Xəbərlər

Soylu Atalı Tarixi faktları Dəyərləndirmək gərəkdir

Bu gün Azərbaycan, çevrəsində gedən, eləcə də içində qaynayan olaylarla bağlı olduqca kövrək dönəmini yaşayır. Güney Qafqaz çıxarların toqquşduğu aktiv bölgələrdən biri olduğu üçün siyasi durum daha geniş dramatik xarakter alıb. Azərbaycan dövləti özünün siyasi varlığını bəlirləməyə çalışdıqca, onun çevrəsində siyasi dramatizm daha da dərinləşməyə meyil edir. Sovetlər dağılandan sonra bu cür gedişlərin ortaya çıxması gözlənilən idi. Ancaq bu dərəcədə deyil.
Bəlli ki, sovetlərin dağılmasından sonra Sovetlər Birliyini oluşduran ölkələrin həyatında, hər sahədə, qorxunc boşluqlar yarandı. Bu boşluqları doldurmaq üçün həm zaman gərək idi, həm də uluslararası yardımlar. Yardımlar bir yana qalsın, sovetlərin əsas varisi olan Rusiya ondan qopan ölkələrin quruculuq işlərinə hər cür əngəllər törətməyə başladı. Bir sıra bölgələrdə problemlər yaradıb qırğınlar törətdi. Bunların da içərisində ən çox zədələnən Azərbaycan oldu. Söz yox, burada 30 illik tarixdə olmuşları xronoloji olaraq sadalamayacağıq. Ancaq yanlışlardan hər kəsin, başlıca olaraq dövləti yönətənlərin dərs götürməsi gərəkdir. Ona görə də qərəzsiz düşüncə adamlarının, analitiklərin araşdırmaları, analizləri çağaşırı gündəmə gətirilməlidir. Bu açıdan biz də, öz bacardıqlarımızı vurğulamağı, dilə gətirməyi gərəkli sayırıq. Dedik ki, sovetlərin dağılmasından sonra bu adı oluşduran ölkələr kəskin boşluq içinə düşdülər. Başqa ölkələr hansı addımları atdılar, hansı aşamaları keçdilər, onlarla işimiz yox. Bizi Azərbaycanın 30 ildə yaşadığı ağrılar, acılar qayğılandırır.
Azərbaycan dövləti nələr edə bilərdi?! Biz bölünmüş, parçalanmış xalqıq. İki yerə bölünməklə iş başa çatmadı, bir parçamızı yenidən bölməkdə davam elədilər. Sovetlər vətənimizdən Ermənistan yaratdı, zaman-zaman torpaqlarımızdan qopardıb ona birləşdirdi. Dağıldığında da Qarabağ sorunu yaratdı. Torpaq itkilərimiz davam elədi. Bəlkə də dövlətçiliyimizə biryolluq sonqoyma qərarı verilib. Dövlətimizin başına gələnlər bunları düşünməli, davamlı tədbirlər görməli, planlar hazırlamalı idi. Ancaq bunlar yiyəsiz xəzinənin üstünə cumdular. Dövləti özlərinin məişət istehsalçısına çevirdilər. Talançılıq baş alıb getdi. Nə qədər bacarıqlı, işgüzar adamlar ölkədən qovuldu. İşsizlər, aclar, dövlətdən narazılar ordusu yarandı. Azərbaycanın içi Rusiya üçün, eləcə də İran mollaları üçün əlverişli bir ortama dönüşdü. Rusiyanın 5-ci kolonu, İranın dindar kolonu formalaşdı. İş tapa bilməyən, ailə qura bilməyən evsiz-eşiksiz gənclər ordusu yarandı, ehtiyac ucundan asanlıqla onun-bunun toruna-torbasına düşdü. Narkotika qullanıcılarının sayı getdikcə artıb qorxunc düzəyə çatdı. Bu gün biz 30 ildə gedən bu proseslərin acı gedişini yaşamaqdayıq. Deməli, bir yanda bu saydıqlarımız, bir yanda da ölkənin maddi olanaqlarını talayanlar, bunun fonunda erməni də  işğal elədiyi Azərbaycan torpaqlarında ikinci bir dövlət qurub yeraltı, yerüstü sərvətlərimizi talamaqla uğraşdı. Azərbaycan hakimiyyəti şüarlarla, yararsız bəyanatlarla 30 ili boşluğa ötürdü. Hər dəfə danışıqlara çağrılıb qayıdanda proseslərin Azərbaycanın xeyrinə getdiyi təbliğ olundu. Ortada isə statuskvodan başqa heç nə yox idi.
Deyə bilərlər, bu proselər artıq arxada qaldı, Azərbaycan torpaqlarını işğaldan azad edib, erməniyə qalib gəlib, indi diktə eləyən tərəfdir. Ancaq tərsinə, proseslər heç də arxada qalmayıb, hələ qabaqdadır. Biz ordumuzun ləyaqətini gördük. Çətinlikləri də dərk edirik. Ancaq bunlar gerçəkliyi dəyişmir. Erməni Azərbaycan torpaqlarında yaratdığı dövlətini (qondarma saysaq da) hələ də sürdürür. Ən başlıcası, 30 ildə Azərbaycanda ordu yerləşdirməyə çalışan Rusiya istəklərini gerçəkləşdirdi. Adını sülhməramlı qoyub torpaqlarımızı erməniyə verməyə çalışır. Bu “sülhramlı”nın gözü qabağında hər gün şəhidlər qarşılayırıq. Dindirsən deyər ki, mənim durduğum yerdə, yəni Qarabağın Dağlıq bölgəsində atışma olmur, Azərbaycan-Ermənistan sınırlarında olur, erməni əsgərləri də ölür. Əslində isə Rusiya orada olmasaydı, bu dönəmdə ermənilər cəsarət edib çağaşırı atışmalara getməzdilər…
Bu gün bizdə təbliğat gedir ki, 2025-ci ildə Rusiya Azərbaycandan çıxacaq. Əgər çıxacaqsa nədən ordusunun, texnikasının sayını gündən-günə artırır. Vardanyanın Azərbaycanda nə işi var?!  O, kimə, nəyə güvənib Qarabağa gəlir, separatçı dövlətin baş naziri olur?! Ruben Vardanyan hara vətəndaşıdır?! – Rusiyanın deyil, Azərbaycanın da deyil. Bəs “sülhməramlı” Rusiyadan niyə hesabat soruşulmur?! Kor-kor, gör-gör. Rusiya seperatçı rejimi qoruyur, özü də deyir, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bəs Türkiyə niyə işə qarışmır, bəs birgə Monitorinq niyə səsini çıxartmır, ortaya faktlar qoymur. Birgə Monitorinqdə oturan Türkiyəli qardaşlarımız Rusiyanın seperatizmi qızışdırdığını, ordusunun Qarabağda sayını artırdığını görmürmü?! Boşuna təbliğat aparmaqla deyil ki, Rusiya çökür, dağılacaq, uduzacaq… Bu gün üçün ortada olan faktlar ayrı şey deyir.
Rusiya hər yola əl atacaq ki, Azərbaycandan çıxmasın. Münasibətlər gərginləşərsə zora əl atacaq. Onsuz da Rusiyanın zordan başqa etki göstərmək olanaqları yoxdur. Erməninin hədəfi torpaq qoparmaqdır, dış güclər onu  buna görə qoruyurlar. Erməni torpaq iddiasında olmasa mövcud ola bilməz. Ermənistanı yaradanlar onun qarşısında bu tələbi qoyublar. Daim Türkün başını qatmaq, toparlanmasına əngəl olmaq. Erməni bu tələbi yerinə yetirməlidir, dediyimiz kimi, bunsuz onun mövcudluğu sürdürülə bilməz. Çünkü bir gün zəbt elədikləri də geri alına bilər. Bu üzdən də daim aranı qatacaq – “qara məni basınca” prinsipi ilə. Ona görə deyirik, Qafqazda erməni qaldıqca əmin-amanlıq olmayacaq. Məsələnin məntiqini ciddiyə alan hər kəs bunun belə olduğunu dərk edəcək. Biz sadəcə milli hisslərimizdən, istəklərimizdən çıxış etmirik. Bir daha vurğulayırıq, ermənini bu bölgəyə gətirənlər əmin-amanlıq yaranmasın deyə gətiriblər. Azərbaycan parçalanmış durumda varlığını sürdürə bilməyəcək, o mütləq tarixi haqqını bərpa etməlidir. Azərbaycanın böyümək, genişlənmək imkanı var. Siyasi bərpası baş tutandan sonra onun, eləcə də Türkiyənin ayaqları altında araqarışdıran erməni dövlətinin mövcudluğu da başa çatacaq. Bunu öz millətini sevən bir türkün emosiyanal  durumu demir, tarixin, zamanın, gedişin tələbi, məntiqi deyir. Bölgədə çıxarları olan dış güclərin davranışları da bunu təsdiqləyir.
30 ildə ATƏT-in “Minsk Qrupu”nun çalışmaları ermənini daim tətikdə saxlayıb. İndi də Rusiyanın bir şey deməsi, Batının başqa şey deməsi heç də məsələnin ədalətli həllinə görə deyil. Hər biri öz nəzarətində Azərbaycanla Erməni münasibətlərinin gərgin qalmasını istəyir. Əgər Azərbaycan birləşsə (gec ya tez birləşməlidir də) Rusiya ilə Batı Azərbaycana qarşı birgə davranacaqdır.
Öncələr də yazmışıq, Rusiya özünü sınırlarından uzaq bölgələrdə qorumağa çalışır. Bugünkü gerçəklik fakt olsa da, mahiyyətcə Rusiyanın özü yoxdur. Rusiyanın özü olmadığı üçün hər yerdə, özəllikcə türklərin çevrəsində problemlər yaradır. Rusiyanın gerçək mövcudluq faktı problemlərə bağlıdır. Problemlər ortadan qalxsa, Rusiya bir dövlət olaraq ortadan qalxa bilər. Onun torpaqları ən çox türklərin torpaqlarıdır, içi də, demək olar, türklərdən oluşub. Ermənini qorumaq da Rusiyanın özünü qorumaq çabalarıdır. Sabit dövləti olmayanın sabit qonşuluq davranışı ola bilməz. Bu məntiq erməni üçün daha çox keçərlidir.
Düşünürük ki, istər Azərbaycan, istərsə də Türkiyə bütün bu faktorları gözə almaqla birgə strategiya qurmalıdırlar. Tarixi şansları, gerçəklikləri taktiki gəlişmələr üzərində təhlil edib dəyərləndirmək daha ciddi sorunlara yol aça bilər. Qlobal hədəflərə yalnız taktiki gəzişmələrlə yetmək olumsuzdur.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

04-05 Yağış Ayı, 44-cü il.  Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir