Xəbərlər

Soylu Atalı. Sözü qorumaq gərəkdir

Ürəyinizdə Ata Günəşi olsun, sevimli amaldaşlarım. Mən bir çox yazılarımı sizə üz tutaraq yazıram. İndi də üzümü sizə tutaraq düşüncələrimi baxışlarınıza sunmaq istəyirəm.
Biz dönə-dönə yazmışıq, demişik, bəşər övladı özünün ruhani olanaqları ilə, mənəvi keyfiyyətləri ilə yaratmalı olduğu ancaq yaratmadığı bir gələcəyə sürüklənir. Onu bu gələcəyə siyasi doktrinalar çəkib aparır. Siyasi doktrinalar çoxyönlü ideolojiliklərlə çuğlaşmış bir durumdadır. Əslində dini dünyagörüşlər də siyasi doktrinaların dolaşıqlarından biridir. Nə yazıqlar ki, gələcəyi siyasət bəlirləyir, dünya düzənini siyasət yaradır. Əslində dünya düzənini İnsanilik yaratmalı idi, yaratmalıdır. Dünyanın düzənini siyasət oyuna çevirir, bəşəriyyəti zorən bu oyunlara ortaq edib oynadır. Deyə bilərsiniz, bunu yaradan da bəşər insanlarının özüdür. Olmayan, gözə görünməyən qüvvələr yaratmır ki. Doğrudur, bəşər övladı gələcəyi özü bəlirləyir, ancaq o yaşam ölçüsünü insanlığın tələbinə uyğun biçimləmir, içindəki heyvana boyun əyir. Ona görə də, gələcəyi içindəki İnsanilik olanaqlarına deyil, heyvanlığa bənzədir.
Bizim də özgün olduğumuz bu soyun (nəslin) insanları iki quruluşun – həm sosializmin, həm kapitalizmin ölçüsü ilə yaşayıbdır.  Belə götürəndə hər quruluşun özünəxas üstünlükləri, çatışmazlıqları var. Məsələn, sosializmin, adından göründüyü kimi, sosial üstünlükləri vardı. Bütöv olmasa da, demək olar ki, maddi bərabərlik ədaləti görmüşük. Yediyimiz qidalar sağlam idi, hər yerdə iş tapmaq olurdu. Ancaq söz azadlığı, düşüncə azadlığı bütövlükdə məhdudlaşdırılmışdı. Milli özünəxaslıq qəlibə salınmışdı. Onun doğal gəlişməsinin  qarşısı alınır, özünədönüş yasaq edilirdi. Milli özümləşməni dilə gətirmək cinayət sayılırdı. Düşünürəm ki, burada başqa detalları sadalamağa gərək  də yoxdur.
Kapitalizmin üstünlüklərini, çatışmazlıqlarını da tutuşduraraq dəyərləndirib sonuca varmaq olar. Kapitalizmdə söz azadlığı, düşüncə azadlığı var. İstədiyin məsələləri bəyənə bilər, istədiyin məsələlərə etiraz edə bilərsən. Yönətimi sən seçə, bəlirləyə bilərsən. Yönətimdəki çatışmazlıqları araşdırar, tənqid edər, önərilər (təkliflər) irəli sürə bilərsən. Yəni sən, insan olaraq dəyişiklik eləyə bilərsən, ortaya iradə qoya bilirsən. Ancaq bütün bunlar qanunla nəzərdə tutulub. Bütün hallarda dünyanın hər yerində gerçəkləşməsi olumsuz görünür.
Çatışmazlıqları daha amansızdır. Ən başlıcası yaşamın ölçüsü maddiyyatçılıqdır. Hər şeyi pul həll edir, bütünlüklə mənəvi keyfiyyətlər sıradan çıxarılır, maddiyyat uğrunda aparılan amansız mübarizə insanı heyvana endirir, dünyanın gedişi əyilir. İnam, etibar, ümüd, sədaqət kimi keyfiyyətlər lağlağı hədəfinə çevrilir. Yenə də çoxsaylı detalları sadalamadan bu Quruluşları ümumiləşdirməli olsaq, görərik ki, hər ikisi bütövlükdə insana qarşıdır. İnsanlığı ölçüyə çevirməyən, insanı var olmağa qoymayan Quruluşları doğru saya bilmirik. Hətta onların ayrı-ayrı üstünlüklərini belə alqışlaya bilmərik. Sosializm sanki heyvan bordayır. Maddi, sosial rifah versə də,insanın milli, insani kimliyini məhv edir. Kapitalizm insanlığı öldürüb insana azadlıq verir. İnsanlaşmayan, mənəvi keyfiyyətlərlə yaşamayan insana seçmək, yönətmək hüququ tanıyır, sözü tanımayan insana söz haqqı verir. Bir sözlə, insanın həyatını qaraldıb ona ağ günlər vəd edirlər. Baxın, hər kəs bu Quruluşların içində mübarizə aparır, hər kəs toplumu qınayır, suçlayır, söyür. Niyə ayağa durmursan, niyə birlik olmursan, niyə bizə dayaq durmursan deyirlər. Hər  kəs topluma özünü sırıyır. Özünün toplumdan üstün, ağıllı olduğunu göstərməyə çalışır. Heç kim sorunların üstünə əsaslı, köklü, ideyalı, mənəviyyatlı getmir, toplumu buna çağırmır. Hər kəs özünü tərbiyəli sayır, topluma mənim kimi tərbiyəli ol deyir. Məsələlərin üstünə köklü, ideyalı gedərsən, hoydu-hoyduya götürülərsən, dəli adlandırılarsan. Çünkü quruluşlar belə mübarizə tanımır. Sən zamanla ayaqlaşmalısan, yoxsa ayağını sındırarlar. Ən yaxşı halda, özünü mübariz sayanlar topluma qarşı çıxarlar. Özlərini  topluma qarşı qoymağı axına qarşı üzmək kimi göstərərlər. Ancaq özlərini zamana, Quruluşa qarşı qoymağı ağıllarına belə gətirməzlər. Əslində isə axına qarşı üzmək zamana, Quruluşa qarşı getməkdir.Çünkü yuxarıda vurğuladığımız kimi, bütün gözəlliklər, mənəvi keyfiyyətlər zamanın qaranlığında, Quruluşun tələblərində məhv edilir. Ən böyük sözlər məzhəkə anlayışlarına dönüşür. Əxlaqsızlıq, özbaşınalıq, cinayət, məsuliyyətsizlik fərdi xarakter daşımır, kütləvi hal alıb. Quruluş insana mənəviyyatlı olmaq öyrətmir, mənəviyyatlı görünməklə aldatmaq öyrədir. Açıq şəkildə böyük sözlərdən maska yaradıblar. Hər kəs bu maskanı taxmaqla başqalarının qarşısına çıxır. Ən sadə bir misal da göstərmək olar. Bu gün böyük alqı-satqı ünvanlarına (deyək ki, marketlərə) ən aşağı ödənişlə işə götürürlər. İşə götürdükləri adamlara ilk öyrətdikləri şey alıcının xətrinə dəyməməkdir. Alıcını xoş üzlə, xoş sözlə qarşılamağa əməl etməkdir. Üzdən baxanda düşünmək olar, burada pis şey yoxdur. Ancaq bu tələblər qazanc götürməyə hesablanıb. Alıcını küsdürüb başqa ünvanlara qovmamaq üçündür. Yarış (rəqabət) o qədər güclüdür ki, insanlar alış-veriş üçün ünvan seçməkdə çətinlik çəkmirlər. İşə götürülənin öz evində, küçədə özünü necə aparması, başqalarına qarşı necə davranması iş yiyəsinin vecinə də deyil. Doğrudur, belə götürəndə başqalarının tərbiyəsi ilə bağlı onlar öhdəlik də götürməyiblər. Burada söhbət böyük sözlərin kimlərinsə maddi qazancları üçün maskaya çevrilməsindən gedir. Düşünə bilərsiniz, adamlar xoş sözləri iş yerlərinin xatirinə desələr də, getdikcə vərdişə çevirib hər yerdə xoş sözlər deyə bilərlər. İşin elə ən pis cəhəti də odur. Gözəl sözləri vərdişə çevirənlər içdən dəyişmirlər, özlərini də, başqalarını da aldadırlar. Onlar sabah pis şeyləri də beləcə vərdişə çevirə bilirlər. Ona görə də fəzilətləri vərdişə deyil, ömrə çevirmək gərəkdir. Üzdə yaxşı davranıb içində cinayət gəzdirən nə qədər başıpozuqlar var. Vərdişdə sorumluluq (məsuliyyət) yoxdur. Sözü hara gəldi səpələmək olmaz. Deyilən sözün arxasında durmaq üçün sorumluluq gərəkdir. Sözün anlamını dərk eləmək gərəkdir. Vərdişdə ən böyük sözlər adiləşir, gözdən düşür. Məsələn, bu gün yaşlı adamlara üztutma (müraciət etmə) lağlağı etkisi bağışlayır. “Ağsaqqal, filan şey elədir, belədir “deyilişində “ağsaqqal” sözü urvatını itirir. Sanki “ayə, a gədə” kimi üz tutulur adama (müraciət olunur). Eləcə də müəllim sözü ilə üztutma.
Biri o birinə “a gözəl insan” deməklə gözəlliyi söydüyünün fərqinə varmır. Bildiyiniz kimi, bu söz də bu gün toplumda geniş vərdişə çevrilibdir. İlk baxışda bu cür sözlər dilə, qulağa yaxşı yatır. Qarşıdakı da özü haqqında belə sözlər eşitməkdən məmnun qalır. Ancaq getdikcə belə sözlər dillərdə, qulaqlarda adiləşir, dəyərini itirir. Çünkü bu sözlərin heç biri sorumluluqla deyilmir. Layiq olmadığı yerlərə atılan söz şoran torpağa atılan toxum kimidir. Mövlanə Rumi deyir: “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün”. Göründüyün kimi ola bilməmək – vərdişlərlə aldatmaq deməkdir.
Biz Mütləqə İnam Ocağının Evladları toplumdakı neqativ halları yaşamamaq üçün Asif Atanın əsas ideyalarından biri olan özüylədöyüş yolu keçirik. Bizim mübarizəyə başlamağımızın birinci koşulu (şərti) sözün sorumluluğunu (məsuliyyətini) dərk eləməyimizdir. Özüylədöyüş yolu keçməyən insanın toplumdakı neqativləri ələşdirməsi (tənqid etməsi) heç bir müsbət etki doğura bilməz. İçində şər daşıyıb toplumda şər axtarmaq yumşaq desək, özünü ağıllı saymaqdan başqa bir şey deyil. Bununla bağlı xalqımızın gözəl deyimi də var: “Öz gözündə tiri görməyən başqasının gözündə qıl axtarır”. Ona görə böyük sözləri gəlişi yaxşı söz kimi işlətmək olmaz. Bizim üçün bu deyilənlər Ocağımızın içində də keçərlidir, dışında da. Məsələn, deyək ki, Ocaqçı insanlarla görüş keçirir. Görüş keçirdiyi adamlara deyər, İnsanlaşın, dünyanın düzəlməsi bundan asılıdır.Bu çox böyük bir sorumluluqdur. Əgər Ocaqçı özü öz dediyinə yetməyibsə, onun bu çağırışı heç bir etki doğurmayacaq. Asif Atanın bu böyük sözü də getdikcə adiləşib ağız vərdişinə çevriləcəkdir. Eləcə də “Yükümüzdən böyük Fərəhimiz yoxdur” çağırışı. Bu sözü Asif Ata içində dağlar aşıb, maneələr keçəndən sonra işlədib. Əslində bu söz Peyğəmbər yükünü ifadə eləyən bir sözdür. Deyilişə vərdiş olunası söz deyil. Asif Ata böyük imtinalar yolu keçib özünü dünyanın gedişinə qarşı qoyaraq bu yüksək anlamlı sözü işlədir. Onun davamında yol gedənlərin bu sözü işlətməsi çox özəl məqamlarda yerinə düşə bilər. Deyək ki, Ocaqçı içində böyük bir maneə keçdi, çiyninə böyük bir yük götürdü, içində ağır bir həyat yükündən açıldı, sonra bu halını sözlə izhar elədi. Bu məqamda peyğəmbər yükünün harayı kimi yaranan o böyük sözü – Yükümüzdən böyük Fərəhimiz yoxdur – sözünü dilə gətirə bilər. Yoxsa bütün uca sözləri hər addımda vərdişə çevirmək onu adiləşdirməyə gətirib çıxara bilər. Biz bütün qutsal anlayışlarımızın sorumluluğunu dərk edib onların qutsallığını qorumalıyıq. “Yüz ölçüb bir biçmək kimi” uğurlu ata sözümüz var. Biz hər sözün mənasını özümüzə aydınlaşdırmağa borcluyuq. Bilirsiniz, Ocaqda özəl yasaq yoxdur, ruhani sorumluluq var. Mən də sizə ərk edib ruhani sorumluluğu xatırlatmağı özümə borc bilirəm. Biz Ocağa gələndə topluma ruhani öyrətmənlik edəcəyimizə söz vermişik. Ruhani öyrətmənlik ruhani sorumluluq tələbində baş tutar. Mən Soylu olaraq, bunları xatırlatmağa yükümlüyəm (mükəlləfəm). Sizə uğurlar, başarılar diləyirəm.
Atamız Var olsun!

2 Qar Ayı, 45-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir