Xəbərlər

Soylu Atalı. Münasibət müdrikliyi

İnsanlar arasında münasibətin yaranması üçün həmişə səbəb var. İnsanlıq ortaq keyfiyyətdir. Hər kəs ya gerçəkdən insani yaşayır, insani davranır, münasibət qurduğuna qarşı da insani davranış göstərir. Bu yanaşma ruhsal yanaşmadır, əsildir.
Ya da kimlərsə özlərinin insanca yaşadığını, onlarda hansısa üstün cəhətlərin olduğunu nümayiş etdirərək özünə qarşı baxış yaratmağa çalışır. Yalnız deyilənlərin doğru olmadığı, əslində görüntü olduğu üzə çıxandan sonra münasibətlərin davam eləməsi gücünü itirir. İnsanlar ilk yol kiminləsə ünsiyyətdə olarkən, tanış olduğu adamın da onun düşüncəsində olduğunu qəbul edir. Qarşısındakı ona qarşı heç nə demir, tərsinə, onun dediklərini doğrulayır. Sonra bir başqasının da dediklərini beləcə doğrulayır. Sonra başqası ilə ünsiyyətdə olanda öncəkinə qarşı danışır. Bəziləri isə inkar xatirinə davranır, özünü ağıllı sayır, qarşısındakının hər dediyini danır. Hər iki variant münasibətlərin yaranmasına, əsilləşməsinə qarşıdır. Ancaq doğrunu doğru kimi, əyrini əyri kimi görə bilmək, onu qırıcı olmadan deyə bilmək müdriklikdir. Yalnız müdrik münasibətlər uzunömürlü olur.
Toxunduğum bu məsələ düşündürücü bir məsələdir. Hər kəs bunu öz aləmində genişləndirə bilər, götür-qoy edə bilər. Yəni adam tutaq ki, bir adamla tanış olur. Tanış olduğun adamla söhbət edirsən. Heç kim başlanğıcdan o birinin dediklərinə qarşı getmir, sanki ikisi də eyni şeyi düşünür. Bəlli vaxt keçəndən sonra artıq hər ikisinin ayrı-ayrılıqda nə düşündüyü, necə düşündüyü ortaya çıxır. Münasibətlər bundan sonra hansı yöndə davam edəcək, davrananların davranışlarından asılıdır. Ola bilər, davrananların davranışları doğru olmaz, o zaman münasibət də saxtalaşar, süniləşər. Ancaq dediyim kimi, doğrunu doğru, əyrini əyri kimi görə bilmək, onu həm də deyə bilmək, qarşındakını qırmadan deyə bilmək – müdriklikdir. Biri deyir, mən sözü üzə deyən adamam, başlayır sən beləsən, sən eləsən, filansan. O da başlayır, sən də filansan, eləsən, beləsən. Burada doğru nədir, əyri nədir bilinmir. Ona görə deyirəm, yanlışları, qarşındakını qırmadan deyə bilmək, görə bilmək, göstərə bilmək müdrikliyi gərəkdir. Əsil mənada insani münasibətlərin formalaşması belə bir ölçü ilə oluşa bilər.  Asan davranmaq, asan demək müdriklik deyil. Müdrik adam qarşısındakından yalnız onu səbrlə dinləmək umar, hər şeyi qarşısındakına yükləməz. Yükləyirsənsə onda qarşındakından müdriklik umursan, özün müdriklik göstərmirsən. Hər kəs müdrikliyi qarşısındakından umur, özü müdrik davranmır. Bu, Ocaq açısından olduqca önəmli, təhlil olunmalı məsələdir…
Ata deyir, artmayan azalır. Tutaq ki, biz ömrümüzdə bəzi dəyişikliklər yaradıb bəsitlikdən çıxmışıq. Biz bunu inamımızın, idrakımızın gücünə eləmişik. İndi hesab edək ki, bir müddət ara verdik. Yəni idraki yöndə iş görmədik. Bu zaman bizim cismaniliyimiz yenidən aktivləşir, varlığımıza yenidən bəsitlikləri diktə edir. Əgər bu ara uzanarsa biz yenidən cismani yaşamağa, davranmağa vərdiş edirik. Köhnə davranışlar, köhnə vərdişlər ən pis biçimdə bərpa olunur. Getdikcə daha aşağı səviyyəyə yuvarlanırıq. Bu aşağı səviyyədən yenidən dartınıb çıxmağa isə artıq gücümüz, enerjimiz qalmır. Çünkü inamımız sarsılmışdır…

Atamız Var olsun!

Günəş Ayı, 45-ci il.

.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir