşubdur” psixologiyası türklük sürəcinin qarşısını ala bilərdi, aldı da. Məişətdən başqa bütün sahələrdə türklüyün ortadan qaldırılması başa çatdırıldı. Ancaq onu da yaxşı bilirlər ki, türklüyü hər yerdən silə bilrələr, qandan, gendən, şüurdan silmək isə mümkünsüzdür. Proses yenidən oyanacaq, yenidən aktiv etkisini göstərəcəkdir. İndi bunun qarşısını almaq üçün çeşidli planlar hazırlayırlar. Ancaq istəkləri olduqca çətin başa gəlir. Molla rejimini özləri qursalar da, rejim getdikcə oturuşdu, gücləndi, bağımsız olmağa çalışdı, Batının buyruğunda qalmadı. Molla rejimi yaxşı bilir ki, Batı bu rejimi parçalamağa tələsməyəcək. Çünkü İran-Molla rejiminin çökməsiylə Güney Azərbaycan bağımsızlıq əldə edə bilər. Bu isə Batı üçün daha böyük sorun olar. Ona görə Batı heç bir tarixi, milli özülü olmayan toplumlardan siyasi alət kimi istifadə edir. Kürd dövlətini də bu üzdən yaratmağa çalışır. Əgər bu dövləti yaradarsa, ağalığının (imperiyasının) ömrünü artırmış olar. Bu, Orta Doğu projesinin əsas tələblərindən biridir, birincisidir. Bəlli gedişlərə görə Türkiyənin sınırında bu istəklər qısa arada dondurulmuş görünür. (Bu haqda öncələr də çox yazmışıq. Mövzu İran məsələsi olduğuna görə bu məsələni geniş şərh etməyə gərək görmürük).
Bunun sonunda İran prosesləri iki açıdan diqqət çəkir. Birincisi, İsraili tez-tez hədələyən İran uranı zənginləşdirməyə başlaması ilə Batının embarqoları, hədələri ilə üzləşdi. İqtisadi çöküşü sürətləndikcə içində etirazlar böyüməyə başladı. İkincisi, Kürdüstan dövlətinin yaranmasına İran coğrafiyasından yol hazırlamaq kimi bir məntiq də görünməyə başladı. Belə ki, Molla rejimi zəiflədikcə, Güney Azərbaycan bağımsızlıq istəyə bilər. Bu yandan da İran coğrafiyasındakı kürd toplumu bağımsızlıq istəyəcək. Güney Azərabycanda iki baxış aktiv olduğu üçün (Güneyin istiqlalı, İranın federallaşması) öz aralarında bir araya gələ bilməyəcəkləri düşünülür. Ancaq kürdlərin yetərincə aktiv, siyasi, silahlı təşkilatları var. Bunlara Batı dəstək verər, Azərbaycanlılara dəstək verən olmaz. Bununla kürdlər Batının istəyinə uyğun olaraq, Güney Azərbaycan ərazilərinin bir çoxunu da silahlı nəzarətə götürə bilərlər. Bu gün bu da variantlardan biri sayılmalıdır.
İranda baş verən olaylar zamanı milli şüarların səsləndirilməməsi, ümumi siyasi şüarların dilə gətirilməsi, guya qıraq güclərin planlarını önləmək məqsədi güdürmüş. Hər halda belə düşünənlər çoxdur. Ancaq bizə görə bu olayların baş verməsi hakim rejimin öz planlarına uyğundur. Türkiyədə “Bayloz”, “Ergenokon” əməliyyatlarına bənzər bir addımdır. Baxın, heç aksiyalara qatılmayan çoxsaylı Güneyli aktivlər, gecə vaxtlarında, evlərindən götürülüb tutuqlandılar. Bildiyim qədər onların sayı iki yüzə yaxındır. Hər 15-20 ildən bir bu, ya buna bənzər olaylar hazırlayırlar, Güney Azərbaycanın aktiv, öndər kəsimlərini sıradan çıxarıb vaxt qazanırlar, Güney Azərbaycanın Özgürlük istəklərini arxa plana atırlar, hakimiyyətlərinin ömrünü uzadırlar. Məncə burada ABD-nin də barmağı var, Rusiyanın da barmağı var. Elə bu olaylar baş verəndə ABD-nin də, Böyük Britaniyanın da gəmiləri Kəngər körfəzinə (indiki fars körfəzi) yan aldılar, orada keşik çəkdilər. Mənə elə gəlir ki, İranda Güney Azərbaycan Özgürlüyü üçün ayağa dursaydı, onlar işə qarışıb İran rejimini qoruyacaqdılar. Rusiya da onların arxasındadır. Çünkü Güney-Quzey birlik yaratsa, Rusiyanın özü parçalanma ilə üz-üzə qala bilər, Güney Qafqaz əlindən çıxar, Qarabağ sorunu həllini tapar, Rusiya getdikcə imperiya taleyini başa vura bilər. Bəlli ki, Rusiyanın içi bütünlüklə türkdür.
Bu çağa kimi ayrı-ayrı televiziyalar, o sıradan Türkiyə televiziyaları İranda ayrı-ayrı olayları Güney Azərbaycan adı altında dəyərləndirirdilər, indi heç kim Güney Azərbaycan adı tutmur, “İranda baş verən olaylar” adı altında düşüncə sərgiləyirlər.Yəni bütün prosesləri ümumİran məcrasına saldılar, Güney Azərbaycan adını gündəlikdən çıxartdılar. Hələlik bu belə görünür.
Güney Azərbaycan hər zaman müdafiəsiz qalıb, indi də müdafiəsizdir. Nə Türkiyə ona dəstək verir, nə də Azərbaycan. Türkiyə bütün prosesləri İranın iç (daxili) işi sayır ki, Türkiyədəki PKK-nın əməllərinə görə Türkiyənin yanaşmasıını da onun iç işi kimi saysınlar. Halbuki məsələlər olduqca fərqlidir. Tarixi bir xalqın (Azərbaycanın) öz haqqına qovuşması ilə, heç bir tarixi özülü olmayan bir toplumun (onların başında duran kürd bölücülərinin) dövlət içində dövlət qurmaq istəyi heç bir açıdan oxşar deyil. Əslində dünyanı yönətən güclər hər zaman bənzər problemləri öncədən yaradırlar ki, hər bir dövlət təklənsin, dəstəksiz, müdafizəsiz qalsın. Əgər Türk dünyası bunları hesaba almaq zorunda qalarsa, nə Türk Birliyi yarana bilər, nə də Güney Azərbaycan əsarətdən qurtula bilər. Heç Quzey Azərbaycanın da işğalı başa çatmaz, Rusiyanın içində türklərin assimilyasiya prosesi dayanmaz, yuxarıda dediyimiz kimi, Doğu Türküstan məhv edilib tarixin arxivinə dönüşər. Bir sözlə, qorxu siyasəti yürütməklə, gizlənməklə milli sorunlarımız çözümünü tapmaz. Ona görə də bu çəkingənlik hansısa nöqtədə qırılmalıdır. Düşünürük, bu nöqtə Güney Azərbaycandır. Asif Ata deyir: “İranın sabahında nə baş verir versin, Güney Azərbaycanın Azadlıq Mübarizəsi dayanmamaldıır”. Söz yox, bu mübarizə bir (vahid) düşüncə altında getməldir. Kim harda nə istəyəcək, özü bilər, Güney Azərbaycanla bütövləşmək bizim tarixi, bəşəri haqqımızdır. Azərbaycanın sınırları bəllidir, bu sınırlar içində biz bağımsız, bütöv, özgür varlığımızı qurmalıyıq. Bu həqiqət Türk Birliyinin açarıdır. Ona görə Türkiyəli, Orta Asiyalı qandaşlarlarımızın da baxışını bu məsələyə yönəltməyimiz gərəkdir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
28 Yağış Ayı, 41-ci il.
(Noyabr, 2019.)