Xəbərlər

Soylu Atalı. Nəsimi – 650

 Bu gün biz böyük Nəsiminin anadan olmasının 650 illiyi qarşısındayıq. Bu yazıda Nəsimi yaradıcılığına üz tutaraq, onun kimliyini, düşüncəsini aydınlatmağa çalışacağıq. Söz yox, Nəsimini Hürufilikdən ayrı öyrənmək olumsuzdur. O bu təlimin kamil izharçısı idi, Yurdunda işıq kimi yanmağa başlamışdı.

“Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz,
Ta ki, görə bu səcdəyi narə yana həsudumuz”.

Ruhumuzu işğal edib özgə torpaqlarında bizə qiblə yaratdılar. Vətənindən uzaqda qutsallıq axtaranlara rütbə verdilər. Ancaq bu rütbəlilərin içində Vətən sevgisi yaranmadı, İnsan sevgisi böyümədi. Nəsimi insana qibləni öz yurdunda göstərir. Səcdə olunası yer İnsan üzünün gözəlliyinə bağlıdır. Eşqdən böyük rütbə yoxdur deyir Nəsimi.

İnsana münasibətin ucalığı Hürufilik təliminin canıdır. Bu təlimi dərk eləyən Vətəninə, ailəsinə, ulusuna bağlı olar. Bu bağlılıq Vətəni qibləyə çevirər.
Təlim harda yaranırsa, onun qaynağı hansı xalqın mənəvi görüşlərini yaşadırsa, ora qibləyə çevrilir.

“Anəstünarə sirrini Musa nə bilsin, ya Şəcər,
Anı mana sorsun ki, mən ol nur ilə nar olmuşam.                                         

Zikrim Ənəlhəqdir mənim, doğru sözüm həqdir mənim,
Darın içində qeyrühü həm leysə fiddar olmuşam”.

Musa Allahı od kimi görürdü, oda səcdə qılırdı, ancaq onu dərk eləmirdi, ondan qorxurdu. Musada səcdə qorxudan törəyirdi. Nəsimi od işığının insanda olduğunu, bu sirrin insan düşüncəsində açıldığını, buna görə də eşq zirvəsinə qalxdığını – kamilləşdiyini vurğulayırdı. İnsana bundan böyük yanaşma, dəyər vermə olmayıb.

“Ey özündən bixəbər qafil, oyan,
Həqqə gəl ki, Həqq deyil batil, oyan”.

Kimə, kimlərə deyirdi bunları görəsən?! Onun soyunu dinin işğal etməsindən 700 il sonra deyirdi bunu. Bir sıra ərəbbaşlı qorxaqlar deyirlər, Nəsimi insanı dinə çağırırdı. Məgər bu, dinə çağırışdır?! Dini yaradıb ortaya qoyan deyir, mən Həqqin quluyam, sən Həqqin qulusan. Nəsimi isə deyir, Həqq mənəm, Həqq sənsən, oyan, bunu anla. Anla ki, yaşamı işıqlandıra biləsən. Cahan qaranlığa qərq olub. Onu qul deyil, Həqq olan işıqlandıra bilər. Görün, insanı hara qaldırır?!
İnsanı dindən, dinin yaratdığı gerilikdən ayılmağa çağırır. Məhəmmədin Bəndə elədiyi insanı Nəsimi Allah sayır. İnsanın Allah düzəyinə yüksəlməsini istəməyənlər soydular onun dərisini. Bu edam sıradan İŞİD-çilərin gerçəkləşdirdikləri bir cahillik əməli deyildi, dövlət yönəticilərinin düşünüb ortaya qoyduqları bir qərarın gerçəkləşməsi idi. Çağdaş gerilikçilər Nəsiminin dərisinin soyulmasını da danmağa çalışırlar, din yayıcılarının vəhşətini gizləmək istəyirlər. Nəsiminin edam kürsüsündən söylədiklərini danmaqla yeni cinayətlər işləmiş olurlar.

“Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaq.

 Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar ağrımaz”.

Nəsimini soydular, Hürufiliyi dağıtdılar. Azərbaycanın qibləyə çevrilməsinin qarşısını aldılar. Hürufiləri məhv eləmək – Azərbaycanın özümləşməsini məhv eləmək idi. İslamın ruhumuzu işğal eləməsindən yarım min il sonra Ulusun ruhani özgürləşməsinə olanaq yaranmışdı, qarşısını aldılar. Hürufiləri yenməsəydilər, İslam qapalılığı, qaranlığı Azərbaycandan rədd ediləcəkdi. Bu gün Asif Atanın yolunu kəsmək də, həmin yanlışın, suçun davamıdır.
İnsanın tapınağı (Məbudu) özgürlüyə nə dərəcədə açıqdır?! – İslam dünyagörüşü istər Azərbaycan üçün, istər bütövlükdə türk üçün özgürlük qaynağı deyil, özünəyadlaşma yönüdür. Milli düzeydə özəl mənfi etkisi olan İslam dünyagörüşünün insana, millətə yanaşmasını (ümmətçilik ideyasını) araşdıran hər kəs bu dediklərimizi görə bilər. İslamda insan Mənasından ayrılır. Mütləq olanla insan arasında, birlik yerinə, ölçüyəgəlməz asılılıq yaranır. Hürufilər İnsanı Həqq saymaqla, onun Mütləq olanla bir olduğunu, ayrılmaz olduğunu sübut edirlər. Bunu öz təlimlərində – ideya düzeyinə qaldırırlar. Nəsimi bunu şeir diliylə daha ucadan, açıq bir anlamla söyləyir.

“Sən hümayi-laməkansan, kəndözündən bixəbər,
Gəlmədin ta kim, görəsən mənzili-əlayi-eşq.

Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et,
Bas qədəm meydani-eşqə görəsən məvayi-eşq”.

Dinin insana qoyduğu bütün yasaqları ortadan qaldırır, Allahın gizli taxtını yerlə bir edir. Nəsimiyə görə, eşq varsa, Allahın sirləri bilinəndir. Allahın sirləri açılmırsa, eşq deyə bir şey yoxdur. Din deyir, Allahın işlərinə qarışma, Nəsimi deyir, Allahın sirləri bilinməsə, həqiqətə eşq yaranmaz.
Nəsimidə İnsan özü qibləyə çevrilir. O, öz yolunda mənəvi-ruhani nizam yaratdığı üçün Vətəni də qutsaldır – qiblə özündə, Vətənində yaranır.
Qiblə özgürlükdən yaranır, əsarətdən qiblə yaranmaz. Özgür düşüncənin yerinə zorakı düşüncə gətirirlər, işğalın ömrünü uzadırlar. Milli şüuru sıradan çıxardanda əsarətin ömrü uzanır. Hürufilik işğala qarşı dirəniş idi…

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam.

 Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkana sığmazam.

 Feodal düşüncə ortamında insanı allah saymaq – insan üçün nə qədər gərəkliydisə, bunu söyləyən üçün bir o qədər qorxulu idi. Quruluş insanı qorxu altında saxlayırdı. Çünkü onun özünü görməsi, tanıması, daşıdığı məna yükünü dərk eləməsi Quruluşun ölümü idi. Quruluşa qarşı çıxmaq, insanı Quruluş azğınlığından qorumaq sınırsız hünər idi. Bu hünərlə yaşamaq – Dünyaya yeni Yaşam Uyumu vəd edirdi. Sarsıdırdı minillərin geriliyini, antiinsani şüurları.

Zərrə mənəm, Günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünkü bəyanə sığmazam.

Bu, türk şüurunun, türk panteizminin yeni aşamaya qalxması idi.
İkiliklər üzərində qurulub bütün gerçəkliklər. İkilikdən çelişkilər doğur, insan bu çelişkiləri ötə bilməyəndə həyat özü dolaşığa düşür – yaxşı ilə pisin, ağla qaranın, qaranlıqla işığın yeri dəyişir. Nəsimi insanı ən yüksək qatda göstərməklə, ona sorumluluğunu anladır. İnsanı – özünü balaca saymaq günahından arındırmağa çalışır. Bununla Nəsimi insanı uydurmur, onun özündən, göründüyündən yüksək olmaq olanaqlarını açıb göstərir. Bunu, həm insanın içini göstərməklə, həm də dinin yaratdığı toplumsal ortamı, dünyanın gedişini ifşa eləməklə yerinə yetirir.

“Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə sən yari-vəfadar istəmə!

 Gül bulunmaz bu dikənli dünyanın bağında çün,
Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!”

Ya da

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qüreyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam”.

 

Gerçək dünyada, gedişdə, zaman sınırında məni bölürsən – qul deyə, şah deyə, haşimi, qureyşi deyə. Mənim mənam bunlardan çox dərindir, çox yüksəkdədir. Məni gerçəkliyə pərçimləyib sınırlama, mən cisim-candan üstünəm, bunların heç birinə sığmayan ulu anlam daşıyıcısıyam.
Nəsimi öz qəzəllərində insan-Tanrı ayrılığını rədd edir. Tərsinə, bir bağlılıq, bir bütövlük yaradır. İnsanın üzündə Tanrının şəklini yaradır – İnsan varlığının kamil surətini tablolaşdıran rəssam kimi bilinir. Nəsimi sufilikdən başlamışdı, ancaq sufilikdən yüksəyə qalxmışdı.

Mən nə vəch ilən deyəm haqqı ki, səndən ayrıdır,
Çün gözümlə görmüşəm haqqın nişanı səndədir.

Sufi Allaha qul idi, Nəsimi Allahın özü idi. Ona görə insanın özünü qul saymasını rədd edir.
O dövrün insana münasibəti ilə Nəsiminin insana münasibəti arasında yer-göy fərqi vardı. Bu fərq – insanı qul durumuna salanları, insanı qul durumunda saxlayanları sözün qüdrəti ilə üz-üzə qoyurdu, onları qorxu altına salırdı. Ona görə bu təlimi daşıyanlara qarşı amansız idilər. Öldürürdülər Hürufiləri. Ağalığın İslam adlanan qaranlıq çətirini başının üstündə görmək istəməyənlərə kafirlik damğası vurub qorxu yaradırdılar. Qaranlıqdan qorxmayanları ölümün pəncəsinə atırdılar. Belə bir ortamı yaradanlardan biri Əmir Teymur idi. Teymur öz şöhrətinə, taxt-tac, sərvət tamahına qurban verirdi Hürufiləri. Əslində, Azərbaycanın örnəyində, bütün türklüyə zərbə vururdu. Teymur olmasaydı, Hürufilər Azərbaycanda qalib olacaqdı, İslam geriliyi yeniləcəkdi. Teymurun cahanşümul imperatorluğu Hürufiliyin yaradıcılarını məhv elədi. Bu gün Teymurdan quruca ad qalıb, ancaq Hürufiliyin milli-mənəvi etki olanaqları çox genişdir. Ona görə ərəbbaşlar Hürufiliyin öz anlamı ilə tanınmasına əngəl olmağa çalışırlar. Teymuru savunanlar da, əslində bunu Teymura sevgidən eləmirlər, İslamı qorumaq üçün edirlər.
Burada biz məsələyə hərb tarixi açısından yanaşmırıq, milli kimlik şüurumuzu qorumaq açısından yanaşırıq. Hərb tarixi ilə öyünməyi də yersiz sayırıq. Fatehlik – fiziki, mənəvi soyqırım deməkdir, bəşəri mahiyətə qarşı yönəlmiş cinayətlər səbəbidir. Bəşəri mahiyətə qarşı böyük cinayətlərin işlədiyi bir çağda Hürufilər İnsanilik təlimi yaratmışdılar. Bu, yenilməz bir cəsarət idi. Hürufilərdə insana özgün olan bütün yüksək keyfiyyətlər üzə çıxmışdı. Ancaq fateh qılıncı insanın öz mahiyyətinə uyğun yaşamasının (Hürufilərin diliylə desək, Allah olmasının) qarşısını aldı. İnsanı qılıncla qorxutdular, yavaş-yavaş əsarətə alışdırdılar, onu özünün Allahlıq mənasından ayırdılar. İndi İnsana yenidən öz mənasını anlatmaq, özgürlüyü tanıtmaq – böyük zaman, hünər tələb edir.
Fatehlik insanın ruhunu öldürürdü, Hürufilik dirildirdi.
Şirvanşah Teymurun qarşısında aciz idi, Hürufilər üçün heç nə eləyə bilmədi. Bugünkü hakimiyətimiz də Hürufilik üçün heç nə eləmir. “Nəsimi ili” elan eləmək – xalqın duyğularına girmək üçündür, gerçək bir addım belə atılmır. Televiziyalarda Hürufilik Təliminin özəllikləri xalqa öyrədilmir, oxullarda bununla bağlı eyitim verilmir. Ancaq Nəsimidən molla düzəltməyə çalışırlar.
Özümlüyümüzə qarşı yad düşüncəli adamlar Nəsimini dindar elan eləməkdən belə çəkinmirlər. Ya onlar Nəsimiliyi də, dini də dərk eləmirlər, ya da bilə-bilə dönüklük edirlər.
Biz, Asif Atanın Mütləqə İnam Ocağı olaraq, milli kimliyimizi, mənəvi varlığımızı özündə daşıyan bütün dəyərlərimizə yiyə durur, onların öz anlamlarına uyğun öyrənilməsinə, sevilib yaşadılmasına çalışırıq. Hürufilikdən danışanda gərək həm tarixi faciələrimiz dərk olunsun, həm də bu faciələrdən dərs götürərək, milli qurtuluşumuz yetirilsin.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

17 Çiçək Ayı, 41-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir