Xəbərlər

Soylu Atalı. “Seçkinlər”in seçkiləri

Soylu AtaliHər iki ildən bir ölkədə seçki prosesi başlayır. Dövlətə öndər seçirik – dövlətin güc strukturlarının əli ilə başıqapazlı oluruq: döyülürük, söyülürük, işimizi itiririk, tutuqlanırıq.
Millətin haqqını qorumağa vəkil seçirik – haqqımız hər yerdə ayaqlanır, sözümüz havaya gedir, əlimiz havadan asılı qalır. Millət vəkilləri sanki milləti incidən qurumları qoruyur.
Toplumsal, sosial sorunlarımızı yoluna qoymaq üçün bələdiyyə “vəkilləri” seçirik – başımız yüz dərdin içinə girir…
Bizə – həyatımıza, gələcəyimizə yağı seçdirirlər. Ancaq seçirikmi?! Seçki olayının doğruluğuna, ədalətliliyinə inanmaya-inanmaya necə seçə bilərik ki?! İradəmizdən qıraqda seçirlər, seçdirirlər. Bizə danışmamaq, dinməmək, görməmək qalır. “Seçkiyə gəlmirsən gəlmə, ancaq danışıb aranı qatma da”. Bax, beləcə illərdir oyunun içində yaşayırıq…

Uşaqlıqda bir yerə yığılardıq, yarı bölünüb “gəlin, dava-dava oyunu oynayaq” deyərdik. Ağlımıza da gəlməzdi ki, oyunlar bizim xatirələrimizə çevrilməklə qurtarmayacaq, sonralar həyatımızın anlamına çevriləcək. Uşaqlıqda özümüz oynayırdıq, böyüyəndə özgələr bizi oynadır. Bu gün qurucu millət yerinə oynadılan millət durumunda yaşayırıq. Sabahın açılmasını gözləyirik, ömrün başa çatmasını izləyirik. Sabah istəyimizdən qıraqda açılır, ömür istəyimizdən qıraqda irəliləyir, daha doğrusu geriləyir. Səbəb nədir?! – Milli Qüvvə olmadıq, özümüzlə dalaşdıq, bölündük – kiçildik, satıldıq – tükəndik. Böyük Milli Hərəkat yerinə balaca-balaca partiyalara umsunduq. Milli qüruru mənəmlik heysiyyəti üstələdi.

İçimizdən çıxanlar öncə Talançıları söydülər, sonra bizdən ayrıldılar, Talançılara qoşuldular. Beləcə, dayanıqlığını itirənlər su kimi axıb Talançıların dəyirmanını işlətdilər. Millətin sərvəti, ləyaqəti bu dəyirmanlarda üyüdülüb mənimsənildi. Bizdən ayrılanlar mənimsəyənlərə yardımçı oldular, paylandılar (pay yiyəsi oldular). İndi onlar bizə ağıl öyrədirlər: seçkiyə qatılmaq gərəkdir deyirlər. Seçkiyə getmədən dəyşiklik əldə etmək mümkün deyil. Ən kiçik yeri mənimsəmək belə uğurdur.

Ancaq kəsdirə bilmirik ki, bu illər içində ən kiçik yerləri mənimsəyənlər millətə hansı uğuru gətiriblər?! – Özləri üçün uyğun yaşam ortamı əldə edənlər bunu millətin adına çıxırlar. Dağınıq bir qüvvə ayrı-ayrı adamları ilə yer qazanırlar. Talançıların yenidən, guya seçki ilə, kürsülərdə qalmasına görüntü yaradırlar…

Bəs bu çalışmanın adı nədir – mübarizədirmi, xəyanətdirmi? Özüüçünlük, hakimiyyətüçünlük – xalqüçünlük kimi qələmə verilir. Bu adamların içindən “millət vəkili” olan nəyə etki göstərə biləcək ki?! Bunun arxasında hansı birləşmiş qüvvə var?!

…Talançılara yardımçı olanlar öz əməllərinə haqq qazandırmaq üçün, köhnə yaraqdaşlarına böhtanlar yağdırırlar, Talançıların onları şantaj eləmələrinə yardımçı olurlar.

Çox əcayib çağda yaşayırıq. İndi döyüş meydanına çıxan hər kəs yörəsində özünü böhtandan, şantajdan qorumaq səngəri yaratmalıdır – ordan atılan daşdan qorun, burdan deyilən sözə cavab ver və b.k. Bəs döyüşü nə vaxt aparacaq?!

Özlərini qoruya bilməyənlər, dayanıqlığını itirənlər sınır, sındırılır, meydan döyüşsüz qalır, sərtliksiz, mərdliksiz qalır. Hakimiyyətin xalqa qarşı zor siyasəti xalqı qorumalı olanlara qarşı “orden, medal siyasəti” ilə birləşir. Xalqa arxa çevirənlər medallanır, ödüllənir, şöhrətlənir. Mübarizə millətin ləyaqəti uğrunda başlamışdı (ya da belə adlanmışdı), özünəyarar kiçikliyin qələbəsi ilə başa çatır. Yəni başlar ayaq olur, başqaları üçün yeriyir.

Pis duruma gəlib dayanmışıq. Yeni soylar özlərindən öncəkiləri örnək götürməməlidir. Yeni döyüş gərəkdir, yeni insan gərəkdir, yeni qələbə gərəkdir!

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

04 Ata Ayı, 37-ci il. Saray-Soylu.

(sentyabr, 2015.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir