Bu gün “Qarabağ” çevrəsində gedən söz-sov yenidən aktiv şəkilə düşüb. Bunun nə qədər utancverici olduğu haqqında danışmaq artıq adi hal alıb. Yəni ya Ermənistanla bağlı nəsə olmalıdır, ya da ATƏT-lə bağlı bir dəyişiklik ortaya gəlməlidir ki, Qarabağ məsələsi çevrəsində aktiv danışıqlar, araşdırmalar başlasın. Belə deyək, ATƏT-in sədrlərindən biri dəyişəndə bölgəyə gedir, işlə tanış olur, jurnalistlərə müsahibə verir. Sanki bu məsələdə hansısa bir tərpəniş olacaq. İndi də Ermənistanda yeni parlament seçkisi yaxınlaşır. Bununla bağlı araşdırmalar, müsahibələr gündəmi doldurub: “ Sarkisyanın işi çətindir, onu aradan götürə bilərlər. Belə getsə Ter-Petrosyan hakimiyyətə gələr, barış yolu ilə Qarabağ məsələsinin çözümü də irəliləyər…”
Bundan başqa durumun gərgin, çətin olduğunu yazan politoloji araşdırmaçıların düşüncələrinə də yer ayrılır. Məsələn, İngiltərəli araşdırmaçı Tomas De Vaal yazır: “Qarabağ konfliktinin diplomatik yolla həllindən başqa alternativ yoxdur”. Sonra da yazır, ATƏT-in Minsk Qrupunun formatı gücləndirilməlidir.
Biz bu araşdırmaları, çıxışları illərdir izləyirik. Ancaq Azərbaycanda yenə də bu aldadıcı, qərəzli çıxışlara üz tutan basın yayınları vardır. Soruşan gərək, nədən Qarabağ məsələsi hələ də konflikt sayılır. Bir dövlət başqa dövlətin torpaqlarını işğal edib, adına konflikt deyirlər. Kimlər deyir – dünyanın aparıcı, siyasi gücləri. ATƏT-in Minsk Qrupu işğal faktını tanımır, sorunun çözümünü, 7 rayonun qaytarılması ilə, Qarabağa bağımsızlıq verilməsində görür. Yəni fakt olaraq, ATƏT-in Minsk QrupuAzərbaycanın yenidən parçalanmasını qanuna salmağa çalışır. Açıq şəkildə Ermənistanın arxasında durur.
Bütün dünya məsələnin çözümü diplomatik yolla olmalıdır deyir. Diplomatik yol da, dediyimiz kimi, