Xəbərlər

Soylu Atalı. Türkiyə türkçülüyə qayıtmalıdır

Soylu AtalıBu gün dünya siyasətçilərinin də, yazarlarının da, hətta sıradan adamlarının da diqqəti Türkiyəyə yönəlib. Bu diqqət – Ukraynaya, Gürcüstana, İrana, Suriyaya, İraqa, eləcə də başqalarına yönələn diqqətdən çox başqadır (fərqlidir). İndi araşdıra bilən də, bilməyən də, anlayan da, anlamayan da bir fikir səsləndirir: “axır ki Türkiyəni də bu oyunlara soxa bildilər”. Söz yox, bu fikir son günlər Türkiyənin yaşadığı olaylara görə deyilir. Ancaq bilmək gərəkdir, Türkiyə çoxdan bu oyunların içərisindədir. Bu olaylar da yeni deyil. Türkiyə 80-ci illərdən bənzər olaylar yaşamaqdadır. Durumun dönməz xarakter alması isə Ərdoğan hökumətinin antitürk çalışmalarda bulunduğuna görədir. Ölkə toplumunun ulusal yapısında (mili şüurunda) türkçülüyün yerinə islamçılığı gətirməklə, Ərdoğanın Türkiyəni hansı duruma soxduğunu, hələ bundan sonra da çox araşdırmalı olacaqlar.
Ərdoğanın siyasi manevrlərinin nəyə qulluq göstərməsini ayıq adamlar öncədən də görə bilirdilər. Ancaq çoxluq Ərdoğana – çadraya bürünən qadınların “mərifətindən” baxırdı. Hələ də baxanlar az deyil. Bu adamlar heç vaxt düşünmürlər ki, islamı dövlət səviyyəsində Tükiyənin içinə qaytarmaq – onların özünü terror qurbanlarına çevirməkdir. Bu gün Türkiyənin hər yerində istər PKK-çılar, istər İŞİD-çilər islam köynəyinin içində gizlənirlər. Bunları çağında tanıyıb islah eləmək Türkiyə dövləti üçün çox çətin olacaq. İslamı bayraq və yaraq edənlər hər yerdə dünya güclərinin əlində alətə çevrilirlər. Dünyanın heç yerində Avropalılardan oluşan terrorçu birliklərə rast gəlinmir. Burada biz bank yaran, birilərinə qarşı ölüm işini yerinə yetirən qruplardan deyil, dövlətlərarası siyasi çəkişmələrdə araçılıq (vasitəçilik) edən birliklərdən bəhs edirik. Bu birliklər dünyanın hər yerində islam bayrağının altına yığışanlardan oluşur. Çünkü islam onlarda uzağa baxan təfəkkür yaratmır, qaraqışqırıq səviyyəsində hayqıran cilovsuz duyğular yaradır. İdrakı olmayan küt bir sürünün əlinə yaraq verib insanlığa qarşı cinayətlərə yönəldirlər. Sözdə onlara yeridirlər ki, öz dinlərinin qorunması, ya da öz toplumlarının bağımsızlığı, özgürlüyü uğrunda vuruşurlar. Ancaq gerçək olaraq, dünyaya ağalıq eləmək istəyənlərin buyuruğunda, qulluğunda insanları qurbanlara çevirir, özləri də qurbanlığa çevrilirlər. Heç bir müsəlman ölkəsi də öz vətəndaşlarını bu cür avantüralara yuvarlanmaqdan qoruya bilmir. Atatürk öz çağında bu qorxunu yerində qiymətləndirə bilmişdi. Ona görə də dini dövlətdən ayıraraq, onun dövlətə etkisini qapıdan dışarda saxlaya bilmişdi.
Türkiyənin gəlcəyi üçün din xurafatını bütünlüklə Türk insanlarının yapısından silməyin gərəkliyini dərk eləmək yerinə, yuxarıda vurğuladığımız kimi, Ərdoğan hökuməti Atatürkün yaratdıqlarını dağıdaraq hər işi tərsinə gördü. İndi Türkiyə toplumu bu cür baş-ayaq əməllərin acısını yaşamaqdadır. Ancaq bu acını yaşamaq təkcə Türkiyə toplumu ilə sınırlanmayacaq, bütövlükdə türk dünyasının yaşamında öz etkisini göstərəcəkdir.
İkinci bir cəhət, dediyimiz kimi, Türkiyənin içərisindəki PKK uzantıları ilə bğlıdır. Bir yandan PKK-nı qanlı əməllər yaradıcısı kimi qiymətləndirdikləri halda, Türkiyə kimi güclü, oturuşmuş bir dövlət həmin qanlı PKK ilə tərəf kimi davrandı. Onlara qarşı münasibətinə “demokratik açılım” adı qoyaraq, “barış masası”nda üz-üzə oturdu. Harda görünüb, terrorçu ilə barış dilində danışıb onlara çalışma ortamı yaradasan?! Ərdoğanın bu “manevrləri” ona bənzəyir ki, maşını dağın başına çıxarasan, sonra ayağını əyləcdən qaldırıb üzü aşağı buraxasan. Bu avara manevrlərlə nə PKK-nı zərərsizləşdirib vətəndaşlarını qoruya bildi, nə də onu yaradıb arxasında duranları, yardım göstərənləri nişan verib ifşa edə bildi. Tərsinə, PKK-ya vaxt verdi ki, özünün siyasi qanadını Türkiyə dövlətinin içərilərinə daşısın. Böyük Millət Məclisinə soxulan DTP PKK-nın istəklərini ayrı-ayrı vaxtlarda dilə gətirməkdən çəkinmədi. Başı ayağının hara getdiyini anlamayan Dəmirtaş adlı birisini havadarları Türkiyə üçün siyasi bəlaya çevirə biliblər.
250 illik bir planla Osmanlını çökdürən Batı dünyası Türkiyə Cümhuriyyətinin yaranmasını gözləmirdi. Atatürkün ortaya çıxacağı heç bir planda yer almamışdı. Batı dövlətləri Türkiyənin içini özləri üçün bölüb yeni planlar işə salmağa hazırlaşmışdılar. Atatürk bu planları alt-üst elədi. Ancaq Batı dünyası Türkiyəyə qarşı istəklərindən əl çəkmədi. Yeni planlar hazırlayıb işə saldı. PKK kimi qanlı bir birlik də həmin planın baş cizgisində yer aldı. İslamı da ayaqda tutdular. Ancaq yeni bir Osmanlı gücünə çevrilməsi üçün yox, ondan terror şəbəkələri yaradıb, əllərində oyuncağa çevirmək üçün. Əslində islam bayrağı altında yeni Osmanlı gücü yaratmaq heç olası iş də deyildi. Bu gün də onun olması baş tutan iş deyil. Baxmayaraq, Ərdoğan Türkiyə toplumunun içində gözbağlayıcılıq edərək, yeni Osmanlı xanədanlığını yaradacağını düşündü. Əslində bu cür yanlış düşüncələri ilə Ərdoğan Türk Birliyinin qabağını kəsdi. İndi Türkiyənin gələcəyi, heç kimə gurultulu səslənməsin, hətta Türk dünyasının gələcəyi Ərdoğandan qurtulmasına (xilas olmasına) bağlıdır. Başqa sözlə, İslamı Türkiyə dövlətinin içindən çıxarmaq gərəkdir. Yoxsa XXI yüzil doğrudan da, Türkün yüzili olacaq – ancaq qalxınmasının deyil, yenilməsinin yüzili olacaq. Hesab edirik ki, Türk Dünyasının gələcəyi siyasətdə (çox çalarları ilə) Atatürk quruculuğuna, ruhaniyyatda isə Asif Atanın İnam Dünyagörüşünə bağlıdır.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir