Azərbaycanın siyasi faciəsi zaman-zaman onun həyatının bütün sahələrində özünü göstərib. Bu gün də biz həmin faciələrin ağırlığı altından çıxa bilmirik. Bəlkə də bizə ən böyük faciəni “Türkmənçay bağlaşması” yaşadıb. Tarixdə başqa xalqların aqibətinə də parçalanmalar düşüb. Ancaq heç bir xalqa parçalanma bizdəki kimi məzhəkə taleyi yaşatmayıb. Yurdumuzun bir parçasını Rusiya işğal elədi. O biri parçasında isə türk yönətiminə son qoyularaq yerində fars hakimiyyəti quruldu. Antitürk qüvvələrin əli ilə yönətilən, türkə qarşı möhkəmlənən fars hakimiyyəti də ədaləti, vicdanı komediya faktına çevirdi.
İki yüz ilə yaxındır, öz doğma yurdunda qərib yaşayan Azərbaycan türkü doğduğuna türk adı qoya bilmir, onu türk dilində oxutdurmaq sorunu yaşayır. Fars hakimiyyəti bu millətin türk olduğunu hər an onun özünə dandırmağa çalışır. Türk sözünü millətin gözündən salmaq üçün hər oyundan çıxır. “Eşşək türk” mənası daşıyan “türkəxər” sözünü qulaqlara o qədər doldurub, nəinki farslar, hətta ordakı türklərin passiv, ancaq sayca əsas kütləsi, acığı tutanda bir-birinə “türkəxər” deyiblər. Bu azmış kimi, indiyədək dilimizə qarşı aşağılayıcı kompaniyalar həyata keçirilib. Bu kompaniyaların etkisi bu gün də həyatımızda öz işini görür. Məsələn, türk dilində elə fe’llər var ki, onları işlədəndə “türkün sözü” kəlməsi işlədirik. Deyək ki, “qayırmaq”, “tıxamaq”, “soxmaq”, basmaq və b.k. Bu sözlərimizə ədəbsizlik damğası vurulub. Guya bu sözlər cinsi davranışları ifadə eləyən anlayışlardır. Halbuki xalqın danışığında cinsi, cismani davranışları bildirən sözlər yetərincədir. Məsələ ondadır ki, fars rejimi dilimizdəki nitq hissələrinin (ən çox isim, sifət, zərf) demək olar hamısına soxula bilib, yalnız ikisinə – “fe`l” və “say”a əl qoyub özgələşdirə bilməyibdir. “Say” nitq hissəmizdə yalnız 80-ə dəyişiklik etməyi bacarıblar. O da ki ordakı türklərin humanistliyindən irəli gəlib. Belə ki səksən sözü farscada, bildiyimə görə, “it” anlamı verir. Türklər onlara qarşı sayğı göstərib səksən sözünün yerinə həştad işlədiblər. Təbii ki, bu humanizm yerində deyil, bizim də dilimizdə elə sözlər ola bilər ki, başqa xalqlarda qarşılığı başqa anlam versin. Məgər onlar bizə görə öz sölərindən əl çəkərlərmi?!
Dediyimiz kimi, çağdaş dilimizdə ismi, zərfi, sifəti bildirən bəs qədər alınma sözlər var (ən çox da, bildiyimiz kimi, farscadan), ancaq fe’llərimiz sırf türkcədir. Ona görə də dilimizi gözümüzdən salmaq üçün türkcəmizdə səslənən fe’llərimizi “ədəbsizləşdirib” farscanın işlədilməsinə yol açmağa çalışıblar.Guya fars dili mədəniyyət dilidir, türk dili isə məişət dili. Baxın, “içəri girdim” yerinə “içəri daxil oldum” deyirik, yazırıq. Qısa, aydın, yığcam dilimizi “mədəni dil” hesabına uzadırıq, mürəkkəbləşdiririk. Bir sözlə, dilimizin ahəng qanununu pozuruq. Çoxsaylı fe’llərimizin yanına mütləq yardımçı yabançı söz qoşuruq. Bunu da eləyəndə deyirik “türkün məsəli”, “türkün sözü”. Tarixin heç bir dönəmində, dünyanın heç bir yerində belə bir şeyə rast gəlinmir ki, başqa xalqlar, məsələn, fransız öz dilində söz desin, sonra dalınca öz utancını bildirərək “fransızın sözü” kəlməsini işlətsin. Bu mümkün deyil. Bəs niyə biz doğmaca, gözəlcə türk sözümüzü işlədib dalınca “türkün sözü” deməliyik?! Niyə bizə layla çalan anamızın layla dilinə həqarətlə yanaşırıq?! Niyə sazımızın, muğamımızın, böyüklüyümüzün, qəhrəmanlığımızın izhar dili olan türkcəmizə utanc qaynağı kimi baxırıq?!
İllər öncə dəlixanadan qaçan bir dəli haqqında hekayə oxumuşdum. Adamlar onu araya alıb meymun hərəkətləri etdirirlər. O isə özünü döyür, özünə gülür… İnsanın dəlilik taleyinə acımışdım. Paralelləşdirmək qəribə səslənsə də, bu gün yurdumuzun insanları da özümüzü söymək, özümüzə gülmək, dilimizə lağlanmaq taleyi yaşayır. Ancaq buna ağlamırıq, heç acımırıq da. O vaxt ağlıma gəlməzdi ki, mənim millətimin taleyi elə buna bənzəyir…
Bizə özünü söymək ənənəsi öyrətdilər, indi özünə inanmaq və özünü sevmək məktəbi yaratmalıyıq. Gənc soylara (nəsillərə) dəyərlərimizin, dilimizin, mənliyimizin qədrini bilmək ənənəsi öyrətməliyik.
“Türkün məsəli” deyən hər kəsə onun nə demək olduğunu anlatmaq gərək, bundan onları daşındırmaq gərək. Dilindən, Sözündən utanmağın ayıb olduğunu dərk eləmək, elətdirmək gərək.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
(arxiv)