Xəbərlər

Soylu Atalı. Vətən – İnsanın qutsal yaşamasıdır

Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım.
Mənə bir sual verdilər. Daha doğrusu, bir neçə sual verdilər. Sualın içindən sual çıxdı. Mən də bu sualları cavablandırdım. İndi istəyirəm, cavablandırdığım qədər olmasa da, aşağı-yuxarı verdiyim cavablar yönündə sizə düşüncələrimi bildirəm.
Vətənsevərlik nədir, ya da kim vətənsevərdi? – Öncə biz bilməliyik vətən nədir. Vətəninin nə olduğunu biləndən sonra vətən sevgisinin nə olduğuna da aydınlıq gətirə bilərik. İnsanların çoxluq baxımından ağlında, düşüncəsində vətən anlayışı onun yaşadığı coğrafiya deməkdir. Söz yox, bununla razılaşmırıq. Məsələn, bizim hər birimiz bu gün Azərbaycanda yaşayırıqsa, deməli, Azərbaycan bizim vətənimizdir. Sabah Azərbaycandan köçübTailandda yaşaya bilərik. Deməli,Tailand bizim vətənimiz olur?Bizə görə məsələ heç də elə deyil. Çox incə məsələdir. Buradan başqa bir sual ortaya çıxa bilir: tutalım, bir adam Azərbaycandan köçdü, ömrünün axırına kimi gedib başqa bir bölgədə yaşadı, onda o vətənsizmi olur?! –  Ora gəlib çıxana kimi vətən məsələsi ilə bağlı düşüncələrimizi aydınlaşdıraq. Biz deyirik, vətən – bizi yaşadan, bizi var edən dəyərlərin yaşadığı coğrafiyadır. Söz yox, burdan da sual ortaya çıxacaq, bəs onda dəyər nədir? O suala keçməzdən qabaq bu düşüncəni bir az genişləndirək. Bizi var edən, yaşadan dəyərlərin yaşadığı, oluşduğu coğrafiya vətəndir. Bu vətəndə biz özümüzü necə hiss edirik, necə yaşayırıq, necə var oluruq, necə doğmalaşırıq, necə yadlaşırıq, bunların hamısı vətən məsələsinə qatqı göstərən düşüncələrdir, baxışlardır. Vətən anlayışı insanların birgəyaşayış nizamının qorunması üçün, eləcə də bu birgəyaşayışın nizamının oluşduğu coğrafiyanın da qorunması üçün dövlət anlayışını ortaya çıxarır. Dövlət – vətəni, vətəndə olan insanları qorumaq üçün, onların birgəyaşayışını, bir-birinə münasibətini nizamlamaq üçün düşünülmüş bir mexanizmdir. Ancaq dəyərlər yaşamırsa, yaşadılmırsa onda dövlət, nizamı zor ilə qorumalı, zor ilə həyata keçirməli olur. Bu zaman vətən öz anlamından uzaqlaşır. Dövlət zorakı davranır, ya da belə deyək, dövlətin başında olan insanlar özlərinəyarar davranırlar, dövləti bireysəl çıxarlarına uyğun yönətirlər. Bir sözlə, Dövləti özlərinin xeyrinə bir mexanizm kimi oluşdururlar. Varlanırlar, vətənin imkanlarını mənimsəyirlər. Bu da o vaxt əmələ gəlir ki, başqa insanlara qarşı ədalətli davranmırsan, başqa insanların haqqını ayaqlayırsan, onların hüququnu gözardı edirsən. Onların haqq etdiyi nəsnələri də özün mənimsəyirsən, ələ keçirirsən. Bu zaman vətən anlayışı öz anlamını itirmiş olur, daha doğrusu, öz anlamından ayrılmış olur. Çünkü biz vətən deyəndə quruca coğrafiyanı, quruca torpağı qəsd eləmirik. Nə də biz vətən deyə quruca torpağı sevə bilmərik. Vətən adlanan torpağın üzərində talanmaq, əzilmək, məhv edilmək kimi bir gedişi sevib alqışlaya bilmərik. Bu zaman vətən anlayışı imkanda qalır. İmkan olaraq biz onu düşünürük, imkanda sevirik. Necə ki, adamda insanlıq imkanları var, biz adamda o imkanları sevirik. Yoxsa belə götürəndə adamın adamlığını,heyvani davranışlarını sevmirik. Demək vətən bizim üçün artıq imkanda olan bir anlayış kimi qalır. Biz vətəni imkanda, Mənada sevirik. O Mənanı, imkanı gerçəkləşdirmək üçün mübarizə aparırıq. Deməli, biz vətəni gerçəkləşdirərək sevmək istəyirik həm də. Bu bizim vətənə olan münasibətimizdir.
Bu vətəndə, dediyimiz kimi, dəyərlər yaşayır, yaşadılır, oluşdurulur. O dəyərlər bizi var edir. O dəyərlər insani keyfiyyətlərdir, yəni ədalət, vicdan, eləcə də davranışlarda insani nünasibətlərin özünü göstərməsinin başqa çalarları, ailə, ata-ana-övlad birliyi, ataya, anaya münasibət, xalqın özünə münasibət b.k. Bunların içində əsas məsələlərdən biri də bu dəyərləri ifadə edən dildir. Dildən sonra mədəniyyətə keçirik. Deyək ki,yazı mədəniyyətidir, abemizdir, özünüifadə yönüdür, yaradıcılıqdır, sənətdir, insanlara örnək verə biləcək yaradıcılığın başqa çalarlarıdır ki, bizi bir millət olaraq formalaşdırır, tərbiyələndirir… İndi qayıdıram insanın yaşamaq üçün çoğrafiyanı dəyişməsinə. Dedik ki, bir insan Azərbaycanda doğulub, böyüyüb, yaşayıb, sonra gedib Tailandda yaşayır. Bu insanın daşıdığı düşüncə, alışdığı, öyrəşdiyi keyfiyyətlər, yaşamın hər sahəsinə yanaşma üsulu Tailandda olduğu kimi deyil. Əgər sənin baxışın, düşüncən, dilin, danışığın başqa bir ölkədə olan danışıqla, dillə, daha nələrlə üst-üst düşmürsə, onlardan fərqlənirsə, ayrılıq əmələ gətirirsə, onda ora sənin vətənin olmur. Çünkü vətən eyni dildə danışan, böyük anlamda böyük məsələlərə münasibətdə eyni cür düşünən, eyni cür yanaşan, birgə dəyərlər oluşduran, birgə ölçü yaradan insanların yaşadığı coğrafiyadır. Yuxarıda dediyimiz kimi, ailəyə, ataya, anaya münasibətin, insani münasibətlərin hamısının özəllikləri var. O özəlliklər böyük fərqlər əmələ gətirir. O fərqlər bir-birinə tərs olmaya bilər. Məsələn,o coğrafiyada yaşayan insanların baxışı, davranışı özünəxasdır, sənin baxışın özünəxasdır. Ona görə ora sənin vətənin sayılmır. Gərək sən ordakılar kimi olasan, düşünəsən. Yəni özünün öncəki kimliyindən tamamilə əl çəkib uzaqlaşasan. Bu isə assimilyasiyadır, bu isə özgələşməkdir, özünə yadlaşmaqdır, ayrı bir şeyə çevrilməkdir. Bu isə insanın qaragünlülüyü (bədbəxtliyi) deməkdir. Qaragünlünün vətəni olmur.
Ailə dəyərdir. Ancaq Ailə sıradan tərbiyə ilə qorunub var olmur. Vətənin anlamını əmələ gətirən dəyərlərə tapınmaqla var olur. Bu dəyəri xalq birgə əmələ gətirir, onu qorumaqla Vətəni yaratmış olur. Bu zaman həmin dəyərlərlə yaşayan ailə xalqa bənzəyir. Xalq özümlüyünü, öz bənzərsizliyini ailələri ilə qoruyub sürdürür. Ona görə Ailə – böyük sorumluluq deməkdir, işini döl əmələ gətirməklə başa çatdırmır. Yəni Ailə vətəni anlamına yüksəldən dəyərdir, sıradan tərbiyə məktəbi deyil. Məsələn, evdə körpə dünyaya gəlir. Bu körpə böyüklərin davranışlarını görür, götürür. Bu evdə normal davranış varsa normal davranış görür, götürür. Yox əgər həşir varsa, bir-birinə qarşı kobud münasibət varsa, o da onun ağlına, altşüruna oturur, böyüdükcə o da elə davranır. Ya da tərsinə,  mərifətli, qanacaqlı davranır. Yəni ailədən gəlməsə də fərqli tərbiyə ilə davrana bilər, – istər yaxşı, istər pis anlamda. Başqa sözlə, uşaq standart mexanizm deyil ki, yalnız görüb götürməklə qurula. Ona görə ailənin sıradan tərbiyə olayı kimi formalaşması ilə vətən, xalq, dövlət anlayışlarını öz anlamlarına bərabər yaşatmaq özünü doğrultmaz. Deməli, böyüyən uşaq böyük dəyərlərin anlamına yetməli, ailə həyatına belə bir sorumluluqla başlamalıdır. Yoxsa insan vətənli ola bilmir.
Uşaq ailədəki sıradan tərbiyə iləşəxsiyyət olaraq formalaşa bilmir. Bu tərbiyə uşaq böyüyəndən sonra, ya da ölkədə bir dəyişiklik olandan sonra çox asanlıqla sıradan çıxıb gedə bilər. Məsələn biz, sovet dönəmində yaşayırdıq. Bizdə ailələrdə tərbiyə sovet ortamının yaratdığı tərbiyə idi. Bu tərbiyə altşüura yansıyır, vərdişə çevrilir. Sonra istənilən başqa bir vərdiş gəlib bu vərdişi ortadan qaldırır. Məsələn, batıyönlü demokratiya-filan gəldi, yeni vərdişlər gətirdi. Öncəki vərdişləri silib süpürüb atdı, yeni vərdişlər yarandı.
Ona görə biz evdə, ailədə uşağın böyüməsini sağlayan ölçünü böyük xəlqi dəyərlə bağlamağa, insanları şüurlu şəkildə bu dəyəri anlamağa,yaşatmağa çağırırıq. Şüurlu şəkildə bu dəyəri dərk eləyib yaşadarsansa, onu gəlişdirərsənsə qıraqdan gələn yeni bir vərdiş sənin ağlında, düşüncəndə, şüurunda oturuşmuş əsaslı, böyük dəyərləri silib ata bilməz. Onda sən özünü xalq olaraq qoruya bilirsən. Milli kimliyini qoruya bilirsən. Biz buna çağırırıq. Yoxsa evdən gələn tərbiyə hər şeydir demək doğru deyil. Gərəklidir, ancaq azdır. Ölçü xalqın yaşamında olmalıdır. Ailə uşağı xalq kimi böyütməlidir. Xəlqi ölçüdən qıraqda ailə tərbiyəsi qorxaq tərbiyədir, bəsitdir, özünəyarar bir mühafizəkarlıqdır.
Bütün bunlardan qıraqda coğrafiya Vətən adlana bilməz. Ona görə də bunların hamısını uzlaşdırmalı, bağlaşdırmalıyıq bir-birinə, görməliyik ki, coğrafiya ayrıca anlam kəsb eləmir. Vətən onun üzərində yaşayan insanların birgəyaşayış nizamıdır. Birgəyaşayış nizamını da oluşduran ulusal ölçüdür. Biz ona görə vətəni sevirik, burada özümüz oluruq, insani yaşayırıq, insani davranırıq, ədaləti, həqiqəti tanıyırıq. Dilimizi, mədəniyyətimizi, abemizi, yaradıcılığımızı, ailəmizi qoruyuruq. Hər şeyi özümüzəxas olaraq yaşadıb qoruyuruq. Yaşadığımız coğrafiya vətən anlamına yüksəlir, qutsal sayılır.
Atamız Var olsun.

Sərt Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir