(Mgtv-də çağdaş durumla ilgili aparılan söhbət)
Mustafa Gürbüz: 12 Sentyabrdan 13-nə keçən gecə baş verən saldırı sonucunda 50 şəhid var. Bu sayda şəhid vermək həm Azərbaycan, həm də bizim üçün ağır durumdur. Bu qonu ilə başlamaq istəyirəm. Azərbaycanda son durum nədir? Son gələn xəbərlərə görə atəşkəs bərpa olunubmu? Azərbaycan ordusunun 4-5 bölgədə Ermənistanın sınırlarından içəri girdiyinə dair xəbərlər var. Bunlar doğrudurmu? Yoxsa bu da bir təxribatdırmı, ya da Azərbaycanı uluslararası kamoyunda çətin duruma salmaq üçün yanlış xəbərlərdirmi? Son durumu sizdən dinləyək.
Soylu Atalı: Təşəkkür edirəm. Hal-hazırda Azərbaycanda verilən bilgilərə görə atəşkəs elan olunub. Cəbhə xəttində hələ ki sakitlikdir. O ki qaldı Azərbaycanın Ermənistan torpaqlarına girməsi kimi xəbərlərə, bunlar yersizdir, yolsuzdur. Azərbaycan bunların fərqində olmalıdır. Belə bir dönəmdə, belə durumda Azərbaycan Ermənistan ərazisi sayılan nöqtələrə, sözsüz ki, girə bilməz. Bu sadə bir proses deyil. Bunlar topluma hesablanmış xəbərlərdir, mənə elə gəlir sakitləşdirici xarakter daşıyır. Asan deyil, rəsmi açıqlamalara görə Azərbaycanın 71 şəhidi var. Ümid edirəm, bundan çox deyil. Bu qədərin özü belə çoxdur, bu qədərin özü belə faciədir. Azərbaycan ötən dönəmdə böyük bir faciə yaşadı. Gənc insanlarımız heç nədən şəhid oldular. Bilirsiniz, burada “Azərbaycan tutarlı cavab verdi” kimi bilgilər hər yerdə söylənilir, bu önəmli deyil. Məsələ onda deyil ki, Azərbaycan Ermənistana daha çox zərbə vurdu. Məsələ onda deyil ki, Azərbaycan Ermənistanın nə qədər hərbi qüvvəsini məhv elədi. Məsələ ondadır ki, biz, Azərbaycan olaraq, dayanmadan şəhidlər veririk. Niyə veririk axı bu şəhidləri, səbəb nədir?! Deyə bilərlər bu təxribatdır, filandır. Bu təxribat deyil. Əslində bu savaşdır. Ermənistan nə qədər ki var, nə qədər ki coğrafiyada erməni var savaş da olacaq.
Bir az öncə Nuru Paşanın Azərbaycana, Bakıya gəlişini, onu qorumasını vurğuladınız. Bu, 1918-ci il sentayabrın 15-də baş verib. Əslində məsələ nə idi?! Məsələ heç də Bakıda sadəcə qırğın törətmək deyildi. Bunu heç bir tarix, özəllikcə də Azərbaycan tarixi açıqlamır. Hələ də bu məsələ tam açıqlanıb nöqtə qoyulmayıb, araşdırılmayıb. Hədəf indiki Azərbaycan coğrafiyasında (mən hələ əski çağlardakı Azərbaycan coğrafiyasını demirəm) erməni dövləti yaratmaq idi. Ona görə də təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Azərbaycanın başqa bölgələrində də ermənilər qırğınlar törədirdilər. Bolşeviklərin hədəfi o idi ki, Azərbaycanın aparıcı kəsimi məhv ediləcək, sarsıdılacaq, Azərbaycanın yerində erməni dövləti yaradacaqlar. Bu plan baş tutmadı. Bilirsiniz ki, ermənilər, havadarları ilə birgə, bu planı Osmanlıda da gerçəkləşdirilməyi hədəfləmişdilər. Osmanlıda başqa sözlə, doğu Anadoludan üzü bu yana bir Ermənistan dövləti yaratmaq hədəflənmişdi. Onu əldə edə bilmədilər, Quzey Azərbaycanın coğrafiyasında belə bir plan həyata keçirmək istədilər. Bunu da alındıra bilmədilər. Dediyimiz kimi, Nuru paşanın gəlişi Bakını işğalçılardan qurtardı. Sonra 1-ci dünya savaşında Antantanın istəyi ilə, Türkiyə, Azərbaycan arasında Azərbaycan torpaqları hesabına bir Ermənistan dövləti yaratdılar. O dövrdə, qaçılmaz olaraq, ermənilərə 9000 km2 ərazi verildi. Ancaq sonra nə baş verdi, Azərbaycanın torpaqları dayanmadan bir-birinin ardınca işğal olundu. İndiki sürəc əslində o dönəmin davamıdır. 1905-1907- ci illərdən başlayaraq, 1918, 1930, 1948-ci illərdə, sonuncu da 1980-ci illərdə ermənilərin əliylə Azərbaycana qarşı törədilən uluslararası cinayət davam edib. Bu gün də davam edir. Erməni boşuna bir şeydir. Bilirsiniz, mən ermənilər haqqında özəl bir şey demək istəmirəm. Çünkü erməninin elə bir gücü, elə bir bacarığı yoxdur, tutaq ki, Azərbaycanla üz-üzə dayanıb, Azərbaycanı işğal eləsin. Mən millətini sevən biriyəm, ancaq şovinist deyiləm. Heç bir vaxt başqa xalqlara qarşı da şovinist açıdan çıxış etməmişəm. Yazılarımda, basın yayınlarında, harda çıxış etmişəmsə heç bir vaxt başqa xalqlara qarşı aşağılayıcı tonda danışmamışam, çıxış etməmişəm. Ancaq erməni ilə bağlı bizim gəldiyimiz sonuc budur, erməni elə bir ilandır, onun başı əzilməyincə, onun-bunun diktəsi ilə istədiyi faciələri həyata keçirəcək. Erməni yeganə toplumdur ki, bəşəriyyətə, insanlığa heç nə verməyib. Heç bir dəyər verməyib. Əslində erməni dövlət qurmağı, dövləti olmağı haqq etmirdi. Bu dövləti ona yaradanlar var. Bu dövləti ona yaradanlar bu gün yenə də bizi basqı altında saxlayır, bizi faciələrlə üz-üzə qoyur. Dediyim sürəclərin məntiqi sonucudur, davam edir. Bu gün də başa çatmayıb. Düşünürəm ki, hələlik başa çatmayacaq.
Sual: Ermənistan olayın olduğu ilk gün KTMT-ni devreyə girməyə çağırdı. Bildiyimiz qədər Qırğızıstan və Qazaxıstanın vetosuyla bu iş olmadı. Ancaq bölgəyə bir gözləmçi heyət göndərəcəkləri söylənilir. Bir rapor hazırlayacaqlar. Buna müqabil olaraq, Azərbaycanın Türkiyəni anma yetkisi, səlahiyyəti yox idimi? Nədən belə bir şeyi tərcih etmədi?
Soylu Atalı: Mən başlanğıcdan vurğu elədim, mən fəlsəfə adamıyam. Mən diplomatik dildə danışmıram. Biri var taktik məsələlər, bir də var, strateji məsələlər. Yəni bizim millət olaraq, keçmişimiz, gələcəyimiz. Mən bu məsələlərə sırf fəlsəfi açıdan yanaşıram. Lütfən, məni anlayışla qarşılayın. Mən diplomatik dildə danışmayacam. Diplomatik dildə danışan uzmanlarımız yetərincədir. Onlar Azərbaycanın siyasi baxışını təmsil edib danışırlar. Mən Soylu Atalı olaraq, bir türk övladı olaraq, bu gün Azərbaycanın siyasi baxışını təmsil etmirəm. Mən öz baxışımı təmsil edirəm. Mən bir aydın olaraq, olaylara öz baxışımı sunuram. Mənim baxışım bu gün üçün nələrəsə zərərli görünə bilər, onun qorxusu yoxdur. Mən dövlət başında bir görəvli deyiləm. Dövlət başında bir görəvli olaraq danışsam, onda dövlətin çıxarılarına zərər gələ bilər. Ancaq mən bir aydınam. Məni dinləyən insanlarımız məsələni düşünməlidirlər, mən nə demək istəyirəm, niyə deyirəm?! Bunu türk isanları düşünməlidirlər. Nə qədər ki Rusiya var, nə qədər ki Batı gücləri var, Ermənistanla nə Azərbaycan, nə də Türkiyə axıra qədər dil tapa bilməyəcək, axıra qədər də bizim içimizi qarışdıracaqlar. Çünkü Rusiyanın öz varlığı olmayıb. Rusiya imperiyadır. Türk subyektlərindən oluşan bir imperiyadır. 16 türk subyekti var Rusiyanın içində. Rusiya budur. Ona görə Rusiya öz varlığını qorumaq üçün həmişə türk subyektlərini məhv etməyə çalışacaq, çalışır da. Bunun üçün də həmişə Ermənistan kimi vasitələri qullanacaqdır. Rusiya da qullanacaq, Batı gücləri də qullanacaq. Ona görə də mən düşünürəm, biz Azərbaycan olaraq çox şey itirəcəyik. Biz Azərbaycan olaraq, balaca qalmışıq, nə türk dünyasına yaramırıq, nə də özümüzə yaramırıq. Biz Türk dünyasının böyük bir parçası olmuşuq. Bizim böyük ərazilərimiz var. Bizim Güney Azərbaycanımız var. Biz parçalanmışıq, bölünmüşük, tikə-tikə olmuşuq. Bizi tikələyə-tikələyə gəlirlər. Son yüz il içində biz daim asta davranmışıq. Biz politik, diplomatik danışmışıq. Qorxa-qorxa davranmışıq ki, dünya gücləri nə deyəcək, nə edəcək, bizi basqı altına alacaq, sanksiya tətbiq edəcəklər. Sonucda nə olub, biz torpaqlarımızı itirə-itirə gəlmişik. Bu gün də biz torpaqlarımızı itirə-itirə gedirik. Ona görə deyirəm, erməni ilandır, erməni dil bilmir. Erməni oyuncaqdır, erməninin varlığı yoxdur. Biz Azərbaycan olaraq, balaca bir bölgədə qalmışıq. Bu gün Qarabağ bizim deyil. Gəlin özümüzü aldatmayaq. Qarabağ işğaldan qurtarmayıb. 80-ci ildə baş verən olaylar var. Rusiyada Qarbaçovun apardığı siyasətin sonucu vardı. Azərbaycanda gedən o prosesləri bir də xatırlayaq. Biz tarixdən dərs götürməliyik. Tarixdən öyrənməliyik. 80-ci illərdə Azərbaycan güclənə bilərdi. Türkiyə ilə, Türk dünyası ilə birlik yaratmaması üçün uluslararası sorun yaratmaq gərək idi. O sorun Qarabağ idi. Uluslararsı sorun yaratdılar ki, bu çözülməsin. Azərbaycanın başı içinə qarışsın, heç nə haqında düşünməsin. Bütövlük haqqında, Türk Birliyi haqqında düşünməsin, Türkiyə ilə ilişgiləri gəlişməsin. Türkiyə ilə Azərbaycanın arasında Ermənistan var. Baxın, ona görə də uluslararası bir sorun yaratdılar. Rusiya etdi bunu. Azərbaycanın Qarabağını, eyni halda Qarabağın çevrəsini işğal elədi. Müharibənin prinsipləri var. Bunu siz gözəl bilirsiniz. Əgər bir coğrafiyanı, bir bölgəni işğal etmək, oranı mənimsəmək istəyirsənsə, onu çevrəsi ilə birgə işğal etmək gərəkdir ki, masa arxasında danışıqlara oturanda çevrəsini özünə qaytarasan, nəzərdə tutduğun sənin olsun. Qarabağı elə elədilər. Dağlıq Qarabağı çevrəsi ilə bir yerdə işğal elədilər. O vaxtlar bizə dedilər ki, gəlin yeddi rayonunuzu qaytaraq, yəni Qarabağ çevrəsi rayonlarınızı qaytaraq, Dağlıq Qarabağa da status verək. Rusiya da sülhməramlı olaraq gəlib sizin aranızda otursun, ermənini sizdən, sizi ermənidən qorusun. Belə şərtlər vardı 90-cı illərdə. Biz buna razı olmadıq. 44 günlük savaş müddətində biz həmin duruma qaytarıldıq. Rusiyanın icazəsi ilə müharibə başladı, yeddi çevrə rayonumuzu işğaldan qurtardıq. Bizim üçün namus, qeyrət məsələsi olan Xocalı işğalda qaldı. Xocalının adını tutan yoxdur. Xankəndinin, Xocavəndin, Ağdərənin adını tutan yoxdur. Bunlar işğal altındadır. Dağlıq Qarabağda erməni dövləti var. Özümüzü aldatmayaq. Orda erməni hərbi kontingenti oturub Rusiya ordusunun qoruması altında. Ona görə mən deyirəm, erməni məsələsi olduqca mürəkkəb məsələdir. Özümüzü aldatmayaq. Bu gün uluslararası görümə çox şeyi hesablayıb deyə bilərik. Biz barışsevərik, filan. Biz həmişə barışsevər olmuşuq. Türk daim barışsevər olub. Ancaq mənim barışsevərliyim işə yaramır. Mən barış sevirəm, ancaq hər gün bizim üstümüzə, evimizə şəhid gəlir. Bir az bundan öncə mənim yaşadığım yerə şəhid gətirdilər. Mənim oğlum gedib onu qarşılamağa. Hər gün şəhid qarşılayırıq. Biz bunu haqq etmirik.
Sizin sualınıza gəlincə, baxın, atışma harda baş verdi?! Azərbaycanın Dağlıq Qarabağında, yəni ermənilərin olduğu yerdə atışma getmədi. Dağlıq Qarabağın sınırlarından qıraqda getdi. Rusiya özü bunu istədi. Əgər Dağlıq Qarabağdakı ermənilər aranı qatarsa, təxribat, ya müharibə edərsə, onda sual yaranar – Rusiyanın sülhməramlısı orada nə üçündür, nə üçün onun ağzının içində atışma, savaş gedir?! Bu sorular olmasın deyə, buradan diqqəti yayındırmaq üçün Ermənistana aid olan coğrafiyalar vuruldu. Azərbaycanın da Dağlıq Qarabağdan qıraqdakı bölgələri vuruldu. Rusiyaya bu gərək idi. Bu dağıntını, qırğını başlatdı, sonra da dayandırdı. Rusiyaya bu gərək idi, bütün dünyaya göstərsin ki, mən barışsevərəm. Baxın, qan tökülməsinin qarşısını aldım. Bu, Rusiyanın növbəti oyunu idi. Rusiya gözəl bilir, dünya da bilir, biz də bilirik ki, KTMT Rusiyanın özünün bir qurumudur. Orada Qazaxıstanın, Qırğızıstanın, Belarusiyanın olması tamamilə görüntüdür. Bunu hər kəs bilir. KTMT Rusiyanın özünün dünyaya göstərdiyi, guya uluslararası birlikdir, güvənlik birliyidir. Əslində belə bir şey yoxdur. Rusiya da bilir ki, KTMT adı ilə Ermənistana yardıma gələndə Qazaxıstan, Qırğızıstan yox deyəcək, Belarusiya da yox deyəcək. Çünkü Belarusiya ilə Azərbaycanın ticari ilişkiləri var. Axı burada KTMT-nin gəlib Ermənistanı savunmasına gərək də yoxdur. Nə üçün, kimdən savunsun. Proses gedib dayanıb, atəşkəs əldə edilib. KTMT o zaman gələr ki, savaş gedər, Azərbaycan ordusu irəliləyər İrəvana doğru. Belə bir addım yoxdur. Bu gedişlər, bu oyunlar artıq açıq şəkildə toplumlarımıza deyilməlidir. Bunu diplomatlar deməsin, dövlət yönəticiləri deməsin, ancaq biz deyək. Biz aydınlarıq, həqiqətləri biz deməliyik. Biz diplomatik dildə danışmamalıyıq. Fakt var ortada, biz məhv edilirik. Torpaqlarımız əlimizdən alınır, kiçilə-kiçilə qalmışıq. Axı biz bu deyilik. Bizim böyük bir gücümüz var… Turan Birliyindən, Türk Birliyindən danışırlar. Turan Birliyi yaranmayacaq. Turan Birliyinin, Türk Birliyinin qırıldığı nöqtə Azərbaycandır. Azərbaycan parça-parçadır. Azərbaycanın parçaları, yaraları sağalmayınca Turan Birliyi alınmayacaq. Turanı harada qururlar?! Turan işğal altındadır. Turan Güney Azərbaycandır, Ekbatandır (Həmədan).
İstər Azərbaycanda, istər Türkiyədə, istərsə də başqa türk ölkələrində dövlətin yönəticiləri var. Biz umuruq ki, dövlətin yönəticiləri siyasi xadim kimi davransınlar. Dövlətlərimizi hər bir durumdan, hər bir bəladan politikcəsinə çıxarmağa çalışsınlar. Mən bunun yanlısıyam, bunu doğru sayıram. Rusları Qarabağa mən çağırmamışam ki. Dövlətin başında duran çağırıb. Siz də diplomatik dildə danışa bilərsiniz, ancaq belə söhbətlərdə, yenə mən sözümün üstünə qayıdıram. Mən doğruları çılpaq deməyə çalışıram. Bu mənim hədəfimdir. Mənim çıxışlarımdan dövlətə bir ziyan gəlməz. Dövlətin yönəticiləri qoy desinlər, Soylu Atalı bir aydındır, belə düşünür, belə də danışır.
Sual: Ruben Vardanyan isimli bir milyarder erməni bir sürə öncə Qarabağa yerləşdirildi. Onun gəlişində bir şeylərin hazırlandığı, bir hərəkətlilik olacağı bəlli idi. Vardanyan bu işin harasındadır?
Soylu Atalı: Bu cür adamların ora gəlişi bir məsələdən soraq verir ki, ermənilərin yiyələrinin, arxasında duranlarının hədəfi ən qısa sürədə Azərbaycandakı sorunların çözümünün qarşısını alsınlar, sorunlar davam eləsin.Dağlıq Qarabağ məsələsinin Azərbaycanın xeyrinə çözülməsinin qarşısını almaq istəyirlər. Bunun üçün ayrı-ayrı variantlara əl atırlar. Həmin variantlardan biri də milyarderin ora gətirilməsidir. Qarabağdakı ermənilərin qaçmaması üçün, yenilərinin cəlb olunması üçün, pul ayırması, eləcə də fürsət düşəndə partizan dəstələri yaratmaq, onu mailiyyələşdirmək üçün. Belə şeylərlə Azərbaycanın içini daim qarışdırmaq, problemin çözümünü uzatmaq, həllinin qarşısını almaq. Bu Rusiyanın planıdır. Diaspora da bu işin arxasında durur. Çünkü diaspora da burdan qazanır. Mənə elə gəlir, Vardanyan məsələsi birinci aşamadır. Sonrakı aşamalarda biz yeni Vardanyanları da görəcəyik…
Sual: Azərbaycan ordusunun içi tamamən Nəcməddin Sadıqov klanından təmizləndimi? Milli olmayanlar ayıblandımı? Tərtər faciəsini törədənlərdən hesab soruldumu? Azərbaycan ordusu yüzdə yüz milli, yerli bir ordudurmu?
Soylu Atalı: Tərtər olayları çözülmədi. Nə qədər bu rejim var, nə qədər Rusiyanın buyruğunda duranlar islah olunmayıb, çözülməyəcək də. Ordu yüzdə yüz milli ordu deyil. Söz yox ordumuzun sağlam milli kəsimi də var. Ancaq ordumuzda hələ də başqa qüvvələrin kadrları var. Bunlar açıq şəkildə görünür. Yenə də Azərbaycan toplumunun içərisində həmin qüvvələrin yerli əlaltıları var. Azərbaycanın təmizlənməsindən söhbət gedə bilməz. Çünkü bunu istəyən yönətim olmalıdır. Həm də bu yönətim, ortaya siyasi iradə qoymalıdır. Qoymur. Qoya bilmir, bəlli nədənləri var. Ona görə Azərbaycanın içərisində bu gün Rusiyanın çıxarılarına qulluq göstərən, onun buyruqları ilə çıxışlar edən, çaşqınlıq yaradan, dezinformasiyalar yayan yetərincə azərbaycanlılar var. Bunların heç biri zəzərsizləşdirilməyib. Zərərsizləşdirilməsi gözlənilmir.
İndiki həssas durumda gedişlərə tənqidi yanaşmaq istəməzdim. Ancaq fakt faktlığında qalır. Bizim Azərbaycan olaraq sosial gücümüz zəifdir. Bu da yönətimlə bağlı bir məsələdir. Ölkədə işsizlik, korrupsiya elə bir həddədir ki, bizim, Azərbaycan türk toplumu olaraq, içimizi sabit olmağa qoymur. Sizə xatırladıram, biz milli kimlik şüurumuzu belə, düz əməlli təbliğ edə bilmirik. Yenə də biz, öz milli kimliyimiz açısından çıxış edəndə bəlli bir kəsim bizə qarşı çıxış edir. Sosial şəbəkələr onlarla doludur. Onlar çağaşırı buyruq alırlar, hərəkətə keçirlər. İstədikləri dezinformasiyaları verirlər, istənilən gözdənsalma kampaniyaları həyata keçirirlər, aranı qarışdırırlar. Mən yönətimi ona görə suçlayıram ki, biz toplum olaraq, özümüzün kimliyimizi, türk olduğumuzu deyəndə bizə hücumlar olur. Bunu təkcə Rusiya yanlıları eləmir. İran yanlıları da edir. Biz bayaqdan İranın adını tutmuruq. Hələ bu məsələdə belə bir güman var ki, Azərbaycan əsgərlərinin məhv edilməsində İranın qatqısı var. Silah verməklə qatqı göstərir. Məsələ tam çözümünü tapmayıb, rəsmi qaynaqlar da bu məsələ ilə bağlı heç nə demir. Ancaq gümanlar var. İranın pilotsuz uçaqları Ermənistan tərəfdən bizim əsgərlərə atəş açıb. Bu da gözləniləndir. Çünkü Zəngəzur dəhlizinin açılmasının birinci istəməyəni elə İrandır. İran hər vasitə ilə çalışır ki, dəhliz açılmasın, Ermənistan qorxu siyasəti yürütməsin, addımını dala qoymasın. Ona görə İran hər vasitə ilə Ermənistana yardım edir.
Siz sorursunuz ki, Azərbaycan nə etməlidir. Mən düşünürəm, indiki dönəmdə, bacararsa, Azərbaycanın birinci atacağı addım iç politikasını dəyişmək olmalıdır. Azərbaycanın ekonomik imkanları genişdir. Ancaq toplumumuzun durumu sosial baxımdan ürəkaçan deyil. Ona görə Azərbaycanın sosial baxımdan gücü zəifdir. Azərbaycanda, bayaq vurğu elədiyim kimi, korrupsiya deyilən bir şey aşırı dərəcədədir. Bunun qarşısı alınmalıdır. Bizim toplumumuz iş dalınca başqa ölkələrə qaçıb gedir. Dağılıblar. Böyük sayda insanlarımız Rusiyadadır. Çörək dalınca gedirlər. Onlar Azərbaycanı düşünmək iqtidarında deyillər. Sonra Azərbaycanın içində təhlükə yaradan gücləri tamamilə islah etmək gərəkdir. İranmeyilli, rusiyameyilli qüvvələri islah etmək gərəkdir. Bu yöndə politika dəyişməlidir. Dəyişəcəksə Azərbaycan politik uğurlara doğru addımlar götürəcək. Dəyişməyəcəksə çətindir, yaxın gəkəcəkdə heç nə gözləmirəm.
Rusiya bizim düşmənimizdir. Ancaq Azərbaycan yönətimi də, Türkiyə yönətimi də Rusiyaya nəfəslik verir. Belə diplomatiya olmaz ki. Bu mənim baxışımdır, onsuz da Batı gücləri Rusiyanı dağılmaqdan qoruyacaq. Batı gücləri Rusiyanın başını dəyişəcək, rejimini dəyişəcək, ora öz kadrlarını gətirəcək. Rusiyanı indiki dönəmdə dağıtmaq istəməzlər. Çünkü Rusiya dağılarsa, dəngəsizlik, anarxiya yaranar. Çünkü Rusiyanın içində dediyimiz kimi, 16 türk subyekti var. Bu türk subyektləri birləşəcəkmi, yoxsa başlarını itirəcəkmi, Çin o yandan imkanlar əldə edəcəkmi?! Batı gücləri bunları hesablamamış deyil.
Sual: Türkiyənin bunu zorlamaya gücü varmı?
Soylu Atalı: İndiki Türkiyənin bu yöndən hər hansı bir addım ata biləcəyini gözləmirəm. Türkiyənin özünün yetərincə başı qarışıb. Bir neçə yöndə çalışmalar edir, diplomatik savaşlar aparır. Eyni halda, Azərbaycanla bağlı dediyim eyni sözü Türkiyə ilə də bağlı demək istəyirəm. Türkiyədə də iç politika dəyişməlidir. Türkiyənin içərisində türklüyə yönəlik, türklüyün gələcəyinə yönəlik politika görmürəm. Bu yetərincə faktlarla ortadadır. Politika dəyişməlidir, diktatorluq ortadan qalxmalıdır. Azərbaycanda da, Türkiyədə də bu olacaqsa, onda biz Türklüyün gələcəyindən danışa bilərik. İndiki iç politika Azərbaycanı, Türkiyəni istəməyən dış güclərin dəyirmanına su tökür. Həm Azərbaycanda, həm Türkiyədə.
Sual: Ərdoğan Şanqay toplantısına qatıldı. Orda İlham Əliyevlə, Putinlə bir araya gəldi. Türkiyə bildiyim qədəri ilə gözləmçi üzv statusu ilə Şanqay iş birliyi örgütünə üzv olmaq yolunda bir addım atmış oldu. Bunu necə dəyərləndirmək gərəkdir? Biz NATO-nun üzvüyük, Türk Dövlətləri təşkilatını gücləndirməyə çalışırıq, bir yandan da Şanqay iş birliyi örgütü kimi tam fərqli konseptdə iş görən örgütlərə daxil olmağa çalışırıq. Türkiyənin Şanqay iş birliyi örgütündə olması yararlımı, doğru addımdırmı?
Soylu Atalı: Bilirsiniz, hər kəs yaxşı bilir ki, hər hansı ekonomik birlik, ya siyasi birlik, fərq etməz, o birliyi yaradanın özünün hədəfləri, çıxarıları üçündür. Bu hədəfləri gerçəkləşdirmək üçün edir. Burda da yaxşı bilirik ki, Çinin Doğu Türküstana qarşı siyasəti nədir. Çinin Doğu Türküstana qarşı siyasətinə yox demədən, diplomatik biçimdə dirəniş yaratmadan, ora-bura yüyürməli deyilik. Biz öz gücümüzü öz gələcəyimizə xərcləməliyik. Vaxtı qurban verməli deyilik. Gecikmək olmaz. Türk Birliyinin yaranmasına doğru, istər ekonomik, istər siyasi, istər hərbi birlik yönündə addımlar atmaq gərəkdir. Əgər bu Birlik yaranacaqsa, dünya bizimlə hesablaşacaq. Yoxsa bizi dünya gücləri yönətəcək. Biz Qarabağı da həll edə bilməyəcəyik. Bu sorunları onun-bunun buyruğuna getməklə, onun-bunun yanına qaçmaqla çözə bilməyəcəyik. Onun-bunun yanına gedəndə onun-bunun gücünü artırırıq, öz gücümüzü itiririk. Ona görə biz öz gücümüzü formalaşdırmalıyıq.
Sovetlər dağılandan sonra böyük bir şans yarandı. Atatürkün dediyi kimi, sovetlər gec, ya tez dağılacaqdı. Türkiyə öz türk qardaşlarına, bağımsızlıq əldə edəndən sonra, yardım etməyə hazır olmalı idi. Türkiyə bunu etmədi. Türkiyə tamam başqa bir politika yürütdü. İslamçılıq politikası yürütdü, türklük politikası yürütmədi. Azərbaycanda H.Əliyev antitürk politika yürütdü. Türklüyü tamam sıradan çıxardı. Adımızı belə dəftərdən çıxardı, türk sözünü bizə yasadan çıxardı. Türkiyədə də bənzəri sürəclər həyata keçirildi. Getdikcə biz gücümüzdən uzaqlaşdırıldıq. Bunu görməyimiz, deməyimiz gərəkdir. Qorxu çıxışları etməməli, qorxu siyasəti yürütməməliyik. Biz vaxt itiririk. Toplumlarımız ayılmalıdır, durumu doğru dəyərləndirməli, faciələri görməli, dərs götürməlidir.
Sual: Rusiya Ukrayna müharibəsinin dəyərləndirilməsi.
Soylu Atalı: Ukrayna hal-hazırda özünün torpaqlarını azad etməyə çalışır, hardan dəstək, yardım almasından asılı olmayaraq. Ancaq bir məsələni vurğu eləmək istəyirəm, Ukrayna haqlı savaş aparır, öz torpağı üçün mübarizə aparır. Rusiya isə işğalçıdır. Buna görə bütün dünya, barışsevər insanlar Ukraynanın yanında olmalıdır. Çünkü Ukrayna haqlı olaraq, öz torpaqlarını işğaldan qurtarır, öz gələcəyini qurtarır. Rusiya isə buna hər mənada əngəl olmağa çalışır. Ukraynanın hərbi uğurlarına baxmayaraq, Rusiya Ukraynaya elə bir zərbə vurdu ki, Ukrayna illərlə özünə gələ bilməyəcək. Bu qədər insan tələfatı, bu qədər şəhərlərin yerlə bir edilməsi sadə məsələ deyil. Olduqca ağır məsələdir, düşünmək belə ağırdır. Ancaq deyək ki, Ukraynanın Rusiyanı öz torpaqlarından qovub çıxarmasının bizim üçün bir önəmi olacağı məntiqinə də sıcaq baxmıram. Türk dünyası üçün bu necə önəmli ola bilər ki, Türk dünyasının yönəticiləri Rusiyanın yanındadır, onu savunur, ona nəfəslik verir. Axıra qədər Ukraynanın yanında deyil. Bu o vaxt olardı, Türk dünyasının yönəticiləri Ukraynanın yanında olardılar, Rusiya daha çox çöküşə uğrayardı, daha çox təklənərdi. O vaxt Rusiya geniş arenada qol-qanad açmaq imkanlarını itirərdi – bizə qarşı, ya da başqa türk toplumlarına qarşı. Bu açıdan deyirəm, Türk dünyası üçün əsas önəmli məsələ Türk toplumlarının özlərinin özlərini düşünməsi məsələsidir. Biz öz sorunlarımızı gedib nə Ukraynada, nə Batıda, nə də Rusiyada həll edə bilmərik. Biz öz sorunlarımızı öz içimizdə həll etməliyik. İç politika doğru qurularsa dış politika ondan nəfəs alar. Dış politikanı yönləndirən iç politikadır. Çünkü yönəticilərimiz içəri güvənərsə dışarıda sərbəst, çəkinmədən politika yürüdə bilər. Ancaq bizim yönəticimlərimiz diktatorluq sürəci həyata keçirərsə, içəriyə güvənməzsə onda dış politikası da ölkələrimizin xeyrinə olmaz. Bu açıdan hesab edirəm, Türk toplumları, Türk dövlətləri öz yaralarını özləri sarımalıdırlar. Ukraynanın haqlı qələbəsini hamımız istəyirik. Ancaq Ukraynanın Rusiyanı öz torpaqlarından çıxarması bizim üçün elə bir özəl önəm daşımır. Çünkü Rusiya Ukraynanın torpaqlarından çıxır, öz torpaqlarından çıxmır ki. Yenə öz torpaqlarının içində öz avantürist politikalarını yürüdəcək. Bizim öz gücümüz var, az deyilik, yiyəsiz deyilik, gücsüz deyilik ki, gözləyək iki qonşumuz bir-birini yenə, biz də bundan yararlanaq. Biz buna yönəlik politika yürütməli deyilik. Biz dünyada söz yiyəsi olmaq politikası yürütməliyik. Bizim birliyimiz ona görə yaranmalıdır ki, dünyada söz haqqımız olsun. Tarixə baxsaq görərik ki, azman Türk dövlətləri olub, dünyaya söz deyib, dünyanı yönətib. Yenə də Türkün dünyanın yönətilməsində qatqısı olmalıdır. Olacaqsa bizim sorunlarımız çözüləcək. Bizim uluslararası sorunlarımız qalmayacaq.
Türkün özünə dönməsi çox önəmli məsələdir. Türkün özünə dönməsi üçün iç politikamız millilik yönündə, milli özünüdərk yönündə çox dəyişməlidir. Mən şəxsən Türk dünyasının birliyini istəyirəm, imperiyasını arzulamıram. Türk dünyasının Birliyi öz varlığını sübut etmək üçün, öz varlığını qorumaq üçün, bəşəriyyətə barış gətirmək üçün olmalıdır. İndiki dağıdıcı siyasi güclər kimi Türk birliyi arzulamıram. Mən Türk Birliyini sağlam, özünü qoruyan, dünyaya barış gətirən bir gücə çevrilməsini düşünürəm. O cür umuram, o cür də diləyirəm. Eyni halda, Türk ona-buna bənzəməli deyil. Bu gün Türkün ideolojisi, ruhaniyyatı, mədəniyyəti, hamısı eksponsiyadır. Bununla biz özümüzü qura bilmirik, özümüzü dərk edə bilmirik. Biz Türk olaraq, bəşəriyyətə yetərincə dəyər verən ulusuq. Biz bəşəriyyətin var oluşunda qatqısı olan ulusuq. Biz erməninin, filanın tayı deyilik. Bizim böyük dəyərlərimiz, böyük olanaqlarımız var. Dünyaya söz demək olanağımız, həm də haqqımız var. Toplumlarımızın içində dövlətlərimiz bu yöndə iş aparmalıdır. Bunun yolu da diktaturaya son qoyulub, iç politikanın dəyişməsindən keçir.
Yağış Ayı, 44-cü il.
(Noyabr, 2022).