Xəbərlər

Soylu Atalı. Quruculuq Yönü

Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım.
Düşündüyüm önəmli bir məsələni sizinlə paylaşmaq istəyirəm. Bizim qəhrəmanlıq dastanlarımız var. Deyək, Koroğlu, Dədə Qorqud boyları filan. Dastanlarımızda qəhrəmanların sözü, buyruğu çək-çevir (mühakimə) olunmur. Mən bunu təkcə elə keçmişdəki qəhrəmanların buyruğu, davranışı ilə bağlamaq da istəmirəm. Bu bir örnək məsələdir. Elə çağımıza da özgün edirəm. Üç məsələ var, daha doğrusu, üç qurulma yönü var, bunların başında duranların sözləri çək-çevir (mühakimə) olunmazdır – Dövlət, ordu, ailə. Niyə çək-çevir olunmazdır, olunarsa nə baş verər?! Əgər dövlətin başında duranın sözü, buyruğu çək-çevir olunarsa, onda dövlət anarxiyaya çevrilər. Dövlətin başında demokratiya-filan kimi oyunlar yerimir, keçmir, keçməməlidir. Eləcə də, ordu. Orduda, hamınız bilirsiniz, indi də var, komutanın buyruğu, göstərişi çək-çevir olunmur. Mən bu yaxınlarda bir rus filminə baxdım. Daha doğrusu, sovet filmidir, “Böyük Vətən Savaşı”ndan danışır. Orda bir polkovnik bir baş leytnanta buyruq verir. Baş leytenant sadalayır, sizin buyruğunuzu filan səbəblərdən yerinə yetirə bilmirik. Bir əməliyyatı yerinə yetirmək üçün baş leytenantdan qüvvə istənilir. O qüvvə də yoxdur. Döyüş tapşırığı yerinə yetirirlər, bir neçəsini də kəşfiyyata göndərib. Onları kəşfiyyatdan geri çağırmaq mümkün deyil. Mümkün olarsa, onların geri qayıtdığı zonada daha böyük fəsadlar olar. Polkovnik səsini qaldırır: “yerinə yetir”. Baş leytnant əsas duruşa keçir, “oldu” deyir.

Nə demək istəyirəm, əgər komutanın buyruqları çək-çevir olunarsa, onda orduda, ordunun başında anarxiya yaranar, vətən işğal olunar. Sınırlar pozular, yağı düşmən içəri yeriyə bilər. Atatürk nə deyirdi, mən sizə ölmək göstərişi vermişəm, arxada vətəndir. Qayıdıb vətəninizdə vətəninizlə birgə ölməyin, düşmənlə döyüşdə ölün. Buna görə Türkiyə Respublikası yarana bildi.

Bir də ailə məsələsində ailə başçısının buyruğu, sözü, göstərişi, önərisi çək-çevir olunarsa ailədə başıpozuqluq yaranar, tərbiyəsizlik baş alıb gedər. Ailə pozuntulara uğrayar. Ailənin pozulması xalqın pozulması deməkdir, ailənin pozulması dövlətin pozulması deməkdir, ailənin  pozulması ulusal dəyərlərin pozulması, sıradan çıxması deməkdir. Söz yox, gərək dövlətin də, ordunun də, ailənin də başında duran böyük Böyük olsun, balaca olmasın, hərcayi olmasın, gəda olmasın. Dövlətin başında, ordunun başında gəda olanda onun buyruğu çək-çevir olunur, yerinə yetirilmir. Özbaşınalıq, anarxiya hər yeri bürüyür, eləcə də, ailəni. Ailənin başında duran gəda olarsa, o ailənin ailə olması sual altına düşər.

Sonra, təklikdən qaçmaq olmaz. Azərbaycanda, ya da başqa ölkədə, insanların hamısı dövlərin başında durmur, ya da komutan olmur.  Ancaq hər kəs ailə başçısıdır. Hər kəs təkliyə çəkilməyi bacarmalıdır, hər kəs özü ilə üz-üzə qalmağı bacarmalıdır. Ailənin dünənini, bu gününü, gələcəyini özü ilə götür-qoy etməlidir, uzağa baxmalıdır. Nə doğrudur, nə əyridir, davranışlarda nə olmalı, necə nizamlamalı, necə ailəyə yiyə çıxmalı kimi məsələlər təklikdə çözülür. Buna görə təklikdən qorxmaq olmaz. Tənhalıq ayrı şeydir, təklik ayrı şeydir. Təkliyə çəkilərsən, dediyim kimi, irəlini-gerini düşünə bilərsən, uzağa baxa bilərsən. İnsanlar təklikdən qaçırlar,  özləri ilə üz-üzə qalmırlar, heç nəyi düşünmürlər, heç nəyin sorumluluğunu duymurlar, yaşamırlar. Bu məsələ, Ocaq olaraq, önərdiyimiz ciddi bir məsələdir. Bu məsələni yaxşı düşünmək gərəkdir. İnsan ailə olmağı bacarmalıdır.

Mənə bir sual verdilər, siz xalqın dəyişməsinə inanırsınızmı? Dedim, inanıram. Soruşurlar, niyə inanırsınız? Deyirəm, söz yox, inanmaq üçün ortada ciddi faktlar, arqumentlər olmalıdır, ortada ciddi ömürlər olmalıdır. Biz, Ocaq olaraq, ortaya ciddi ömürlər qoyub xalqda dəyişikliyin yarana bilməsinə inam yaratmalıyıq. İnsanlar xarakterini dəyişmir, çünkü xarakterilə uğraşmır. Qıraqdan baxan da deyir, belə gəlib, belə də gedəcək, heç kimi dəyişmək olası deyil, kimin zatında, qabında nə var, odur. Biz Ocaq olaraq ortaya ömürlər qoymalıyıq, inandırmalıyıq. Ancaq bu da beş günün, beş ilin söhbəti deyil. Buna zaman gərəkdir, soylar gərəkdir. Doğrudan da, istədiklərimizi yarada bilək, inandıra bilək. Buna görə Ocağın üzərinə çox böyük sorumluluq düşür, güclü insanlar olmalıdır. Bununla belə, mən o suala belə bir cavab verdim: xalqın dəyişəcəyinə inanıram. Bu gün mənim oğlum Ulunur işsizdir, heç bir işi yoxdur. Mən də bir ata  kimi onun sabahını düşünürəm. Dünyaya gətirmisənsə sorumluluğunu daşımalısan. Ancaq təzada baxın, mən oğlumun gələcəyini düşündüyüm halda, Asif Atanın Evladı Bilən mənim qayğılarımı düşünür, mənim qayğılarımı yoluna qoymağa çalışır. Əslində Ulunurun gələcəyini düşünmək zorunda qalmamalıyam, Ocağın gələcəyini bundan da artıq düşünməliyəm. Oğlumu bu yaşa qədər çatdırmışam, böyütmüşəm, bundan sonra özü öz gələcəyini düşünsün.

Bir sözlə, bu gün xalqın içindən çıxan Bilən belə bir ərdəmlik ortaya qoyursa, mənim nə haqqım var, xalqın dəyişəcəyinə, sabahına inanmayım?! Xalqın içindən belə oğullar çıxa bilir, bu gün də çıxır, sabah da çıxacaq. Belə özündənkeçənlər göydən düşməyib axı, xalqın içindən çıxıb. Bax, bunu mən verilən suala örnək görürəm. Ocağın işinə, gələcəyinə inanmamaq doğru deyil. Ocağın  gələcəyinə inanmamaq gerçəkdən insana inanmamaq deməkdir, yenə deyirəm, bu doğru deyil. İnsanın dəyişəcəyinə inam nə qədər çətindirsə, Ocağın gələcəyinə inam o qədər çətindir. Ancaq olumsuz deyil, çətindir. Bu çətinliyi yaşamaq, inadla, səbrlə, fədakarlıqla ortadan qaldırmaq gərəkdir.

 Atamız Var olsun!

Şölə Ayı, 43-cü il. Atakənd.

(iyun, 2021. Bakı).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir