Xəbərlər

Soylu Atalı. Türkiyənin dönük hakimiyyətinin yenikliyi

Bir vaxtlar dünya mətbuatı yazırdı: “ABD-nin silah-sursat eşalonları Ortadoğuya hərəkət edir, bölgə dövlətləri isə bundan rahatsız olurlar”. Bu hərəkət başlıca olaraq Türkiyənin, İranın, Rusiyanın çıxarlarına uyğun deyildi.
Sonra yazdılar: “ABD ordusunu İraqdan geri çəkir”. Halbuki ordu, plan üzrə, öz işini gerçəkləşdirmədən ABD onu geri çəkmir.

İndi də yazdılar: “ABD ordusunu Suriyadan geri çəkir. Bu isə Türkiyəni rahatsız edir”. Deməli, Türkiyə, bir vaxtlar ordu, silah-sursat gələndə rahatsız olurdu, indi isə ordunun geri çəkilməsindən rahatsız olur. Niyə? Çünkü Türkiyə bu bölgədə həm Rusiya ilə, həm də kürdlərlə üz-üzə qalır. Menbiçə Türkiyənin girməsi gözlənildiyi halda, Rusiya girdi. İndi Türkiyə ya iki cəbhədə bu qüvvələrlə döyüşüb gücünü itirməlidir, ya da geri çəkilərək gücünü itirməlidir. Birinci halda Türkiyə içindən xaosa girir, parçalanır, həm də bölgədə barışı, əmin-amanlığı pozan dövlət imici qazanır. İkinci halda isə, sınırlarını aşama-aşama itirmək qorxusu qarşısında qalır. Çünkü İraqda 60 min kv. km. ərazi kürdlərin tabeliyindədir. Burada onların, hələ dünya dövlətləri tanımasa da, siyasi yönətim strukturu vardır. Milli Məclisi, dövlət başçısı, ordusu, polisi, hökuməti olan bir dövlət formalaşdırıblar. Eləcə də Suriyada bəlli sayları, silahlı qüvvələri, yönətici məclisləri var. Suriya ərazisinin ¼ -də kürdlərin hərbi-siyasi etkisi oluşmaqdadır. “Böyük Ortadoğu projesi”nin başlıca hədəfinə görə, indi qaldı Türkiyə ilə İranın ərazisində kürdlərin hərbi siyasi qüvvəyə çevrilməsi. Sonra bunların hamısının birləşərək “Vahid Kürdüstan” dövlətini əmələ gətirməsi. Bu isə Ortadoğu projesinin ilkin hədəfinin, tam olaraq, gerçəkləşməsi deməkdir. Sonrakı aşamada ola bilər tarix səhnəsindən çıxarılacaq balaca dövlətlərin siyasi taleyi gündəliyə gətirilsin. Bu bir az uzaq hədəfdir.

Bütün bunları götür-qoy edəndə qarşımıza, bizim üçün özəl önəm daşıyan, bir sual çıxır: İran dövlətinin Urmu gölünü qurutmaq kimi məkrli siyasətinin arxasında nə durur?! – Sovetlər dağılandan sonra istər Quzey, istər Güney Azərbaycanda türkləşmə-birləşmə yönündə aktiv bir canlanma yarandı. İran dövləti bu qorxunu önləmək üçün Güney Azərbaycanlıların (duyğusal məsələlərlə) başını qatan olaylar ortaya çıxartdı. Ayrı-ayrı görəvlilərin dili ilə alçaldılan, aşağılanan güneylilər (başı içinə qarışdırılaraq) böyük məsələlərdən yayındırıldılar. Urmu gölünün qurudulması isə başqatma deyil, gələcək planın bir parçası idi. Əkin-səpin yerləri yararsız hala gətirildikcə, türklərin bölgədən köçməyə başlamasını təşkil eləmək gərək idi. Kürdlərin isə bölgədə artması başlamışdı. Deməli, İranın bölünməsi ilə Azərbaycanın bütövləşməsindənsə, onun (Azərbaycanın) bir bölgəsini qurban vermək planı hazırlandı. Çünki İranın ərazisində yaşayan 7-8 milyonluq kürd toplumu, başlıca olaraq, Güney Azərbaycan bölgələrinin payına düşür. Beləliklə, yeni xəritədə “Kürdüstan dövləti”nin sınırları iki yandan türk coğrafiyalarını qapsayır. Bəs bölgənin Türkiyə kimi güclü bir dövlətinin yönətimini işğal edən Ərdoğan hökumətinin işi-dirənişi nədən oluşubdur?! İndiyə kimi Türkiyənin gənəl çıxarları üçün hansı siyasi hünəri ortaya qoyubdur? Başdan bəri Türkiyənin içinə boş vədlər vermək, yalanlarla baş qatmaq bu hökumətin ən böyük əməlləri olmuşdur. Dış siyasəti də hədələrdən uzağa getməyibdir. Ordunu gücsüz duruma gətirdilər. Ölkəni satdılar. ABD-nin buyruğunda olan ərəblərlə guya siyasi iş birliyi həyata keçirdilər. Əslində isə Türkiyəni təkləyərək etkisiz hala yuvarladılar. Türkiyənin toplumsal düşüncəsini, şüurunu ərəbləşdirməklə türk birliyinin formalaşmasını on illər dala atdılar. Biz bütün bu hərəkətləri Türkiyəyə qarşı dönüklük kimi dəyərləndiririk. Bu gün ABD rəsmilərini Türkiyə hakimiyyətinin acıqla-qıcıqla qarşılaması toplumsal baxışa hesablanıb. Hansısa bir diplomata qarşı acıqlı davranmaq iş görməz. Başqa yandan bu cür təpkilər həm anlamsızdır, həm də gecdir…

11 Qar Ayı, 40-il.

(yanvar, 2019).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir