Həqiqətin bir açımı, yönü, izahı olur, siyasətin yüz. Bir siyasi olaya bir neçə baxış sərgiləmək olar. Əgər baxışlar siyasətin oyunlarına oyun qatmaq açısından sərgilənmirsə doğru sayıla bilərlər. Yəni sərgilənən baxışların hərəsi bir oyunun doğru qiymətləndirilməsi ola bilər. İstənilən siyasi olay özünə qarşı bir sıra doğru cavablar, izahlar doğurur. Kimsə siyasi olaylara strateji açıdan yanaşıb qiymətləndirər, kimsə taktiki açıdan; kimsə milli çıxarlardan baxıb qiymətləndirər, kimsə regional; kimsə olaylara işin bir cəhətindən baxar, kimsə çox yöndən. Bütün bunların hamısı ayrı-ayrılıqda doğru qiymətlər sayıla bilər. İstənilən doğru rahatsızlıq alqışadəyərdir (təqdirə layiqdir). Olaylara bəzək vuranlar, qərəzli yanaşanlar, haqlını qoyub haqsızı savunanlar bu deyilənlərin dışında qalır….
Biz də dünyada, regionda gedən qarışıq-dolaşıq olaylara, xalqlararası münasibətlərə, İnsanlığa tərs gələn, tərs yürüdülən siyasi olaylara öz açımızdan – fəlsəfi-ruhani açıdan baxış sərgiləməyə, aydınlıq gətirməyə çalışırıq. Sovetlərin mövcud olduğu dönəmdə siyasi dünyanın durumunu ikiqütblü “Dünya Düzəni” adlandırırdılar. İndi sovetlərsiz “Yeni Dünya Düzəni” oluşdurmaq prosesi gedir. Bu prosesi, başlıca olaraq, sovetləri devirən güclər – Batı, Avropa gücləri öz istəklərinə uyğun gerçəkləşdirməyə çalışırlar. Söz yox, bu proseslərin oturuşması asan, sadə bir məsələ deyil. Balacasından tutmuş böyüyünə qədər bütün ölkələr Yeni Dünya Düzənində öz yerlərini bəlirləməyə, çıxarlarını qorumağa çalışırlar. Ona görə hərə öz çapında dirəniş göstərir, proseslər gecikir. Üstəlik Yeni Düzəndə hegemon mövqe tutmağa çalışan Çin dövlətinin, eləcə də sovetlərin varisi Rusiya dövlətinin ölüm-olum savaşı aparması proseslərin intensivliyinə ciddi etki göstərir. Adlarını çəkdiyimiz dövlətlər dünyanın siyasi yönətimində əsaslı rol, yer almağa çalışırlar. Batı gücləri isə “Vahid Dünya Ağalığı” uğrunda çabalar göstərir. Bu isə daha böyük kataklizmlərə, daha böyük faciələrə yol açır.
Hər bir güc özünün çıxarlarını, ağalıq istəklərini təkcə öz sınırlarının içində qorumur, öz sınırlarının yüzlərlə, minlərlə km ötəsində qorumaqla uğraşır. Ona görə uzaq dövlətlərə münasibətini həm fərdi qaydada, həm də regional prinsiplər fonunda qurur. Fərdi qaydada o deməkdir ki, hər bir dövlətin iç-dış durumu gözdən keçirilir, hərbi, maddi resursları gözə alınır. Regional açıdan isə qonşu dövlətlərin bir-birinə münasibətləri, bir-birindən üstünlükləri, hansı güclərə bağlı olduqları araşdırılıb hesablanır. Həmin dövlətlərin içinə sızmaq üçün onlara çoxyönlü yardımlar edilir, onların gəlişməsi adına yatırımlar (investisiyalar) qoyulur. Dalınca isə ideoloji bazalar oluşdurulur. Bu gün Batının əlində ən güclü ideoloji silah “İnsan haqları” məsələsidir. Elə bir dövlət yoxdur ki, orada “insan haqları” sorunu olmasın. Bu məsələ bir az orta (mərkəzi) Avropa dövlətlərində gəlişib. O da “insan haqları” deyil, “insan hüquqları” açısından. (Haqq, hüquq eyni anlam daşımır, bu ayrı bir qonudur). Ona görə Batı özünü qurtarıcı (xilaskar) kimi qələmə verib istənilən dövlətin iç işlərinə qarışmağa yol tapır. Dediyimiz kimi, “insan haqları”nı qorumaq adı altında Batı dünyanı siyasi çıxarlara uyğun şəkildə regionlara bölüb. Bu bölgünü öncələr Sovetlər Birliyi ilə aparmışdı. Məsələn, Doğu (Şərqi) Avropa regionu, Baltikyanı, Orta Doğu, Güney Qafqaz… Bu bölgələrdə çıxarlar gah dartışdırılır, gah uzlaşdırılırdı. Sovetlər dağılandan sonra ən çox dartışdırılır, qoparılır, mənimsənilir. Sovetlərin varisi olan Rusiya Doğu Avropada sıxışdırıldı, Baltikyanıda sıxışdırıldı, Orta Doğuda sıxışdırıldı. İndi toqquşma, başlıca olaraq, Güney Qafqaza keçirilibdir. Ancaq adı çəkilən regionlarda hələ mütləq oturuşma getməyibdir. Çin, Quzey Koreya, Rusiya, İran, Türkiyə pay bölgüsündə dirənən, israr edən dövlətlərdir. Bununla belə, Batının yaratdığı qarışıqlıqlar ən çox onun öz xeyrinə işləməkdədir.
Batı Ukrayna-Rusiya savaşı çıxardı. Burada hədəf təkcə Ukraynanı Rusiyadan qorumaq deyildi, bu savaşda Rusiyanı maksimum zəiflətməklə Orta Doğudan sıxışdırmaq idi. Türkiyənin əli ilə bunu gerçəkləşdirə bildi. Bir yandan Türkiyəyə regionda güc göstərmək olanağı yaratdı (Türkiyə hakimiyyətinin iç siyasətə yönəlik yerini bərkitməsi üçün), bir yandan da Batının planlarını uyğulayan başqa dövlətlərə əməyi qarşılığında güzəştlər olunacağı mesajını verdi. Üzdən baxanda Suriyadakı əməliyyatları Türkiyənin öz hünərləri kimi yazırlar, ancaq biz ABD-nin buyruğu, razılığı olmadan Türkiyənin regionda belə bir əməliyyat aparmasına inanmırıq. İllərdir İsrailin Suriya sınırlarının içinə doğru irəliləməsinə, daha doğrusu, əzəli türk yurdu olan Colan təpələrini ələ keçirməsinə Türkiyə səssiz qalır. Hələ 1967-ci ildə İsrail Colan təpələrinin bir hissəsini tutanda Sovetlər Birliyi dönə-dönə BMT-nin qarşısında məsələlər qaldırmışdı. Ancaq İsrail hökuməti “biz bura həmişəlik gəlməmişik, özümüzü qorumaq üçün burdayıq” deməklə dünyanı yola vermişdi. Sovetlər dağılandan sonra isə Colan təpələrinin ələ keçirdiyi hissəsi ilə bağlı İsrail açıq mövqe ortaya qoydu. Fələstin-İsrail savaşı gedişində, Suriyada aparılan əməliyyatlar sonucunda isə Colan təpələrinin başqa hissəsini də ələ keçirdi. İsrailin hökumət başçısı Netenyahu açıq bəyan elədi ki, biz buraya həmişəlik gəldik. Ancaq Türkiyə yenə səsini çıxarmır.
Türkiyənin Suriyada keçirdiyi əməliyyatlarla bağlı ABD başkanlığına aday olan Tramp bu əməliyyatlarda onların rolunun olmadığını bildirsə də, ABD-nin dövlət başçısı Bayden “bu, bir başa bizim planlarımız əsasında baş verir” demişdir…
Biz düşünürük, Türkiyəylə bağlı gərəksiz iddialar irəli sürmək, toplumu aldatmaq yolverilməzdir. Hər bir yalan ardınca böyük faciələr daşıyır. Ayıq olmaq, fəlakətləri önləmək yerinə fəlakətlərə qapı açmaq xəyanətdir. Türkiyənin İHA (dron) istehsalını əsas götürüb inkişaf danqıltısı salmaqla eyforik əhvallar sərgiləmək xəyanətdir. Türkiyənin ekonomik gücü sarsıdılıb, ağır-yüngül sənayesinin bəlli bir kəsimi dış investorlara satılıb. Bunları görməzdən gəlmək gerilikdir…
ABD zaman-zaman Türkiyənin başını (hakimiyyətini) öz çıxarlarına uyğun oluşdurur. Özəllikcə Sovetlərin dağılması ilə Yeni Dünya Düzənində Türkiyənin həlledici çəksinin imkanlarını sarsıtdı. Türk Dünyasının birləşib yeni aşamaya keçməsinin qarşısını aldı. Ərdoğançılığı hakimiyyətə daşımaqla Milli Dövlətçilik oluşumunu əngəllədi. Ərdoğanın dönə-dönə vurğuladığı “biz millətçiliyi ayaqlar altına alan iqtidarız” kimi qorxunc bir gedişi öz etikisini göstərdi. Ekonomik geriləmələr Türkiyəni düşünməli olan Türk insanlarının başını qarnına qarışdırdı. Suriyadan Türkiyəyə doldurulan ərəblər Türkiyənin ekonomikası hesabına bəslənildi, nə qədər türk insanları ölkədən boşaldıldı. Humanistlik oyunları Türkiyəni onillər dala atdı.
Suriyalıları dünyanın ən zəngin dövlətləri olan ərəb dövlətlərinə də yönləndirmək olardı. Ancaq Türkiyəni həm zehni baxımdan, həm də etnik baxımdan ərəbləşdirmək gərək idi. Türklüyün gəlişməsini düyünə salmaq üçün zəif bəndlər yaratmaq niyyətləri gerçəkləşməliydi. Beləliklə, həm Türk Birliyinin yaranması əngəlləmiş olur, həm də bölgə dövlətlərinin heç biri öz bölgəsində aparıcı gücə çevrilmir. Bölgələri od-alov içində saxlamaq ağalığın yaşamasının əsas qarantı sayılır.
Burada başlıca sorun İsrailin sınırlarını genişləndirmək istəyidir. Bu istəkdən Türkiyə də rahatsızdır, İran da, çevrədəki ərəb dövlətləri də. Ancaq bu dövlətlərin özləri də sorunun sonacan çözülməsində maraqlı deyillər. Hər biri məsələyə “məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə yanaşır. Məsələn, Türkiyə düşünür, İsrail İran dövlətinin, ərəb dövlətlərinin hesabına genişlənsin, ancaq onun sınırlarına dəyməsin. Eləcə də o biri dövlətlər bu cür düşünür. Yəni “İsrail o biri qonşularla sorun yaratsın, mən güclənim” kimi gizli istəkləri var. Ayrı-ayrılıqda İsraili islah eləmək üçün meydana girmək – gücü itirməkdir. Birlikdə hərəkət etmələri üçün isə bir-birinə qarşı yetərincə güvənsizlikləri vardır. Eyni halda, İsrail tək hərəkət etmir, arxasında ABD, Böyük Britaniya var… Bir sözlə, toqquşanlar bir deyil, iki deyil, hamısı bir-biriylə canavar kimi göz-gözə yatırlar. Belə olmasaydı, bəlkə də, istəyərdilər bu regionda iki dövlət tam bağımsız olsun, – biri İsrail, biri Fələstin. Orta Doğuda münaqişə ocaqları sönsün, bölgə xalqları hüzur bulsun. Dediyimiz kimi, ortada İsraili genişləndirmək planı var. Eyni halda, Fələstinlə İsrailin əldən vermək istəmədikləri Qüds faktı var. Elə İran da bu münaqişələri, savaşları körükləməklə həm rejimini, həm sınırlarını qorumağa çalışır. Həması, Hizbullahı elə buna görə yaradıb maliyyələşdirir. İran yaxşı bilir ki, əgər Qüds sorunu çözülsə belə, İsrailin yeni iddiaları ortaya çıxacaq, yeni oyunlarla yenə genişlənməyə çalışacaq. Bu münaqişə prosesi olmasa Batının bölgədə həmişəlik qalması da olumsuzdur. Ona görə də üçüncü dünya savaşı çox lokal xarakterlə gerçəkləşdirilir. Bütün güclər ehtiyatla davranırlar. Söz yox, savaş bölgələr boyu genişlənsə Çin savaşa girməz, bütün güclər isə savaşda zəifləyər, dünyanı yönətim Çinə qalar. Ona görə bütün regionlarda anarxiya yaradırlar. Regional siyasi anarxiya hamını bir-birinə qarşı gətirir, heç kimin çıxarları üst-üstə düşmür. Çünkü heç kim öz sınırları içində qalmır, heç kim öz sınırları dışında heç kimə güvənmir. Heç kim axıra kimi müttəfiq ola bilmir. Hər kəs hər kəsi ya bütöv şəkildə, ya da qismən qurban verməyə hazırdır. Çünkü böyük güclər müttəfiq axtarmırlar, kölə axtarırlar. Balaca dövlətlərin müttəfiqliyi isə oyuncaq effekti doğurur. Zəiflərin birliyi də zəif olur…
Yuxarıda vurğuladıq ki, çıxarların toqquşduğu bölgələrdən biri də Güney Qafqazdır. Bu regionun dövlətlərinin bir-birinə münasibəti də heç zaman sağlam olmayıb. Hətta Sovetlər dönəmində belə, gürcü şovinizmi, erməni xislətinin eybəcərliyi özünü göstərirdi. Bəlkə də DTK-nın gizli əlləri bu respublikalar arasında normal münasibətin oluşmasına əngəl olurdu. Münasibətləri süni nizama salıb Sovetlər Birliyi üçün qoruyurdu. Belə götürəndə Ermənistan respublikasının özü qondarmadır, ona görə onun Azərbaycana yanaşmasında humanizm axtarmaq doğru deyildir.
Borçalı faktına görə Gürcüstanın səmimiyyətinə güvənmək də olumsuzdur. Türksoylu insanların öz dədə-baba yurdlarından çağaşırı deportasiya olunması günümüzə qədər davam eləməkdədir.
Bu fonda İran-Azərbaycan münasibətlərinin sıcaq olmaması da Gürcüstanın Borçalıya münasibətinə önəmli aydınlıq gətirir. İranın Azərbaycana yönəlik siyasəti çoxbaşlı görünür, ancaq niyyət tam aydındır. Bu gün İranın ən çox qorxduğu Güney Azərbaycanın hərəkətlənməsidir. Ona görə Azərbaycan dövlətinə qarşı davranışlarını həm bu fakta hesablayır, həm də Azərbaycan-İsrail münasibətlərinin sıcaq olmasına. Belə götürəndə İsraillə Azərbaycanın münasibəti üzdə müttəfiqlik etkisi bağışlayır. Ancaq biz elə düşünmürük, müttəfiqlik güclülər arasında ola bilər. Azərbaycan dünya siyasətinə etki göstərəcək gücdə deyil. (Bu ayrı bir qonudur).
Güney Azərbaycan qorxusuna görədir ki, İran illərlə Azərbaycanın içində iş aparır. Bu işi o, din araçılığı ilə gerçəkləşdirir. Bu gün İslam dini İranın qullandığı ən güclü siyasi, ideoloji alətdir. İran bu alətlə Borçalıya da girə bildi. İndi Borçalıda aktiv iş aparır. O, Borçalılardan bəlli bir kəsimi gerilikçi kütləyə çevirib Azərbaycan dövlətinə qarşı qorxu qaynağı hazırlayır. Azərbaycan isə sınırları bağlı tutmaqla işin üzərinə getməkdən boyun qaçırır. Bu isə daha qorxunc bir davranışdır. Gözgörəki Borçalıların taleyini başlı-başına buraxır. Daha doğrusu, İran rejiminin pəncəsində saxlamış olur.
Məsələnin pis cəhəti odur ki, İran rejiminin Borçalıda gerilikçi ortam yaratması Gürcüstan dövlətinin də çıxarlarına uyğundur. Gürcüstanda türklərin artması, elmi potensialının gəlişməsi, ictimai-siyasi açıdan aktivləşməsi Azərbaycanın əlini də gücləndirə bilərdi. Görünən odur ki, İranla Gürcüstan bağlaşmasız anlaşmaqla Azərbaycanı bu olanaqlardan qıraqda tutmağa çalışırlar.
Borçalıda Azərbaycanın tarixi izləri, həqiqətləri var. Gürcüstan dövləti bu izləri itirməklə uğraşır. Azərbaycan isə “papağı günə yandırır”.
Gürcüstan türklüyün güclənməsini istəməyənlərin yanında durur. Ancaq Azərbaycanın Gürcüstanda pul qazanmaqla uğraşan rəsmiləri bu iki dövləti müttəfiq göstərməklə baş altına yastıq qoyurlar. Borçalıda İran rejiminə qarşı ən uğurlu iş milli yöndə aparılan iş olardı. Bu işin Gürcüstanın dövlət maraqlarına tərs olmadığını sübut eləməklə İranın antiAzərbaycan əməllərini ifşa eləmək baş verməliydi. Bunu isə ancaq milli hakimiyyət gerçəkləşdirə bilərdi. Eyni halda, Türkiyə İranın bu planlarının qabağına keçməli idi. Azərbaycanla birgə hərəkət edərək, Güney Qafqazda varlığını, gücünü ortaya qoymalı idi. Bunu da Türkiyədə milli hakimiyyət gerçəkləşdirə bilərdi.
Gürcüstanda İran cəhaləti aktivləşdirir, antitürk Fransa isə erməniliyi. (Azərbaycanda Rusiyanın varlığı daha qorxunc fəlakətdir. Bu qonuda çox yazdığımız üçün burada təkrar etmirik). Regional siyasət yürüdə bilməyən dövlətin gələcəyi işıqlı olmaz. Siyasətdə ciddi addım atmadan gələcəyə bəslənən ümid boşuna olar. Siyasətdə nəyəsə ümid bəsləmək yerinə adekvat addımlar atılmalıdır. Anında adekvat addımlar atılmırsa gələcəkdə faciələr qaçılmazdır. Azərbaycan belə bir taleni yüzillərdir yaşayır. Bizim üçün 1905-ci ilin gələcəyi 1918-ci il oldu. 1918-ci ilin gələcəyi 1937, 1948, 1960, 1988-ci illər oldu. Düşmən bizi addım-addım dağıtdıqca biz içimizə dartınıb gizlənməyə, qorunmağa çalışmışıq. Bu gün də, bu, ya başqa şəkildə davam etməkdədir.
Faciələri qabaqlamaq iç siyasətdən keçir. Toplum hüzur tapmalıdır, dövlət onun üçündür. Ac, işsiz insanlar kütləvi şəkildə ələ keçirilir, özümüzə – dövlətimizə qarşı çevrilir. Ölkənin içi anarxiyaya dönüşür, it yiyəsini tanımır. Qorxunc durum getdikcə böyüyür. (Söz yox, bu durum daha çox regionda at oynadan güclərə gərək olur). Biz isə hələ də bizim yerimizə düşünənlər axtarırıq.
Düşünmək gərəkdir…
Atamız Var olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
8 Köçəri Ayı, 46-cı il. (Fevral, 2025).