Ayrı-ayrı çağlarda İranın Amerikanı, İngiltərəni yamanlaması nəyə dayanır? Məgər İranı İran eləyən, orada türk dövlətçiliyinə son qoyan Amerika-İngilis birliyinin yürütdüyü siyasət deyildimi?! Bəllidir ki, İran İslam İnqilabı başlayana kimi Xomeyni Avropada idi. O orada hazırlaşdırılıb göndərildi. Əslində son iki yüz ilin olayları ciddi araşdırılsa, bəlli olar, Doğuda baş verən bütün olayların hazırlığı Avropada həyata keçirilmişdir. Batı Avropanın İranda İslamı hakimiyyətə gətirməsinin özəl səbəbləri var idi. Belə ki, SSRİ qurulduğu gündən öz etkisini Batıya doğru genişləndirməkdə davam edirdi. O çağlarda iqtisadi gəlişməsinin bir xəttini İran nefti üzərində formalaşdıran ingilislər üçün artıq İranda şah rejimi gərəyini azaldırdı.SSRİ-nin ateizm ideologiyasına qarşı təkcə dirəniş göstərəcək ideologiya islamçılıq ola bilərdi. Batı İranda SSRİ-yə uduzmamaq üçün İran İslam İnqilabını həyata keçirdi. Əslində Əfqanıstanda gedən proseslər də eyni xarakterdə idi. Yəni proseslər Batı ilə SSRİ-nin mövqelərinin toqquşmasından yaranan qığılcımla alovlanırdı. Ərəb ölkələrində İslam təmayüllü diktatorların oturuşmasının arxasında da Batı dayanırdı. Nə qədər ki, SSRİ kimi güclü düşmən vardı, Batı islam diktaturalarının yaranıb inkişaf eləməsini təmin edirdi. Çünkü SSRİ ərəb ölkələrinə də sosialist devrimləri ilə girə bilərdi. Elə ki, Batının ideoloji dağıdıcılığı SSRİ-nin öz içinə də yeridi, bundan sonra Batı ideoloji düşmənsiz (rəqibsiz) qaldı. Ona görə də artıq Batıya, daha çox özlərinə yarayan, islam diktatorları gərək olmadı. İndi Batıya idarə olunan, ələbaxan “demokratik” ərəb dövlətləri gərəkdir. “Demokratk” devrimləri öz diktaturası üçün həyata keçirir Batı. Bu devrimlərin məqsədi bölgələrdə Rusiyanın, Türkiyənin, Çinin etkilərini heçə endirməkdir. Doğuya yürüş edən “demokratiya” – pulçuluğun yaşamasını təmin edən Batı ideolojisidir. “Demokratik devrim” dünyanı tam Batılaşdırmaq (əslində eyniləşdirmək, öldürmək) üçün meydana gətirilib. Bir azdan “İslam İranı” da Batıya gərək olmayacaq. Çünkü Molla Hakimiyyəti özünü güclü və bağımsız hesab eləsə gəlirini, faydasını tam olaraq Batı ilə paylaşmaq istəməz. Batının arada onu təhdid eləməsini (içəridə özünü gizləmək üçün) ədalətsizlik və özbaşınalıq kimi qiymətləndirir. Ancaq İranın öz içinə yönəlik davranışı daha böyük ədalətsizlik olduğuna görə Batının özünəyarar mövqeyi İranın içində əzab çəkənlər üçün ədalətsizlik kimi deyil, ədalət kimi görünür.
İranın qorxusunu öz amansızlığı yaradıb. O bilir ki, içində əzdiyi toplum ilə çölündəki “iştahlılar” birləşə bilərlər. İran öz içini şəriət qanunları ilə yönətir, dış dünya ilə (beynəlxalq aləmlə) isə siyasi qanunlarla münasibət qurur. Şəriət qanunları içəridə toplumun özgürlüyünü elə səviyyədə məhdudlaşdırır, bu toplum Batının özünəyarar gəlişinə qurtuluş kimi baxır. “Hər nə olsa yenilik olacaq, indikindən yaxşı olacaq” məntiqi ilə düşünür İranda əzilən toplum.
Ümumiyyətlə, İran dövlətinin özülü dış güclərin istəklərinə uyğun qurulub. Ona görə də onun struktur dəyişikliklərini daim dış güclər “yeni”ləyəcəklər. İranda Batı İranın deyil, özünün qurduğunu dəyişmək məsələsinə baxır hər zaman…
Atamız Var olsun!
(arxiv)