Xəbərlər

Soylu Atalı. “Turan qurulur”, yoxsa yanlışları anlamaq istəmirlər

Bu gün ən çox dartışılan qonu “Türk Dövlətləri Təşkilatı”nın 4 üzvünün Yunanıstanın qurduğu “Kıprıs Respublikası”nı tanımalarıdır. Ortada ilginc fakt var, bu fakt bəlkə də son dönəmin ən böyük xəyanətlərindən biridir. Eldə məsəl var,  –  “bəy dediyin harda, bəyənmədiyin harda”.  Əgər Türkiyəni işğalçı olaraq tanıyacaqdınızsa, nədən “TDT” (Türk Dövlətləri Təşkilatı) yaradırdınız?! Kim(lər)i aldadırdınız, niyə aldadırdınız?! – İlginc olan odur ki, heç kim (daha doğrusu, Türklüyün fəlakətini gözardına atanlar) olayların gəlişmə ardıcıllığına diqqət yetirmir.
Sovetlər dağılandan sonra Azərbaycanda hakimiyyətə gəlmiş H.Əliyev dövlətin anayasasında türk kimliyinin yazılmasını yasaq elədi. Adını qoydular ki, Azərbaycandakı etnik toplumları hürkütmək, küsdürmək olmaz. Həmin illərdə (1994-cü ildə) Türkiyə siyasətində Ərdoğan aktiv rol aldı. 2001-ci ildə “Ədalət və İnkişaf Partiyası” (AKP)-nı qurdu. 2002-ci ildə Böyük Millət Məclisində bu partiya uduş əldə elədi. 2003-cü ildə İstanbul Böyükşəhər Bələdiyyə başqanlığından Başbaxanlığa (baş nazir) gətirildi. Gəldiyi andan Ərəbləşmə (mollaçılıq rejimi) kursu götürüb Atatürkə, türklüyə qarşı addımlara (həmlələrə) başladı. İstəyinin yeni Osmanlı yaratmaq olduğunu açıq kontekstdə təbliğ etdirməyə başladı. Onun bu oyunlarına inananlar (özlərini Türkçü – Millətçi sayanlar) Ərdoğanı geneltürk öndəri, qəhrəmanı elan elədilər. Bu təbliğatı həm Türkiyədə, həm də Azərbaycanda genişləndirməyə başladılar.
3 oktyabr, 2009-cu ildə Naxçıvanda Türk dövlətlərinin rəsmiləri bir araya gəlib “Türk Dövlətləri Əməkdaşlıq Şurası” yaratdılar. Bu addım toy-bayrama çevrildi, təbliğat daha da gücləndirildi. Hər yerdə bar-bar bağırdılar ki, “Turan” qurulur. Bunun Türklüyün oyanışına qarşı bir komplo olduğunu anlayıb dilə gətirənləri isə antitürklükdə suçlayıb yamanlamağa başladılar. Birinci Dünya savaşından sonra  “Sevr anlaşması”nda balaca bir Osmanlı xilafəti nəzərdə tutulurdu. İndi Ərdoğanın toplumu həmin Osmanlıya tamahlandırması hansı anlama gəlir, anlamadılar.
1920-ci ildə Fransanın Sevr şəhərində bağlaşmaya Sultan Vəhdəddinin göndərdiyi rəsmilər qol çəkmişdilər. Ancaq o dönəmdə artıq Türkiyə Böyük Millət Məclisi yaranmışdı. Başqanı Atatürk idi. Onun siyasi inadı, iradəsi ilə “Sevr anlaşması” qəbul edilmədi. 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Cümhuriyyətinin indiki sınırları ilə  uluslararası düzeydə  tanınması baş tutdu. Bununla təkcə Türkiyə deyil, bütövlükdə Türklük fəlakətdən qurtuldu. “Sevr anlaşması”na görə Güney anadoluda kürd dövləti, Orta Anadoluda erməni dövləti yaranacaqdı. Sonrakı dönəmdə isə Quzey Azərbaycan da bu dövlətin içinə alınacaqdı. Bu qonunu genişləndirmədən indiki gedişin üzərinə qayıdaq.
  Dərindən baxsaq görərik, bu gün Ərdoğan Türkiyənin sınırlarını aşağı-yuxarı “Sevr anlaşma”sında  nəzərdə tutulan düzeydə Osmanlı sevdasına düşüb.
 Bəlkə də kimlər üçünsə bu ifadə aşırı sərt görünər, ancaq bilmək gərəkdir: “Böyük Orta Doğu Projesi”ndə Türkiyənin yaxın çevrəsindəki dövlətləri öz yönətimi altına almasına icazə verən bir plan ortada yoxdur. Dünyanı yönətən güclərin belə bir istəkdə olmaları ağlasığan da deyil. Tərsinə, “Böyük Orta Doğu Projesi”nə görə dünya gücləri Orta Doğu dövlətlərinin qarşıqlığa salınıb parçalanmasını, sonra isə Türkiyənin parçalanmasını gerçəkləşdirən addımlar atmaqdadırlar. Ərdoğan da özünü “BOP” eşbaşqanı sayır. Təkcə saymır, belə bir öhdəliyi üzərinə götürübdür.
Öncəki olayları təkrar yazmayaq, ancaq bəzi məqamları xatırlatmağımız gərəkdir. Suriyanı parçalamaq üçün savaş başlatdılar. Ərdoğan milyonlarla suriyalını Türkiyəyə yerləşdirdi. Türkiyədə bahalaşma, aclıq kritik həddə çatdı.
 Suriyada Əsəd rejimini devirdilər, yerinə terrorçu kimi yetişən Əhməd əl-Şaraanı hakimiyyətə gətirdilər. Terrordan uzun illərdir əziyyət çəkən Türkiyənin dövlət başçısı Suriyada terrorbaşına hər cür yardım edir. Ancaq bununla belə, suriyalıları Suriyaya qaytarmaq haqqında düşünmür, tərsinə, suriyalılara Türkiyə vətəndaşlığı verir. İsrail Colan təpələrini ələ keçirdi, Ərdoğan dinmədi. Suriyada Türkiyə üslərini vurur, Ərdoğanın Dış İşlər Baxanı deyir, biz İsraillə savaşa girə bilmərik. Ancaq Ərdoğan fələstinlilərə, eləcə də Türkiyə toplumuna dönə-dönə saqqız atır ki: “Bir gün ansızın girəcik, gələcik”…
Görünən odur ki, Ərdoğan Türkiyəni suriyalılara verir, Suriyanı İsrail üçün boşaldır. Ancaq bağırtılar deyir, Ərdoğan bölgə lideridir. Baxın, bu boyda fəlakətləri nə ilə ört-basdır edirlər, –  Ərdoğan dron istehsalı ilə Türkiyəni dünya birinciliyinə çıxarıb.
 Bütün bu gedişlərin üzərinə çəkilən pərdələrdən biri də, yuxarıda vurğuladığımız kimi, “Turan qurulur” yalanıdır. 2021-ci ildə “Türk Dövlətləri Əməkdaşlıq Şurası”nı  “Türk Dövlətləri Təşkilatı” ilə əvəz elədilər. Bu təşkilatın başlıca hədəfi kimi iqtisadi, siyasi, hərbi birliyin gəlişdirilməsi ilə yeni dünya düzənində əsas güclərdən birinə çevrilməsi təbliğ olunurdu. Ancaq ilişkilər, demək olar, toplumun mədəni bağlılıqlarının formalaşmasından yüksəyə qalxmır. Sonuc göz qabağındadır: BMT TŞ-nin 541, 550 saylı qərarına dayanaraq 4 Türk dövləti – Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan – Yunanstan dövlətinin əlavəsi olan “Kıprıs Respublikası”nı rəsmən tanıdı. Bununla da Türkiyə dövlətini işğalçı kimi qəbul etmiş oldu.
