Biz necə yaşayırıq, ya da biz hara gəlib çıxmışıq?! Bu suala cavab versək, sanki hər şeyin təbii axarla inkişafda olduğunu, inkişafla bərabər hansısa çatışmazlıqların da qaçılmaz olaraq yaşandığını dilə gətirməliyik. Baxın, öncəki yüzillərin birini özündən sonrakı ilə tutuşduranda, insanların ağlına gələn ilk düşüncə bu ola bilər: bəşəriyyət böyük gəlişmə (tərəqqi) yolu keçib. Hər halda insanlar arasında təbəqələşmə açıq gözə dəymir, varı, pulu çox olanların belə, qanunla başqası üzərində ağalıq, yiyəlik üstünlüyü mövcud deyil. Üzdən baxanda istənilən adam, öz zəhməti ilə başqasının köləsi olmadan yaşaya bilir. Mədəniyyətin bütün sahələrdə öyrədici (maarifləndirici) keyfiyyətləri özünü göstərir. Hər kəs, maddi-sosial imkanlarının üstün, ya da əksik olmasından asılı olmayaraq, təhsil alır, elmə yiyələnə bilir, hər cür bilik qazanaraq, öz bacarıqlarını, həm özünün, həm də başqalarının xeyiri üçün, işlədə bilir. Kitab, qəzet, kino, teatr, musiqi, idman, əyləncəli incəsənət növləri insanlığın gəlişməsində, şüurun yeni ideyalara yüksəlməsində özəl bir etkiyə, çəkiyə varıb. Harda, hansı ailədə doğulub böyüməsindən asılı olmayaraq, hər kəs ən yüksək görəvlərdə yer tutur, ən yüksək rütbələr əldə edir. Bir sözlə, həyatını necə qurmaq insanın öz ixtiyarına buraxılıb. Hər şey hər kəs üçün əlçatan olub. Bütün bu deyilənlər insanın təkcə mədəni siyasi həyatında deyil, ruhi-mənəvi varlığında da özünü göstərib. Söz azadlığı, vicdan azadlığı, seçim azadlığı yaradılıb, tanınıb. İnsan istədiyi dini dünyagörüşü seçə bilər, sevgisini istədiyi şəxsə, ideyaya, quruma, quruluşa yönəldə, bağlaya bilər. İstədiyini təqdir eləməkdə, tənqid eləməkdə sərbəstdir, buna görə heç bir məsuliyyətə cəlb olunmur, heç kimin qarşısında öhdəlik götürüb hesab vermir… Bütün bunlar belədirsə, bəs biz nədən rahatsızıq, nəyi sinirə bilmirik, nəyi doğru saymırıq?! – Gedişdən rahatsız olan insanlar ilk baxışda, bütün bu deyilənlərin yalnız sözdə olduğunu, əməl olaraq gerçəkləşmədiyini bildirirlər. Bir bölüm insanlar isə ayrı şey düşünürlər. Onların düşüncəsinə görə gedişdən razı olmayanlar – tənbəl, bacarıqsız, dedi-qodu yaratmağa meyilli olan, araqarışdıran, asan qazanc götürmək istəyən, həşir yaratmaqla özlərinə üstünlüklər yaratmağa çalışan adamlardır. Bəs görəsən, doğrudanmı məsələ “pişiyin əli ətə çatmır” deyimində olduğu kimidir?! Məncə, Nitşenin “üstün (fövqəl) insan” ideyası da topluma belə yanaşmadan oluşub. Yəni zəif, tənbəl, bacarıqsız insanlar sıradan çıxmalı, yalnız güclü insanlar qalmalıdır. Bir az da açıq deyilsə, zəif, tənbəl, bacarıqsız insanlar yaşamaq haqqını itirmiş insanlardır. Bu gün siyasi dünyanın gedişi, açıq elan etməsə də, bu deyilən məntiqlə irəliləyir. Quruluşun mahiyyəti bu deyilənləri doğruldur. Pulçuluq – zor yaradır, zor tələb edir. İstənilsə də, istənilməsə də, pulçuluq zoru insanları kateqoriyalara bölür. Bu kateqoriyalar arasında gözə görünməyən mübarizə gedir. Bu mübarizə insanların bir-birinə qarşı fiziki mübarizəsi deyil, yəni silahlı qarşıdurma yoxdur. Ancaq “yer” uğrunda mübarizədir. Ölçü “bacarana baş qurban” deyimidir. Pulçuluğun yanaşması ilə desək, zəif, tənbəl, bacarıqsız sayılan ikinci sort, ya da ikinci kateqoriya insanların çabaları elə pulçuluğun məntiqini doğruldur. Çünkü onlar Pulçuluğa qarşı, başqa cür desək, onları əzən Pulçulara qarşı mübarizə aparmırlar, Pulçuluq uğrunda, yəni birinci kateqoriyanın insanı olmaq uğrunda mübarizə aparırlar. Bnunla belə, bu mübarizə gedişində çox az adam birinci kateqoriya ortamına girə bilir…
Təsvir elədiyimiz bu mənzərə heyvanat yaşamının tələbidir, nizamıdır. Doğada heyvanların yaşam sürəcinin bu cür olması doğaldır, belə də olmalıdır. Güclü heyvan zəif heyvanı yeyir, mövcudluğunu bu cür sürdürür. Ancaq insanın belə bir yaşam biçimi seçməsi fəlakətdir. Heyvanın zəif-güclü olması doğadan gəlir. Yəni heyvanın mahiyyətində bu var. Ancaq insanın zəif-güclü olması mahiyyətində deyil, xarakterində oluşdurulur. İnsanların xarakterlərindəki fərq sonradan qazanılır. İşin ən pis cəhəti odur ki, insanlar arasında ayrı-seçkilik fərqi yaradan keyfiyyət kimi elm, bilik, savad rol oynayır. Baxmayaraq ki, elm, bilik, savad üstünlüyü zahiri üstünlükdür, bu keyfiyyətlər insanlığın yaşamasına, təsdiqinə yönəlməliydi, tərsinə olur. Bu üstünlük mərifəti, qanacağı, mərhəməti, fədakarlığı, insansevərliyi qırağa itələyəndə heyvanlığın – insanların yaşamına, münasibətinə yeriməsinə yol açır. Bütün insanlarda elm, bilik, savad olmaya bilər, ancaq bütün insanlarda insanlığın əlamətləri var. Elmə, biliyə yiyələnə bilməyənlər İnsanlığın təbii, ilkin tələblərini yaşada bilirlər. Ancaq elə ki, elm, bilik, savad üstünlüyünə yetənlər yerdə qalan insanların haqqını mənimsəməyə, onların normal yaşam prinsiplərini pozmağa başlayırlar, o zaman qarşılıqlı münasibətlərin normallığına, insaniliyinə də zərər gətirirlər. Yəni heyvani ortam yaratmaqla hər kəsi bu ortamda döyüşməyə zorlayırlar. Nitşe kimi düşüncə adamları da belə bir durumu durumun öz prinsipləri ilə dəyərləndirirlər. Yəni onlara görə indiki durum bu cür davam edir (özü də min illərdir), demək, başqa yol qalmır – zəiflər, tənbəllər, bacarıqsızlar sıradan çıxmalıdırlar. Axı bununla məsələ yoluna qoyulmaz. İnsanı heyvanla qarışdırıb, ya da eyniləşdirib, hər şeyi təbiətin ixtiyarına buraxsan, yəni bioloji gedişi (bir az da sərt desək, vəhşi təbiəti) ölçü götürsən, Təbiət də dağılar, həyat da.
Xristianlıqda belə bir məntiq var: gec-tez qiyamət olacaq, bütün insanlar məhv ediləcək, yalnız əməli salehlər qalacaq. Sonra onlardan yeni bəşər yaranacaq… Unutmaq olmaz ki, heç kim anadan kamil doğulmur. Heç bir qarantiya da yoxdur ki, əməli saleh adamlardan doğub törəyənlərin hamısı əməli saleh olacaq. Əslində Nitşenin “üstün insan” ideyası da bu məntiqə bənzəyir. Yalnız güclülərin yaşamağa haqqı var deməklə yetərlənsən, bilməlisən ki, bütün “güclülər” güclü insanlar doğmayacaq, belə bir məntiq yoxdur ki, güclüdən güclü, zəifdən zəif doğulacaq. Ona görə də, həyatda nizam yaratmaq üçün xülyalardan həqiqət quraşdırmaq yox, İnsanlığı yaşamın ölçüsünə çevirmək gərəkdir. Yenə də Asif Atanın dediyinə dayanırıq: “Bəşərin qurtuluşu İnsanlaşmaqdadır, İnsanlaşın – İnsanlaşdırın!”.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
İşıq Ayı, 42-ci il.
(may, 2020).