Xəbərlər

Soylu Atalı. Musiqi ruhun yaradıcılığıdır

Ürəyinizdə Günəş olsun!
Musiqi insan ruhunun tələbləri sırasında olan qutsal bir yaradıcılıq yönüdür. Hansı xalqda olursa olsun, ruhun nəğmələri qutsaldır. Hər xalqın öz musiqi yaradıcılığı var, bir-birinə bənzəməsə də, duyğularımıza doğmalaşa bilir. Xalqların yaradıcılıq bənzərsizliyi Tanrısal anlam daşıyır, İnsanlığın zənginliyindəndir. İnsanlığı (Tanrısallığı da deyə bilərik) ifadə eləyən hər şey gözəldir, eyni halda qutsaldır. Bunun adı Bəşərilikdir. Nə yazıqlar ki, çağımızda bəşərilik anlamı, başqa yaradıcılıq çalarlarında olduğu kimi, musiqi açısından da qorunmur. Ruhani heyrət yerinə cismani nəşə çağdaş musiqinin özəlliklərinə çevrilibdir. Əxlaqa uyğun olmayan, seksual nəşələrlə dolu səhnələr göz qamaşdırır. Bunun adına yenilik, çağdaşlıq deyirlər. Belə bir “yenilik” meydanında yarışlar düzənlənir, çığırtılar, bağırtılar, vəhşi ehtizazlar ölçüyə çevrilir. Əxlaqın ölümü üzərində gəlir-qazanc makinaları dayanmadan işləyir. Bu sürəcə “dur” deyə biləcək güc, qüdrət isə ortada yoxdur. Birgəyaşayışın nizamını yaratmalı olan dövlət belə, bu sürəcin qarşısını almır, almaq istəmir. Dövlət – başında duranların qazanc, şöhrət, yarış meydanı kimi formalaşıbdır. Başqa sözlə, insana bağlı qutsal anlamını itiribdir. Bu üzdən dövlətin başına gələnlər olanla barışır, olanı yönətir, olanı olduğu biçimi ilə artırır, gəlişdirir. Dediyimiz kimi, həm bundan gəlir götürür, həm də bunu eləmək zorunda qalır. Bunu eləməsə seçilmir, seçilə bilmir. Ona görə hər kəsin hüququnu qorumağı vəd edir. Hüquq – insanların iş yeri bulması, dolanışıq əldə eləməsi, oxuması, kefi istədiyi kimi əyləncələr sürdürməsi anlamı daşıyır. Söz yox, iş yeri, dolanışıq insanların doğal haqqıdır. Bu haqq əslində axıra qədər heç ödənilmir. Ancaq insanların hərcayi əyləncələr, davranışlar hüququ artıqlamasıyla ödənilir. Hələ demirik, hərcayilik insanların hüququ deyil, hüquqsuzluğudur. İnsanlar heyvani yaşam tərzinə itələnir, adına hüquq deyirlər. Çünkü insanların bu düzeydə olması onları yönətənlərə hava-su kimi gərəkdir. Yetkin bir toplumu yönətmək üçün, sözün doğru anlamında, dövlətçilik gərəkdir. Bu dövlətçiliyi qorumalı yönəticilər isə talançı, şöhrətsevər qruplardan deyil, fədakar, xalqsevər, insansevər düşünərlərdən oluşa bilər. Belə olarsa hüquqödəmə vədlərinin yerinə insanlıq haqqının ölçüyə çevrilməsi oturuşa bilər…
Qonunu davam eləmədən qayıdaq sözümüzün başına. Dedik, musiqi insan ruhunu ifadə eləyən bir yöndür. Bizim xalqımızın musiqi yaradıcılığı, başlıca olaraq, iki qoldan oluşub: biri aşıq-ozan çaları, biri isə muğam çaları. Hər ikisi özünəxas dərin, fəlsəfi anlam daşıyır. (El havaları ya muğam, ya da, aşıq-ozan dünyasına özgün olan çalarlardır).
Bu yazıda biz musiqi fəlsəfəsinin açımı üzərində geniş bir düşüncə sərgiləmək istəyində deyilik. Sadəcə aşıq-ozan yaradıcılığının çağdaş durumu ilə bağlı rahatsızlığımızı bir neçə sözlə dilə gətirmək istəyirik. Aşıq-ozan sənəti Türk ulusunun ortaqsız, qatqısız yaradıcılıq örnəyidir. Məsələn, muğamın yaranmasında başqa Doğu xalqlarının da qatqısı var. Ancaq aşıq-ozan sənətində, dediyimiz kimi, qatqı yoxdur. Düşüncəmizə görə bu musiqi çaları türkün Tanrıçılıq dünyagörüşünə bağlı olaraq ortaya   çıxmışdır. Bütün havalar irfan dərinliklərindən qaynaqlanır. Heç bir havada (klassik havalarda) yüngüllük, adilik, cismani nəşəvericilik yoxdur. Yəni qopuz-saz Tanrı ilə insanın təmasına, bağlılığına, birliyinə işıq salan qutsal bir simgədir. Aşıq-ozan bu simgəni əlinə götürəndə onu köksünə sıxır, ürəyinin dərinliklərinə qoşur. Bu dərinliklərdə bəslədiyi duyğularla Tanrının qarşısına çıxır. Tanrıya olan sevgisi ilə, umudu ilə dolur, dolğunlaşır, nəğmə dili ilə insanlara Tanrı hikmətindən söz açır. Tanrının sirləri ilə zənginləşən gözəllikləri nişan verir. Bu işi gerçəkləşdirmək üçün aşıq-ozan adı daşıyan şəxsdə üç keyfiyyət birləşir: Gözəl çalğı, məlahətli səs, sadə el dilində dastan söyləmək yetənəyi. Bu üç keyfiyyətdə oyun olmur. Özünü göstərmək, mənəmlik balacalığı, yoruculuğu şəxsiyyətin davranışlarında özünə yer eləyə bilmir. Bu üzdən aşıqlıq irfan dünyasında mürşüdlük çalarlarından biridir. Yüzillərdir yol gələn klassik ozanlarımız bu keyfiyyətlərlə çağımıza kimi gəlib çıxmışlar. Nə yazıqlar ki, bu ulu sənəti, bu ulusal uca keyfiyyətləri qoruya bilmədik. Bilmək gərək, Saz çalmağı öyrənmək hələ aşıq-ozan adına yüksəlmək demək deyil. Aşıq olmaq klassiklərin ruhuna doğmalaşmaq deməkdir. Bu da böyük özünütərbiyə yolu keçməklə oluşan bir məsələdir. Sazı əlinə götürən hər kəs onun haqqını verməlidir. Onun haqqı Tanrı qatında yaşamaqdır. Hər cür toplumsal, sosial, siyasi çətinliklərə baxmayaraq, aşıq-ozan adını qorumaq qutsal borcdur. Ya bu borcu ödəməli, ya da sazdan uzaq durmaq gərək. Sərxoş barmaqlarla saz çalmaq günahdır; Sözü tanımayanların, sözlə alver edənlərin yazdıqlarını (pul qarşılığında) oxumaq günahdır; Varlını, zorlunu, görəvlini öymək aşıq-ozan ləyaqətinə qarşı yapılan günahdır; Sazı, sözü kütlənin bəsit davranışlarına uyğunlaşdırmaq günahdır. Sazla oynamaq Tanrını öldürməkdir…
Tanrını anlayan, sazı qoruyan, xalq ruhuna sayğı duyan mürşüd aşıqlar yetişməlidir. Əbədilik, ölməzlik carçısı olan aşıq-ozan dünyasının ruhunu xalqa qaytarmaq gərəkdir.
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

18 Çiçək Ayı, 45-ci il. Saray-Soylu.
(aprel, 2023).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir