Xəbərlər

Soylu Atalı Ölüm Mütləq Yoxluq deyil

Bəşəriyyətin ruhaniyyat açısından keçdiyi yol olduqca mürəkkəb, keşməkeşli tarixlərlə gəlişmişdir. Gələnəksəl olaraq, ruhani dünyabaxış yaradıcıları öz yaratdıqlarının sorğulanmasını istəməmişlər. Çünkü mücərrəd (genel) məsələlərin aydınlaşdırılması bir çox yönlərdə çətin, bəzən isə olumsuz olmuşdur. Bu üzdən əgər tanrısal məsələlər ən incə ayrıntılarına qədər sorğulanmağa açıq olarsa, bəri başdan qəbul olunması sual altına düşər. Çünkü çoxsaylı subyektiv baxışlar, düşüncələr ortaya gələr, bu da çaşdırıcılığa, inamın, inanmağın sarsılmasına nədən ola bilər. Bununla belə, dünyabaxış yayılandan sonra onun irəli sürdüyü ideya-prinsipləri ayrı-ayrı düşüncə adamları, qaçılmaz olaraq (labüd şəkildə), öyrənməyə, araşdırmağa başlayırlar. Ələşdirmələr artdıqca şübhələr çoxalır, dartışmalar çelişkilər doğurur. Sonucda fərqli yanaşmalar yeni təriqətləri ortaya çıxarır.Bundan sonra da yeni təriqətlərin ələşdirənlərimeydana çıxır. Beləcə axtarışlar davam edir.
Dediyimiz kimi, bir sıra mücərrəd ideyalar aksioma kimi deyilir, təfəkkür yoluyla onların isbat olunması çətinlik yaradır. Ancaq biz düşünürük ki, belə ideyaların təcrübi olanaqlarla isbatlanması çətin olsa da, nələrisə uydurmaq yolveriləsi deyil. Çünkü uydurmalar, sonradan, insanın yaşamında səmimiyyətsizliyə, yalanlara yol açır. Birgəyaşayışın nizamı xatirinə bəzən uydurmalar zorən (məcburən) ortaya atılır. Hansısa düşüncə adamının belə bir deyimi də olub: “əgər Allah yoxdursa belə, (nizam xatirinə – S.A.) onu uydurmaq gərəkdir”. Bizə görə uydurulan nəsnə – nizam saxlaya bilər, ancaq gözəlliklərin kəşfinə, özünüdərk prosesinə yol açmaz. Allah ideyasının anlamı doğru bəlirlənsə, onu uydurmağa gərək qalmır. Allahı (əslində Mütləqi) uydurmaqla yaşamın özünü xurafata çevirmək olar ki, bununla da, bütün münasibətlər zədə götürmüş olar.Deməli, yanaşmalarda başlıca qorxu – biliyin azmasında (azdırılmasında), doğal yaşamın (təbii həyatın) xurafatla çuğlaşmasındadır. Mücərrəd anlamlar, anlayışlar üçün bu qorxu həmişə yaranıbdır. Bəs bu qorxunun tam olaraq ortadan qalxması olumludurmu?! Demək çətindir. Elmin girə bilmədiyi, başqa sözlə, sınaqla (təcrübə yolu ilə) bəlirlənməsi alınmayan məsələlər heç vaxt qapadılmır, əbədi açıq qalır. Bəşər övladı hər dönəmdə, hər soyda bu məsələlərə yenidən baş vurur, yeni baxışlar sərgiləməli olur. Ancaq yeni bir baxış sərgilənənə qədər, öncəki baxışın yaşamda hakim etkisi qalır. Sonralar da, yeni baxışın gəlişi ilə, biliyin genel qaynağı olaraq, öncəki baxışlar, tarix açısından, tam sıradan çıxmır. Yeni baxışın oturuşması da asan baş vermir. Üstünlük əldə eləməsi üçün, yeni baxış ciddi məsələlərə, sirlərə inanılacaq düzeydə açıqlamalar verməlidir. Bu sirlər Tanrının, Asif Atanın anlayışı ilə desək, Mütləqin sirləridir. Yuxarıda dediyimiz kimi, bu sirləri sınaq yolu ilə tam açıb aydınlaşdırmaq, bir sözlə, bağlayıb nöqtə qoymaq olumsuzdur. Sadəcə olaraq, elə aydınlaşdırmağa çalışılmalıdır, (hər şeyi elmi sınaqla öyrənmək alınmasa da) sirlər dərk olunsun, uydurmalar baş alıb getməsin. Bu dərk sürəcinin başlıca yönü özünüdərk, Dünyanıdərk anlamındadır. Özünüdərk məsələsinin yetişməsi, başqasözlə, kamil insanın formalaşması sərgilənən baxışlarla (əyri, ya doğru) sıx bağlıdır. Ona görə də tanrısal məsələlərin yanlış qoyulmasında, aydınlaşdırılmasında ortaya çıxan araşdırmalar özünüdərk sürəcini (prosesini) nəinki gecikdirir, çox hallarda bu sürəcə əngəl olur. Genel olaraq götürəndə tanrısal məsələlərə girişmək olduqca çətindir, belə də deyə bilərik, azların işidir. Bu azlara peyğəmbər deyilir. Peyğəmbərin işini davam edən, bu işə aydınlıq gətirməyə çalışan insanlar da az olubdur. Gözəl zəhmətlər, sevgilər, gözəl düşüncələr bizə gözəl örnəklər də göstərə biliblər. Bunlar qum topalarının içində inci dənələri kimi olubdur. Ancaq dediyimiz kimi, yaşamda xurafatın geniş, aktiv olması bu inciləri ayırıb gəlişdirmək, yararlanmaq gedişində böyük çətinliklər doğurub.
Onu da deyək, öncəki biliklər dərin, gerçək anlamdan daha çox, alleqorik şəkildə, obrazlaşdırılmış biçimdə sərgiləndiyindən, sonrakı aşamalarda da bu şəkillərini qoruyub saxlamışdır. Sonucda idrak yenidən sirlər burulğanında yeni axtarışlara baş vurmalı olmuşdur. Mifologiya libasında görünən biliklər, yetərsizliyi ucbatından, bütün sirlərin qapısını açmağa yardımçı ola bilməmişdir.
Biz dedik, tanrısal məsələlərə girişmək olduqca ağır sürəcdir. İnsanın, Dünyanın, hətta Tanrının özünün belə, nə olduğuna açıqlama vermək gərəkir. Birgəyaşayışa nizam vermək, onu qorumaq olduqca çətindir. Bu məsələləri yoluna qoymaq üçün, çox hallarda, bu məsələlərdən qıraqda çalışmalar sərgilənibdir. Buna sosial-ekonomik nəzəriyyələri örnək göstərmək olar. Sosial-ekonomik nəzəriyyələr varlığın cövhərinə girmir, biçim yaratmaqla uğraşır. Bu uğraşmalara sıcaq baxmaq da olar. Ancaq bu nəzəriyyələr mənəvi-ruhani ölçüləri əvəz eləməyə girişdikləri üçün yaşam eybəcərliklərlə dolur. Toplum təbəqələşir, iyerarxiya oluşur, mədəni gəlişmələr üzdə gedir (zahiriləşir). Bir sözlə, varlığıdərk sürəci mövcudolma şərtlərinin ölçüyə çevrilməsinə qurban verilir.
Əslində bəşəriyyətin bugünkü yaşamı kor bir gəlişmə sürəcindən başqa bir şey deyildir. Mövcudluğu sürdürmək üçün (yaşamaq üçün) tükənməyən mübarizə aparılır. Bu, insanın bioloji doğadan (heyvanatdan)ayrıla bilməməsinin göstəricisidir. Mənanı tanımayan insan dünyanı dərk edə bilmir. Dünyanı dərk edə bilməyən insan (yaşadığı) heyvanata bənzər ömrünü elə heyvanat biçimində də başa vurur. Ömür özü anlamsız sürdürülür, olanaqlar üzə çıxarılmır, sonevə aparılır. Ömürdəki tanrısal sirlər heyvanatla örtülüb qapadılır. Bu örtüyü qaldırmaqla ömürdə ölümsüzlüyün sirləri aydınlaşmağa başlayar. Biz də dedik, tanrısal nəzəriyyələr bu işdə insana yardımçı olmağa can atıblar. Ancaq bütöv bir nizam yarada bilməyiblər. Çünkü açarı doğru bəlirləməyiblər. Əslində bu sorunların bir açarı var – özünüdərk, dünyanıdərk. Dərk məsələsi isə “Öz nədir”, “Dünya nədir” sorularına doğru cavab bulmaqdan keçir.Dediyimiz kimi, bu işdə bəşəriyyətin keçdiyi yol keşməkeşlidir. Min illərdir, “Öz”-ün nə olduğuna bağlı açıqlamalar verilir. Bu açıqlamalarda öyrəniləsi məsələlər də, çelişkilər də yetərincədir. Bu çelişkilər, insanın ölümsüzlüyünün gah bioloji varlığı ilə, gah da ruh dünyası ilə bağlı yanaşmalarda ortaya çıxıb. Düşünürük ki, bu məsələlərin yönündə idraka tərs düşən çalarlar çox olsa da, xurafat deyib üstündən keçmək doğru deyil. Olduqca ciddi araşdırılması gərəkən bir qonudur.
Bilirik, tarixdə ayrı-ayrı toplumların yaşam sistemində bir-birinə oxşar gələnəklər olubdur. Deyək ki, Mesopotomiya, qədim Misir toplumları öləni torpağa göməndə yanında yemək-içmək, geyim, daş-qaş (zinət) əşyaları basdırırdılar. Yəni ölənin başqa bir dünyada yaşamını davam edəcəyinə inanırdılar. Məsələnin əməli görsənişi gerilikdir, geridüşüncəlilikdir. Ancaq bu cür olayları geridüşüncəliliyin qalığı kimi qiymətləndirsək də, üstündən sükutla keçməyi doğru saymırıq. Burada ölümün hər şeyi biryolluq yox etməsinə kuşku var. Altyapıda (Şüuraltıda) insana elə şeylər çatır ki, onunla barışmamaq olmur. Bəşər övladı “Mütləq Yoxluğa” inanmır. Yəni ölüm biçimi belə,sonadək yox edə bilmir. Deməli, yoxolmanın nisbiliyi haqqında insan yapısında (şüurunda) bilgi var. Sadəcə bu bilgi yönünü, səmtini dəyişir, yalana, xurafata gedib çıxır. Dediyimiz kimi, bu onunla bağlıdır, insan ölümlə barışmır, tam yox olacağına inanmaq istəmir. Deməli, burada nə mütləq yalan var, nə də mütləq doğru. Doğru ilə yalan bir-birinə qarışıb. Asif Atanın fəlsəfəsi açısından baxsaq, yanaşma o qədər nisbiləşib ki, xurafata gedib çıxıb…
Panteizmə görə maddi olan əbədidir. Bunu biz Nəsiminin yaradıcılığında da izləyə bilirik. Nəsimiyə görə torpağa gömülən adam gübrə kimi, enerji kimi torpağa qarışıb bitkilərin yaranmasına qatqı göstərir. Yəni yenidən yaşama qayıdır. Bunu doğrulayan bilgilərə Veda dinlərində də rast gəlmək olar.
Yuxarıda dediyimiz kimi, bu bilgilərin rüşeym səviyyəsini qədim Mesopotomiya xalqlarının, eləcə də Misir xalqlarının baxışlarında da izləyə bilirik.
Asif Atanın “Ölümlə görüş” adlı yazısı var. Orada deyilir: “Məni aparmağamı gəlmisən ölüm?! – Gedək, səndən qorxum yoxdur. Çünkü sən məni öldürə bilməyəcəksən. Cismimdən heç nə itməyəcək, təbiətlə birgə oyanacaq. Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya. Əlim birinə qismət olacaq, gözüm, üzüm, dodaqlarım bir başqasına…!” Asif Ata da canın, cismin tam yox olmayacağı bilgisindən yan keçməyib. Tərsinə, bir az da ürəklə demək olar ki, Nəsimi də,ondan yarım min il sonra Asif Ata da bəşəriyyətin axtarışlarındakı qarışıq, tam bəlirlənməmiş bilginin yönünü, səmtini doğrultmuşlar.
Bu bilgi İslam dininə də yansıyıb. Ancaq yanaşma yenə gedib xurafata dayanmışdır. İslam dünyagörüşünə görə, “Qiyamət Günü” baş verəndən sonra, Allah bütün ölüləri dirildəcək, sonra məhkəmədə Hinkir, Minkir adlımələklərin sorğuları başlayacaq. Bu baxışı bir az da geniş götürək. Deyilir: “Allah Adəmi palçıqdan (torpaqdan) yaratdı, sonra ona özündən nəfəs (əslində ruh) verdi”. Yenə də biliyin xurafata gedib çıxmasını izləyirik. Əslində bədən (cisim) torpaqdan əmələ gəlir. Yəni torpağın bitirdiyi qidalarla, bitkilərləşəklə düşüb yaşayır. Söz yox, burada Allahın (əslində Dünyanın Dünyadan böyük Mənasının) nizamı, tələbi var. Yəni Materializmin dediyi kimi, hər şey materiyanın özünün törəməsi deyil. Məna nizamı var. Başqa sözlə, Mənanın Yaranış, Doğuluş nizamı var. Bu nizam Dünyanın özündə olan Qüdrətlə oluşur. Bu Qüdrət yaradıcı deyil, yəni Dünyada usta rolunu oynamır. Bu Qüdrət görsənişə gəlir (təzahür edir). İslam Dünyabaxışı bu Qüdrəti yaradıcı qüvvə səviyyəsinə endirir. Əslində Mütləqi Nisbiləşdirir. Mütləqin Görsəniş (təzahür) xassələrini Onun (Mütləqin) yaradıcılıq bacarığı kimi dəyərləndirib dediklərini hərfi anlamda qəbul etdirməyə çalışır. İdrakın aydınlaşdırmalı olduğu mürəkkəb məsələləri adi ağılla açıqlamaq yolu tutur. Demək, ruhun görməli olduğu məsələləri lamisə duyğularının qəlibinə salır, buna görə də dəyərləndirmələri xurafatla sonuclanır. Yəni bilik azır, azdırılır. Əslində Xristianlıq dünyagörüşündə də yanaşma İslamda olduğu kimidir.
İndi qayıdaq Allahın “ölüləri dirildəcəyi” deyilişinə. Nəsiminin də, Asif Atanın da dedikləri bir-birinə çox yaxındır. Yəni ölən yoxa çevrilməyəcək, Doğa ilə (təbiətlə) birgə oyanacaq. Bunu İslam, ya Xristianlıq dünyagörüşləri belə deyirlər: “Allah ölüləri dirildəcək, sonra da sorğulayacaq”. Ölü dirilməz, öncəki biçim, olduğu kimi, geri qayıtmaz. Nə də onlar yaşantılarının əyriliklərinə, düzlüklərinə görə, öləndən sonra sorğulanmaz. Dini dünyagörüşlər buna ilahi ədalətin bərpası kimi anlam verirlər. (Bu qonuya sonrakı bölümdə geniş toxunacağıq). Allahın ölüləri dirildəcəyi məsələsi, bir az öncə vurğuladığımız biliyin (torpağa gömülən bədənin Doğa ilə birgə oyanacağı bilgisinin)hərfi anlamda ölənin dirilməsi kimiqəbul olunmasıdır. Əslində biliyin dəyişdirilməsi (təhrif olunması), xurafatlaşdırılmasıdır.
Hürufilik baxışında “maddi olan – əbədidir” deyilişi var. Bu baxış da bütöv şəkildə özünü doğrultmur. Belə ki, heç bir cisim olduğu biçimdə əbədi qala bilməz. Hər bir cisim paralanır, parçalanır, dağılır. Sonra Doğa ilə birgəoyanır, hissələri ilə yenidən həyata qayıdır. Ancaq dinin dediyi kimi, Hinkir-Minkirin məhkəməsinə getmir, həyatın öz mühakiməsinə, sınağına qayıdır. Hürufilərdə biçimin əbədiliyə tən tutulması – Doğanın ilahiləşdirilməsindən qaynaqlanır. Bu baxışa görə, ilahi olan Doğa, ötəri, keçici ola bilməz. Əslində genel anlamda götürəndə Doğa əbədidir, ancaq Doğadakılar əbədi deyil, parçalanır, dağılırlar. Sadəcə yoxa çevrilmirlər. Bilimin də dediyi kimi, bir şəkildən başqa şəklə düşürlər. Yəni şəklini dəyişən biçimə əbədi demək olmaz. Asif Atanın fəlsəfəsinin açısından açıqlasaq, biçimin Mənası əbədidir, özü yox. Məna yeni biçimlərdə görsənişə gəlir – biçimləri ilə əbədi yenilənir. Doğanı genel anlamda əbədi götürmək də Doğanın Mənasının əbədi olması deməkdir.
Bəs bədənin (cismin) parçalanandan, dağılandan sonra Doğa ilə birgə oyanması insana hansı nikbinliyi verir?! Axı cisim öncəki biçiminə qayıtmır. Dini dünyagörüşlərdə yalançı vədlərlə ümid yaradılır. Deyilir, Allah ölüləri yenidən dirildəcək. Əslində heç kim buna sonacan sevinmir. Çünkü dinə tapınanlardan heç kim bilmir ki, yeni ömrünü cənnətdəmi davam edəcək, cəhənnəmdəmi. Ondan nələr soruşulacaq, o, özünün öncəki ömrünü cənnət tələblərinə uyğunmu yaşayıb, tərsmi yaşayıb?! Yaxşı davranışları ilə yanaşı, nə vaxtsa uyğun olmayan davranışları, yaşantıları da olubmu?! Tərəzinin hansı gözü ağır gələcək?! Allah mərhəmət göstərəcəkmi?! Bu kimi dolaşıq sualların içində insan gələcəyə ümidlə baxmır. Ancaq həm də, gerçək yaşamında üzləşdiyi haqsızlıqlara, ədalətsizliklərə görə Axirət dünyasında onun heyfinin alınacağını düşünüb yalançı təsəlli tapır.
Biz dedik, tanrısal məsələlərə aydınlıq gətirmək olduqca çətin gedişlərdir. Bilimdən fərqli olaraq, bu məsələdə hər şeyi hazır bilgiyə çevirib ortaya qoymaq olumsuzdur. Bütün verilən mücərrəd bilgilər də, dərk sürəcinə yardım etmək üçündür. Tanrısal bilgilərin axıra kimi gerçək təsvirlərlə göstərilməsi zor olduğundan dolğun təsəvvürlər də birdən-birə yaranmır. Ancaq təsəvvürlər nə qədər dolğunlaşsa da, Mütləqi sözə sığışdırmaq olmur. Mütləqi sözlə deyil, Ruhla bütöv ifadə eləmək olur. Çünkü Ruh Mütləqə qovuşa bilir. İnandıran Söz də,– Ruhun qovuşmasından sonra başlayır. Qovuşma – Dərkeləmə deməkdir. Dinlərdə Ruhun Allaha qovuşması yoxdur, ən yaxşı halda, Allahın cənnətinə düşməsi var. Ona görə dinlərdə Allahı dərk eləməkdən söhbət getmir. Hətta bu, olumsuz sayılır. “Allahın işinə qarışma” demək də dərk sürəcini çıxdanc edir. Asif Atanın fəlsəfəsinə görə Mütləq (Allah anlamı) dərk olunandır. Dərk olunmasa, Ruhun kamilləşməsi baş tutmaz. Ataya görə Ruh – İnam, İdrak, Mənəviyyat, İradə Birliyidir. Bu Birliyin Mütləq səviyyəsi yarananda kamillikdən danışmaq olar. Bu Birlik Mütləqləşməsə Mütləqin varlığına inam sual altına düşə bilər. Bizə görə kamillik  elə Mütləqi dərk eləməkdir. İnsan Mütləqi dərk eləsə, yaşamında eybəcərliklərə yol açmaz. Dünyanın gedişi, həyatın biçimi İnsaniləşər, gözəlliklər əməllərə qonar.
Dindarın Allaha inamı naşı inamdır, kamilləşməyən ömrün inamıdır. Doğrudur, insanda İnam birinci koşuldur (ilkdir), bu danılmazdlr. Yəni insan müqəddəsliyə, ucalığa yetmədən də, başqa sözlə, dərk eləmədən də inana bilər. Öncə inam başlayır. Ancaq ilkin düzeydə (ibtidai səviyyədə) dayanıb qalarsa, dərk etmək ucalığına yetməzsə inam tükənər, inamsızlığa çevrilər.İnandığın həqiqət ömrə gəlməzsə, davranışlarda, əməllərdə yaşamazsa etki gücünü azaldar. Bir sözlə, naşı inam naşı şübhələrə yol açar. Ancaq həqiqət ömürlərdə yaşayarsa, daha dərindən dərk olunar, dərk olunduqca yaşamda daha dolğun ifadə oluna bilər. Bütün bunlar yoxdursa, dindarın Allaha yanaşmasında sevgi deyil, qorxu yer tutar. Yəni onun Allaha inamını qorxu yaşadar, sevgi yox. Qorxunun yaratdığı inam həyatda xeyirə yol açmaz. Başqa sözlə, qorxaq inam Xeyiri var edə bilməz. Sevdalı İnam – dərk edən inamdır – Xeyirlə doğmalaşan, Xeyiri yaşadan inamdır. Buna isə dindar yetmir, çünkü Allahı dərk eləmək sürəcindən uzaq tutulur.
Yuxarıda dedik, Söz Ruhun Mütləqə qovuşmasından sonra başlayır. Yəni Mütləqi dərk eləməsən, onun haqqında uca söz söyləyə bilməzsən, onu uydurarsan, təhrif edərsən, xurafata çevirərsən. Ona görə dindar Allah haqqında danışanda onu ən çox qorxunc, cəzaçı, ya da mərhəmətli bir obraz kimi canlandırıb adama bənzədir. Yəni uydurur, təhrif edir. Mütləq insanda var, insan Ruh araçılığı ilə (vasitəsilə) kamilləşə– Mütləqləşə bilər. Bu zaman insani kamilliklərdən danışmaq Mütləqdən danışmaq anlamına gələr. Mütləq insanda yaşayır, var olur, ancaq insanda başa çatmır, nə də təkcə insan varlığı ilə məhdudlaşmır. Dindar isə Allahı insanda görmür, insandan qıraqda, ancaq davranışları ilə insana bənzəyən bir qüvvə kimi təsəvvür edir, o cür də təsvir edir. Dindarın təsəvvüründə Allah insan kimi danışır, görür, qəzəblənir, ancaq transsendentaldır, insanüstüdür, dünyaüstüdür. Bu təsəvvürlə yanaşanda Allah tez-tez dəyişilir, gah qəzəbli olur, gah mərhəmətli olur, gah nəzarət edir, gah əlçatmaz, ünyetməz bir uzaqlıqda mövcud olur. Bizə görə dəyişmək nisbiləşmək deməkdir. Nisbi nə varsa ölümlüdür. Dindarın təsəvvüründə Allah əzəliliyini, əbədiliyini itirir.Mütləqin insanda yaşaması, ancaq insanla məhdudlaşmaması isə onun dəyişkənliyi deyil, sonsuzluğudur. Dünyada olan Mütləq, elə insanda olan Mütləqdır. Dünyalığın İnsanda yaşayan İnsanlıq çalarıdır, keyfiyyətidir. Dünyalıq isə yalnız İnsanlıq çaları deyil, dərin, geniş çalarlarla zəngindir, Bütövdür.
Mütləqidərk özünüdərklə bağlıdır. Özünüdərk, əslində özündəki Mütləqi dərkdir. İnsan ruhani varlıqdır, o özündə Mütləq gəzdirir. Özünüdərk – özündə özündən yüksək olanı dərk eləməkdir.
İnsanın xarakterini, xassələrini öyrənirlər. Öyrəndiklərini də insanın özünə öyrədirlər. Bu yanaşmanın adına psixologiya deyirlər. Bu, özünüdərk prosesi üçün bəsit bir yanaşmadır. İnsanın xarakteri, xassələri mahiyyətindən çox aşağıdır. Bu açıdan yanaşanda psixologiya İnsana çatmır. Psixologiya insanı temperament qəlibinə salır, bu qəlibdə qiymətləndirir. Temperamentlərlə bioloji olanaqlarını aşmayan insanı öyrənmək olar, kamil insanı öyrənmək olmaz. Kamillik özündəki ideala yetməkdir. İdeal olanaqda (imkanda) olan bütövlükdür. İnsanı temperament qəlibində öyrənmək, onu idealdan ayırmaqdır. İnsanda reallığı görürlər, idealı görmürlər. Reallıq, ən yaxşı halda, nisbi gerçəkləşmiş idealdır. Öz ömründə idealı reallığa çevirmək insanın başlıca işi olmalıdır. Ancaq idealın reallığa çevrilməsində insanın özünüdərk prosesi durmasa ideal gerçəkləşməz, ya da nisbi gerçəkləşər. Reallıq məzmununu itirər. Əxlaqi, mənəvi pozuntularla başa gələn pis reallıq oluşar. Deməli, idealın gerçəkləşməsi üçün, həyatda yaşaması üçün dərk olunmalıdır…
Yuxarıda vurğu elədik, bir çox qədim xalqlarda (Mesopotomiya – Şumer, Babil, Assur, qədim Misir) ölüm-həyat məsələsi ilə bağlı bilgilər doğrulmadığına görə xurafata meyillənmişdir. Öləni torpağa göməndə onunla birgə nələrisə gömmək ölümsüzlük axtarışının yanlış sonuca varması idi. Həyatın başqa bir dünyada davam etməsinə inam, dediyimiz kimi, insanın ölümlə barışmaq istəməməsinin göstəricisidir. Mahiyyətcə bədənin hissələri ilə yenidən yaşama qayıtması ilə bağlı bilgidir. Yəni biz məsələyə inamın xurafata varması kimi baxsaq da, olayın etkisindən hansısa doğru bilgi də bula bilirik. Bilqamıs dastanında Bilqamısın “Dirilik Çiçəyi” axtarması, Xızırın “Dirilik Suyu” tapıb ölümsüzlük qazanması kimi söyləmlər (rəvayətlər) də, ölümə etirazdan doğan yanaşmalardır.
Göy cisimlərinə pərəstiş eləmək gələnəyi də olub qədim xalqlarda. Burada da biz, məsələnin gerçək çalarlarına qapılıb qalmağı doğru saymırıq. Ancaq bu məsələdə də bizə ötürülən bilik yox deyil. Biz biliyin yanlış yönləndirilməsini bütün hallarda zərərli sayırıq. Ancaq eyni halda, anlamağa çalışırıq,–nə üçün insan göy cisimlərinə pərəstiş etməliydi?! Elmi baxışlar bu məsələni aydınlaşdırmağa çalışır, bu zaman birxətli (birtərəfli) yanaşmaqla yenə də sualın cavabını açıq saxlayırlar. Məsələn, elm dinlərin yaranmasını, ilahi qüvvələrə, eləcə də göy cisimlərinə pərəstişin nədənini, insanın Doğada baş verən olayların (təbiət hadisələrinin) qarşısında aciz qalması ilə bağlayır. Bu yanaşma yanlış deyil, ancaq məhduddur. Biz dedik, insanın torpağa gömülməsindən çox sonralar təbiətlə birgə oyanması faktı ilkin (ibtidai) bilik səviyyəsində mövcud olmuşdur. Doğa insanın mövcud olmasında, ağıl işlətməsində önəmli rol oynayır. Mövcudolma birbaşa Doğa ilə bağlıdır. Ancaq təkcə Doğa ilə bağlılıqda məhdudlaşmır. Göy cisimlərinin də, özəllikcə Günəşin həlledici qatqısı vardır. Doğada əmələgəlmə prosesi fotosintez sonucunda gedir. Burada bilimin aydın həqiqətlərini təkrar etməyi gərəkli saymırıq. Sadəcə demək istəyirik, göy cisimlərinə səcdə də boş yerdən yaranmayıb. Yəni məsələnin kökündə sırf qorxu dayanmır. İnsanın mövcudolmasında da, ruhsal varlıq kimi formalaşmasında da Göyün özəl etkisi var.Nə yazıqlar ki, dini içsəl gərəklik açısından deyil, ən çox üzdəki gərəklik (zahiri ehtiyac) açısından, toplumu basqı altında saxlamaqla, birgəyaşayışın nizamını qorumaq açısından açıqlamağa çalışıblar. Batının bilim düşünərləri (elm adamları) dinə daha çox rasional yanaşıblar.  Ona görə içsəl ehtiyaclara əqli geriliyin görsənişləri (təzahürləri) kimi baxıblar. Əslində bilim adamları bu məsələyə zəka predmeti kimi yanaşmalı deyildilər. Yanlışların içində ilkin (ibtidai) biliyin olduğunu ortaya çıxarmalı idilər.
Din sinifli Quruluşların məhsulu sayılır. Sinfi çelişkilərin (ziddiyyətlərin) dinlərin birgəyaşayışı yönəltmək istəklərinə yansımasını danmırıq. Ancaq dinlər  başlıca olaraq, Asif Atanın dediyi kimi, Mütləq axtarışlarından yaranıb. Mütləq isə, eləcə də ona inam, heç bir sinfə, Quruluşa özgün ola bilməz…
İndi “Doğa ilə oyanış” məsələsinin Mütləqlə bağlılığına yönəlik bir neçə söz deyək. Bu məsələdə panteizm materializmdən üstündür, Mütləqə İnam baxışı hər ikisindən. …Ağac tumları, bitki toxumları torpağa düşür, çürüntüləri torpağa qarışır. Sonralar orada yenidən rişələr verməyə başlayır. Yerin özündə yaranır, özündən yaranır, göyün etkisi, qatqısı ilə yaranır. İnsan ölüb torpağa gömüləndən sonra bədənin bütün hissələri də, deyək ki, göz də torpağa düşür. Qida kimi, enerji kimi yenidən həyata qayıdır. Söz yox, elə göz kimi qayıdır, deyək ki, barmaq kimi qayıtmır. Asif Ata ona görə deyir, “cismimdən heç nə itməyəcək, təbiətlə birgə oyanacaq..”. Dünyalığın yaranış tələbi var, yenidən qayıdır, yeni biçimlərdə yaşayır. Ancaq olduğu kimi təkrar olmur. Detallar qayıdır, bütöv biçim təkrar olmur. “Özündən yaranır” bu deməkdir. Dünya özündən yaranır, ancaq Məna ilə yaranır, Mənalı yaranır. Yaranış – Gerçəklik-Məna münasibətidir. Asif Atanın baxışına görə Gerçəklik Mənadan yaranır, Məna Gerçəkliyi yaratmır. Görsəniş (Təzahür) törəmə deyil. Gerçəklik Mənanın görsənişidir. Söz yox, Məna gerçəkləşəndə əksilir, azalır. Onların arasında bir əkslik baş verir. İdrak bu məsələnin aydınlaşdırılmasını yoluna qoymaq üçün çoxsaylı axtarışlar etmişdir. Ancaq daha çox çelişkilər ortaya çıxmışdır. Gah Gerçəklik Mənanın törəməsi kimi (fəlsəfi baxışlarda), gah Mənanın yaratdığı nəsnə kimi (dini baxışlarda) düşünülmüşdür. Tanrının varlığı-yoxluğu üzərində çəkişmələr də bu cür çelişkili münasibətlərdən doğmuşdur. Tanrını (deyək ki, Mütləqi) dərk eləmək məsələsi də açıq sual kimi qalmışdır. Asif Atada bu sual belə cavablandırılır: – Var olmağın bir yolu var – Mütləqləşmək!
Bilimin dediyi “Doğa olayları (Təbiət hadisələri) qarşısında acizlik” məsələsi gözlə görünən məsələdi. Gözlə görünənə dayanıb tanrısal sistemə baxış sərgiləməyin yetərsiz olduğu Asif Atada aydınlığa çıxdı. Gözün görmədiyi də var, – bu, içsəl (daxili) ehtiyacdır. Buna ikinci dərəcəli baxılıb. Əslində isə əsas bu məsələdir.
İçsəl ehtiyac ölməzlik ideyasından qaynaqlanır. Ölməzlik də Mənaya özgündür. Biçim dağılır,  paralanır, parçalanır. Bəs necə olmalıdır, axı insan Məna daşıyıcısı olsa da, həm də cisimdir, biçimdir. O isə varlığını biçimcə sürdürməyi arzulayır, buna inanmağa çalışır. İnsanın bu arzularına görə ona fərqli anlamda, fərqli biçimlərdə ölümsüzlük vəd olunubdur. Bu da ən çox din dünyagörüşlərində – “ölümdən sonrakı həyat” ideyasında ifadə olunub. Bu isə, söz yox, yeni yanlışlara yol açıb. Həyat – canlı var olmaq anlamı daşıyır. Ölümdən sonra, bütöv biçim olaraq, canlı var olmaq olumsuzdur. Bu açıdan dinlərin cənnət vədi uydurmadan başqa bir şey deyil. Cənnət fiziki yaşamı təsvir edən yalandır.
Biz dedik, bəşər övladı ölümlə barışmır, o, təkcə ruhani-mənəvi ölümsüzlük deyil, fiziki ölümsüzlük də diləyir. Yuxarıda vurğuladığımız “bədənin hissələri Doğa ilə birgə oyanacaq” düşüncəsi bədənin öncəki biçiminin bərpa olunması anlamına gəlmir. Ancaq cənnət vədində guya bədən öncəki biçimi ilə bərpa olunub fiziki yaşamını (mücərrəd dünyada) sürdürür. Əslində burada ruhun maddiləşdirilməsi kimi yanlış təsəvvürlərin şəkli var. Yəni ruhun maddi olaraq yaşaması məntiqi yaradılıb ağıla yeridilir. Ayrı-ayrı dini, fəlsəfi baxışlarda bu məsələlərə dolğun, doğru açıqlamalar gətirilmədiyindən yeni-yeni suallara yol açılır. Bəs bu cür yanılmalar nədən ortaya çıxa bilər?! – Axı ruh nədir, necə yaşayır?! Yoxsa insan ölümdən sonra yalnız xatırlanmalı, xatirələrdəmi yaşamalıdır?!  Ruhun yaşamasını aydınlaşdıra bilməyəndə, insanın yalnız xatirələrdə qalacağı düşüncəsi ortaya çıxır. Bu isə insana az gəlir, ona görəbununla barışmır. Bu barışmazlıqdan da ruhun maddi təsəvvür olunması, fiziki yaşaması kimi uydurmalar baş alıb gedir. Belə düşünülür, bir halda ki, ölümün mütləq olmadığı haqqında, insanın fiziki olaraq tam başa çatmaması haqqında ilkin bilik də var, bəs niyə ölümsüzlük insanın təsəvvürünə tam sığışmamalı, təsvirə bütöv gəlməməlidir?! – Nə yazıqlar ki, bu sorunu asan həll etməyə dartınmalar yanlışlarla sonuclanır ki, bunu da gözardı edirlər.Doğrudur, insanın xatirələrdə qalması var, ancaq ruh xatirə demək deyil axı, maddi də deyil. Bu məsələ tam çözülmədiyindən (yəni bu suallar açıq qaldığına görə) Animizm (ruhların hər yerdə olmasına inam) hələ də yaşayır. Bəşər min illəri ötə bilməyib, çünkü həqiqətə yetə bilməyib. Yəni ibtidai baxışların etkisindən çıxa bilmədiyi üçün onları çağımıza daşıyıb gətirib. Adamlar çağdaş dönəmdə də ölənlərinin ruhlarının onların çevrəsində, otaqlarında dolaşdıqlarını düşünürlər. Ruhların onları (canlı yaşayanları) gördüklərinə, ancaq özlərinin canlı yaşayanlara görünmədiklərinə inanırlar. Bu qarışıq-dolaşıq yanaşmalar aydınlığa çıxmır. Axı görən həm də görünməlidir, yəni görmək gözə xasdır. Göz varsa görünməlidir. Burada məsələ dolaşdırılır. Ruh eyni vaxtda həm maddi, həm də qeyri-maddi kimi düşünülür. Buradan çıxan sonuc odur, nə qədərki, ruhun mahiyyəti doğru bəlirlənmir, animizm də yaşayacaq, başqa ibtidai baxışların başqa çalarları da.
Asif Ata deyir, Ruh – İnam, İdrak, Mənəviyyat, İradə Birliyidir. İnam, İdrak, Mənəviyyat, İradə maddi deyil. Bəs genel olaraq götürəndə, bu keyfiyyətlərdə maddi nəsə varmı?! Məsələn, inanılan, sevilən, öyülən, deyək ki, bir insan maddi, cismanidir. Deyək ki, ana inanılır, sevilir, öyülür. Ana cismanidir, ancaq sevilən, inanılan, öyülən anadakı analıqdır. Yəni cismanidə ruhani sevilir. Sevilən,anadakı Mütləqdir. Belə deyək, anadakı özündənkeçmə, umacaqsız özünü əzaba vermək – cismanilik deyil, ruhanilikdir. Demək, Mütləq öz nişanəsində sevilir.
Bəs Tanrını sevmək necə?! Axı Tanrı (deyək ki, Mütləq olan) ana kimi maddi, cismani deyil. Özü özünün nişanəsi deyil. Tanrını xəyalda (yəni xəyal etməklə) sevmək olarmı?! – Bunun üçün gərək Tanrı xəyalda canlandırılsın, təsəvvür edilsin. Deməli, sevmək üçün ya gerçəklikdə görməlisən, ya da xəyalda canlandırmalısan. Analıq ana araçılığı ilə (vasitəsilə) ifadə olunur, görünür, canlanır. İnsan hər şeyi canlandırmağa çalışır. Bunun üçün o, hər şeyi lamisə duyğularının tələblərinə uyğunlaşdırır. Bu zaman o, sevdiyini, inandığını uydura bilir. Çünkü lamisə duyğularının qavramı məhduddur. Onlar yalnız gerçək olanı qavrayır. Yəni Mütləqin özünü deyil, əlamətlərini qavrayır. Bu qavrama isə Mütləqə çatmır. Deməli, insanın sevdiyini, inandığını uydurmaması üçün, sevgisi, inamı kamil olmalıdır. OndaMütləqi dərk edəcək. İnam, sevgi naşı olarsa, canlandırmaları da naşı olacaq, yaratdığı təsəvvür də. Naşı təsəvvürdən naşı təsvir doğacaq. Naşı təsvir həqiqəti anlada bilməz. Bununla da uydurma, xurafat yaranacaq. Deməli, xurafatdan qurtulmağın bir yolu var – İnsanın ruhu kamilləşməlidir.
İndi dönək, ruhun gah maddi, gah maddi olmayan biçimdə təsəvvür olunması məsələsinə. Dedik, inam maddi deyil, ancaq maddidə aşkara çıxır. Yəni inamın obyektə münasibəti maddi araçılığı ilə (vasitəsilə) yaranır. İnanan, özündə ruhu daşıyandır, cismanidir. Ruh cismani araçılığı ilə başqa cismanidəki ruhaniliyə inanır. Ruhun inanması, görməsi, dəyərləndirməsi üçün o, cismanidə olmalıdır. Cismanidən qıraqda ruh Mənanı ifadə eləmir. İfadə eləmirsə yaşamır. Deməli, ruhun yaşaması üçün cisim gərəkdir. Cisim ölür, ruh başqa cismanilərdə yaşamını davam edir.
Qədim baxışlarda ruhun bir bədəndən başqa bədənə köçməsi ideyası olub. Burada məhdudluq var. Bir bədəndən başqa bədənə enerji keçə bilər, “gör-götürlə” tərbiyə keçə bilər. Ancaq ruh enerji deyil. Ruh bir bədəndə yaşayan canlı, maddi nəsnə deyil ki, elə bircə bədənə də köçüb yaşaya. Ruh – genel insanlıqda yaşayır. Asif Ata deyir, “ölən gerçəklikdən gedir, Mənada qalır”. “Ölümsüzlük” yazısında isə deyir, “qalaq-qalaq meyid yığılır sonevliyə”. Deməli, torpağa gömülən bədənlər qalaq-qalaq meyiddir. Ancaq nə vaxtsa Doğa ilə birgə oyanan bədən hissələri artıq qalaq-qalaq meyid deyil. Meyiddə ruh yoxdur. Ancaq “Doğa ilə birgə oyanan” yenidən ruh daşıyıcısına çevrilir.
Doğada, eləcə də, Doğa ilə birgə oyanan cismanilikdə Məna var. Yaranış – Mənanın görsənişə gəlmək olanağıdır. Bu açıdan yanaşanda ruh yaranışla gəlir, qıraqdan gəlib bədənə dolmur. Bədən öləndə onun daşıdığı ruh başqa bədənlərlə ifadə olunur. Deməli, ruh bireysəl (fərdi) deyil, geneldir (ümumidir). Bireydə yaşadığı sürəcə (müddətcə) Bireyə xas sayılır. Yəni Birey araçılığı ilə yaşaması Bireyə özgün (aid) sayılır. Asif Ata deyir, “Ruhum Buddada, Zərdüştdə, Platonda cəmlənib, onları öldürə bilməmisən, məni də öldürə bilməyəcəksən”. Deməli, İnam, İdrak, Mənəviyyat, İradə geneldir. Bireydə yaşadığı sürəcə Bireyin olur. Ancaq Bəşər ruhu deyilən bir anlayış var, ayrı-ayrı bireylərdə yaşayıb Mənanı ifadə edir. Bununla belə, burada bireyin rolu kiçilmir, tərsinə, daha da güclənir. Məna bir fərddə bir cür ifadə olunur, başqa fərddə başqa cür. Yəni ruh hansı fərddə hansı düzeydədirsə, bu onun özümlüyüdür. Ruhu kamilləşdirmək fərdin özündən asılıdır.
Dinlər də deyir, Tanrı hər yerdədir. Ancaq dinlər Tanrının hər yerdə olmasının nəliyini, necəliyini dərk eləmir. Tanrı hər yerdədir, o sıradan həm də insandadır. Asif Atanın anlayışınca Məna (Mütləq) hamıda var, ancaq heç kimin deyil. Mənanı ifadə eləyən ruh da hamıda var, ancaq heç kimin deyil. Başqa sözlə, heç bir cismani ilə məhdudlaşmır. Necə ki, İnsanlıq adlı Məna heç kimin deyil, ancaq İnsanlar bu Mənanı kamil, ya da qeyri-kamil ifadə eləməklə fərqlənirlər. Deməli, “mənim ruhum kamildir” demək, Məna məndə bütöv, özünə bərabər ifadə olunur deməkdir. Dünyalığın kamil ifadəsi insanda doğrulur. İnsan doğulanda ruh onunla doğulur, onunla böyüyür. Yəni İnsanilik Mənası insanda doğuluşdan olduğu kimi, bu Mənanın ifadəsi olan ruh da doğuluşdan olur. (Eləcə də insan doğmaq olanağı ilə birgə gəlir dünyaya). Ancaq ruhun artmaması, necə var elə qalması (ilkin (ibtidai) düzeydən yüksəyə qalxmaması) insanın özündən asılıdır.

İndi qayıdaq Asif Atanın “ölən gerçəklikdən gedir, Mənada qalır” deyiminə. İnsan, ruhunu Məna ilə kamilləşdirir. Yəni Mənanı kamil ifadə eləməklə ruhunu kamilləşdirmiş olur. Mənanı kamil ifadə eləmək – İnamı, İdrakı, Mənəviyyatı, İradəni Mənaya bağlamaq, Məna ilə dolmaq deməkdir. Mənaya bağlı olan ruh, bədən öləndən sonra, bədənlə birgə torpağa gömülmür, Mənada qalır. Məna isə insanlarda onların ruhu araçılığı ilə ifadə olunur.  Bu, məsələnin bir yanı. Başqa bir yandan, ruh canlı ünsiyyətlərdə də başqalarını etkiləyə bilir. Lap elə bioenerji ilə mənəvi keyfiyyətlər ötürülə bilər. Sevgi də cismani araçlarla, deyək ki, lamisə duyğularımızla (görmək, eşitmək, toxunmaq yolu ilə) yarana bilər. Ancaq ötürülən sevgi cismani deyil, cismani araçdan qat-qat yüksək olan haldır. Əgər sevginin, inamın ötürülməsi lamisə duyğularımızla məhdudlaşarsa, davranışlardakı hansısa qırağaçıxmalarla, pozuntularla aradan gedə də bilər. Deməli, lamisə duyğularımızla ötürülən sevginin, inamın yox olmaması üçün sevgimiz də, inamımız da kamilliyin doğurduğu münasibət olmalıdır. Vurğunluq – məna ilə hal kimi yaranır. Deməli, araç olanın kamilləşməsi deyil, ötürülənin kamil olması önəmlidir.
Ruh ideya araçılığı ilə də ötürülə bilər. İdeyada ruhun məzmunu, saflığı, kamilliyi, gözəlliyi, qüdrəti yaşayır. İdeyanı İnamına, İdrakına, Mənəviyyatına, İradəsinə yaxın buraxan insanın ruhu ideyavericinin ruhu ilə birləşir, bütövləşir. Deməli, ideyada, yaradıcılıqda  düşüncədə ruhani enerji xassəsi var. Ata deyir, insan şeirdə ruhu oxuyur, deyək ki, musiqidə ruhu dinləyir, sənət əsərlərində, rəssamlıqda ruhu görür. Deməli, yaradıcı insan öz ruhunu yazır, öz ruhunu çalır, ruhunu çəkir, belə də deyə bilərik, ruhunun tələblərini ödəyir. Bunlar ruhun yaşaması biçimləridir: gör-götür, düşüncələri, diləkləri paylaşmalar(yəni ünsiyyətlər), yaradıcılığın oxunması, əməllər, cəsarət, döyüşkənlik… bütün bunlarla yaddaşlara köçmək. Yaşantıların hamısı ruhani xassələrdir – İnam, İdrak, Mənəviyyat, İradə əməlləridir. Bu da bədən araçılığı ilə olur.
Məncə, insanın ruhu yalnız öləndən sonra deyil, yaşayanda da başqalarında yaşayır. İnsanın başqalaşması, özündən qırağa çıxması, özünü başqasında, başqasını özündə görməsi bu deməkdir. Biz Asif Ata ilə görüşüb ayrılanda deyirdik: “Ata Ruhunu Ürəyimdə aparıram”. Bu yalnız bir məcaz deyil, gerçək yaşama bağlıdır. Yəni Ruh bədənlə ifadə olunduğu dərəcədə başqalarında öz mənəvi, əxlaqi etkilərilə yaşayır. Əməl yaradır, yaddaş yaradır, xatirə yaradır (ömürlərdən ömürlərə ötürülür, yaddaşlardan yaddaşlara köçür). Xalqın mənəvi yaşam ölçülərində keyfiyyət kimi var olur. Xalq Mənadır, fərdi ruh mənada qalır, doğuluşlarla, yaranışlarla yenilənir, həmin keyfiyyətlər yeni fərdlərdə üzə çıxır. Xalqın yaradıcıları,  daşıyıcıları ruhani əməllərlə davam edir. Bu gün xalqdan gələn üstün keyfiyyətləri aşkarlayıb, özündə yeniləyib inkişaf etdirənlər özlərindən sonrakı soylarda davam edirlər. Asif Ata deyəndə “ölən xalqda qalır, Mənada qalır” bunları gözə alır. Gərək ruhani keyfiyyətləri yaradıb yaşayasan ki, Xalqda – Mənada qalasan (xalq fərdin Mənasıdır),“Qalmaq Olanaqları”nı özünlə sonevə aparmayasan. İnsan bioloji tələblərlə yaşayanda təbiətdən (yəni heyvandan) ayrıla bilmir. Adamda ağalıq, yırtıcılıq, tamah instinkt səviyyəsində olur. Ruhsal yaşamaq üçün instinktləri ötmək gərəkdir. İnsanın dünyaya gəlişinin anlamı da budur – instinkti ötmək, mahiyyətinə, yəni İnsanlığa yetmək. Bütün gözəlliklər Mənadadır. İnstinktlərlə barışan adam Mənaya – gözəlliklərə can atmır. Həyatı instinktlərə bərabər tutur. Yüksək (ali) həyat – Ruhsal Var Olmağın anlamıdır. Ruhsal Var Olmaq – həm halal əməyə alışmaq yoludur, həm də yaşama (həyata) gözəllik gətirən Mənanı dərk etməkdir.
Bir sözlə, Yaşamaq – fiziki əməkdə, düşüncədə, Məna ilə dolmaqda arasıkəsilməzlik deməkdir. Fiziki əməyin arası kəsilərsə tənbəllik, ətalət, yorğunluq gələr ömrə. Bu isə xəstəlik deməkdir. Düşüncədə, mənəvi davranışlarda arasıkəsilmək baş verərsə, qeybətə, pisliyə, paxıllığa, dedi-qoduya yol açılar. Bu da xəstəlikdir. Mənfi enerjilər çoxalanda hər kəs özünədə, özgəyə də zərər verir. Bir də var, nisbi yaşamaq, yəni Adamlıq səviyyəsi – ilin bir bu başında mərhəmətli, ədalətliolur, bir də o biri başında. Bu isə Var Olmaq deyil.
Asif Atanın fəlsəfəsinə görə yuxarıda vurğuladığımız səviyyələrin biri Məxluqluğu, biri də İnsanlığı ifadə edir. Orta səviyyə “Adamlıq”dır.
Ata deyir, təbiət insanda çaşıb. Bəlkə də heyvana xas mənfi çalarların insana keçməsi anlamında deyir. Gərək insan təbiətin verdiyi ilə yetərlənməyə, ruhunu kamilləşdirə. Ruhu kamilləşməyəndə vara, dövlətə, şöhrətə, şəhvətə… təşnə olacaq. İnsanın təbiətlə məhdudlaşmamaq olanağı var. Ömrün nizamı təbiətdən yüksək olan Məna tələbi ilə yaranır.İnsan nisbi yaşayanda ruhunu kamilləşdirməyin qayğısını daşımır. Əslində insan musiqini, poeziyanı, sənəti, rəssamlığı, rəqsi… ruhunun tələbi ilə yaradıb. Ancaq daim ruhunun tələbi ilə yaşamır, ruhuna, necə deyərlər, bir az qida verən kimi bədənin istəklərinin yanına qaçır. Bəs nədən gah heyvana enir, gah ruhaniliyə can atır?! Mövcudolmanın tələblərinə boy vermək bəlkə şüuraltıda toplanmış, cismaniliyin yenidən yaşama qayıdacağı biliyi ilə bağlıdır?! – Ata deyir, “qalaq-qalaq biçim yığılır sonevliyə (qəbirstanlığa), ancaq ruh ölmür. Sonra da deyir, öləndən sonra təbiətlə birgə oyanacam, əlim birinə qismət olacaq, gözlərim bir başqasına. Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya…”. Axı ruhu özüylə apara bilməyən, heç nəyə yaramayan, torpağa çevrilən bədən necə yenidən (hissələri ilə) həyata qayıdır, onun gözü dünyaya yenidən baxır?! – Yuxarıda vurğuladıq, təbiətdə, eləcə də, təbiətlə birgə oyanan cismanilikdə Məna var. Məna torpağa çevrilmir, torpaq araçılığı ilə yaranışı aşkarlayır, yeni biçimlərlə görsənişə gəlir. “Ruh yaddaşı”, “göz yaddaşı” anlayışları var. Ruh yaddaşında çox şeylər aydın bilinir. Bəlkə ona görə qaynağı bəlli olmayan kədər gəlir musiqi dinləyəndə, rəssamlıq əsərləri izləyəndə. Ruhun tələbi ilə poeziya yaranır, musiqi yaranır. Göz, qulaq araçılığı ilə bunlar Mənaya köçür. Bizə görə poeziya ruhun izharıdır. Bütün obrazlaşdırmalarruhun tələbidir, – insan sanki buludlara qonur, onlarla birgə haralara isə axıb gedir. Təxəyyül ulduzları dərir. Dəniz insanı boğduğu halda, onlar arasında doğmalıq yaranır. Ruh daim bədənin istəklərindən artıq bir şeylər tapır, ona bənzəyir, daha doğrusu, onların mənası ilə birləşir. Bunların heç biri təcrübədə yoxlanılmır. Təcrübədə yoxlanılan biliyi mütləq bilik saymaq olmaz. Əşya haqqında, olay haqqında istənilən bilik nisbi bilikdir. Deyə bilərlər, nisbi haqqında mütləq bilik əldə etmək olar. Olsun. Bununla belə nisbini tam, bütöv bilmək – Mütləqi bilmək deyil. Çünkü sınırlı (məhdud) olandan, görünəndən artıq olan Dəyişməzliyi bilmədən biliyi mütləqləşdirmək olmaz. Genel olaraq götürsək, fərdi anlamda bilik mütləq ola bilməz. Dərk mütləq ola bilər, bilik yox. Məsələn, mən insanın hüceyrə quruluşunu mütləq bilmərəm, onun ruhani mahiyyətini isə dərk edə bilərəm. Ancaq bir çox doktrinalar “bireysəl dərk”sorunu yaradırlar. Kosmik insan, dünya ruhu, kosmik idrak, üst insan i.a. anlayışlar da bu sorunlardan qaynaqlanır. Üst insan anlayışı, öz növündən olan insandan kəskin fərqlənən, kosmik insan düşüncələri oluşdurur. Bu isə, Allahın fövqəl, transsendent olması qədər cəfəngiyyatdır. Göyel-Yerel insan anlayışı uydurmaq – yeni bir iyerarxik (təbəqələşmiş) ruhaniyyat yaratmaqdır. İnsanın düşüncəsini çıxılmazlığa soxub  özünüdərk sürəcinin yolunu bağlamaqdır. Ən başlıcası “yerel” sayılan insanı dərk eləmək – onun məhdud olduğuna gətirib çıxarar ki, bu da toplumsal gəlişməyə (ictimai tərəqqiyə) zərbədir. Nə yazıqlar, insan nələrisə bacarmadığını düşündüyündə, özündən qıraqda, ya ilahi güc uydurur, ya da özündən bacarıqlı “üst insan” (fövqəl insan) təsəvvürü formalaşdırmağa çalışır. Sən demə, “bacarıqsız yerel insan”ın “bacarıqlı göyel insan”a dönüşməsi gərəkirmiş. Bu, insana inamsızlığın görsənişidir.
Veda dinlərinin məntiqinə üz tutsaq, insanın kamilləşməsi üçün o, həyat adlanan sansaradan qurtulmalıdır. Bunun üçün hər yeni doğuluşunda buna can atmalı, davranışlarını, əməllərini buna hesablamalıdır. Hətta insan ruhunun başqa canlılara keçməsinə də inam yaratmağa çalışır (bəlli reinkarnasiya ideyası). Bu ideya da bəşəriyyətin ölümsüzlük axtarışlarının bir uzantısıdır. Ancaq ölümsüzlüyün bu çalarla düşünülməsi insanda elə də nikbinlik oyatmır. Çünkü burada ölümsüzlük ideyası ruhani məzmununu itirir.Əslində ölümsüzlüyün ruhani mahiyyəti,fəlsəfi anlamda, yenidəndoğulma ideyasıdır. Reinkarnasiyada yenidəndoğulma yoxdur, təkrar doğulma var. Üstəlik təkrar doğulmada insanın ruhu başqa canlılarda da ortaya çıxır. Bu da onunla bağlıdır ki, ruh maddi qəbul olunur. Qitaupanişadlarda ruh insanın saçının ucunun dörd milyardda bir hissəciyi kimi düşünülür. İnsan bir yaşam periodunda necə davranmışsa ruhu o cür şəkillənir, təkrar doğuluşda uyğun davranışlı yaşam sürən canlıda ortaya çıxır. Deyək ki, insan çox ət yeyibsə, onun ruhu təkrar doğuluşda hansısa vəhşi heyvanın canında yaşam tapır. Ya da torpağa qarışan insan bədəninin çürüntülərindən (enerjidən) əmələ gələn hansısa otu, bitkini hansısa heyvan otlayırsa onun canına keçir. Beləliklə, insanın ruhu həmin canlıda yaşamalı olur. Söz yox, biz bu cür yanaşmanı doğru saymırıq. Birinci, ruh maddi deyil, bunu yuxarıda vurğu elədik, cismanidə yaşasa da, cismani deyil. İkinci, ruh bədənlə torpağa gömülmür, bədən təbiətə qarışır, ancaq heçliyə çevrilmir. Məna təbiətin özündədir, təbiətdə yenilənir. Təbiət Mənanın görsənişi kimi yeni şəklə düşür, yenidən şəkillənir. Məna həm də, özündə özünün ifadəsini gəzdirir, yəni ruh olanaqda (imkanda) var. Yəni cismanidə olanaq kimi var. Cismani doğulandan sonra, gəlişmiş cismanidə, canda, bədəndə Mənanı ifadə eləyir. Ancaq ruh istənilən canlıda olmur, insanda olur. Heyvanın ruhu yoxdur. Yəni İnamı, İdrakı, Mənəviyyatı, İradəsi yoxdur. İnam, İdrak, Mənəviyyat, İradə Mənanı heyvan bədənində ifadə eləmir. İnam, İdrak, Mənəviyyat, İradə İnsanlıq adlı Mənanı ifadə eləyir. İnsanlıq adlı məna da heyvan cismində deyil, insan cismində yaşayır, insan cismi araçılığı ilə yenilənir. Ona görə ruhun istənilən canlıya keçməsi deyilişi yanlışdır. Genel olaraq ruhun bir bədəndən başqa bədənə keçməsi deyilişi də yanlışdır. Yenə də biliyin yönü dəyişir, enir, inam xurafatlaşır. Bir bədəndən başqa bədənə köçmə deyilişində də ruhun maddiləşdirilməsi tendensiyası var. Maddi isə ölümlüdür, bu tendensiyada ruhun əbədiliyi, genel olaraq, ölməzlik ideyası dərk olunmaz.
Yuxarıda Asif Atadan bir alıntı göstərdik: “qalaq-qalaq meyid yığılır qəbirstanlığa”. Bu deyim çelişkili görünə bilər. Necə olur, həm qalaq-qalaq meyid, həm təbiətlə birgə oyanan cisim. Həm “gördüyünü qəbrə aparmırsan, duyduğunu qəbrə aparmırsan, getmirsən, qalırsan… Həm də ruh torpaqdan yaranmır, torpaqdan yaranan bədəndir, torpağa yarayır..”. Torpaq təbiətdir, təbiət özündə Məna daşıyır. Məna özündə özünün ifadə olanağını (imkanını) oluşdurur. Deməli, meyid nə qədər ki, təbiətə qarışmayıb heç nəyə yaramır. Təbiətə qarışandan sonra Mənalanır. Əgər belə olmasaydı, yəni bədən öləndən sonra Məna ilə bağlılığı olmasaydı, onda onun təbiətlə birgə oyanmasının heç bir anlamı qalmazdı. Bununla belə, cismin hissələrinin təkrar yaşama dönməsi yenidən doğulma anlamına gəlməz. Yenidən doğulma ruhla bağlıdır. Yəni yenidən doğulma fəlsəfi anlam daşıyır. Cismin hissələrinin təkrar yaşama dönməsinin fəlsəfəsi ilə yenidəndoğulmanın fəlsəfəsini eyniləşdirmək doğru da deyil. İnsan yaşadığı ömürdə yenilənməklə, ruhunun bütövləşməsi ilə yeni ömür başlayır. Yenidən doğulur da deyə bilərik. Yalnız bundan sonra insan olmağın nə demək olduğu aydınlaşır. Bu çox önəmlidir, hər şey buradan başlayır. İnsani münasibət bu bəlirtidən oluşur: İnsan toplumsal (ictimai) heyvandırmı, quldurmu, bəndədirmi, biologiyadırmı, sadəcə təbiətin bir parçasıdırmı?!Yoxsa özündə Mütləq daşıyan ruhsal varlıqdırmı?! Bilik dəqiq verilməyəndə mübahisələr, çəkişmələr baş alıb gedir. Hər kəs öz bildiyinin dəqiq olduğuna güvənib onu əsaslandırmağa çalışır. Bizə görə biliyin nisbi xarakter daşıması – onun Mütləq ölçü tapa bilməməsi ilə bağlıdır. Deməli, istənilən nəzəri, ya empirik biliyi dəyişməz bir ölçü ilə tutuşdurmaq gərəkdir. Bunun üçün idealı tanımaq gərək. Ancaq ideal haqqında düşünərkən onu gerçəkliyin məntiqi ilə analiz etmək, əsaslandırmağa çalışmaq özünü doğrulda bilməz.
Bir biliyə alışmaq (vərdiş eləmək) – alışan üçün doğru, əsaslı sayıla bilər, ancaq başqa biliklərlə üzləşəndə çaşa, yanıla bilər. Deməli, yenə ölçü məsələsini necə bəlirləmək gərəkdiyinəgəlib çıxırıq. Yenə də bilikdən üstün bir məqama gəlib dayanırıq – dərk məsələsi.
Empiriklərə görə idrak, bütün hallarda, təcrübədən başlayır. Asif Atada İdrak İnamdan başlayır, yəni Ruhani İdrak. İstənilən olayı anlamaq üçün zaman, məkan, səbəb olmalıdır deyirlər. Ancaq Mənanı bu anlayışlarla anlamaq, izah eləmək olumsuzdur. Mənanı Ruhani idrakla anlamaq olur. Söz yox, Məna olaydan qıraqda deyil. Ona görə olayı dərk eləmək, əslində onun Mənasını dərk eləməkdir. Yəni olayın hesablanması, bəlirlənməsi ilə onun mənasının dərk olunması eyni deyil. Səbəb, zaman, məkan – olayı bilmək üçündür, dərk eləmək üçün yox.
Allahı dərkolunmaz sayırlar. Çünki idrakla heç bir bağlılığı yoxdur, transsendentaldır. İdrakla bağlı olan hər şey təcrübədə yoxlanılmaya bilər, ancaq dərkolunmaz deyildir. Dərketmənin birinci koşulu İnamdır, ikinci koşulu Bilik. Yəni Biliyi heç saymırıq, mütləq də saymırıq. Ən mükəmməl nəzəri bilik inamdan aşağıdır. Yuxarıda dedik, nəzəriyyələr qoyulan suallara bütöv cavab tapa bilmir. Ona görə yeni subyektiv baxışlar ortaya çıxır. Bu subyektiv baxışlar da bütöv ölçüyə çevrilə bilmir, getdikcə xurafata yol açır.
Asif Ataya qədərki dünyabaxışların hamısında “Axirət dünyası”na çağırış var. İnsanın xoşbəxtliyinin Axirət dünyasında olduğu vurğulanır. Sokrat kimi düşüncə adamı da xoşbəxtliyin Aidin dünyasında (yeraltı dünyada) olduğunu düşünür. Min il dünyaya səs salmış Sokrat hindlilərin təkrar doğulma ideyasını güclü izah edir. Ancaq bu təkrar doğulma sırf fiziki anlam daşıyır. Yəni hərfi anlamda götürülür – ruh yeni bir bədəndə doğulur. Qitaupanişadlarda deyilir: Allah milyon illərdən bir yeni bədəndə (insan bədənində) dünyaya gəlir. Vurğuladığımız kimi, Asif Atada yenidən doğulma isə ruhun kamilləşməsi ilə xarakterizə olunan prosesdir.
Həqiqət ruhda aydınlığa çıxır, tanınır. Sonra həyata prinsipial nizamda etki göstərir. Həqiqəti tanıtmaq onun izah olunması gücünə bağlıdır. Həqiqətə inandırmaq üçün həqiqətlə yaşamaq gərəkdir. Başqa cür inam yaratmaq olumsuzdur. Həqiqət haqqında sadəcə bilgi vermək yola çevrilməz.
Bir sözlə, hardasa, nədəsə bilikdən yararlanıb onun yönünü dəyişmək, xurafata çevirmək – yaşam üçün yol nizamı ola bilmədi.
Bu arada bəzi ayrıntılara varmaq yerinə düşər.
Din deyir: Sonev(qəbir) itməlidir, ancaq niyə itməlidir, onu demir. Məncə, ona görə itməlidir, ölən təbiətlə birgə oyana bilsin. İndikilər sonevin üstündə mərmərdən ofis tikirlər. Bununla da ölənə yaxşılıq deyil, yamanlıq edirlər.Onun təbiətlə birgə oyanmasına əngəl olurlar, ya da gecikdirirlər. Burada qədimdən gələn hansısa biliyin etkisi yoxdur. Deyək ki, qədimdə ölünü torpağa göməndə yanına nəsnələr qoyurdular. Bu isə, təhrif olunmuş biçimdə,“ölümdən sonra həyat” ideyasından qaynaqlanırdı. Bugünkülərin addımı isə başlıca olaraq, özlərinin şöhrətinə hesablanır, varidat bolluğu, başqasından geri qalmamaq, ya da kimlərdənsə üstünlük göstərilir. Bunlar anlamsız gedişlərdir. İnsan gerçək ruhani kamilliyə yetməlidir ki, onun ölümsüzlüyə qovuşması da baş versin…
Cisim özündə ruhani olanaqlar aşkarlamışdı. O, torpağa qarışanda da aşkarlaya bilmək gələnəyini itirmir. Təbiətin özündəki yaranış imkanına qovuşur, təbiətlə birgə oyanır. Başqa şəklə düşür, olanaq həmin başqa şəkildə aşkarlanır. Yəni yenilənir. Öncəki bütöv biçim təkrar olunmur, yeni şəklə düşməklə olanaqları da yeni şəkildə üzə çıxarır. Ancaq torpaqda yenilənmə Göylərin – Günəşin, şüaların, yağışın, havanın qatqısı ilə baş verir. Bütün bunlar Mütləq nizamdır – Mütləqin nizamıdır. Məna (Dünyalıq) aşkarlanır, görsənişə gəlir. Ancaq dinlərin dediyindən fərqli olaraq, Məna olayları, yəni görsənişlərini sonradan yönətmir. Tale – alın yazısı deyil, yaranmaq, olmaq olanağıdır, yönüdür. Din bu bilginin də yönünü dəyişir, yaranmağın nizamını “alın yazısı” adlandırır, insanın ömrünü (ölənədək) necə yaşayacağını proqramlaşdırır, xurafatlaşdırır. Bizə görə İnsanın yaranması, Olması Məna tələbində baş verir, necə yaşaması isə özündən asılıdır.
Asif Ata deyir, “…Mütləq – dünyaya, həyata, insana ali daxili qüvvə, istiqamət və meyar olan bir Qüdrətdir”. Bu tərifi belə izah edə bilərik: Daxili qüvvə, – yəni içindən onu dəyişən, inkişaf etdirən; istiqamət,– yəni dinamik, hərəkətdə olan, mövcudluğa yönləndirən, oluşan; meyar olan,– yəni həqiqətin dəyişməzliyini sağlayan. Burada proqramlaşdırmadan, yönətməkdən (idarə eləməkdən) söz gedə bilməz.
Bu izahlarımızla biz, Asif Atanın ideya-baxışlarını, özünəqədərki biliklərin, eləcə də özünün ortaya gətirdiyi yeniliklərin yüksək, düzgün doğrulanmış yerişi sayırıq. Çünki bütün hallarda, oxuyub öyrəndikcə görürük, bilik qaynağında da azır, yönü də dəyişir, gerçəkliklə bağlılığı da doğrulanmır, varlığı təsdiq açısından yararsız olur. Əslində Bilik dərk prosesini əngəlləməli deyil, yardım etməlidir. Ancaq görürük, Biliyin yönü dəyişdikcə, xurafata yol açdıqca dərk məsələsi ortadan qalxır.
Örnəklərdən birinə– Veda dinlərindəki “ölümdən sonrakı həyat” məsələsinə toxunduq. Qarşımıza ayrı-ayrı suallar çıxdı. Ona görə bir neçə əkləmə (əlavə) etmək yerinə düşər. Əslində cavablar o sualların öz içində görünür. O sualları burada vurğu eləyək. Ölənin təbiətlə birgə oyanması məsələsi Veda dinlərində təkrar doğulma kimi xarakterizə edilir. Ruhun başqa bir bədəndə, ya da başqa bir canlıda həyata qayıtmasının həyatdan qurtarmaq (xilas olmaq) üçün olduğunu isbatlamağa çalışırlar. Buna bir neçə sualla aydınlıq gətirməyə çalışaq. Məsələn, niyə hansısa bir musiqini dinləyəndə bəzən adamda ciddi kədər oyadır?! Sanki adama nə vaxtsa yaşadıqlarını, gördüklərini xatırladır. Ya da adam ötən günlərdə hansısa yaşantılarını xatırlayır. Bəs nədən ötən günlər xatırlananda bəzən göz yaşları ilə sonuclanır?! Ötən günlərdəki cazibə nədir axı?! Ya deyək ki hindlilərin, eləcə də Sokratın dediyi, insanın təkrar doğulmaları baş verir. Axı onlar deyirlər, insanın təkrar doğulması həyat adlanan sansaradan qurtarması üçündür. Bəs onda nə üçün qurtulmaq istədiyin həyat üçün qəribsəməli, kədərlənməli, göz yaşı tökməlisən?! Ya da qurtulmaq istədiyin həyatı yenidən yaşamaq istəyəsən?! Genel götürəndə, həyatdan qurtulmaq istəyi nə deməkdir?! Qurtulmaq gərəkdirmi?! Ruhun yaşaması necə, o da ayrı bir həyatdırmı?! Hindlilərdə bədən önəmsiz bir yaratıq olaraq həyata qayıdır. Bu yanaşmada bir anlaşılmazlıq var. Deyək ki, bədən özündə daşıdığı ruhun kamilləşməsinə qədər təkrar-təkrar doğulur. Bəs ruh kamilləşəndən sonra bədən necə olacaq?! Başqa sözlə, təkrar doğulma dayanacaqmı?!Asif Ata deyir, ruhum Buddada, Zərdüştdə, Platonda, Nəsimidə cəmlənib, onları öldürə bilməmisən, məni də öldürə bilməyəcəksən. “Ölümlə görüş” yazısında ölümə bu cür üz tutur. Yəni ruh – əzəlilik, əbədilik daşıyır özündə. Ancaq ruhun kamilləşməsi bədənə gərəkliyi ortadan qaldırmır. Eyni halda, bədən olduğu kimi təkrar qayıtmır. Hissələri ilə birgə qayıtması isə öncəki ruhun onda, olduğu kimi, yaşaması anlamına gəlmir. Yuxarıda da vurğuladığımız kimi, ruh Mənada qalır. Məna cismin yaranışında, doğuluşunda aşkara çıxır. Ruh – canda, cisimdə Mənanı ifadə eləmək üçün yaşayır. Gerçəkliksiz Məna olmur, Mənanı ifadə eləyən ruhsuz canın, cismin anlamı qalmır, o can, cisim ölü sayılır. Deməli, ruhun doğru bəlirlənməsi, onun ölməzliyinindərk olunması yaşam üçün əsaslı bir ölçü olur. Bu zaman qalaq-qalaq yığılmış suallar cavab bulur.
Ruhun kamilləşməsi yaşam ölçüsünə çevrilmədiyi sürədə bütün biliklərin xurafata gedib dayanacağı qaçılmaz olacaq.
Bu məsələlərdən biri də ədalətin (anlaşılması üçün ilahi ədalət də deyə bilərik) bərpasının necə baş verəcəyi sualıdır. Biz yuxarıda Sokratın adını çəkdik. Sokrat “ilahi ədalət”in bərpasını Aid dünyasında(yeraltı dünyada) görür. Ya deyək ki, göyel dinlərdə “ilahi ədalət” Axirət dünyasında bərpa olunur (cənnət, cəhənnəm ideyası). Nədən bu cür baxışlar ortaya çıxdı?! İlahi ədalət nədir, niyə pozula bilir?! Yenə ruhun kamilləşməsi məsələsinin üzərinə gəlirik. Heç bir baxış, doktrina insanı axıra kimi tanımadı. İnsan haqqında ən yüksək söz deyiləndə belə, ona inam bütövləşmədi. İnsana hər şeyi öyrətdilər, özünü öyrətmədilər. İnsanın gücü, enerjisi özündən qıraqdakı nəsnələri öyrənməyə xərcləndi. Qıraqdakı böyüklüyü, balacalığı gördü, öyrəndi, dedi, özündəki balacalığı görmədi, döymədi. Özündəki böyüklüyü aşkarlamadı. Elmi bilən, tarixi yazan, ixtisaslanan, ödüllənən, rütbələşən, görəvləşən adam böyük sayıldı, ona sayğı bəslənildi, başa keçirildi. Bütün bunlar insani gözəlliklərin əvəzi kimi qarşılandı. Sonucda toplumsal təbəqə yarandı. İnsanda məncillik (eqoizm) danışdı, özündən keçmə (fədakarlıq) susdu; şöhrətsevərlik danışdı, ləyaqət susdu; hakimiyyət ehtirası danışdı, qayğıkeşlik susdu; qəddarlıq danışdı, mərhəmət susdu; hərcayilik danışdı, həya susdu… İnsanda heyvan danışdı, İnsan susdu. İnsanı öz mahiyyətinə yüksəltməli olan, özüylədöyüş yollarını öyrətməli olan, özünüdərk sürəcini yetirməli olan, özünəinam, özünəgüvən ləyaqətini bəsləməli olan ruhaniyyat (dinlərdə) insanı aldatdı, ona vədlər verdi, onu qorxutmağa çalışdı, hədələməyə başladı. “Qaş qayırdığı yerdə, göz çıxartdı”. Öləndən sonra diriləcəyini, əməlləri qarşılığında ya ödül (cənnət) qazanacağını, ya da cəza (cəhənnəm) qazanacağını vəd elədi. İnsana, Allaha boyun əyməklə ödül qazanacağını öyrətdi. İnsan nə elədisə, Allah üçün elədi, insan üçün eləmədi. İnsana çatmayan ibadətlər, rituallar havada qaldı, boşuna getdi. Çünkü ibadətlər insana qorxaqlıq öyrədir, cəsarət öyrətmir; Allaha yalvarmaq öyrədir, Mütləqə sevgi öyrətmir; Allahın hər şey, insanın heç şey olduğunu aşılayır, özündəki Mütləqi tanımaq, ona qovuşmaq aşılamır. Bununla da dünya əyilir, mənasızlaşır, faniləşir. İnsanın gözündə heçə çevrilən dünyaya inam, sevgi ortadan qalxdığına görə həyat gözəlliklərdən, ülviyyətdən, ədalətdən, mərhəmətdən uzaqlaşır.
Cəhənnəmə haqq verirlər, deyirlər, ömrü boyu ədalətsiz yaşayan, əyri davranan, əzazillik edən birisi bu dünyada cəzasını almadan ölürsə, o biri dünyada Allah cəzasını kəsib ədaləti bərpa edəcək. Deməli, insan diriliyində necə istəyir, elədə yaşayır, öləndən sonra isə onunla haqq-hesab çəkilir.  Öncələr də yazmışdım, belə çıxır, dirilərin dünyası İblisin ixtiyarındadır, ölülərin “dünyası” Allahın. Deməli, Allah diriliyə, canlılığa qatqı göstərmir.
Bəzən bir insanın başına pis bir iş gələndə, onu pis əməllərinə görə Allahın cəzalandırdığını deyirlər. Necə olur, iblisin düz yoldan çıxardığını Allah düz yola qaytarmır, vurub sıradan çıxarır?! Belə çıxır ki, Allah İblisdən daha pis iş görür.
Bütün bunlar yalançı ümidlərdir, insanın özünü aldatmasıdır. Asif Atanın fəlsəfəsinə görə insanın ən böyük cəzası özündəki balacalığı döyməkdir, ən böyük ödülü (mükafatı) kamilləşməsidir. Əgər insan ömrü boyu ədalətsizlik edir, ədalət bərpa olunmadan ölürsə, bu onun üçün ən böyük cəzadır. Yəni insanın kamilləşmədən, heyvana tay olaraq ölməsi onun faciəsidir. Sevgi, inam, qayğı, mərifət qazanmadı, özündən sonra onu yaşadacaq heç nə saxlamadı. Xalqın varlığına girmədi, Mənada qalmadı – bundan böyük cəza olmaz ki, özü-özünə verdi. Gərək öləndən sonra meyidinə “qan, irin içirdəsən”?!
 İlahi ədalət (əslində Mütləq ədalət) həyatın özündə bərpa olunmalıdır – insanın kamilləşməsi ilə…
Beləcə, biz ayrı-ayrı bilgilərin necə, hansı anlamda ortaya çıxmasına aydınlıq gətirməyə çalışdıq. Bu bilgilərin, bir çox hallarda, dəyişdiyini, xurafata çevrildiyini də dilə gətirdik. İnsanın doğruçu biliklərdən uzaqlaşması, bunun da sonucunda özünüdərk gedişindən ayrılması Asif Atanın başlıca qonusuna çevrilmişdir. O, öz fəlsəfəsində, təlimində bu bilgilərin yalanlardan açılmasına çalışmışdır. İnsanı alleqorik dildə yalana alışdırmağın mənəvi dirçəlişə əngəl olduğunu öyrətmək istəyində bulunmuşdur. Buna, yuxarıda bir çox örnəklərlə aydınlıq gətirməyə çalışdıq. İstər Veda dinlərindəki, istər Mesopotomiya dinlərindəki, istərsə də çağdaş Göyel dinlərindəki yanlışlara qısaca toxunmaqla açımızı sərgilədik.
Bu yazıda biz bir neçə məsələyə yığcam aydınlıq gətirməyə çalışdıq. İndi onları aşağıdakı kimi ümumiləşdirə bilərik:

  • Mütləq (Allah anlamı) dərk olunandırmı?!

Başqa baxışlara görə dərkolunmazdır, çünkü Allahla insanın birbaşa bağlılığı yoxdur. Allah transsendentdir, fövqəldir, yaradıcıdır. Yaratdıqları ilə sirlərini paylaşmır, onları sadəcə yönətir (idarə edir).
Asif Ataya görə Mütləq dərkolunandır. Çünkü O, Dünyanın, Həyatın, İnsanın özündədir. Mütləqi dərk, əslində İnsanlığı dərkdir. İnsan özündə özündən yüksək olanı – mahiyyətini dərk eləməsə ucalmaz, kamilləşməz. Mütləqi dərk – gözəllikləri, fəzilətləri tanımaqdır, onları ömrə gətirməkdir.

  • “Ölümdən sonrakı həyat” ideyası.

Başqa baxışlarda ölümdən həyat yaranır. Deyək ki, Veda dinlərində, Sokratda. Göyel dinlərdə ölülər sonradan dirildilir, mühakimə olunur, cəza, ödül təyin olunur.
Asif Atanın fəlsəfəsinə görə, ölüm həyatın yenilənməsinə qatqı göstərsə də, həyatın yaranması ölümdən başlamır. Başqa sözlə, həyatla ölüm bir-birinə keçmir. Ölümün mahiyyəti həyatdır. Həyat ölüm araçılığı ilə yenilənir.

  • Ruhun ölməzliyi ideyası.

Başqa baxışlarda, deyək ki, Veda dinlərində də, göyel dinlərdə də, ruh maddi, cismani götürülür. Veda dinlərinə görə ruh kiçik (mikro) candır, başqa bədənlərdə yenidən doğulur, həyat adlı qəlibdən (sansaradan) qurtulmalıdır. Kamilləşməlidir ki, bədəndən, həyatdan qurtulsun.
Göyel dinlərdə ruh, bədən öləndə ağızdan çıxır. Bu zaman onun taleyi bəlli olmur. Daim fəzada, yaxınlarının çevrəsində dolaşır (bu, animistik baxışın qalığıdır). Görünür, Allah insanları dirildəndən sonra həmin ruhları öz bədənlərinə qaytaracaq. Sonra ya ödül (cənnət), ya cəza (cəhənnəm)verib orada yaşadacaqdır. Burada ruhun ölməzliyi ən pis ölümdür.

Asif Ataya görə, ruh – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. Bədən öləndə ruh Mənada qalır. Xalqda kamil əməllərə, kamil düşüncələrə, kamil mənəviyyata qovuşur. Başqalarında Mənanı ifadə eləməyə davam edir. İnsan özündə Məna daşıyır. Bu Mənanın adı İnsanlıqdır. İnsanlıq bir biçimdə deyil, saysız-hesabsız biçimlərdə yaşayır. Ancaq biçimlərə paylanmır. Bədən öləndə bədənlə birgə ölmür. İnsanlıqDünyalıq deməkdir – Dünyalığın İnsanda ifadəsidir, başqa sözlə, yaşamasıdır. Təbiət də Dünyalığın ifadəsidir. Bədən öləndə torpağa (təbiətə) qarışır. Sonradan təbiətlə birgə oyanır, hissələri ilə yaşama qayıdır. Yenə ruhun məskəni rolunu oynayır. Yenə Ruh bədəndə Mənanı ifadə eləyir. Ruh bədəndə, cismanidə yaşayır, ifadə eləyir, ancaq özü cismani, maddi deyil. Məna maddidə, cismanidə olduğu kimi, onun ifadəsi olan ruh da maddidə, cismanidə yaşayır.

  • “İlahi ədalətin (əslində Mütləq ədalətin)  bərpası” ideyası.

 Başqa baxışlarda “ilahi ədalət” insan öləndən sonra yeraltı dünyada, ya da o biri dünyada bərpa olunur. İnsan yaşadığı ömrə, davranışlarına görə ya cənnət (ödül) qazanır, ya da cəhənnəm (cəza).
Asif Ataya görə, Mütləq ədalət İnsanın kamilləşməsi ilə bərpa oluna bilər. İnsanın ədalətli davranmasının ödülü onun kamilliyidir, cəzası isə insani gözəlliklərdən məhrum olması, heyvana bərabər ömür sürüb həyatdan getməsidir.

  • Tərbiyə ilə kamilliyin fərqi.

Başqa baxışlarda ən böyük kamillik elə tərbiyəyə bərabərdir. Göyel dinlərə görə, insan ibadətlə uğraşarsa, yəni özündən qıraqdakı Qüvvəni razı salmağa çalışarsa, bunun ödülünü alar, yəni ölümdən sonra cənnəti qazanar.
Asif Ataya görə tərbiyə fitrətdə olan fəzilətlərdir. Ancaq tərbiyə, özünütanıma, özünüdərk üçün yetərsiz keyfiyyətdir. İnsan yaşam sürəsində ruhunu kamilləşdirməlidir. Bunun fəlsəfi anlamı yenidəndoğulmadır. Özündə özündən yüksək olan Mütləqi aşkarlamalı, dərk etməli, ona qovuşmalıdır. Ömrünü birgəyaşayış nizamının ölçüsünə çevirməlidir. Bunun üçün özüylədöyüş yolu keçməlidir.

  • Özüylə döyüşün praktik yönü.

 Başqa baxışlarda, deyək ki, Göyel dinlərdə özüylədöyüş anlayışı yoxdur. İbadət, elə özünütərbiyə yolu sayılır. İbadət – başqasından istəməkdir, başqasının mərhəmətinə küsənməkdir.
 Asif Ataya görə özüylədöyüş kamilləşmə yoludur. Bu anlayış Asif Atanın özünün yaratdığı anlayışdır. Asif Ata özüylə döyüşü üç aşamada öyrədir: 1) özünütanıma,–  yəni özündəki heyvani, bioloji xassələri, eləcə də insani keyfiyyətləri görmə, tanıma; 2) özündəki balacalıqlardan, keçiciliklərdən, heyvanilikdən imtina. Bu xassələri əməlsiz qoymaq – düşüncələrinə, davranışlarına yaxın buraxmamaq, özündəki sağlam duyğuları, arı düşüncələri böyütmək, davranışlarda, əməllərdə ifadə eləmək; 3) özünə inam, özünə güvən. Özünün düşüncələrini, davranışlarını Mütləqlə (deyək ki, Allah anlamı ilə) tutuşdurmaq. Çünkü Mütləq arıdır, durudur, qüsursuzdur. Kamillik – özünü qüsursuz olanla tutuşdurmaqdır. Özünü yaxşı adamlarla tutuşdurmaq azdır, nisbi ilə tutuşdurmaqdır. Çünkü ən yaxşı adamda belə, qüsur tapmaq mümkündür. Nə yazıqlar, Göyel dinlərdə insanın özünü Allahla tutuşdurması (müqayisə eləməsi) lovğalıq, dikbaşlıq kimi qiymətləndirilir, küfr sayılır. Asif Atanın fəlsəfəsinə görə Mütləqi dərk etmək gərək, onun sirlərinə yetmək gərəkdir. Mütləqin sirləri gözəlliklərdir. İnsan bu gözəllikləri tanımasa, həyata əyriliklər gətirəcək. Bununla da, insana inam ortadan qalxacaq. İnsan öz növündən olana güvənməsə Azadlıqdan, Ədalətdən danışmaq olumsuzdur.

  • Gerçəkliklə idealın münasibətləri.

Başqa baxışlarda ideal gerçəklikdən ayrılır, həyatdan uzaqda – Allahın istəklərində yaşayır. Allahın istəkləri isə dünyada idealın gerçəkliyini oluşdurmur. Çünkü dünya fanidir, hər cür böyük arzular o biri dünyada – Allahın dünyasında gerçəkləşə bilir.
Asif Ataya görə İdeal – Mənadakı xeyir, gözəllik, həqiqət olanağıdır. Bu olanaq İnsanlığın kəşf olunması, aşkarlanması ilə bəlirlənir, oluşur – həyatda yaşam tapır. Bu yaşam yüksək (ali) həyat deməkdir. İnsanın öz növündən olanlara, dünyaya, təbiətə, dövlətə… münasibəti insaniləşir. Təbəqəçilik, sinfilik, ağalıq, bərabərsizlik ortadan qalxır.

  • Ölüm Mütləq Yoxluq deyil.

Başqa baxışlarda, nisbi baxışlarda dünya bütövləşmir, faniləşir, adiləşir, gec-tez yox olur. Ancaq o biri dünya var olur. Bu dünyada ölənlər o biri dünyada dirilirlər, başqa bir biçimdə yaşamını davam edirlər. Bu baxış ölümü ötmür, ən pis ölüm yaradır. Dünyaya, həyata, insana inanmamaq ölümdür. Dünyanı fani saymaq – ölümü Mütləqləşdirir, əsaslandırır.
Nisbiliyi əsas götürmək, ölümü əsas götürməkdir. Ölümlə həyatın sınırı ortadan qalxır. Nə zamansa bu dünya yox olacaqsa, deməli, bu dünya üçün ölüm Mütləqdir.
Asif Ataya görə bu dünya əzəlidir, əbədidir, sonsuzdur, Mənaca kamildir. Dünyanın olmayan vaxtı olmayıb.
Başqa baxışlara görə Dünya yoxdan yaranıb, bir gün də yox olacaq. Yox olmaq – ölümün Mütləqləşməsidir.
Asif Ata Mütləqi (Allah anlamını) dünyanın özündə görür. Məna dünya ilə, əslində gerçəklik ilə birdir. Yəni Gerçəkliyin özündədir. Gerçəkliyin  ölməsi, nə vaxtsa yox olması Mütləqin (Allah anlamının) ölməsi deməkdir. Asif Ata bunu doğru saymır, qəbul eləmir. Dünya özündən, özündəki Mütləq Mənadan yaranır. Məna ayrı-ayrı təzahürlərinin ölümü ilə yenilənir. Ayrı-ayrı təzahürlərin ölümü bütöv Gerçəkliyin, başqa sözlə, Dünyanın ölümü anlamına gəlməz. Bir yerdə təzahür öləndə başqa bir yerdə yeni təzahürlər ortaya çıxır. Bir ağac quruyanda başqa bir yerdə ağac əmələ gəlir. Bir bulaq quruyanda başqa bir yerdə bulaq əmələ gəlir. Yaranış – Mənanın gerçəkləşmək, görsənişə gəlmək olanağıdır.

  • Bioloji tükənməzliyin idealla ilişkisi.

Biz dedik, insanı torpağa basdırırlar, nə zamansa onun bədəni təbiətlə birgə oyanır, hissələri ilə yaşama qayıdır. Bu isə Məna tələbində, Mənalı baş verir. Elm də deyir, heç nə yoxdan yaranmır, yox olmur, bir şəkildən başqa şəklə düşür. Torpaq təbiətdir. Torpaq – Dünyalığın yaşadığı, gerçəkləşdiyidir. İnsana qida, enerji verəndir. İnsanın bədəni təbiətdən, torpağın yaratdığı qidalardan yaranır. Bu qidaların yaratdığı enerji bədəndə toplanır, erkək-dişi ilişkilərində döl əmələ gəlir. Ancaq bu döl quru materiya deyil, özündə Özündən yüksək Məna daşıyır. Məna, eləcə də, onun ifadəsi olan ruh insan bədəninə sonradan girmir. Məna təbiətdə, cismanidə olduğu kimi təbiətin, cismaninin özündən yarananlarda da başlanğıcdan olur.
Dedik ki, Məna qıraqda durmur, gerçəklikdə olur, yeni gerçəkliklər kimi təzahür edir. Bu açıdan bioloji varlıq belə, tükənmir, yox olub başa çatmır. “İnsan özündən yaranır” bu deməkdir. Torpaqda təbiətə qarışıb birgə oyanan bədənin hissələri, Veda dinlərinin dediyi kimi, heyvana keçmir. Başqa sözlə, İnsanlıq adlı Məna (qida ilə) heyvana keçən bədən hissəsi ilə yaşamır. Ancaq insan biologiyasında yaşayır. İnsanlığın mühiti insanın bioloji quruluşudur, heyvanın deyil. İnsanlıq Mənası heyvan bədəni ilə görsənişə gələ bilməz, onun ifadəsi olan ruh heyvan cismində yaşaya bilməz.
Ona görə də, ölüm Mütləq yoxluq deyil. Cisim belə, tükənmir, yəni yox olmur.
10) Bütün bunları deyəndən, fərqləri göstərəndən sonra Ruhani ölçünün yenilənməsinin gərəkliyi ortaya çıxır. İnsanın ruhani həqiqətləri bilməsi, Ruhunu kamilləşdirməsi, dünyaya münasibətinin dəyişməsi üçün köhnə ölçülər özünü doğrultmur. Yeni ölçü qaçılmazdır. Bu ölçü yaranıb. Bunun adı “Mütləqilik ölçüsü”dür. Bunu Asif Ata yaradıb, bu ölçü ilə oluşan sivilizasiya İnsanilik sivilizasiyası, ya da Asif Ata sivilizasiyası adlanır…
İndi bir neçə sözlə,Göyel dinlərlə Asif Atanın baxışının fərqini konkretləşdirək:

1-ci fərq: Dinlərə görə Mütləq (dində Allah) Dünyanı yoxdan yaradır. Asif Ataya görə Dünya özündəki Mütləqdən yaranır. Yəni yoxdan yox, özündən yaranır. Dünya yox olmur, Yoxluq olmayıb. Bir sözlə, dinlərdə dünya qıraqdan yaradılır, Asif Atada özündən yaranır.

2-ci fərq: Dinlərdə ədalətin bərpası 2-ci dünyada, yəni ilahi dünyada baş verir (ilahi ədalət). Asif Ataya görə Mütləq ədalət İnsanın kamilləşməsi ilə, dünyanın, həyatın özündə bərpa olunur. Dinlərdə “ilahi ədalət”i ilahi qüvvə (cəza, ya da ödülləndirmə (mükafat) ilə) bərpa edir. Asif Atada insan öz balaca mənini yenməklə. Bu zaman onun özünə cəzası – özündəki balacalığı ötmək, ödülü isə kamilləşməsidir. Fiziki cəza, fiziki ödül yoxdur, cəfəngiyyatdır.

3-cü fərq: Dində xoşbəxtlik ölümdən sonra qazanılır. Asif Atada həyatın özündə.

4-cü fərq: Dində Mütləq (əslində Allah) dünyaüstüdür, fövqəldir. Asif Atada Mütləq Dünyadan üstündür, ancaq Dünyanın özündədir.

5-ci fərq: Dində ruh, adam öləndən sonra, ağızdan çıxan, gözəgörünməyən candır. Asif Atada ruhani keyfiyyətlər – İnam, İdrak, Mənəviyyat, İradə Birliyi.İnsan öləndən sonra bu keyfiyyətlər xalqda yaşayıb var olur.

6-cı fərq: Dində insanın taleyi öncədən bəlirlənir, proqramlaşdırılır.Asif Ataya görə insanın taleyi yaşamboyu özündən asılıdır.

7-ci fərq: Dində insanın kamilləşməsi Allahdan qorxuya bağlıdır. Asif Atada qorxunu ötməyə…
Bu fərqlər Asif Atanın üstünlüyünü göstərir. Asif Atanın İnsanlaşmaq çağırışının önəmini anladır.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

İşıq-Şölə Ayları, 44-cü il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir