Xəbərlər

Soylu Atalı. Sənət Mömini

Yanardağ Sabir (İmamverdiyev Sabir Mustafa oğlu), Sənət dünyasında belə bir ad olub, indi də var, sabah da olacaq. Onun iki böyük kitabı var: “İstibdad və İstila”, “İnsan Fəlakət içərisində”. Hər ikisi İnsanlığa, Sənətə, Mədəniyyətə özgün olan dəyərdir. Sabir Yanardağ həyatdan getsə də, bu kitablar onu sənət tarixində əbədi olaraq yaşadacaqdır. Onlardan birincini işlədik, hazırladıq, çap elədik. Gücümüz çatsa ikincini də işləyib çapa hazırlayacağıq. Dəyərə yiyəlik eləməyi özümüzə borc bilirik. Burada onun birinci kitabına yazdığımız ön sözü dəyərli oxuculara sunuruq.

 

 

SƏNƏT MÖMİNİ

Dilimizdə, sənətdə, ədəbiyyatda şərti anlayışlar işlədilir. Məsələn, filankəs natiqlikdə dahidir, filankəs muğam oxumaqda dahidir, filan­kəs səbrdə b.k. Burada biz “sənət mömini” ifadəmizi şərti xarak­terlə demirik. Doğrudan da, Yanardağ Sabir sənətdə möminlik zirvəsinə qalxdı, bunu da biz həqiqi anlamda sunmaq istəyərdik.

Mömin sözü dini anlayışdır, ancaq möminlik eləmək sadə yaşamın nizamıdır. Sənətdə möminlik də Yanardağın yaşam quruluşuna aid­dir. Biz bunu onun “İstibdad və İstila, yaxud Xeyirlə Şər arasında Bəşər Aqibəti” əsərində aydın izləyirik. Onun, toplumsal yaşamı sənət araçılığı ilə aydınlaşdırması çoxcəhətlidir. Yanaşma üslubu aydındır, tez anla­şı­­landır, məntiqi qabiliyyəti çəkicidir. Ədəbi dastanlardan gö­tür­­düyü örnəklərlə özünün araşdırması (təhlili) elə bir ahəngdar biçimə düşür ki, adamda oxuculuq qabiliyyətini yeniləyir. Həm də olayların təhli­lində bəşər həyatının bütün dramatizmi – ziddiyyətləri, ülviy­yətləri, geriliyi, inkişafı dərk olunan bir şəklə düşür. Əsər boyu Yanardağın bəşər həyatına münasibəti iki cəbhədə inkişaf edir. Biri şərin “şıltağı”, bəşər övladının bu şıltağın qarşısında çaş-baş düşməsidir. O biri isə Xeyirin səbrdən qoparaq kükrəməsi, dünya­nın, həyatın maya­sında yalnız özünün (xeyirin) yaşamasını sübut eləməsidir. Yanardağ əsər boyu bir çox yerdə vurğu edir ki: “bəşər Xeyirə nisbətən Şəri daha asan həzm edir”. Ancaq həm də bütün aşamalarda Şərin fəsadlarına qarşı Xeyirin ülviyyətini qabardır. Sübut etməyə çalışır, Şər nə qədər tarixi aşamaları zədələmiş görünsə də, heç vaxt Xeyiri yenə bilməyib. Çünkü varlığın mahiyyətində Xeyir var. Şər gedişdədir, Mənada deyil.

Sabir Yanardağın təhlilləri M.S.Ordubadinin əsərləri ilə başlayır. Bu əsərlərin leytmotivi üzərində o, Şərin genişlənmə səbəblərini, yaşama qanunauyğunluqlarını çox ustalıqla izah edir. İstibdad özünə daim yeni keşikçilər hazırlayır, onlara özü mühit düzəldir, bu mühiti ifadə eləmək üçün xarakter aşılayır. Kitaba üz tutub dediklərimizi bir misalla möhkəmlətməyə çalışaq:

“İstila gedişinin özü hələ lap başlanğıcda qırğın və dağıntı hesabına başa gəlir. Sonra o, əsarət durumunu saxlamaq, ictimai qüvvələri öz məqsədinə tabe etmək üçün güclü və sağlam qüvvələri məhv edir. Lakin o, tora salmaq və hipnoz etmək naminə canavar təbiətini gizləmək üçün mələk tülünə bürünməlidir. Bu zaman məhv etməyin mürəkkəb və daha amansız üsulları başlayır. Bunun ilkini və başlıcası parçalamaq yolu ilə məhv etməkdir. O, bu iş üçün millətin öz içərisindən satqınlar, laqeydlər zümrəsi yaradır. Bu gedişat əvvəlcə milli cılızlaşmanın əsasını qoyur. Sonra o, xalqı məhv etməlidir…

Bu İstila ilə İstibdadın vəhdət təşkil elədiyi nöqtədir. İstibdad üçün gücsüz düşdüyü nöqtələr münbit bir mühit rolu oynayırdı. O, bu mühitdən istifadə edərək gücsüz nöqtələri daha da artırır, şiddət­lən­dirir, pərakəndəliyə, satqınlığa, xaraktersizliyə, şərəfsizli­yə, ba­ya­­ğı­lığa, tənbəlliyə, bekarçılığa, qəbahətlərə, cinayətlərə, səfilliyə yeni tonlar verərək, qəddarlığın meydanını başdan-başa sulayır” (S.Y. “İstibdad və İstila”).

Buradan elə görünər ki, şər qarşısıalınmaz bir gedişin, prosesin doğurduğu həyat tələbidir. İstibdad xarakterdə yaşayır, ancaq xarak­terə sığmır, daha mürəkkəb biçim alır, ümumbəşər həyatına hakim olana qədər böyüyür. Min illik bəşər tarixini izlədikdə də biz bunun şahidi oluruq. Sanki tarix də bu deyilənlərə dayaq durub şərin ye­nilməz olduğunu sübuta çalışır. Ancaq Asif Ata deyir, bəşər tarixi qaralamadır. İnsan əsil tarixi oxumayıb, çünki o, yazılmayıb. Əsil tarix İnsanlığın tarixidir. İnsanlığın tarixində şər yoxdur, ya da çox epizodik, cılız görünür. Bunu biz Sabir Yanardağın öz əsərində, Şərin qarşısına keçərək, cəsarətlə söyləmələrində də görürük. O deyir ki, şər danışanda üzdən gözəl görünür, inandırıcı etki bağışlayır: “amma bu gözəl inamlar və bu gözəl danışıq məntiqsizliklər seylabından ibarətdir. Kim şahidlik verə bilər ki, doğrudan da çarizmin boynuna belə bir vəzifə düşmüşdür? Əgər ilk hökmün varlığı şübhə doğurursa, ondan doğan bütün hökmlərin özülü mən­tiq­sizliklərə əsaslanmalıdır. Bir halda ki, biz hər cür istilanı cinayətlər və qəbahətlər dağarcığı hesab edirik. O nə qədər parlaq şüarlarla müşaiyət olunsa da…”(S.Y. İstibdad və İstila).

Doğrudan da, Şəri güclü sayanlar, yenilməz görənlər özlərinin cılızlığına bəraət qazandırırlar. Şər bu qədər güclü isə, əbədi məğlubedilməz isə, nə üçün Xeyirin libasına bürünür, nə üçün Xeyirin mülahizələrini dilə gətirir, sözdə Xeyirin tələblərini ortaya çəkir?! Şər mahiyyətə dayanmır, dayansaydı, öz adından danışar­dı, hər yerdə açıq şəkildə öz yenilməzliyinin sübutuna çalışardı. Şər bilir ki, açıq əməllərdə öz xislətini üzə çıxaran kimi yeniləcəkdir. Şər əməllər törədənlər həmişə bu əməllərin Xeyir xislətli olduğunu təbliğ edirlər. Həm də Şər xisləti ilə yaşayanlar özlərini qorumaq üçün daim bir araya gəlir­lər. Elə Şərin güclü görünməsi də onu təmsil edənlərin üzdə bir araya gəlməsinə görədir. Ac, vəhşi qurdlar ovun üzərinə birlikdə ge­dir­lər. Ancaq öz aralarında ovu bölmək uğrunda bir-birini həm də gəmirirlər. İctimai həyatda da belədir, – Xəlqi ada, mahiyyətə uyğun yaşamayanlar ictimai təbəqə əmələ gətirirlər, Şər xisləti ilə dolanlar sürətlə bir araya gəlib güclənirlər. Toplumun sadə əməklə öz həyatını yaşayan kəsimini talamaqla dağınıq duruma salırlar. Bunun­la da güclü-gücsüz təbəqələr yaranır. Dövlət də ən çox bu təbəqələrin münasibətini tənzimləyir. Ancaq güclünün xeyrinə. Bu səbəbdən də dövlət daim özündə Şər xisləti daşıyır. Yənu dövlət Şər xislətli təbə­qənin aparatı rolunu oynayır. Bu aparat – istila yaradan istibdadçı güclərin birindən o birinə ötürülməklə xarakterini qoruyub saxlayır. İstibdad aşırı həddə çatanda toplumun, yəni məzlum təbəqənin içəri­sin­dən əks qüvvə səfərbər olunur. İdarəetmə ələ keçirilir. Zülm görmüş toplum sevinir, rahat nəfəs almaq istəyir. Bu dəfə taleyini öz içərisindən çıxmışlara tapşırır. Ancaq istibdad aradan qalxmır, yeni biçimdə həyata, münasibətlərə qayıdır. Gündən-günə artır, böyüyür, öncəki səviyyəsini bərpa edir. Bu dəfə yeni soyda yeni əks qüvvə dirçəlməyə başlayır i.a.

Soylar bir-birini əvəz edir, ancaq bir soy özündən öncəkinin fəlakətlərinin səbəblərini əsaslı şəkildə dərk eləmir. Bu səbəbdən də ictimai faciə öz ahəngini qoruyub saxlayır. Ancaq bu faciələri tədqiq edən, öyrənən, öyrədən sənət örnəkləri də hər zaman ortaya çıxır, Xeyirin ölməzliyini sübuta yetirən “SÖZ”ü ortaya qoyur. İndi haq­qında bəhs etdiyimiz Yanardağ sənəti həmin örnəklərdən biridir, birincilərdəndir. Ona görə birincilərdən deyirik, biz Asif Atanın Mütləqə İnam Dünyabaxışının daşıyıcılarıyıq. Yanar­dağın bu əsəri­nin araya gəlməsi də Asif Atanın İnsanlaşma ideyasına uğurlu bir qulluq göstərməkdir. Asif Atanın təlimi Şərin niyə yaşaya bilməsini göstərməklə necə aradan qaldırılmasını yetirir. Bu cür möhtəşəm sə­nət örnəkləri isə şərin ikiüzlülüyünü, dağıdıcılığını, qanlılığını, alda­dıcılıq xislətlərini açıb göstərir. Biz də dünyabaxış işi ilə, bu işə qulluq göstərməni bir arada götürüb sunuruq.

Bayaq dedik, soylar dəyişir, təbəqələr arasında mübarizə də dəyişir, yenilənir. Ancaq əsaslı fərq ortaya çıxmır. Niyyətlər dəyişir, planlar dəyişir, mübarizə üsulları dəyişir, ancaq ədalət bərqərar olun­mur, çünki insan dəyişmir. Ona görə Asif Atanın ideya-baxışı insan üzərində qurulub, insanın dəyişməsi uğrunda mübarizə aparır. O, vurğu edir, hər cür sənət, ədəbiyyat, mədəniyyət örnəkləri insanın dəyişməsinə, onun öz mahiyyətinə uyğun yaşaması­na qulluq göstər­məlidir…

S.Yanardağın araşdırmaları çoxcəhətlidir. O, insanın fərdi aqibətini ictimai kontekstdə özünəxas bir uğurla qiymətləndirərək, millə­tin varlığına bağlayır. Fərd-millət bağlılığı həm fəlakətlərin, həm də qurucu­luğun zəmini kimi dərk olunanda bütün ziddiyyətlər qarşı­mız­da işıqlanır, tərəqqi üçün yeni yön görünür. Fərd öz mahiy­yətini itirəndə millətin gücü sarsılır, “Cəmiyyətçilik” səviy­yəsinə enir. Şər də bu nöqtədə doğulur, yaşamın uyumunu yavaş-yavaş təla­tümə gətirir. Bu məntiq daha geniş – ümumbəşər səviy­yəsində də doğru­dur.

Bu əsərdə S.Yanardağ Doğusal dəyərlərin etki gücünə, eləcə də, sıradan çıxa­rıl­masına da baxış ayırıb. Dinin, mifologiyanın, sənətin, elmin insan həyatında yeri, rolu gerçək olaylara, yaşamın prinsiplərinə dayanı­laraq, mənfi-müsbət çalarlarıyla izah edilmişdir. O, bu mə­sə­lə­də “İliada”nın rəvayətlərinə üz tutmuş, bütün olayların incəliklərini baxışdan keçirmişdir.

Burada Şərlə Xeyir qarşıdurması, döyüşü, xarakterlərdəki tələbi o qə­dər aydın, doğru ifadə olunmuşdur, daha geniş izahlara ehti­yac duymuruq, birbaşa oxucunun əsərə başlamasını gərəkli sayırıq. Söz yox, əsərdə bəlli qırağa çıxmalar da yox deyil. Bəzən yetənəkli (iste­dadlı) aydınımız S.Yanardağ olayların mənasını dastanın dediyi səviyyədən qırağa çıxarıb idealizə edir. Bu, ən çox “Axilles ülviy­yəti” dediyi məsələdə özünü göstərir. Biz burada məsələnin üzərinə getmirik, çünki niyyət sağlamdır, yanaşma Xeyirə ziyan gətirmir.

Başqa bir cəhət, əsərdə S.Yanardağın dili ərəbcə, farsca sözlərlə çox yüklüdür. Söz yox, bunun səbəbi dilimizin sovet dönəmində daha çox qarışıq duruma gətirilməsi ilə bağlıdır. Ancaq bununla belə, biz, dilçi, ədəbiyyatçı alimlərimizə qarşı güzəştli mövqenin yanlısı da deyilik. Dili qorumaq daha çox dilçilərin üzərinə düşür. Hər bir aydın öz yaşadığı çağda bacardığı qədər dilin arılaşmasına – özümləşmə­sinə çalışmalıdır.

Biz də Sabir Yanardağın “İstibdad və İstila, yaxud Xeyirlə Şər ara­sın­da Bəşər Aqibəti” əsərini redaktə, korrektə (düzəliş) edərkən, əsərin dilini bacardığımız qədər türkləşdirməyə çalışdıq. Dilimizin aydın, anlaşıqlı sözlərini ərəb, fars sözlərinin yerinə qoymaqla onun (dilimi­zin) qarşısındakı sorumluluğumuzu az, ya çox ölçüdə yerinə yetir­dik.

İstəkli oxucu! Sənə sunulan bu kitab İnsançılıq baxımından, milli şüurun gəlişməsi baxımından çox önəmlidir. Eləcə də ədəbi tənqi­din az qala sıradan çıxdığı bir çağda bu əsər ədəbi mühit üçün bir mayak rolu oynaya bilər. Biz belə düşünürük, inanırıq ki, gələcək soylar da müsbət yöndən əsərin dəyərini biləcəkdir.

Atamız Var olsun!

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir