Xəbərlər

Soylu Atalı. Sözü qoruyanları qorumaq gərək

(Rafiq Tağının ölümünün 10 illiyi ilə bağlı bir neçə söz)

Tarixin heç bir dönəmində yalançını öldürməklə Doğrunu doğrultmayıblar. Ancaq doğruçunu öldürməklə yalanı yaşatmağa çalışıblar. Doğruçuların yaşaması, doğruların var olması Doğruçuların özündən başqa heç kimə gərək olmayıb sanki. Ancaq hər kəs hər kəsdən doğruçuluq umur. Üzdə hamı doğruya ehtiyacın olduğunu desə də, Doğruçunu hər kəs sevə bilmir, qoruya bilmir. Çünkü hər kəs ömrü ilə, davranışı ilə Doğruçuya qoşula, Doğruçuluğu yaşada bilmir. Ancaq ədalət, bərabərlik, humanizm Doğuçuların əməlində, əməyində ictimai ölçüyə çevrilə bilər.

Buna görə Doğruluğun yaşaması, Doğruçuların çoxalması yalan üzərində qurulan ictimai quruluşa, toplumu yalanla yönətən hakimiyyətə qorxu yaradır. Doğruçuluğu düşüncələrdən uzaqlaşdırmaq üçün Doğruların həyatına qıyırlar. Dediyimiz kimi, bu zaman Doğruları qoruyan tapılmır, çünkü hərə bir cür yalana bağlı yaşayır.
Çağımızın cəsarətli, sözü Doğruluqdan başlayan, toplumsal, siyasi yalanların üzünə işıq tutan Rafiq Tağı təklənən, qoruna bilməyən Doğruçulardandır. Bu günlərdə onun ölümünün, daha doğrusu, öldürülməsinin üstündən 10 il  keçir. Hər il bir qom – iki əlin barmaqları sayda adamlar bir araya gəlir, qəbrini ziyarət edib xatirəsinə sayğı ifadə eləyən söz deyirlər. Söz yox, bundan başqa onlar heç nə eləyə də bilməzlər. Çünkü toplum mədəniyyət daşıyıcılarını tanımır, tanımağa macal tapmır. Yönətimdə tüğyan eləyən, anarxiya, qanunsuzluq, özbaşınalıqlar toplumu yaşamaq sorunları ilə üz-üzə qoyub. Genelmilli məsələlərə dayanan düşüncə birliyi yoxdur. Siyasi rejimlə toplumun böyük bir kəsiminin Rafiq Tağıya münasibəti üst-üstə düşür. Çünkü Rafiq Tağıların açıqsözlülüyü siyasi yönətimin bir sıra yalanlarına əngəl olduğu kimi, toplumun İranyönümlü kəsiminin yalanlarına da əngəl olur. Bir az da qabarıq desək, bütövlükdə dini düşüncə daşıyıcılarının Rafiq Tağı kimi düşünər aydınlara münasibətləri nifrətdən qaynaqlanır. Ona görədir, Rafiq Tağını öldürən də, öldürmək buyruğu verən də ortaya çıxarılmır, gizli tutulur. Nə qədər ki, bu cür cinayət məsələlərində həqiqət bilinmir, ədalət yerini tapmır, toplumun yaşamında heç bir məsələ ədalətli çözümünü tapmayacaq. Haqsızlığın, sosial ədalətsizliyin özülü – bu haqsızlığa, ədalətsizliyə qarşı dirənənlərin ölümündən oluşur. Söz adamlarını öldürmək – toplumun həyatında mənəvi, mədəni, sosial uçurumlar yaratmaqdır. Söz adamlarını öldürmək – xalqın faciələrini yeniləməkdir. Ona görə də sosial ədalətsizliyə qarşı mübarizə həqiqət uğrunda mübarizə səviyyəsinə yüksəlməlidir.
Rafiq Tağıya ayıq münasibət sərgiləyənlərə sayğılarımla!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

20 Yağış Ayı, 43-cü il. Atakənd.
(noyabr, 2021. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir