Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün biz, bir xalq olaraq, mənəvi geriləmə dönəmini yaşayırıq. Bunun ayrı-ayrı nədənləri var. Bu nədənləri aydınlaşdırmaqdan öncə xalqın tarixən formalaşması şərtlərinə qısaca baxış sərgiləməyimiz gərəkir. Söz yox, baxışlarınızı sivilizasiyaların başlanğıcına çəkib qonunu uzatmaq düşüncəsində deyilik. Bu bir ilkin (ibtidai) sərgiləmədir. Sonrakı aşamalarda deyəcəyimizi anlamağımız üçün epizodik bir başlanğıc kimi qəbul edək.
Hər bir toplumun formalaşması, başlıca olaraq, iki aşamada özünü göstərir. Birinci, mövcudluğu sürdürmək üçün oturaq duruma keçmək – birgə əmək, birgə məskunlaşma (kənd, şəhər salmaq), birgə qorunmaq. Burada hər kəsə düşən pay bölgüsünü nizamlamaq üçün hüquqi baza yaratmaq, sosiallaşmanı qanunlar biçimində yoluna qoymaq i.a. Bu işlər ortaq dil araçılığı ilə gerçəkləşir. Sonucda ortaq mədəniyyət faktoru ortaya çıxır. Yaşamın bu biçiminə “ağıl aşaması” demək olar. Bu aşamada kollektiv kimlik formalaşır. Kollektiv kimliyi formalaşdıran gediş, demək olar, sosiallaşma prosesidir. Sosiallaşma qanunlarla işləyən yönətim strukturlarını doğurur. Alqı-satqı, istehsal, iqtisadi konsentrasiya ilkin nizam göstəriciləridir. Bu gedişdə hər kəsin qatqısı bərabərhüquqlu yaşam anlayışını şəkilləndirir. Ancaq getdikcə toplumun böyüməsi, genişlənməsi birgəyaşayışın nizamında sorunlar ortaya çıxarır. Hər kəs şəxsi çıxarlarının peşinə düşür, həyat uğrunda mübarizə başlayır. Artıq bu aşamadan sonranı nizamlamağı ruh aşaması adlandırmaq olar. Toplumun birgəyaşamında nizamın pozulması, ortaya çıxan çelişkilər (ziddiyyətlər) insanları din, ilahi etki araçılığıyla qorxutma, çəkindirmə axtarışlarına yönləndirir. Bu axtarışların sonucunda keçici olaraq nizam oluşsa da, bərabərsizlikdən qurtulmaq baş tutmur. Çünkü bu tip axtarışlar insan şüurundan, düşüncəsindən, mənəvi oluşumundan qıraqda gedir. Yaşadığımız çağa kimi bu belə olubdur. Son dönəmlərdə, daha optimal çıxış yolu tapa bilmədiklərinə görə, bütün sorumluluğu dövlətin üzərinə yükləməyə başladılar. Ona görə də dövlət öz gücünü itirməyə doğru gerilədi. Dövlət siyasi anlayışdır. O, xalqın birgəyaşayış nizamını yaradan deyil, qoruyan qurumdur. Çünkü xalqın birgəyaşayış nizamı mənəvi özüllər üzərində yaranır. Siyasətlə yükümlü olan bir qurum mənəvi özülləri yaratmaq çapında deyil. Bu üzdən hər şeyin ixtiyarı dövlətə tapşırıldığına görə o, zor ilə yönətmək metodunu seçməli olur. Gözə almaq gərəkdir ki, yönətimi gerçəkləşdirən insanlar mənəvi kamillik yolu keçməyən insanlardır. Siyasətlə mənəvi kamillik bir arada olmur, ola bilmir.
Bundan sonra “şəxsiyyət”lə “lider” anlayışlarına aydınlıq gətirməli oluruq.
Lider – keçici (müvəqqəti) dəyərlər üçün ortaya çıxır. Praktik ehtiyacları ödəyir, dövlət qurur, ya da dövləti yenidən qurur, yönətimi (idarəetməni) formalaşdırır, siyasi güc balansı yaradır. Onun baxışları, çalışmalarının üsulu zamanla dəyişə bilir. Bəzən işlərinə əngəl olanları islah edə bilməyəndə onlara qarşı zor işlədir, hətta ortadan qaldırır. Lider olmaq üçün güc, siyasi xarizma, dövrün siyasi gedişini anlamaq, uyğun planlar hazırlayıb gerçəkləşdirmək qabiliyyəti bəs edir.
Şəxsiyyət isə mənəvi hədəflər üçün doğulur. O, toplumun ruhsal intibahını yetirir. Özünü tanıma, özünüdərk, yüksək ədalətin yaşama gətirilməsi, yüksək həqiqətin ömürlərlə birləşməsi, bütün zamanlara gərək olan mənəvi nizamın, ruhsal ölçünün oluşması şəxsiyyət araçılığı ilə yerinə yetirilir.
Şəxsiyyət olmaq üçün özünüdərk məsələsi öndə gedən koşuldur (şərtdir).
Lider xalqa nə etmək gərəkdiyini anladır, şəxsiyyət isə özünü dəyişməyin gərəkliyini, yollarını.
Şəxsiyyət – düşüncə dərinliyi olan, hər şeyə vicdanla, sorumluluqla yanaşan, mənəvi intibah yönündə seçim edib qərarlar verə bilən, topluma içsəl etki (daxili təsir) göstərən bireydir.
Elə buradaca şəxsiyyət – xalq ayrımına, eləcə də birliyinə yönəlik qısa aydınlatmalar da gətirək. Xalq – təkcə fiziki yaşamını sürdürən sosial varlıq deyil, əslində sosial-fiziki varlıq olan toplumun mahiyyətidir. Bu mahiyyət – toplumun arasından çıxan şəxsiyyətlərlə özünü ifadə edir. Toplum – kollektiv yaddaşa, gələnək-görənəklərə, – kollektiv kimliyə sahibdir. O (toplum), dəyişkən sosial davranış örnəkləri göstərir. Ancaq şəxsiyyət araçılığı ilə özünü dəyişir, yüksək mənəvi dəyərlər yaradır, genelbəşər çapında özünün mədəni kimliyini tanıdır, xalq adına, mahiyyətinə yüksəlir. Bu proses əziyyətsiz, asan başa gəlmədiyinə görə şəxsiyyət(lər) böyük əziyyətlər yolu keçməli olur. Şəxsiyyət nə qədər xalqın dilində danışmağa çalışsa da, qəbul olunması zaman tələb edir. Zamanında qəbul olunmaq istəyən, yeri gələndə xalqla zor dili ilə danışan kəs şəxsiyyət sayılmır, yuxarıda da vurğuladığımız kimi, lider adlanır. Onun üçün gərəkəndə zor dili ilə danışmaq qaçılmazdır. Məsələn, Atatürk, – böyük liderdir. O, bəzən sərt tədbirlərə əl atmasaydı, Türkiyəni qura bilməyəcəkdi…
Şəxsiyyət – xalqın içindəki çelişkiləri (ziddiyyətləri), ayrılıqları görür, onu aradan qaldırıb tək (vahid) qüvvəyə çevirməyə çalışır. Bunun üçün öncə şəxsiyyət xalqdan, daha doğrusu, toplumun dağınıq səviyyəsindən ayrılır. Onu (toplumu) özünü dəyişməyə hazırlayır. Başlanğıcda xalqın özünü dəyişməsi özünə qorxunc görünür. Sanki köhnə, dağılmış relsin üstündə xalq uçuruma gedir. Şəxsiyyət onu bu relsin üstündən düşürməyə çalışdıqca, xalq öz rahatlığının pozulmasını, əzablara çəkilməsini düşünür. Köhnə gələnəklərdən, zərərli vərdişlərdən qurtulmaq istəmir, özünün bu durumuna qarşı mühafizəkar davranır. Buna görə şəxsiyyətə dəli kimi, xain kimi baxır. Bu yanaşmanı, yəni toplumu dəyişmə gedişini heç cür sürətləndirmək olmur. Bu, doğal bir sürəc sayılır. Şəxsiyyətin hədəfləri, düşüncələri gec anlaşılır, buna görə də gec qəbul olunur. Ancaq şəxsiyyət bundan çəkinmir, qorxmur. Məsələn, Nəsimi öz yüksək hədəflərinin gec anlaşılmasından yana addımı dala qoymadı. Çağında dərisini soydular, sonralar isə qəhrəmanlaşdırdılar. Gec də olsa, xalq öz şəxsiyyətində özünü görə bilir, özünün imkanlarını tanıyır. Şəxsiyyət – xalqın özünü dəyişməsi yolunda qorxunc görünən prosesləri adiləşdirir, zəmin yaradır.
Xalqın özünü dəyişməsi iki yöndə ola bilər: Siyasi baxımdan, bir də mənəvi baxımdan. Məsələn, “Birinci Dünya Savaşı”ndan sonra Osmanlının dağılması qaçılmaz idi. Eyni halda, Osmanlını yenidən bərpa eləmək, ya da yeni Osmanlı yaratmaq istəyi də baş tuta bilməzdi. Dəyişiklik həm qaçılmaz idi, həm də gərək idi. Türkiyə toplumu Atatürkün əməyi ilə özünü siyasi açıdan dəyişə bildi. Ancaq nə yazıqlar ki, Türkiyə xalqının özünü mənəvi dəyişməsi üçün zəmin hazırlanmadı, xalq siyasi dəyişikliyin dalınca sosial-hüquqi baxımdan özünü dəyişməklə yetərləndi. Məsələnin bu cəhəti olduqca düşündürücüdür. Türkiyə toplumu bu gün də hər şeyi Atatürkdən istəyir. Bu istək olduqca yanlışdır. Atatürk siyasi xadim idi, o, öz işini gördü, sıradan çıxarılması asan olmayan bir dövlət modeli, sistemi oluşdurdu. Ancaq bu sistemi qorumaq üçün xalq mənəvi intibah yolu keçməliydi. Keçmədi. Ona görə də Ərdoğan kimi bir avantürist dövlətin başına keçərək Atatürkün dövlət modelini uçura bildi. Düşüncəmizə görə bu modeli bərpa eləmək özünü doğrultmayacaq. Onu uçurtduran güclər buna yol verməməyə çalışacaqlar. O güclərin basqısına boyun əyməyən, onları eşitməyən bir güc Türkiyədə varmı, – demək çətindir. (Ancaq sonrakı aşamalarda Atatürkün dövlət modelini gəlişdirməklə (təkmilləşdirməklə – çağın tələblərinə uyğun çalarları artırmaqla) bərpa eləmək alına da bilər).
Ərdogan Türkiyəni mənəvi zəlil durumuna saldı. İndi toplumu bu durumdan qurtarmaq gərək olacaq. Burada biz pessimizm yaratmırıq, gerçəkləri anlatmağa çalışırıq. Gerçəkləri doğru qiymətləndirmədən, durumu dərk eləmədən ondan çıxmaq asan məsələ deyil.
Bizə görə xəlqilik baxımından Türkiyə bir az Atatürkdən qırağa çıxmağa hazır olmalıdır. Bu deyiliş ilk baxışdan ola bilər, bir az çaşdırıcılıq yaratsın. Ancaq düşünürük ki, sağlam düşüncəli, türklüyün gələcəyini düşünən insanlar nə demək istədiyimizi anlamağa çalışacaqlar. Yəni bu çağırışın zərərli olduğunu düşünməyəcəklər. Atatürkün dəyərini, qiymətini heç kimdən az bilmirik. Biz bir çox yazılarımızda vurğulamışıq, ancaq bəzi çalarları burada deməyi gərəkli sayırıq. “Birinci Dünya Savaşı” sonrası Osmanlı xarabalıqları üzərində Türkiyə dövlətini Atatürk yaratdı. Türkün dövlətçilik gələnəyinə son vermək planlarını gerçəkləşdirmək istəyən bir çox Avropa dövlətlərinin, eləcə də Rusiya imperiyasının istəklərini gözlərində qoydu. Güney Anadoluda kürd dövlətinin yaranma imkanını, Doğu Anadoluda erməni dövlətinin gerçəkləşmək qorxusunu ortadan qaldırdı. Atatürkü Azərbaycanın gözündə kiçiltmək istəyənlər bilməlidirlər: Əgər Doğu Anadoluda erməni dövləti yaransaydı, Quzey Azərbaycan (indiki Azərbaycan Respublikası) onun tərkibinə qatılacaqdı… Bütün bunlar Türk dövlətçiliyinə son qoyma prosesində yer almışdır. Atatürk bu, ya buna bənzər projeləri alt-üst elədi. Bu bir möcüzə idi. Bu gün də Atatürkün dövlətçilik prinsipləri Türk dövlətləri üçün gərəkli bir tutalqadır. Bununla belə, yuxarıda vurğuladıq ki, Türkiyə bir az Atatürkdən qırağa çıxmağa hazır olmalıdır. Yəni bütün istəklərini Atatürkdən gözləməməlidir. Mənəvi İntibah yolu keçmək üçün Asif Atanın ideya baxışlarına üz tutmağa başlamalıdır. Xalq təkcə dövlətçilik gələnəkləri ilə var olmur, mənəvi dəyərlər yaradıb yaşam ölçüsünə çevirməklə özünü təsdiq edir. Siyasi xadim nə qədər uca dəyər sayılsa da, xalqyaratma işinə axıracan yaramır. Siyasətçi zorən manevrlər edəndir, dəyişkən mövqe sərgiləyəndir. Yəni biryönlü deyil. Xalqı yaratma işi isə biryönlü düşüncənin, ideyanın yüküdür. Siyasətçi axıra qədər həqiqətçi ola bilmir, siyasi güc balansı yaratmaq üçün həqiqətdən belə, yan keçməli, güzəştə getməli olur. Bu üzdən o, dövlətə, dövlətçiliyə yarayır. Eyni halda, xalqın qurulması üçün şəxsiyyətlərin yetişməsinə zəmin yaradır.
Biz burada bundan sonra şəxsiyyət anlayışını ümumiləşdirib cəmdən tək halında ifadə etməyə çalışacağıq. Çünkü deyiliş yanlış anlaşıla bilər, – Atatürkü şəxsiyyətdən ayırma kimi qəbul olunar. Söhbət Asif Atanın dünyabaxışından getdiyinə görə, peyğəmbərlik məzmunu daşıyan şəxsiyyət anlayışını irəli sürürük. Atatürkü sevirik, güvənirik, dövlətçiliyin özülü sayırıq. Ancaq Ruhsal İntibahın əsas hədəfi olan xalqlaşmanın, insanlaşmanın öncülü (avanqardı) saymırıq. Hər kəsin öz yeri var, hər kəs öz yerində gərəklidir. Biz Türklüyün qurtulması (xilas olması), gəlişməsi yolunda dövlətçilik açısından Atatürkü, Ulusal Varoluşun ölçüsü olaraq isə Asif Atanı görürük. Türk kimliyi Asif Atanın dünyagörüşü ilə aydınlaşa, qurula, dərk oluna bilər. Bu gün Türkiyədə həm dövlətçiliyi uçururlar, həm də xalqı. Dövlətçiliyi Atatürkin modelini dışlamaqla uçururlar, xalqı isə, ərəb-islam kimliyini xəlqi-mənəvi ölçüyə daşımaqla. Bu işi Ərdoğan yerinə yetirsə də, arxasında dış güclərin antitürk planları dayanır. Ərdöğan guya dış güclərin saldırılarına qarşı İslam şüuru ilə dirəniş göstərir, əslində isə verilən tapşırıqları yerinə yetirir. (özlərini türkçü-millətçi sayanlar da Türkiyədə türklüyün ortadan qaldırılmasını görmək istəmirlər)…
xxx
Bir var, xalqın sevgisinin dedikləri, bir də var həyatın dedikləri. Həyatın dediyi odur ki, şəxsiyyətin evi-məişəti var, ailəsi var, işi-dolanışığı var. O bir atadır, ərdir, qohumdur. Biz xalq olaraq, şəxsiyyətdə bunları görmürük, ideyanı, hünəri, özündənkeçməni görürük. Ev-məişət, ər, ata, dolanışıq şəxsiyyətin özünə gərəkdir. Biz ona, bizə gərək olandan baxırıq.
Xalqın bir fərdi hər kəsin yerinə bütün yükləri, kədəri, dərdi öz üzərinə götürəndə şəxsiyyət yaranır. Şəxsiyyət fərdi xarakteri deyil, genel xarakteri təmsil edir. (Söz yox, şəxsiyyətin fərdiliyi bütövlükdə xalqın ləyaqətinə uyğun olur).
Hər birimizin eləməli olduqlarımızı, ancaq eləyə bilmədiklərimizi bir fərd yaşayanda şəxsiyyət yaranır. Bir adam hamının yerinə qabağa durursa, yeni şəxsiyyətlərin yaranmasına başlanğıc verir.
Bütün xalqın içində şəxsiyyət 10 da olar, 100 də. Ancaq 10 da, 100 də elə birdir. Xalqı sındırmaq üçün yağı həmin bir(lər)i sıradan çıxarmağa çalışır. Dövlətçilik baxımından Atatürkü sıradan çıxartmaq da xalqı sındırmaq üçün düşünülmüş oyundur. Yəni tutalqanı aradan qaldırmaqla, xalqın dövlətini qorumasını əngəlləmiş olurlar.
Əslində xalqın dövlətini qoruya bilməməsi şəxsiyyətini yetirə bilməməsinə görədir. Şəxsiyyəti olmayan xalq xəlqliyini itirir, kütlə biçiminə düşür. Əgər Türkiyə qurulandan sonra xalq ruhsal intibah yolu keçsəydi, Atatürkün dövlətçilik sistemini sıradan çıxarmaq cəhdi baş tutmazdı. Türkiyə ruhsal şəxsiyyətini yetirmədi, hər şeyi Atatürkə yüklədi, hər şeyi Atatürkdən gözlədi.
Xalqı həqiqətlə görüşdürən gərəkdir. Xalq həqiqətə doğmalaşmasa, mahiyyətinə uyğun yaşaya bilməz. Mahiyyətinə uyğun yaşaması dayanıqlı ola bilməz. Xalq – sabit, dəyişməz mənəvi xarakterlərlə yaşam ölçüsü qurmalıdır, – dəyişkən ölçü olmaz. Ona görə də Türkün mənəvi-ruhsal ölçüsü Asif Ata olmalıdır. Olmasa çığırtılar, bağırtılar tək (yeganə) mübarizə üsulumuz olacaq. Bu üsul da bizi yerimizdə saydıracaq.
Özünü türkçü sayan kəsim Şəxsiyyəti tanımaq, yetirmək yerinə Türk-İslam söz birləşməsini çox işlədir. Bu kökündən yanlışdır. Köhnəlikdə, yadlıqda qurtuluş ola bilməz. İslam Türkün kimlik şüuru deyil, ola bilməz. İslamın Türklərə gəlişini kökündən araşdırmaq gərəkdir. Orta Asiyada Kuteybə ibn Müslümün başçılığı altında törədilən qırğınlar bəşər tarixində ən amansız qırğınlardan biri sayılır. Təbərinin, Zəkəriyyə Kitabçının verdikləri bilgilərə görə bu qırğınlar təkcə savaş zamanı üz-üzə vuruşub törədilən qırğınlar deyildi, dinc insanları amansızlıqla qılıncdan keçirmələr idi. On km-lərlə uzanan yolların qıraqlarına payalara keçirilmiş insan başlarından qorxunc hasarlar hörülürdü. Qorxu yaratmaq üçün ağlasığmayan üsullar düşünülmüş, insanlığın vəhşətlə çökdürülməsini nümayiş etdirmişdilər. Anaların gözü qarşısında yeniyetmə oğullarının başını kəsmələr, ataların gözü qarşısında qızlarının namusuna təcavüz əməlləri tarixin ən iyrənc, qanlı bir səhifəsinə dönüşmüşdür. 670-740-cı illər Türk Törələrinin məhv edildiyi, yerinə İslam cəhalətinin sırındığı bir tarixdir. Bu tarixi çağımıza kimi türk insanlarından, gəncliyindən, öyrəncilərindən gizlətmişlər. Qarşılığında isə İslamı türklərin savaşsız, könüllü qəbul etmələri yalanlarını sırımışlar. Namusu, heysiyyəti olan hər bir türk insanı bu tarixi öyrənib, dərs götürməlidir. Öyrənmək istəyənlər üçün qaynaq olaraq, yuxarıda Təbərinin, Zəkəriyə Kitabçının adlarını çəkdik. Ya da bu qaynaqların əsasında araşdırma aparıb faktları ortaya çıxaran Turan Dursunu oxumağı önəririk.
Bu faciəli tarixdən dala qalmayan acımasız bir tarix faktı da Azərbaycanda törədilən qırğınlardır. İslamın Azərbaycanda qəbulunu yeridən koşulları (şərtləri) qısaca vurğu eləmək yetərlidir. Bunu biz ayrı-ayrı yazılarımızda dönə-dönə vurğu eləmişik. Koşullar belə idi: yerli toplum öz inanclarında qalmalarını istəyirlərsə, cizyə ödəməli (can vergisi), xərac verməli, bir gün, bir gecə olmaqla Azərbaycan ailələri qızlarını, gəlinlərini ərəb əsgərlərinə bağışlamalı idilər. Bu ağır şərtlərin qarşısında Azərbaycanlılar İslamı qəbul etməli olurdular. Ancaq buna baxmayaraq, Azərbaycanlı qız-gəlinlərə ərəb əsgərlərinin təcavüzü baş verirdi. Hədəf bu idi ki, bir soy (nəsil) dəyişməsi sonucunda Azərbaycan kimi verimli torpaq, onun sərvətləri ərəb feodallarının əlinə keçsin.
Adın, soyadın ərəbləşdirilməsi, dilin ərəb sözləri, anlayışları ilə çirkləndirilməsi, mədəniyyətin sıxışdırılıb dəyişdirilməsi bu xalqın həm genefonduna, həm də mənəvi-mədəni fonduna elə ağır zərbələr vurub ki, xalq hələ də özümləşmə yoluna düşə bilmir. İslamı içimizdə savunanlar bilməlidirlər: bu din bizə qırğınlarla, namus bahasına yeridilmişdir. Hansısa yaxşı cəhətləri olsa belə, bizim şüurumuza, mənəvi kimliyimizə əsla uyğun deyil. (İslamı türkləşdirməyə cəhd edənlərin ləyaqətləri, Türk Sufizmində mənəvi dəyərləri yaşatmaları heç kimi çaşdırmamalıdır. Hərçəndi İslamı türkləşdirmək cəhdləri özünü doğrultmadı). Bu dini yeridənlərdən heç kim bizim, xalq olaraq, içimizdə zəhmətə qatlaşıb, iş aparmayıb. Başımızı kəsməklə qanımıza əkiblər. Xalqın öz dünyagörüşü oluşmalıdır. Onun öz içindən çıxan şəxsiyyət zəhmət çəkib mənəvi oluşumu öyrətməli, anlatmalıdır. Bu işi ona zor göstərib, başını kəsməklə, qorxutmaqla deyil, sevərək, yalvararaq yerinə yetirməlidir.
İslamı içimizdə savunanların heç birinin ömründə ulusal qüdsiyyət, ərdəmlik yoxdur, acıq var, aqressiya var, söyüş var, hədə var. Eynən İslamı yayanlarda olduğu kimi.
Bütün bunları öyrənəndən sonra Türkiyədə Atatürkə qarşı, Türklüyə qarşı yürüdülən əməlləri daha yaxşı anlayacaqsınız.
Sayğılı yurddaşlarım, sizi bu gerçəklərə ayıq baxmağa çağırır, ağrılarımızı duya bilən ürəklərinizdən öpürəm!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
26 Çiçək Ayı, 47-ci il.
(Aprel, 2025). Saray-Soylu.