Xəbərlər

Soylu Atalı. Özünəyadlaşmanın tarixi faciələri

On illərdir, Azərbaycanın qədim məbədlərini, konkret kilsələrini istər ermənilər, istər gürcülər mənimsəməkdədir. Vətənsevər azərbaycanlılar da tarix uçqunlarının altından faktlar axtarıb bu məbədlərin bizim olduğunu sübut eləməyə çalışırlar. Ermənilər soydaşlarımızı tarixi dədə-baba torpaqlarından qovdular, özü də minbir içgəncələrlə. İndi də dünyaya bağırırlar ki, o yerlər əzəli erməni torpaqlarıdır. Yüz illərlə, bəzən də min il yaşı olan məbədlərimizi də öz adlarına çıxırlar. Gürcülər də eyni addımları atırlar. Qədim Alban kilsələrinin böyür-başına öz dillərində yazı yazıb ibadət evlərinə çevirirlər. Səsimizi də çıxaranda deyirlər, siz müsəlmansınız, kilsələrlə nə işiniz var, gedin məscidlərinizdə namazınızı qılın. Azərbaycanlıların isə dilləri girir boğazlarına. Çünkü babalarımız zorlanıb müsəlmana dönüşdürüldükdə Kilsələr yiyəsiz buraxıldı, hər yerdə məscidlər tikildi. Yiyəsiz kilsələrin ora-burası uçub-dağıldı, yörəsini ot-qanqal bürüdü, xarabalıqlara çevrildi. Qədim məbədlərimizdə bayquşlar ulamağa başladı. Yadlar isə məbədlərimizdə özlərinin milli ornamentlərini işləyərək torpaqlarımızla birlikdə mənimsədilər. Biz dönə-dönə yazmışıq, öncə bizim milli şüurumuzu işğal elədilər, sonra da torpaqlarımızı. Şüurlarımız işğal olunduqca dəyərlərimiz yiyəsiz qaldı. Bizi torpağa – Vətənə bağlayan dəyərlərin ortadan qalxması ilə torpaqlarımıza yiyəlik duyğularımız da aradan getdi. İndi heç bir tarixçimiz, aydınımız demir, yazmır ki, torpaqlarımıza, məbədlərimizlə bir yerdə, yiyə çıxa bilməməyimizin başlıca nədəni ərəb-islam işğalıdır. Əldən çıxan, özünü xalqın gözündə şöhrətə mindirmək üçün, alver edib qazandığı pulların bir hissəsi ilə gedib məscid tikdirir. Min illərin o tayından gələn tariximiz də, şüurumuz da yarı yolda qırılır. Dəyər tariximiz də ərəblərin yurdumuzu işğalından sonra hesablanır. Getdikcə yarıdan o yandakı tarixi varlığımız yaşamımızdakı, yaddaşımızdakı mövcudluğunu itirir. Bəzi tarixçilərimiz indi də sübut eləməyə çalışır ki, biz elə əzəldən müsəlman olmuşuq. Bu o deməkdir ki, min illər öncə Od İşığına tapınanlar (Tanrıçılıq ideyasına bağlı olanlar), bəlli bir arada Alban kilsələrində ibadət edənlərimiz bizim əcdadlarımız olmayıblar. Bu yazıqlıq bütünlüklə millətin varlığına hakim olmaqdadır. Yadlar içimizdə necə yadlaşma, özgələşdirmə sistemi qurublarsa, bunun etkisində bölünüb, parçalanıb, balacalanıb sıradan çıxmaq tarixi aqibətimizə çevrilibdir. Vətənin, Millətin, dövlətin yiyəsi olsaydı, qədim məbədlərimizdə bərpa işləri apararaq (milli ornamentlərlə yenidən işləyərək) onları milli-mədəni irsimizin, əzəli dəyərlərimizin araşdırılıb öyrənilmə mərkəzlərinə çevirərdi. Zaman-zaman onları erməniyə, gürcüyə təhvil verməzdi. Onlar da bizə gəlmə adı qoyub sıxışdırıb qovmazdı. İndi də köhnə yanlışlar, daha amansız biganəliklərlə davam edir.

Nağıllarımızda, əfsanələrimizdə, rəvayətlərimizdə, dastanlarımızda qədim dünyagörüşlərimizin, inanclarımızın bir çox atributları, çalarları ös əksini tapmışdır. Milli təxəyyülümüzün yaratdığı mifik obrazlar qədimliyimizi öyrədən, bugünümüzlə bağlayan ciddi qaynaqlar, faktorlar sayılmalıdır. Getdikcə onlardan uzaqlaşıb itirməkdəyik. Ərəb nağılları, dastanları dilimizin əzbərinə, sevgimizin yönünə çevrildikcə, milli şüurumuzun sıradan çıxmasına nədən olub. Bir sözlə, bu gün də milli kimliyimizdə, mənliyimizdə yaranan boşluqları özgələşmənin yeni dalğaları bürüməkdədir. Bu gün məscidlər bütünlüklə bu işi həyata keçirməkdədir. Bu açıdan, özünü milli sayaraq, məscidlərdə namaz qılıb, erməniləri, gürcüləri məbədlərimizi mənimsəmələrinə görə suçlayanları, Qarabağ deyə bağıranları anlamaq çox çətindir. Toy edən, xeyir işə hazırlaşan soydaşlarımız, çoxluq olaraq, öncə araşdırırlar ki, görsünlər, onların seçdiyi gün hansısa imamın, hansısa tarixdəki bir dindar möminin ölüm günü ilə üst-üstə düşmür ki. Belə insanlarımızın Qarabağ sorununun necə, nədən yarandığını dərk eləməsi necə mümkün ola bilər?! Özünü araşdırmaçı sayanlar da bu cür özgələşmə, özünə yadlaşma şüurunun gəlişməsinə qulluq göstərirlər. Biri gündə beş rükət namaz qılmağın gərəkliyini sübut edən dəlillər axtarır, bir başqası qadınların hicab bağlamasının Allah qarşısında nə qədər böyük savab olduğunu sübutlamağa çalışır. Başqa birisi Allahın mələkləri araçılığı ilə Qiyamət gününü yaxınlaşdırdığını əsaslandırır i.a. Bu şüurla millət olmağı düşünmək, bəşər varlığında öz yerini bəlirləmək, sözsüz ki, özünü doğrulda bilməz… Biz də bu gedişlə barışmayan, milli özümlüyümüzü düşünən ayrı-ayrı insanlarımıza üzümüzü tutub deyirik: Milliliyi bayraq eləməkdən, özgəliyə dirəniş göstərməkdən usanmayaq. Gələcəyi yetirmək üçün Mübarizəni gələcəyə saxlamaq olmaz.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

17 İşıq Ayı, 42-ci il. Atakənd.

(may, 2020. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir