Toplumsal (ictimai) şüur deyilən bir anlayış var. Bu anlayışa hər kəs fərqli yanaşır. Kimi deyir toplumsal şüur dəyişməlidir, kimi deyir toplumsal şüur xalqımızın düşüncəsinin göstəricisidir, ona toxunmaq olmaz. Bu anlayışa yanaşma bütün çağlarda belə olmuşdur. Bəs necə olmalıdır – toplumsal şüur dəyişməlidir, yoxsa toxunulmazdır? Əslində toplumsal şüur ulusal şüur anlayışının doğru, ya da yanlış yön alan göstəricisidir. Ulusal gələnək-görənəklərin yenilənməsi, gəlişməsi ilə bu şüur ulusun özünəxaslığını yaşadır.Gələnək-görənəklərin özgələşməsi ilə toplumsal şüur da pisə doğru dəyişilir. Buna görə də toplumsal şüuru etalon kimi tutmaq olmaz. Varlığın anlamı gəlişmə ilə dərk olunur. Gəlişmə yoxdursa geriçi şüur ulusda bir çox dəyərlərin itirilməsinə, sıradan çıxarılmasına gətirib çıxarır. Ancaq “gəlişmə” anlamına da doğru yanaşmaq gərəkdir. Özümlüyünü itirib özgənin çağdaşlığına tapınmaq gəlişmə sayıla bilməz. Toplumsal şüurun dəyişilməsini də bu açıdan aydınlaşdırmaq olar. Yəni gəlişmə (tərəqqi) ulusal dəyərlərin yaşanmasında, yaranmasında yenilənmə deməkdir. Bütünlüklə başqalarının mədəniyyətinə qoşulmaqda gəlişmə deyil, geriləmə olur.
İndi toplumsal şüurun gəlişməsi anlayışına aydınlıq gətirək. Bizim toplumumuzun etnik kimliyi türkdür. Deməli, gəlişmə türklüyə özgün (aid) olan bütün düşüncələri qapsamalıdır. Türk ulusal şüuru ingilis, rus, ərəb şüuruna dönüşə bilməz. Dönüşərsə, onda türklükdən danışmağın heç bir anlamı qalmaz.
Yaxın ilsırada (tarixdə) bizim ideoloji türkçülərimiz olub. Onların türkçülüyü dirçəltməklə bağlı ciddi çalışmaları olub. Onlar ideoloji özüllər üzərində işləyəndə vurğu ediblər: “dildə türkçülük, mədəniyyətdə türkçülük, estetikada türkçülük, əxlaqda türkçülük, hüquqda türkçülük, dində türkçülük, iqtisadiyyatda türkçülük, siyasətdə türkçülük, fəlsəfədə türkçülük”. Bir sözlə, yaşamın bütün çalarlarında türkçülük. Çox gözəl, çox doğru vurğudur. Ancaq bu prinsiplərin anlamına girəndə, çox hayıf, bütün hallarda doğru məntiqə bağlanmaq olmur. Bunlardan birini aydınlaşdırmaqla dediyimizi əsaslandıraq. Ulusal şüur ruha, ruhçuluğa bağlı olduğundan “dində türkçülük” anlayışının üzərində dayanmağı doğru sayırıq. Çünki ruhçuluğun etkisi birbaşa inancla bağlıdır. Deməli, ideoloji türkçülərimizin “dində türkçülük” anlayışları bu baxımdan ilginc görünür. Biz burada onların – “türk millətindənəm, Batı mədəniyyətindənəm, islam ümmətindənəm” kimi kökündən yanlış olan fikirlərinin üzərində dayanmırıq.
Türkçülüyün yaşamda etkiyə çevrilməsi o çağ üçün önəmli olduğu kimi, bu çağ üçün də önəmlidir. Ancaq gözə almalıyıq, türkçülük, onların dediyi kimi, dində özünü doğrulda bilməz. Çünkü onlar türk şüurunu, düşüncəsini dinə gətirmirlər (bu heç olası iş də deyil), sadəcə dinin rituallarını, dualarını türkcəyə çevirməyi uyğun görürlər. Bununla isə heç nə dəyişmir, dəyişə bilməz. Biz bildiririk, ərəb dünyagörüşünün ifadəsi olan İslam dini ulusal (millət anlamına) anlayışa qarşıdır. Ümmətçilik ideyasının hədəfi ulusçuluq şüurunu vurub sıradan çıxarmaqdır. Əgər ulusçuluq sıradan çıxarılırsa, qaçılmaz olaraq, ulusa özgün olan dəyərlər də, keyfiyyətlər də dışlanır. Burada artıq “dildə türkçülük” ideyası da zədə götürür. Dil ulusa xas olan əsas keyfiyyətdir. Ümmətçilikdə isə başlıca dil ərəb dilidir, mədəniyyət ərəb mədəniyyətidir, anlayışlar ərəbcədir və b. Deməli, dini nəsnələri türkcəyə çevirməklə ulusal şüurun gəlişməsini sürdürmək olan iş deyil. Bu çağa kimi olmayıb da. Bu gün də ərəb dünyagörüşünün basqısı altında olan türk, din qurallarını türkcəyə çevirmir, elə ərəb dilində də yaşadır.
Bu günlərdə bir iş yoldaşımız öldü. Onu basdırmağa getdik, ulusal şüurun nə günə qaldığını izlədikcə əzab çəkirdim. Bütövlükdə bu gedişatdan təhqir olunurdum. Hamı əlini göyə açıb cavan mollanı dinləyir. Molla da özünü yerin-göyün sultanı kimi duyur, dil boğaza qoymurdu. Hamıya davranmaq göstərişi verir, ərəblərin, din yiyələrinin 9 arxadönəninə “rəhmət” oxuyurdu. Onların kölgəsində də ölənin günahlarının bağışlanması üçün Allahdan ricalar edirdi. Ən eybəcər cəhətlərdən biri də budur, molla ölənin adını da ərəbcə deyir. Onsuz da adlarımız, soyadlarımız ərəbcədir. Üstəlik “oğlu” sözünü işlətməyi də molla uyğun bilmir, “Ələkbər ibn Səməd” deyir. Hər dəfə bunu eşitdikcə yerə girməyim gəlirdi. Vətənimizdə bizim gələnəyimizə bir baxın. Anamızın layla dilinə gözümüz baxa-baxa tüpürürlər, heç kəs də səsini çıxarmır.
Bəri başdan mənliyimiz kölgələndirilirsə, ulusçuluğa necə yetə bilərik?! Dilin gücü ideyaya bağlıdır. İdeya da yabançıdır, yanlışdırsa yazılarımızda türk sözlərini işlətməyimiz hansı əsaslı dəyişiklik yarada bilər ki?! Min ildir İslam dini şüurumuza köləlik aşılayır. Yaxşı, köləliyi ərəbcə deyil, türkcə eləyəndə nə dəyişəcək?!
Buna görə biz ideoloji türkçülərimizin bir sıra baxışları ilə razılaşmırıq. Bildiririk, türkçülük ideoloji hədəf deyil, ruhani hədəfdir. Başqa sözlə, türkçülüyün yeni anlamını – ruhani türkçülük aşamasına başlamaq fikrini irəli sürürük. Ulusal varolma siyasi istək (məqsəd) ola bilməz. Bu, bəşəri tələbdir. Siyasət mənafelər davranışı olduğundan türkçülüyü mənafelər döyüşünə çevirmək olmaz. Bu gün bizi yörələyən gedişatda (dünyada) biz ulusçuluğun siyasətə çevrilməsini izləyirik. Məsələn, rusçuluq, ingilisçilik, farsçılıq… Bu “çılıq”lar ulusal-mənəvi təsdiqə deyil, başqalarına basqı göstərməyə hesablanıb, basqı yaratmağa köklənib. Türkçülüyü bu sıraya qatmaq, onu bəri başdan yox etmək demək olar.
Beləliklə, biz ruhani türkçülük ərdəmliyi irəli sürərək “İnam Türkçülüyü”nün təsdiqinə çalışmağı doğru sayırıq. İnam Türkçülüyü – türkçülüyə buxov olan dini biryolluq rədd edir. Ümmətçilik yerinə sağlam, bəşəri anlam daşıyan ulusçuluğu (millətçiliyi) yetirir. Bunun üçün insanlarımızın içi, şüuru, düşüncəsi dindən ayrılmalı, özgür (azad) olmalıdır. Dilin əsas qoruyucusu olan analarımızın şüuru dəyişilməlidir. Layla dilimizi yaşadan ana ərəb şüuru ilə buxovlanmamalıdır. İnam – beşiyimizin işığına çevrilməli, analarımızın sevincinə qonmalıdır. Onda şüurumuz ulusçuluğumuza köklənəcək. Vətənə də, anaya da, ulusa da yanaşma yenilənəcək…
Deyirlər insan hər şeyini dəyişə bilər – dilini, mədəniyyətini, vətənini, inancını. Ancaq atasını, anasını dəyişə bilməz. Burada ataya, anaya yanaşmanı doğru saysaq da, bütövlükdə qarşılaşdırmanı doğru saymırıq. Biz isə deyirik: insan üçün bir vətən, bir də ana mühakimə olunmaz. Yeri gəlsə, ana da mühakimə olunar. Əgər o dünyaya övlad gətirib sonra atarsa, analıq haqqını itirər. Deməli, ana daşıdığı əzaba görə haqqını itirmir, haqlı ana isə mühakimə olunmaz. Başqa sözlə, analığı yaşadan ana mühakimə olunmaz.
Yeri gəlsə, ulus da mühakimə olunar – özünə qarşı yaşayarsa. Ancaq Vətən heç çağ mühakimə olunmaz. İnsan Vətənə xəyanət edə bilir, vətən insana xəyanət eləmir.Vətən kök verir, dil verir, mədəniyyət verir, daha böyük anlamda ruh verir. Vətən böyük məsələdir. Türkçülükdə vətənçilik qutsaldır. Dində vətən ötəridir, fanidir, heçdir. Çünki dində insanın hədəfi “Axirət dünyası”na qovuşmaqdır. Yaşadığımız dünya fanidirsə, vətən yoxdur. “Axirət dünyası” üçün yaşayan vətəni sonacan sevməz, qorumaz.
Dil, Vətən, Ulus – bizim özgürlüyümüzün özülüdür. Hər üçü dində sıradan çıxarılır. Ona görə türkçülüyə çağıranlar, özünü türkçülük yolunda sayanlar məsələni dərindən düşünməlidirlər.
Atamız Var olsun!
(arxiv)