Tarixdən bəllidir, Osmanlı imperiyası 1571-ci ildə Kipr adasını fəth etmişdir. Ada 310 ilə yaxın Osmanlının yönətimində olmuşdur. 19-cu yüzilin axırlarına doğru Çar Rusiyasının təhdidlərinə qarşı İngiltərənin yardımını almaq istəyiylə Osmanlı adanı İngiltərəyə vermişdir. 1914-cü ildə İngiltərə adanı özünə birləşdirmişdir. 1923-cü ildə “Lozan andlaşması”na görə Türkiyə adanın İngiltərəyə birləşməsini (ilhaq edilməsini) tanıdı. 1960-cı illərdə Kıbrıs Respublikası yaradıldı. Adada türk toplumunu sıxışdırmağa başladılar. 1963-cü ildə Rumların anayasada dəyişiklik etmələri ilə türklər hökumətdən  uzaqlaşdırıldılar. Bundan sonra adada ciddi qarşıdurmalar yarandı. Qarşıdurmalar “Zəmanət bağlaşması” ilə tənzimləndi. Ancaq 1974-cü ildə Yunanıstanda hərbi çevriliş oldu. Kıbrısı Yunanstana birləşdirmək çabalarına görə yeni gərginliklər yaşandı. Türkiyə “Zəmanət bağlaşması”na dayanaraq adaya hərbi qüvvə yeritdi. Toqquşma sonucunda bir neçə Türkiyə əsgəri şəhid oldu. Bu toqquşmadan sonra ada iki yerə bölündü  –  Quzeydə türklər, Güneydə rumlar olmaqla. O çağdan güneydə “Kıprıs Respublikası”nı bir çox Avropa dövlətləri tanıdı. 1983-cü ildə yaradılan “Quzey Kıprıs Türk Cümhuriyyəti”ni isə Türkiyədən başqa heç kim tanımadı.
  Baxın, “Turan qurulur” bağırtılarının fonunda  “TDT”-nin üzvləri KKTC-ni tanımaq yerinə KR-nı tanıdılar. Ancaq buna da don geyindirmək üçün komplo təbliğatlar qurulur. Sən demə, TDT-nın üzvləri dərin siyasət işlədirlərmiş, Avropa Birliyini aldadaraq ondan pul qoparırlar, sonra başqa addımlar atacaqlar. Yəni AB-nin pulları ilə “Turan”ın yollarını genişləndirəcəklər. AB necə də “axmaq” imiş, bu dövlətlərin avtoritar rejimlərinin oyununa gəlib boşuna 12 milyard evro pulu boşuna verirmiş. Ərdoğan da Orta Doğuda dünya güclərini “aldadaraq” “Turan” qururmuş,  Orta Asiya avtoritarları da “Kıprıs Respublikası”nı tanımaqla “Turan”ı gerçəkləşdirməyə çalışırlarmış…
  Ayılın soydaşlar, ayılın! “Turan” –  bir yanda ərəbçilik şüurunu genişləndirməklə, o biri yanda yalançı “avrointeqrasiya” ilə, bizdə də Rusiya imperiyasının buyruğunda durmaqla yaranmaz. Gerçəkçi, sağlam türk şüurunun  gəlişməsi, Türk Birliyinin formalaşması ilə yarana bilər. Türk olmayanların, eləcə də Özgəçiliyin buyruğunda duranların “Turan” quracağına özünüzü inandırmağa çalışmayın. “Siyasət qurbanlar istəyir, zaman tələb eləyir” deməklə özünüzü aldatmayın. Fəlakətlərin ard-arda düzülməsi – məqsədyönlü yanlışların, xəyanətlərin sonucudur. Özüldə antitürk ideyalar, ideologiyalar, layihələr oturub. Bütün əməllər bu layihələrə bağlı biçimlənir, gerçəkləşir…

Yükümüzdən Böyük  Fərəhimiz yoxdur!
Atamız Var olsun!

20 Çiçək Ayı, 47-ci il.
(20 aprel,2025)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir