Xəbərlər

Soylu Atalı. Oyunların ağırlıq ortası

Soylu AtalıBu günlərdə “BMT Baş Məclisi”nin yubiley sessiyası keçirildi. Siyasal dünyanın ağası kimi davranan ABŞ-ın dövlət başçısı Obama, gələnəksəl olaraq, dünyaya bir sıra ismarıclar verdi. Bu ismarıclar əslində zorüstə ağıl nümayişi idi.
Müsəlman Allah anlamını dərk eləmədiyi üçün Allaha öz diləklərindən yanaşır. Başqa sözlə, Allahı öz diləklərinə uyğun təsəvvür edir. Özəllikcə, davamlı namaz qılıb oruc tutan adam bəzən elə davranır ki, elə bil Allah onun dayısıdır. Belə adamlar dünyanın gözəlliyini anlamayan, anlamını bilməyən zavallılardır. Onlar Allahın, əslində ağanın qulu olduğunu düşünüb bununla qürur duyurlar. Özünə qul demək – Allahı ağa kimi təsəvvür etməkdir. Çünkü qul sözü ağa sözünün anlamına uyğun yaranıb. Ağasız qul olmur, başqa cür desək, qulu olmuyana ağa demirlər.

Yuxarıda başladığımız qonuya bu artırmanı qoşmaqla bir tutuşdurma aparmaq istədik. Mütiliyin tələbləri birdir, təyinatı başqa görünsə də. Yaşama siyasal yanaşma da din baxımından yanaşma kimidir. Yəni mütilik insan şüuruna, mənliyinə hakim olanda, o, gücünü itirir və mənliyinə, çalışmasına (fəaliyyətinə) ağa axtarır. Din Allahdan insanın mənliyinə ağa yaratdığı kimi, milləti kölə kimi yaşayan dövlətin başında duranlar da özünə və xalqına başqa güclərdən ağa yaradır. İndi qayıdaq Obamanın çıxışına. O, bir sıra dövlət başçılarını demokratiyanı pozmaqla avtoritar rejim yaratmaqda suçlayır. Bu suçlama nə dərəcədə səmimi və haqlıdır?! Axı avtoritarları yaradan ABŞ-ın siyasətidir. Nə qədər ki, ABŞ-ın istəkləri təmin olunur, o, avtoritarlarla hər cür əməkdaşlıq edir. Elə ki istəkləri ödənmir başlayır suçlamalara. On illərlə bu cür yanaşma açıq şəkildə görünür, ancaq heç kim (heç bir dövlətin başçısı) cəsarət tapıb yüksək tribunalarda onun gözünün içinə bunu demir. Çünkü heç kim sağlam ruhlu, sağlam düşüncəli, sağlam ideyalı deyil.  Xalqını talayan, bunun üçün çağında ABŞ-ın özündən belə yardım alan bir başçı yüksək tribunada o cür cəsarət və ləyaqət göstərə bilməz. Ona görə Obamanın çıxışına hər kəs öz diləyindən yanaşır. Hər kəs, yəni iqtidar və müxalifət cəbhəsində olanlar. Başqalarının (zəif, güclü dövlətlərin) “hər kəs”inin istəklərini burada araşdırmağa gərək duymuruq. Sadəcə olaraq, Azərbaycandakı yanaşmalara qısaca aydınlıq gətirmək istəyirik. Çünkü bu yanaşmalar, istəsək də, istəməsək də, Yurdumuzun siyasal taleyində rol oynayır. Müxalif düşərgədə görünən adamlarımıza görə, Obamanın xəbərdarlığından dövlətimizin öndərliyi ciddi ölçü götürməlidir. Biz hesab edirik ki, Obamaların çıxışlarından ilhama gəlmək – kölə mənliyin yaşadığı sevincdən başqa bir şey deyil. Bu cür çıxışlardan Azərbaycan toplumu üçün xeyir gələcəyini ağıla gətirmək, yumşaq desək, tamamilə yersizdir. Təəssüf ki, bu çağa kimi ABŞ-ın xeyrinə deyilən söz – dünyanın xeyrinə deyilən söz kimi düşünülüb, daha doğrusu, sırınıb. Əslində isə ABŞ-ın xeyri üçün deyilən söz, çoxluq olaraq, dünyanın zərəri üçün gerçəkləşib. Demokratik devrimlər – ABŞ süfrəsinin artığına cummaq kimi bir hərislik səviyyəsini doğruldub. ABŞ-ın dağıdıcılığına demokratik gəlişmə adı qoyanlar dövlətinin və xalqının imkanlarını oğurlayıb ələ keçirmək istəyən xudbin hərislərdir. Xalqla iş aparmayan, xalqa həqiqətləri deməyən, xalqla birləşməyən istənilən qüvvə, xalqın gələcəyi üçün, ABŞ qədər qorxulu və zərərlidir.

Bildirmək istəyirik ki, bizim ABŞ siyasətinə yönəlik düşüncələrimiz Azərbaycan iqtidarının ABŞ-a yanaşmasının eyni deyil, ola da bilməz. Bizim rahatsızlığımız milli varlığımıza və dövlətçiliyimizin gələcəyinə qorxu yaradan gedişlərdən doğur. Azərbaycan iqtidarı isə dövlətimizin bağımsızlığına qarşı ABŞ-ın təhdid siyasəti yürütməsini bəhanə gətirərək, toplumumuzu özünün doğru olmayan mövqeyinə inandırmağa çalışır. Əgər Azərbaycan iqtidarı dövlətin bağımsızlığını ABŞ-ın basqılarından qoruyursa, bəs bunca Azərbaycanın gələcəyini Rusiya kimi azğın bir imperiyanın ixtiyarına sürüşdürmək nə deməkdir?! İndi hər kəs anlayır ki, ABŞ və Rusiyanın Qafqaz uğrunda çəkişmələri qlobal savaş (müharibə) üsulu ilə gerçəkləşməz. Hər ikisi Qafqaz dövlətlərinin başçılarına etki göstərib öz yanına çəkməklə udmağa çalışır. ABŞ-ın Qafqazla coğrafi sınırları olmadığı üçün etkisini demokratiya adlanan ideolojisi ilə həyata keçirir. Rusiya isə fiziki olaraq Qafqazın içindədir. Onun etki göstərmək olanaqları bu baxımdan xeyli üstündür. Hələ üstəlik imperiyasının içindən ayrılan Qafqaz ölkələrində yetərincə casus- kadrları çalışır. Buna baxmayaraq, ABŞ-ın etkisi Rusiyanın üstünlüyünü də yenməyə qadirdir. Çünkü Rusiyanın özündə də ABŞ-ın ideolojisi hakimdir, üstəlik də Rusiyaya iqtisadi yöndən basqı göstərmək olanaqları genişdir. Bir sözlə, ABŞ Azərbaycan iqtidarına etki göstərmək üçün onun öz toplumuna qarşı ədalətsiz davranışlarını, demokratiyanın prinsiplərini pozmasını əsas gətirir. Azərbaycan iqtidarı da ABŞ-ın davranışını dövlətimizin iç işlərinə qarışması kimi qiymətləndirərək dirəniş göstərməyə çalışır. Üzdən baxanda bunların hər ikisi haqlı görünür. Əslində isə iki çəkişənlər arasında haqlı bir olar. İki haqlı olanda, onlar arasında çəkişmə olmaz, birlik olar. Birlik yoxdur, haqlı da yoxdur. Çünkü haqq – millətimizin və dövlətimizin gəlişməsini və bağımsızlığını qorumağın adıdır. Ortada isə qoruyucu mövqe yoxdur, nədən ki, bu çəkişən tərəflərin heç biri millətimizlə və dövlətimizlə bir deyil, birlikdə deyil. ABŞ millətimizin ləyaqəti ilə bir araya gəlməyib, gəlmir. Ən yaxşı halda toplumumuzun güzəran çətinliyini bəhanə edib özünəyarar devrim hazırlayar (bu çağacan bir sıra ölkələrdə elədiyi kimi. Heç birində də müsbət sonuc yoxdur). Azərbaycan iqtidarı da millətin ləyaqətini düşünmür, ona görə millətlə bir deyil. Bu səbəbdən də, öz hakimiyətini qoruyan iqtidar Rusiyanın kölgəsinə sığınır…

Bu gün Azərbaycanda seçki hazırlığı gedir. Ancaq bəllidir ki, bu seçki Azərbaycan üçün heç bir milli önəm daşımır. Heç kəsə sirr deyil ki, seçkiyə qatılanlar iqtidarın gözə aldığı, siyahılaşdırdığı adamlardan oluşur. Onların da heç birinin hədəfi, məqsədi yoxdur. Başqa sözlə, millət vəkili adına layiq deyillər. Bu çağa kimi heç kim millət vəkili adını doğrultmayıb. Bu cür milli şüuru gəlişməyən adamların toplaşdığı məclisi Milli Məclis adlandırmaq doğru deyil. Hakimiyətaltı kolondan Millət Məclisi yaranmaz.

İndi dünyanın hər yerində demokratik seçki adlanan seçki  oyunu var. Lap ABŞ-ın özündə. Nə qədər ki, SSRİ vardı, ABŞ-da seçki demokratiyası vardı. SSRİ dağılandan sonra ABŞ-da seçki oyunları var. Baxın, anayasada yazırlar ki, bir şəxs iki dəfədən artıq dövlətə başçı seçilə bilməz. Ancaq bu o anlama gəlmir ki, bir adam mütləq iki dəfə seçilməlidir. Təkqütblü dünya düzəni yaranandan sonra ABŞ-da bir adam mütləq iki dəfə seçilir. Əgər anayasada 3 dəfə yazsaydılar, 3 dəfə seçiləcəkdi. Bu saxtakarlıq, səmimiyyətsizlik nəyə gərək?! Axı hər seçkidə milyonlarla pul xərclənir. Elə bəri başdan yazın ki, bir adam 8-10 illiyinə seçilə bilər. Ola bilər onlarda Mərkəzi Seçki Komissiyası Azərbaycandakı kimi hər cür saxtalaşdırmağın yolunu bilməsin. Azərbaycanda seçici pərdə arxasına keçir, köynəyinin altından bir topa bülleteni çıxarıb qutuya doldurur. Bu da olur “demokratik seçki”. ABŞ-da bu cür olmasa da, başqa cür saxtakarlıq var. Ona görədir ki, bir demokrat, yaxud bir respublikaçı iki dönəm dalbadal uduş əldə edə bilməz. Ya da iki partiya arasında bəri başdan razılaşdırılıb ki, növbə ilə gah o, gah da bu, hakimiyəti ələ alsın. Vurğuladığımız kimi, SSRİ dağılandan bəri elə bir dönəm olmayıb ki, bu iki partiyadan biri 3 dəfə, o biri isə bir dəfə seçkini udsun. Növbə ilə gah o, gah da bu seçilir. Budur ABŞ-ın demokratik seçkisi. Bu baxımdan Azərbaycan iqtidarı xeyli “səmimi” görünür. O qəti qərar verib ki, xalq ondan başqa heç kimi iqtidarda görmək istəmir. ABŞ da öz “səmimiyyətini” bizim iqtidara öyrədə bilmir ki, içinizdə başqa bir qüvvə tapın və onunla növbələşin – bir dəfə o qüvvə hakimiyətə gəlsin, bir dəfə siz. Bu da olsun demokratik seçki…

Dünya bir boyadadır, ona görə ölü görünür. İnsan dünyanın sabahına ümidləmi baxsın, yoxsa qiyamətə inanıb gözləsinmi?! Axı dinlər ona qiyamət vəd eləyir, siyasət isə çıxılmazlıq. Bəs insanın üzü gülməli, sevinməli deyilmi; dünyada ədalətin, gözəlliyin bərqərar olunmasına inanmalı, onu sevməli deyilmi?! Burada biz dayanıb Asif Atanın insan haqqında, dünya haqqında, siyasət və din haqqında dediklərinə qulaq asmalıyıq. Onda qorxu yaradan gedişin olaylarını sadalamaqdan ayrılıb, cəsarət və hünər yaradan ideyaların qüdrətini düşünməli olacağıq!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

(arxiv) 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir