Xəbərlər

Soylu Atalı. Milli Dəyərlərin soyqırımı

Soylu AtalıTarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə, eləcə də namusu hədələmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi. Peyğəmbərin soyuna bağlı adamlar, onun yaxın əshabələri seyid adlandırılırdı və onlardan vergi tələb olunmurdu. (Biz burada İnsanlığa yaraşmayan seyidləşdirmə üsulunun başqa çalarını vurğu eləmirik.) Odur ki, ağır şəraitdə yaşayan, dözülməz maddi çətinliklərlə üzləşən insanlar özlərini seyid kimi qeydiyyata götürtdürürdülər. Onlardan dünyaya gələn körpələr labüd şəkildə seyid sayılırdılar. Zaman keçdikcə Azərbaycanda seyidlərin sayı çoxalmağa başladı. Çağımızda da onlar bu adla fəxr edirlər və hər yerdə mövhumatı genişləndirməklə məşğuldurlar. Artıq onlar cəmiyyətdə özlərini üstün təbəqə sayır və bir sıra istəklərini topluma sırıya bilirlər. Toplumda çoxları onlarda ilahi güc olduğunu düşünür və çəkinirlər. Seyidlərin “cəddi” qarşısında nəzir-niyaz paylamaq ənənəsi də bu gün hamıya bəllidir. Bu əməllərin, bu ənənələrin başlanğıcda əsasını qoymaq bizim etnik mahiyyətimizə kobud bir müdaxilə idi. Bu müdaxilənin acı nəticələrini bu günə qədər də yaşayırıq. İş o həddə çatıb ki, bu gün bir sıra tarixçilər, yazarlar İslamı Yurdumuza gətirənlərlə qanlı döyüşlərə çıxan Babəki müsəlman-seyid adlandırırlar. Eləcə də ərəb dünyabaxışının təlqin elədiyi “göylər hökmdarına” meydan oxuyan Nəsimini dindar-seyid adlandırmaqdan çəkinmirlər. Adamda elə təsəvvür yaranır ki, bu adamlar hansısa qüvvələrin tapşırığı ilə hərəkət edirlər və əməllərinin qarşılığında ödülləndirilirlər. Türk olmayan etnik toplumun nümayəndələrini  anlamaq olar. Ancaq türksoylu adamların belə davranmalarına bilmirsən nə ad qoyasan?!
Ötən həftə Azərbaycanın televiziya kanallarının birində elm, sənət adamları Nəsiminin dünyabaxışını müzakirəyə çıxarmışdılar. Bu müzakirədə Nəsimini dindarlaşdırmaq cəhdi olduqca gülünc, məzhəkə etkisi bağışladı. Belə adamlar ictimai, tarixi məsuliyyət daşımalarını unudur, çıxışlarını bugünün kütlə psixologiyasına hesablayırlar. Açıq şəkildə tarixin, gələcəyin gözünə kül üfürür, bunun ayıb olduğunun, eləcə də milli şüura qarşı qəsd olduğunun fərqinə varmırlar. Bəs “Nəsimini nə üçün edam elədilər” sualına da asan cavab verirlər: -“siyasi baxışlarına görə”. Əgər soruşulsa ki, Nəsiminin siyasi baxışları nədən ibarət idi, əsaslandırılmış bir cavab tapa bilməyəcəklər.
Birincisi, Nəsimi siyasətçi deyildi, ruhaniyyatçı idi (İslam ruhaniyyatçısı yox, Hürufi ruhaniyyatçısı). Dinin cəhalətini yayanlara dirəniş göstərmək isə siyasi baxış deyil. Bəllidir ki, Nəsimi Hələbdə edam edilib. Nə Hələbdə, nə də Hələb dönəminədək isə onun heç bir siyasi davası olmayıb, hakimiyyət uğrunda da döyüşməyib, dinə qarşı hürufilik baxışlarını yayıb. Başqa bir cəhət, əgər Nəsimi dindar olubsa, onda nə üçün bu gün muğam ifaçıları onun qəzəllərini oxumurlar?!  –  Çünkü Nəsiminin qəzəllərini oxumaq cəsarət tələb edir. Gərək “Həqq mənəm, Həqq məndədir”, “Gövhəri laməkan mənəm” deməkdən, oxumaqdan qorxmayasan. Ə. Vahid hansı milli dərinliyi ifadə edir, ondan nə qədər oxumaq olar axı?! İnsanı düşündürən, sarsıdıb böyüdən hikmətlər oxunmur, əyləndirən nəsnələr oxunur. Çünkü əyləncədə heç bir təhlükə yoxdur, ancaq milli ruhu diriltməkdə özünü yadlığa qarşı qoymaq var.
Bu gün milli dəyərlərimizi təhlil edib həqiqi qiymətini verməkdənsə, onu təhrif edib qiymətsizləşdirmək, dəyərsizləşdirmək xətti tuturlar… XXI yüzili elmi inkişafın yüksək bir mərtəbəsi sayırlar. Ancaq cəhalət aradan qalxmır, elmli adam kənd mollası kimi davranır. Bu səbəbdən də, hesab edirik ki, ruhaniyyat yenilənməlidir. Başqa sözlə, milli ruhun inkişafı təmin olunmalıdır. Ruhaniyyat – toplumda İnsanilik ölçüsünün nizam yaratması deməkdir. İnsanın ağlını söndürüb onun şüurunu qarabasmalarla yükləmək eybəcərliyinə son qoymaqdır.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir