Xəbərlər

Soylu Atalı. Türkçülük Hərəkata çevrilməlidir

Dünya güclərinin mövqe dartışmaları siyasi mənzərənin gözlənilməz və qəfil dəyişilməsinə stimul verir. Proseslər o qədər sürətlənib ki, ikinci, üçüncü sırada duran dövlətlər macal tapıb regional mövqelərini dəqiqləşdirə bilmirlər. Beynəlxalq münasibətlərdə bir problem həllini tapmamış yeni problemlər ortaya çıxır və yaxud çıxarılır. Artıq istənilən bir dövlətin gücü öz içində sabit hərbi, iqtisadi zəmin tapmaqla deyil, region dövlətlərin içinə müdaxilə etmək və onların üzərində hakim təsirə malik olmaqla ölçülür. Bəşəriyyətin mənəvi halı pozulub. Dünyada elə bir anarxiya mövcuddur ki, milli dəyərlər, mədəni quruculuqlar arxa plana keçib və ictimai həyata təsirini itiribdir. Bəşər övladının dodaqlarında demokratiya kəlməsi çiçək açdıqca dünyanın halı bataqlığa çevrilir. Bu gün demokratik gedişatda dövlətlərin ayaqda qalmasının çətinləşməsi ictimai həyatda anarxiyanın çoxalması ilə bağlıdır. Bir tərəfdən guya imperiyalar sökülüb milli dövlətlər qurulur, ancaq o biri tərəfdən tarixi dövlətlər parçalanmağa uğradılır.
Bu kontekstdən yanaşanda Türkiyənin Osmançılıq meyli əcayib təsir bağışlayır. Hökumət tərəfindən elə görüntü yaradılır ki, guya Türkiyəni qorumaq üçün ətraf bölgələrə keçmiş təsirlərini bərpa eləmək gərəkdir. Ancaq bizə görə bu niyyətin heç bir gələcəyi yoxdur. Bu gün dünyada hegemon təsirə malik olan Qərb dünyası var və onun Yaxın Şərqi idarə etmək üçün strateji planları var. Türkiyədəki gedişlərin idarə olunması da bu planlara daxildir. Həmişə vurğuladığımız kimi, bu plan iki istiqamətdə Türklüyün sıradan çıxarılmasına hesablanıb. Birincisi, Sovetlərin dağılmasından sonra ayrı-ayrı türk dövlətlərinin bir-birinə yaxınlaşması zərurətə çevrildi. Əlbəttə, öz ağalığını qorumağa çalışan və bunun üçün də parçalama siyasəti yürüdən Qərb bu yaxınlaşmaya biganə qala bilməz. Bəllidir ki, bu çağa qədər Türkiyə Qərbin ideoloji və siyasi təsir dairəsindədir. Bağımsızlıq əldə eləyən türk dövlətlərinin bir-birinə yaxınlaşması Türkiyə vasitəsilə gözlənilirdi. Müəyyən dövr “Türk dünyası”, “türkçülük”, “türklərin inteqrasiyası” (qaynayıb-qarışması) çağırışları da eşidilməyə başladı. “Türksoy”, “Türk dövlətlərinin parlament assambleyası” və b.k. qurumlar yaradıldı. Ancaq heç bir addım həlledici təsirə malik olmadı. Artıq “türkçülük”, “Türk dünyası”, “türk birliyi” deyimləri ayrı-ayrı millətsevərlərin yazılarında ilişib qalıbdır. Ümumi mənada sanki köhnəlib bayağılaşmışdır. Bütün bunlara səbəb Ərdoğan hakimiyyətinin Türkiyəni yenidən müsəlmanlaşdırmasıdır. Düşüncələri çadraya bükməklə türklüyün inkişafını əngəlləyən Ərdoğan təbii olaraq Qərb dünyası tərəfindən himayə olunur. Əminliklə demək olar ki, Türkiyə hökumətinin İsraillə münasibətləri korlaması da Qərbin niyyətlərinə uyğun şəkildə baş verir. Yəni əslində Qərbin Yaxın Şərqdəki əsas vassalı olan Türkiyə hakimiyyəti Qərbin müsəlman ərəbləri idarə etməsi üçün Lider obrazına malik olur. Türkiyənin Türk dünyasının deyil, müsəlman ərəblərin liderinə çevrilməsi üçün labüd şəkildə İsraillə münasibətləri oynadılmalıdır. Beləliklə, həm Yaxın Şərq nəzarətdə saxlanılır, həm də Türk dünyasının yaxınlaşması əngəllənir. Yaxın Şərqin Qərb tərəfindən nəzarətə götürülməsi arzu olunmasa da, türk birliyinin yaranmaması Rusiyanın və Çinin, hətta İranın da maraqlarına uyğun gəlir. Türkiyədə yeridilən siyasət bu ardıcıllıqla davam edərsə, orada türk sözü leksikondan çıxarıla bilər. Sovetlərdə, ABŞ-da, Azərbaycanda sınaqdan çıxarılmış mücərrəd xalq anlayışı Türkiyədə də tətbiq edilə bilər – türk milləti əvəzinə Türkiyə xalqı. Bu da türklüyün sıradan çıxarılmasının ikinci istiqamətidir. Yəni xaricdə Türk dünyasının Türkiyəyə ümidi aradan qaldırılır, daxildə isə milli şüurun türklüyə, Türk dünyasına bağlılığı sıradan çıxarılır.
Bir şey bəllidir ki, Türkiyə Osmanlı hegemonluğunu bərpa edə bilməyəcək. Nə dünya o vaxtkı dünya deyil, nə də dövr qol-qılınc dövrü deyil. İdeoloji və iqtisadi imkanlar da göründüyü kimi Qərbin əlində. Sadəcə Ərdoğan icraçılıq mövqeyində dayanıb hakimiyyətinin ömrünü uzadır. Bizə görə yeganə doğru yol Türk Birliyinin yaranmasıdır. Türk dünyasının birliyi bərqərar olmasa bütün mövqelər itiriləcəkdir. Bu Birliyin yaranması üçün isə Türkiyədə İslamlaşmağa qarşı Türkçülük Hərəkatı başlamalıdır və bu Hərəkat bütün Türk dünyasını qapsamalıdır. Bu çağırış xülyəvi görünməməlidir!

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir