Xəbərlər

Soylu Atalı Narahat taleyin ümid axtarışı

 Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə!

Narahat taleyin ümid axtarışı

(Ernest Hemunqueyin “Qoca və Dəniz” əsəri üstə düşüncələr)

Bəşəriyyət yaradıcı olduğu halda, yaradıcılığı fövqəltəbii qüvvələrin işi hesab elədi. Bəşər övladı kainatın ahəngini seyr elədikcə ağlının məhdud olduğunu düşündü və düşündükcə bu ona əzab verdi. Sarsıldı, çaşdı, qorxdu – özünü küçümsədi. Ağıl gerçəkliyə bağlı olur, gerçəklik isə gözün görmə uzantılarına qədərdir. Kainatın ahəngindəki sonsuzluğa ağıl işləyə bilmir. Ona görə də sonsuzluq Allahın məkanı kimi düşünüldü. Allah insandan sonsuzluq qədər uzaqlarda bilindi. Sonsuzluqla sonlu arasında uçurum yarandı. İnsan ömrünü, düşüncələrini sonsuzluqdan təcrid elədikcə münasibətləri bu uçuruma düşdü. Uçurum taleyi yaşadı. Uçurum dərindir və cazibəlidir. Uçurum dərinliyinin öz qanunauyğunluqları var. Burada hər şey baş-ayaq durur. Baş-ayaq yaşayan cəmiyyət qeyri-kamil cəmiyyətdir. Qeyri-kamil cəmiyyətin yaratdığı mühit də, həyat tərzi də qeyri-kamildir.Cəmiyyətin qeyri-kamillik üzərində yaratdığı uçurumları Allah da ötə bilmir. Bu uçurumlar Allahın qeyri-kamil mühitə “təsir imkanlarını” da aradan qaldırır.
Burada biz Allah deyəndə İnsanın Ali Mənindəki qüdrəti nəzərdə tuturuq. Yəni, insan öz Ali Mənindəki qüdrətdən təcrid olanda sonsuzluq səltənətə çevrilir və Allah onun sahibi olan anlamı daşıyır. Allahın yaradıcılığı anlayışı insanın ruhani imkanlarının qüdrəti kimi dərk olunmur, – Dünyanı oyuncağa çevirən azman sənətkar kimi mənalandırılır. Əslində İlahi yaradıcılıq – insanda ruhani imkan, Dünyadakı Dünyalıq imkanı deməkdir. İnsanla Ali Qüdrətin vəhdəti, Dünya ilə Dünyalığın vəhdəti dərk olunarsa, insan arzuları sonsuzluqla özü arasındakı uçurumlarda məhv olmaz. Başqa sözlə, insanla məna arasındakı uzaqlıq aradan qalxar.
Bəlkə də, verdiyimiz bu qısa və çətin giriş üz tutduğumuz mövzuya bağlı görünməyə bilər. Əslində isə yaradıcı dühaların bütün axtarışları düşüncələrimizi bədii obrazlar vasitəsilə  vurğuladığımız mənalı həyatın çalarlarına yönəldir. Ernest Heminqueyin “Qoca və Dəniz” əsəri də bu qəbildən olan yaradıcılıq örnəyidir. Biz yaradıcı imkanların dərin qatlarından üzə çıxan belə dühaları müəllif adlandırmaqdan özümüzü saxlayırıq. Müəllif – özünün fərdi estetik imkanları ilə uğraşan yazara demək olar. Ulu keçmişin möhkəm özülləri üzərində dayanaraq böyük gələcəyə istiqamət götürən şəxsiyyətlər insan duyğularının təkamül yoluyla bəşəri dərinlikdə yaşamasına yardımçı olurlar. Onlarda istedad əzabgətirici xassəyə malik olur. Çünki bəşəri axtarışlar ağrılı yaşantılar deməkdir. İstedad ağrı gətirir və ağrı ilə ömrü birləşdirir. Ağrı ilə yaşayan ömür böyük olur. O, daim gerçəklikdən yüksəkdə durur.
Onu demək lazımdır ki, əsər bir obrazın timsalında həyatın iç qatlarını açdığı dərəcədə dərin və fəlsəfidir. Bədii cəhətdən mükəmməl, estetik-ideal baxımdan ibrətlidir. Bir şəxsin qayğıları, düşüncələri, maraqları, narahatlığı, təbiətdəki canlı mövcudluqları özünün yaşamaq vasitəsinə çevirməkdən dolayı xəcaləti – ovqatının təbii şəkildə, anlaşıqlı ifadələrlə aşkarlanması bütöv bir cəmiyyətin həyat tərzini, dövrün  ictimai-sosial ahəngini xeyli dərəcədə əhatə edə bilib. Elə istedadın qüdrəti də bundadır, sənətin gözəlliyi də.
Əsərə müraciət eləməklə müəyyən qədər dediklərimizin izahını verməyə çalışaq.
“Balıq insanın hər cür kələyindən, hiyləsindən, qurduğu tələdən uzaqda, okeanın dərin yerində yaşamaq istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən bir yerdə indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmazıq. Aramızdakı yaxınlıq günortadan başlayıb. İndi mənə də, ona da heç kim kömək edə bilməz” (“Qoca və Dəniz” əsərindən).
Uçuruma çevrilən qeyri-kamil həyatın qarşımıza çıxan məntiqidir. İnsan, öz növündən olanların yaratdıqları ədalətsizlik ucbatından ağlasığmayan hiylələr düşünür. Həyat uğrunda mübarizəni öz növünə qarşı apara bilməyəndə təbiətin başqa canlılarına qarşı aparır. İnsan həyatı düzgün qura bilmir. Ona görə də öz ağlını daha nələr üzərində sınaqdan keçirməyə zorlayır. İnsandakı dərrakə hər şeyi ram etmək, yaxud mənimsəmək üçün olmamalı idi. Hər şey süni yolla mənimsəniləndə təbii qanunauyğunluqlar pozulur axı. Təbii qanunauyğunluqlara münasibət Qocanın gözəlliklərə qıymaq istəməməsində bütün çalarları ilə özünü büruzə verir. Balıq insan hiyləsinin çatmadığı bir dərinlikdə yaşamaq istəyir. Bu, təbii gözəlliyin, təbii qanunauyğunluğun təsirinə bir işarədir. Ancaq insan hiylələrinin dərinliklərə belə işləməsi vəziyyəti dəyişir. “Mən onu üzə çıxartdım” və gözəlliyə qıydım. Dərinliyə hiylə boşluğu doldu. Bu mənzərəni dilə gətirmək Qocanın daxili iniltisi və gileyi kimi ifadə olunur. Çünki Qoca bütün gücünü öldürmək üçün səfərbər edibdir. Bu, onun zərif düşüncələrinə zidd olduğu halda, maraq və tamah onu uzaq məsafələrə sürüyüb aparır. Burada, o öz həyatını itirə bilər. Risk nə üçündür?! “İndi mənə də, ona da heç kim kömək edə bilməz”. Qoca əzab verir və əzab çəkir. Əzab verməsi yalnız fizikidirsə, əzab çəkməsi həm də mənəvidir. Həm vücudunda sağlam yer qalmır – hər yerini kəsir, ağrıdır; həm də nəhəng bir canlını üzə çıxarıb işgəncə verdiyi üçün – dünyanın mənasına zidd addım atdığı üçün xəcalət çəkir. Sonra gözündən düşməməsi üçün özünə təsəlli verir. Yaşamaq üçün atdığı addıma məcbur olmasını əsaslandırmağa çalışır. “Dünyada elə hər şey günahdır. Günah olmayan nə var ki?! Bir də bundan qoy o adamlar narahat olsunlar ki, günah-savab işindən pul çıardırlar” (Həmin əsərdən). İnsan nəfəsindən çox-çox uzaqlarda, ölümün bircə addımlığında onun ruhu narahat duyğularını sözə çevirib ən azı öz qulağına eşitdirir. Bəli, ölümlə yanaşı oturub bu ünyetməz dəryaların ləpələri üzərində özünün əməllərini mühakimə edir. Əgər təbiətin sərt üzü görünərək dəryanı təlatümə gətirərsə, Qocanın taleyi əbədi sularda qərq olar. Bununla da, solğun çıraqların şölələri altında mürgü vuran qəsəbəsi üçün bir neçə yoxsul xatirələr saxlamış olar. Əslində həyatın görünməyən əsrarı da Qocanın bu mühakimə və mülahizələrindədir. Özüylə filosofsayağı ünsiyyət qurması onu göstərir ki, biz bu uzaq səyahəti təkcə Qocanın yaşamaq haqqına bağlamalı deyilik. Təsvirə sığmayan davranışlar və mühakimələr hadisələrin məzmununa dinamiklik və dolğunluq gətirir. Doğrudur, burada yoxsulluq və təbiilik, ülviyyət və yaşamaq əlacsızlığı üz-üzə dayanır. Yaşamaq, mövcud olmaq istəyi insanı əlacsızlaşdırır. O, ali səviyyələrə qalxmaq istəyir, ancaq yaşamaq, yəni cismani həyat onun ayağından tutub dala çəkir. İnsan öz həyati istəklərinin dalınca qoşduqda ülviyyətdən uzaq düşür. əlacsızlıq ucbatından ali duyğularından keçməli olur. Bunu biz balıqçının öz dilindən də eşidirik: “Balıqçı olmağım bir yandan öldürmək üçündürsə, o biri yandan çörək ağacımdır”. (Həmin əsərdən). Burada əlacsızlıq özünü aydın göstərir. Cismani həyat insana baha başa gəlir. Hətta bəzən insani ləyaqət hesabına qurulur. Ancaq yaralı balığın Qocanı qayıqla birgə ardınca çəkib aparması onu başqa cəhətdən qayğılandırır. Burada Qoca öz işinin uzanmasından daha çox, balığın yaşamaq istəyinə qarşı çıxmasından xəcalət çəkir. “Görəsən nə elədiyini bilirmi, yoxsa o da mənim kimi bəxtinin izinə düşüb hara gəldi gedir?” sonra özünü qınayaraq “həddən artıq uzağa getməklə sən öz bəxtini təhqir eləmisən” deyir. Əlbəttə, burada biz Qocanın həyatı ilə yersiz risk eləməsindən yana rahatsız olduğunu da düşünə bilərik. Ancaq burada o da var ki, insan bəxtinin maddi nemətlər tamahında olmadığı bilinir. Nə yazıqlar ki, insan özünü dərk eləməyə az meyilli olur. Belə olduqda isə cəmiyyətin qeyri-kamil mühiti onun idrakını məhdudlaşdırır və mənliyini tapdalayır. Bütün bu narahatlıqların, ağrılı düşüncələrin qaynağı da əslində insanla cəmiyyət arasındakı yadlığın sərtliyindədir. Qocanın hər addımda etiraz dolu ifadələrində bunu görmək mümkündür…
“Yaxşı ki, biz adamlar ulduz ovuna çıxmırıq. Sevinirəm ki, ulduzları öldürməyə can atmırıq” (Həmin əsərdən). Qoca gecəni uzaq dəryaların ağuşunda qarşılayarkən tənhalığın vahiməsini sayrışan ulduzların həmdəmliyi ilə ötür. Uzaq sonsuzluqda sirli, sehrli ulduzlar ümid işığı kimi həyatı Qocaya doğmalaşdırırdı. O, belə bir ümidsiz məkanda təslimçilik əhvalına qapılmır, hətta bədəninin ağrıları da onun ümidinə qoşulur. “Əgər ağrı varsa, deməli, həyat var” deyir. Yorğunluq və əzab içində bütün vücudunun keyiməsindən ölümü, dirimi olduğunu kəsdirə bilməyən Qoca canının ağrımasından və uzaq ulduzların varlığından təsəlli tapır.
İnsan dərrakəsinin hiylələrə sərf olunaraq hər şeyi öldürmək, məhv etmək üçün köklənməsinə Qoca tənhalığın sarsıntıları içərisində dikələrək etiraz edir. Bu etirazını öz təsəllisi və sevinci ilə ifadə edərək “nə yaxşı ki, ulduzları öldürməyə can atmırıq” deyir.
Bir obrazın simasında əsərin bu dərəcədə zəngin dinamizmi bizi heyrətə gətirir. Həm də onun dənizdə tənha döyüşləri olduqca dramatik səhnələrlə doludur. Təsvirə gəlməyən davranışların dramatik qatları əslində istedadın universal imkanlarını göstərir. Dərin istedad həyatın dərin qatlarını açır.
Əsərdə hər addımbaşı yeni qapılar açıb, məntiqi mülahizələrin izinə düşərək düşünmək imkanları tapmaq olur. “Ancaq düşündüyünü dilə gətirməyə qorxurdu; ona elə gəlirdi, arzu dilə düşəndə baş tutmur… indi düşünüləsi bir şey varsa, o da mənim nə üçün doğulmağımdır” (Həmin əsərdən).
Burada Tolstoyvari həyat fəlsəfəsinin içinə daxil olmaq və onun Anlamını tapmaq istəyi yarana, yazıçı balıqçının diliylə öz axtarışlarının sirrini açıb tökə bilərdi. Ancaq o, fəlsəfi axtarışlar dalınca qoşmur, öz əsərinin bədii çalarlarla başa gəlməsini təqib edir və oxucunun diqqətini yayındırmaq istəmir. Öz sualına “Balıq tutmaq üçün” cavabını verməklə, əsərin başlandığı məntiqin bədii qanunauyğunluqlarına sadiq qalır…
Qocanın uzaq dəryaların ənginliklərinə səyahət etməsi, onu Dünyanın ali mənasının yanına aparıb çıxarmışdır. Bu səyahət onun bütün ömrünün mənalı bir sintezi kimi tamamlanmışdır. O, düşünə bilmiş, anlaya bilmiş, sevə bilmişdir. Nəhayət, insanların bir-birinin qədrini bilməməsinin ağrılı bir gedişat olduğunu özünə deyə bilmişdir.
“O, insanla bir yerdə olmağın, deyib-danışmağın əsil mənasını, dəyərini indi-indi bilirdi” (Həmin əsərdən). İnsan cəmiyyətdə çaşır, özü-öz gərəkliyinin axıra qədər fərqinə varmır. Ancaq ən adi ünsiyyətlərdən belə təcrid olanda başqasına olan ehtiyac bütün dolğunluğu ilə öz təsirini göstərir. Onun mənalı bir varlıq odluğu, həyat nizamının təməlində durduğu qabarır.
Əsərdə Qoca səyahətdən zahirən məğlub qayıdır. Dəniz yırtıcıları onun böyük zəhmətlə əldə elədiyi neməti qamarlayıb alırlar. Ancaq Qalibiyyət Qocanın düşüncələrində, insana olan ehtiyaclarının qarşısıalınmaz bir həsrətə çevrilməsində – həyat üzərində yüksəlməsində idi. İnsan mənanı öz içində tapa bilməyəndə təbiət onun köməyinə gəlir.
Biz əsərdə yalnız canlı həyatda olanların təsvirlərini seyr etmirik. Həm də Qocanın özü ilə söhbətlərində Olmalının məntiqi axarına düşürük. Burada biz insan olmağın səadətini hiss edir, dünyaya gəlişin gözəlliyini sevincimizin göz yaşlarında bir anlığa da olsa yaşayırıq…
Bədii əsərin klassik sənət nümunəsinə çevrilməsi şəxsiyyətin insani-bəşəri məzmun əsasında yaşamasının göstəricisidir. Bizim üçün E.Heminquey insani-bəşəri pillədə duran sənətkarlardandır.

Yükümüzdən böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

21 Yağış Ayı, 32-il. Saray-S.
(noyabr, 2010).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir