Xəbərlər

Soylu Atalı. Rusiyanın sirk oyunları

 

Bu gün ən çox dəbdə olan bir deyim var: “Reallıqlarla hesablaşmaq gərəkdir”. Bu deyilişə uyanlar ağıllı, bu deyilişlə barışmayanlar xəyalçı, belə də deyə bilərik, avantürist sayılırlar. Bu deyilişi düşüncəsinin başı-ayağı bilinməyən siyasətçilər yaradıblar – zəif, qorxaq, xalqını öz arxası saya bilməyən, başqa sözlə, xalqına güvənməyən, öz çıxarını düşünən siyasətçilər. Üzdən baxanda reallığın məntiqi onların dediklərini doğrulayır da. Çünkü bunu deyərkən, onlar regional durumu, təmsil elədikləri dövlətin gücünü, qarşı cəbhədəki dövlətin gücünü, düşmənlərin çoxluğunu, içəridə başqa güclərə çalışan ajanların araqarışdırıcı olanaqlarını gözə alırlar. Doğrudan da, belə bir ortamda maksimal istəklərdə bulunmaq, güzəştsiz davranmaq – davrananın avantürist olduğu görüntüsünü yarada bilər. Ancaq üzdən baxanda belə görünür. Sadəcə bu görüntülər dövləti istehsal alətinə çevirənlər üçün bəraət düsturudur. Deməli, burada ağıllı davranmaq odur ki, xalqı aldada-aldada vədlər verməlisən, qarşındakına da quyruq bulaya-bulaya güzəştlər etməlisən. Bax, bu balacaların siyasəti, ya da siyasi məntiqi adlanır. Bizə  görə Azərbaycan siyasətinin indiki durumu bu təsvirə uyğundur. Deməli, reallıq onu tələb edir ki, xalqı aldadasan, bunu da bacardığın üçün sənə sayğı bəslənilməlidir. Deməli, reallıq tələb edir ki, qarşında güclü dövlət var, ona quyruq bulayasan. Buna görə də hamı sənə minnətdar olmalıdır. Deməli, işin bu başında yalanlar qurmaq, o biri başında alçalmaq əxlaqi dəyərlər sayılmalıdır. Çünkü bunların hamısı dövlətçiliyə görə edilirmiş. Nə yazıqlar, bu cür duruma əxlaq donu geyindirənlər az deyil. Hakim siyasətə quyruq bulayanlar öncə yenilməzlik, qələbə, uğurlar təbliğatı qururlar. Elə ki, durum aydınlığa çıxır, aldatmaq üçün arqument qalmır, başlayırlar valı çevirməyə: axı Azərbaycan hakimiyyəti Rusiya kimi dövlətə qarşı necə çıxa bilər. Doğrudur, ömrü boyu xalqı aldadan, talayan, dövlət strukturlarında çalışanlardan yaltaqlar ordusu yaradan bir hakimiyyət Rusiya kimi azğın bir dövlətə qarşı necə dayana bilər?! Bəs necə oldu, erməni kapitulyasiya fəlakətinə uğramışdı?! Azərbaycan mütləq qələbə çalmışdı, torpaqlar işğaldan tam qurtarılmışdı?! 10 noyabrda qollanan bəlgə necə oldu?! Azərbaycanın siyasi hakimiyyəti nə üçün mütləq yenilmiş bir dövlətin başçılarının arxasınca düşüb Soçidə, Brüsseldə danışıqlar aparır?! 30 il boşuna aparılan danışıqlar dərs olmadımı?! Nə vaxta qədər bizim siyasi taleyimizi Rusiya bəlirləyəcək?! Necə ola bilər, Xankəndi başda olmaqla bəzi bölgələrimiz Azərbaycanın yönətimi dışındadır, ancaq delimitasiya, demarkasiya komissiyalarının yaradılması qonusu dartışılır; erməni bizə hesab verməliykən hələ də bizimlə şərtlər dilində danışır?!  Bu bayquş toplum otuz ildir, xalqımızın rahatlığına qənim kəsilib, milyardlarla maddi zərər vurub, günahsız insanlarımızın qanını töküb. Biz isə onun nazı ilə oynayırıq. O zaman ermənini yenməyimizin məntiqi nədir?! Bu suallara bəzək vurmaq yox, ağrıların doğurduğu sualları aydınlığa çıxarmaq gərəkdir. Azərbaycanın siyasi hakimiyyətini savunanlar deyirlər, ermənilər Batıdakı havadarlarına dayanıb belə tərslik edirlər. Baxın, burdan-bura yenə də gözə kül üfürürlər. Yenə də Rusiyanın adını çəkmirlər. Rusiya min bir oyun qurub Azərbaycana ordu yeritdi. İndi də min bir oyun qurub hərbi kontingentinin  Azərbaycanda qalmasının vaxtını uzatmağa, daha doğrusu, əbədiləşdirməyə çalışır. Azərbaycanın hakim təbliğatı da deyir, Azərbaycan iqtidarı dış siyasəti doğru, yerində yürüdür. Belə çıxır, Rusiyanın Azərbaycanda möhkəmlənməsi, Azərbaycanı öz vassalına çevirmək cəhdləri doğrudur, doğruluqdur. Bəlli ki, dış siyasəti iç siyasət doğruldur. Deməli, onda Azərbaycan iqtidarının iç siyasəti də doğrudur. Yəni rüşvətxorluq, qanunsuzluq, özbaşınalıq, toplumun əsas kütləsinin səfalət içində olması, gəncliyin bəlli bir kəsiminin işsizlik ucbatından tüfeyli həyat sürməsi, narkotik qullanıcılarının sayının artması, təhsilin, səhiyyənin  iflic duruma düşməsi… doğru bir siyasətin sonucudur. Bunca yalanlar, abırsızlıqlar yetmədimi?! Azərbaycanın nə iç siyasəti, nə də dış siyasəti doğru deyil. Əgər dış siyasətin yönü gərəksiz qurbanlarla bəlirlənir, qorxaqlıqlarla yürüdülürsə, o necə uğurlu sayıla bilər?! Deyirlər, reallıqla hesablaşmaq gərəkdir. Axı reallıq təkcə o deyil ki, qarşında səndən güclü var (halbuki, yuxarıda dediyimiz kimi, bu gücün – Rusiyanın xəyanətlərini heç dilə gətirmirlər də). Reallıq həm də odur ki, xalqın sevgisi ilə, gücü ilə bir deyilsən. Qarşındakına, səni, amansız duruma saldığın xalqının əli ilə devirmək olanağı vermisən. Reallıq budur. Ən güclü içsəl siyasət xalqı qurmaq , böyütmək, öz çevrəsində gücə çevirməkdir. Bax, bu, reallıq olsaydı, hər cür reallığı dəyişmək baş tutardı.
Bir il öncə torpaqlarımızda qan tökülürdü. İndi Rusiya Azərbaycanla Erməni “ziyalılarını” görüşdürüb “doğmalaşdırır”. Bütün bu görüşlər, danışıqlar Rusiyanın sirk oyunundan başqa bir şey deyil. Keçən yüzilin ayrı-ayrı aşamalarında xalqımıza qarşı törədilən qırğınlar unuduldumu?! 31 mart soyqırımından bir neçə il sonra Rusiya bizə hər şeyi unutdurub erməni ilə “qardaşlaşdırdı”. Dalınca da torpaqlamızı parça-parça edib əlimizdən aldılar. Düşməndən dost, qardaş olmaz. Düşməni başımıza bəla edənə “boyun əymək” adlı siyasət isə heç doğru ola bilməz. Çağaşırı xalqın evinə şəhidlər daşınır. Bunun  adına doğru siyasət deyilir…
Rusiya sınırların doğru bəlirlənməsinə əngəl olacaq. Azərbaycandan da çıxmayacaq. Əgər delimitasiya, demarkasiya sürəci baş tutacaqsa, Azərbaycanın itkiləri, qurbanları hesabına baş tutacaq. Rusiya burada qalmağa çalışacaq. Əbədi qalması üçün də daim aranı qarışdıracaq. Ən yaxşı halda, Azərbaycanı hər yöndən özünün boyunduruğuna salıb, SSRİ-nin yaratdığı yalançı sabitliyə bənzər sabitlik yaradacaq. Ona görə, Rusiyanın əlinə oynamaq siyasətinə son qoymaq gərəkdir. Bu gün Azərbaycan üçün zamanın ən böyük tələbi parçalanmış xalq olduğunu gündəmə gətirməkdir. Tarixi həqiqəti, haqqı bərpa eləmək yönündə Güney Azərbaycanla bütünləşmək strategiyası bəlirləməkdir. Nə qədər ki, tarixi haqqımızı bərpa eləməmişik, Rusiya bizi daim erməninin ayaqları altında əzəcək. Bu fəlakətdən çıxmağın yaxın siyasi yolu içsəl siyasəti doğru yürütməkdən keçir. Xalqla düzgün davranmaq, dövlətin çökəldilmiş sistemlərini dirçəltmək, qanunsuzluqlara, özbaşınalıqlara, talançılıqlara son vermək gərəkdir. İndiki rejimdən bunu gözləmək olarmı?! – Çətin! Xalqın içində milli qüvvə yetişməlidir. Xalqı inandırmaq gərəkdir. O ələbaxanların arxasınca getmir. Gedəndə də, yəni gedişlərə etkisiz yanaşanda da, fəlakətə yuvarlanır. Bunları düşünməyə dəyər, deyilmi?!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

01 Qar Ayı, 43-cü il.
(yanvar, 2022

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir