Xəbərlər

Soylu Atalı. Türkləşmənin yanlışları

Sosial şəbəkələrdə bir sıra çağdaş türkçülərin türkçülüyü köhnəliyə dayanıq görsənişlərdir. Məsələn, ən çox yayılan şəkillər sırasında bozqurddur, əynində zirehli geyim, əlində topuz, qılınc, nizə tutan, at belində qorxunc baxışlarla baxan qıpçaq soylu kişilərin şəkilləridir, yayı dartıb ox fırladan gözəgəlimli qız şəkilləridir, bir-birini acımasız olaraq doğrayan döyüş şəkilləridir. Eləcə də, dəlisayaq görkəmdə şaman şəkilləri i.a. Bu təbliğatlarla doğrudanmı türklüyün dirilişini başa gətirmək olar?! – Sanmıram. Dünyaya bununla nə mesaj ötürülür, axı türklük nə deməkdir, türk kimdir?! – Birinci, bəşəriyyət totemizm çağını çoxdan adlayıb. Çağdaş soydaşlarımız türklüyü totemizmlə “diriltməyə” qayıdır. Yay, ox, qılınc, nizə artıq muzeylərdə saxlanılır. Çağdaş soydaşlarımızın şüuru muzeylərə yönəlir.
Şamanizm bəşəriyyətin ən ilkin (ibtidai) inanc növü olan animizmin qalığıdır. Çağdaş soydaşlarımız animizm sevdası ilə millətləşmə aşaması keçmək istəyir.
Zərdüştün, Dədə Qorqudun, Babəkin, Nəiminin, Nəsiminin ideallarını araşdırıb öyrənmək, öyrətmək yerinə şüurumuz qol, qıç, güc adamlarının, hökmdarların sonevlərinə (qəbirlərinə) yortur. Başqa bir yandan da, islamın təriqətləri, məzhəbləri bizi parçalara bölüb şüurumuzu uçurumlara səpələyir, bir ola bilmirik. Çünkü bir olan inamımız, bir olan ideyamız, bir olan ölçümüz yoxdur. Başqa sözlə, Bir olan İnamımıza, Bir olan İdeyamıza, Bir olan Ölçümüzə üz tutan yoxdur (Bunu Asif Ata yaradıb, ortaya qoyub). Hamı öyrədir, heç kim öyrənmir. Hamı yadları, köhnəliyi, geriliyi öyrədir, heç kim qədimlikdəki ucalığı, Yeniliyi, Gələcəyi öyrənmir. İnformasiya bolluğunun içində hamı özünü bilikli sayır, heç kim düşüncəli olmaq istəmir.
 Türkün dünyada yerini həşirlə bəlirləmək olumsuzdur. Türklüyün təsdiqi – bilimdə, təfəkkürdə, fəlsəfədə, mənəviyyatda, ruhaniyyatda yerini bəlirləməsi ilə baş tutacaq…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir