Xəbərlər

Soylu Atalı. Ocağın ölümsüzləşən “Bağban”ı

Asif Ata deyirdi: “Ocaq heç bir planda, proqramda olmayan bir olaydır”.
Başlanğıcda Asif Atanın istəyi ruhaniyyat yaratmaq deyil, milli dövlət yaratmaq idi. Ancaq milli dövləti yaratmağa insan gərəkirdi – satmayan, satılmayan, millətə, dövlətə, insanlığa xəyanət etməyən. Asif Atanın bu işi gerçəkləşdirmək istədiyi çağlar milli düşüncənin, demək olar, susdurulduğu bir dövr idi. Sovet imperiya maşını milli düşüncələrin qətliamını davam eləməyə hazır dayanmışdı. Hər yerdə gözümçıxdıya salınan düşüncə yiyələrinin gözü qorxudulmuş, mənliyi susdurulmuşdu. Belə bir aşamada milli düşüncəni oyatmaq, bəlkə də yenidən yaratmaq gərəkirdi. Axı oyanış hansı özüllər üzərində yürüdülə bilərdi?! – Milli dəyərlərin anlamı dəyişdirilmiş, yalançı qardaşlığın ixtiyarına verilmişdi. Dədə Qorqudun, Babəkin, Nəsiminin, çağdaş yaşamda, insanın düşüncələrini böyüdən, formalaşdıran uzantıları yox idi. Onlar tarix eksponatları kimi öyrədilirdi. Ölçü isə Marksizm-Leninzm antimilliliyindən oluşdurulmuşdu. Bir sözlə, Asif Atanın işi çox ağır idi. Milliliyin, insanlığın dağıldığı bir ortamda əngəlləri aşmaq, qabağa getmək böyük qüdrət tələb edirdi. Bu qüdrəti nə yarada bilərdi?! –  Qorxu, zor, güc üzərində qurulan hakim ideologiyadan dərin, üstün, sarsılmaz bir ideya sistemi. Bu ideya sisteminin adı Mütləqə İnam idi. İnsanlığın Qaranlıq içində görünməz olduğu bir dünyanı işıqlandıran, varlığı aydınlığa çıxaran bir İnamın Ocağı qalanmalı idi. Ürəkləri yalanlardan, riyalardan, qorxulardan arındıran, böyüdən bir Yol yaranmalı idi. Ona görə də “düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq” dedi Asif Ata.
Yolu elan eləmək onu getmək qədər çətindir. Gözünün odu alınmış bir toplumun içində sənə yol yoldaşı olmaq istəyənləri necə axtarmalı, necə çağırmalı?! – Hər şeyi ayaqlayıb məhv etməyə hazır duran imperiyanın hər yerdə gözü, hər yerdə özünə yad saydığı səsləri dinşəyən qulağı vardı. Bunun üçün Ocağa özündən keçənlər, ölümün gözünün içinə dik baxanlar gəlməli idi. Ancaq Asif Atanın taleyinə ortaq olmaq hər adamın işi də deyildi. Bu adamları tapmaq, seçmək üçün bölgələrə getmək, xalqın içinə çıxmaq – iş aparmaq, Asif Atanın hakim Quruluş üçün qorxulu olan ideyalarından soraq vermək gərək idi. Ocağın işığı yavaş-yavaş hər yerə düşməli idi. Həqiqəti gözlərə göstərmək, qulaqlara duyurmaq – ağılları işıqlandırmaq gərək idi. Bir sözlə, Yol başlamalıydı.


Ən çətin anlarda bütün bu işləri – Asif Atanın özü görürdü. Sonra Ona inanan tək-tək adamlar bu işə girişdilər. Hədələmələrin, izləmələrin basqısı altında dik duran Asif Ata bu təpəri öz Ocaqçılarına, yeni ruhaniyyat anlayışı ilə desək, Evladlarına da yansıtmağa başlamışdı. Başqa sözlə, Ocağın ilkinlərini yaratmağa girişmişdi. Bu ilkinlərin içərisində Ağdamda doğulub Mingəçevirdə yaşayan ölməz Bağban da var idi. Asif Ata xalqın sıradan bir övladı olan Hüseynov Rafiq Poluş oğlunu öz Ocağının Ruhani bağbanlarından birinə çevirdi. Ona Bağban adı verdi. Rafiq də gerçəkdən Ocaq ruhaniyyatına bağbanlıq eləmək yükünün altına girdi.
Doğrudur, Rafiqin Ocağa gəlişi imperiyanın çöküş illərinə düşürdü. Ancaq qorxu, çətinlik tam aradan qalxmamışdı. Yadlıqları saqqız kimi çeynəməkdən ağızları əyilmiş soydaşlarının ağzının əyrisini düzəltmək asan bir sürəc deyildi. İddialı bilim adamları ilə, komprodorlaşmış sovet “ziyalıları” ilə üz-üzə gəlmək, onların əkstəbliğatına uymamaq, səbrlə doğru bildiyi yolda yürümək – sadə xalq adamlarının bacaracağı iş deyildi. Bunun üçün bireyin Yola inamı dönməz bir düzəyə qalxmalı idi. İnamla demək olar, Bağban o çağlarda belə bir düzəyə qalxmışdı.
Yadımdadır, Asif Ata Mərasimlərdə Bağbanın uğurlarını dəyərləndirib alqışlayırdı (Təqdir edirdi). Ocaqçıların baxışını onun uğurlarına çəkib örnək göstərirdi. Sevinirdi Bağban kimi Evladının olması ilə. O çağlarda basın orqanları Asif Atanın yazılarını Asif Əfəndiyev imzası ilə çap edirdilər. İlk dəfə “Asif Ata” imzasını, Mingəçevir qəzetlərinin birində, Bağban çap etdirdi. Qəzeti götürüb Bakıya gəlmişdi. Asif Atanın sevincinin sınırı yox idi. Söz yox, Asif Ata bu işə şöhrət məsələsi kimi baxmırdı. Min ildir xalqın şüurunda qaranlıq yayan din geriliyinə qarşı İnamın dirənişi görünməyə başlayırdı. Bu, yeni sivilizasiyanın – “Atalıq-Evladlıq” anlayışları ilə şəkillənən bir əqidə Yolunun xalqın içinə çıxmasının başlanğıcı idi. Ondan sonra başqa basın orqanlarında da “Asif Ata” imzası görünməyə davam elədi. Bağban öz bölgəsində, Ocaq tarixində ayrıca bir səhifə açan, uğurlu işlər gördü. Ancaq amansız ölüm bu işləri davam eləməyə imkan vermədi. Ocaq Bağbansız qaldı. Asif Ata onun ölümünə çox üzülmüşdü. Uzun çağlar kədər onun halından, üzündən ayrılmadı….
Bu gün o çağlardan çox illər keçib. Asif Ata da həyatda yoxdur. Ancaq onun Mütləqə İnam Ocağı öz çalışmalarını, yaşamını sürdürür. Asif Ata Ocağın ölümsüzlük anlamıdır. Onun yolunda yürüyüb ölənlər də Ocağın anlamında – Asif Atanın varlığında ölümsüzləşən Ocaq Evladlarıdır. Bağban bu ilkinlərdəndir.
Biz hər bir Ocaq mərasimlərində onun adına sayğı ilə ayağa durub varlığımızda olduğunu dilə gətiririk, bundan sonra da gətirəcəyik…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

01 Çiçək Ayı, 45-ci il. Saray-Soylu.
(aprel, 2023).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir