Xəbərlər

Soylu Atalı. İşğala qarşı hiddətimiz böyük gücə çevrilməlidir

 

21 may – çox qəribə olaylar yaşandı. Ermənistan özünün ikinci dövləti saydığı Qarabağda yeni prezidentinin andiçmə mərasimini keçirdi, özü də Şuşa şəhərində. Güneyli, Quzeyli bir çox Azərbaycan insanları, hətta Türkiyədən ayrı-ayrı insanlar ağır, gərgin hallar yaşadılar. Azərbaycanın dövlət başçısına, Qoruma Baxanına yalvaranların halını da sosail şəbəkələrdən izləyə bildik. Hamı “vur, qoyma belə bir biabırçılığı yaşayaq” deyirdi. Milli tariximizə ləkə salanları vur, yerində oturt, qoyma gələcək soylar milli tariximizdə bizim üz qaralığımızı oxusunlar deyə yanıb-yaxılanların halını ifadə eləmək çox çətindi. Ancaq dövləti sömürüb məhv edənlərə bu halları necə anlatmaq, qandırmaq olar ki?! Ermənilər, Azərbaycan torpaqlarından özlərinə qurduqları ikinci dövlətə, rəhbər seçəndə Azərbaycanın dövlət başçısı talançı məmurların yaxın qohumlarını icra başçısı təyin edir, baxışları yalançı, qurama islahatlara yönəldir. Sonra da rejimin əlaltı basın yayınlarında Milli Məclisə təyin olunan yalmançıların, yalançıların iç, dış gedişləri dəyərləndirmə kompaniyasını izləyirik. Genel olaraq, son bir ayda onların sərgilədikləri düşüncəsizlikləri izləsək, görərik ki, toplumumuzu Şuşada keçiriləcək andiçmə mərasiminə hazırlayırlarmış. Bununla bağlı ayrı-ayrı örnəklər göstərib düşüncələrimizi ifadə eləmək olar. Yazırlar ki: “Batı Ermənistanı özününkü saymır, ona güvənmir”; “Rusiya hakimiyyətinin İrəvana qarşı inamsızlığı güclənir”; “ermənilərin gözündə Paşinyanın nüfuzu getdikcə azalır”; “Ermənistanda koronavirusdan ölənlərin sayı Azərbaycandakından daha çoxdur”… burada bu cür avantürist başqatmaların sayını artırmaq da olar. İstəyimiz məsələnin mahiyyətini aydınlaşdırmaqdır. Elə düşünülə bilər ki, bu təbliğatlar düşmənlə informasiya savaşının bir parçasıdır (tərkib hissəsidir). Biz belə düşünmürük. Bizə görə, miskin bir ümid yaratmağa çalışan bu təbliğatın məqsədi hakimiyyətin yarıtmazlığını ört-basdır eləmək üçündür. Ortada fakt var, Paşinyanın öz ölkəsində qalib, ya da məğlub olmasının Azərbaycana istisi, soyuğu nədir axı?! Məgər Paşinyanın yerinə gələcək başqa bir erməni Qarabağı Azərbaycana qaytaracaq?! Heç kimin gözü yumulu deyil ki, gerçəkliyi sizin təbliğatınızın əsasında anlasın. Ermənistanda iqtidar-müxalifət çəkişməsini, öz toplumuna qarşı, başqatma təbliğatına çevirməkdən daha eybəcər əməl ola bilməz.

Azərbaycan Silahlı qüvvələri genişmiqyaslı təlimlər keçirir deyə Paşinyana mesaj verənlər Paşinyanın Şuşada yallı getməsindən xəcalət çəkməliydilər, çəkə bilmədilər. Ermənilərin gerçək addımlarının qarşılığında isə “ Rəsmi Bakı ermənilərin bu cür təxribatçı əməllərini həmişə pisləyib” deməklə cavab verdiklərini sanırlar. Bu o deməkdir ki, adamı ilan çalır, o isə durub ilanı danlayır. Bu durum iqtidarımızın səviyyəsinə görə gülməli, xalqımızın düşdüyü duruma görə ağlamalıdır. Bunlar Azərbaycanı tragikomediya səhnəsinin faciəvi obrazına çevirdilər.

İqtidaryanlılar yazırlar ki, Rusiya İrəvanı gözdən salıb. Dünyada hər kəs bilir ki, Qarabağı erməni üçün qoruyan qüvvələrdən birincisi Rusiyadır. Əgər Rusiya İrəvanı gerçəkdən gözdən salıbsa, bəs nə üçün ordumuz Şuşadakı “andiçmə”ni dağıtmadı?! Onda belə çıxmırmı ki, bizim iqtidarımız erməniyə işləyir?!

İllərdir Qarabağda seçkilər keçirilir, ermənilər quruculuq işləri aparırlar, bizimkilər də deyir, ermənilərin bu əməlləri danışıq prosesinə ciddi zərbədir. Ancaq yenə də danışıqlara gedirlər, silahı işə salmırlar. İllərdir ermənilər beynəlxalq hüquqa tüpürür, Azərbaycan hakimiyyəti isə beynəlxalq hüquqa yalvarır. Ancaq beynəlxalq hüquq nə erməninin ona tüpürməsinə baxır, nə də Azərbaycan siyasətinin yalvarmasına. Millət vəkili adı daşıyan cılızlarımız isə deyir, biz duyğularımızla hərəkət edib ermənini vura bilmərik, bu böyük risq olar, beynəlxalq hüquq bizi qınayar…

Baxın, Ermənistan hökumətinin başçısı Azərbaycan torpaqlarına öz ölkəsi kimi gəlib-gedir. ATƏT-in Minsk Qrupu da deyir, danışıqlar prosesini heç nəylə əvəz eləmək olmaz. Azərbaycan iqtidarı boş-boş vədlər verməkdənsə, ya erməninin arxasındakı gücləri açıq nişan verib ifşa etməyə özündə güc tapmalıdı, ya da ermənidən güclüyük, “lazım gələrsə” deyib xalqın qulağını yormamalıdır. Addımbaşı təbliğat aparırlar ki, ABD-də erməni lobbisi Ermənistana kömək göstərir, ona görə Qarabağ uğrunda danışıqlar heç bir sonuc vermir. Bunu boynuna almaq –  erməni bizdən güclüdür deməkdir. Belə deyilsə, o zaman erməniyə Azərbaycanın gücünü göstərmək gərəkdir. Ancaq kim göstərəcək bu gücü?! –  Bişkekdə “atəşkəs”ə qol çəkildi. O gündən erməni Qarabağda oturuşmağa, özünə dövlət yaratmağa başladı, əldə elədi də. Bu ortamı onlara yaradanlardan hansı gücü ummaq olar ki?!

İndi, Şuşada andiçmə hoqqasını qeyrətinə sığışdırmayaraq, yanıb-yaxılanlara üzümü tuturam: bu olay, sizin kimi, mənim də qeyrətimi ayaqladı, sizin qədər mənə də yer elədi. Ancaq ortada fakt var – Şuşa işğal olunub. Nə qədər ki, işğaldan qurtulmayıb, erməni orada seçki də keçirəcək, yallı da gedəcək. Sarsılıb özünü məhv eləmək – belə böyük Milli sorunu yoluna qoymaz. Biz hiddətimizi acizlik girdabında xərcləməli yox, ciddi Mübarizə üçün qorumalıyıq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

24 İşıq Ayı, 42-ci il. Saray-S.

(may, 2020).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir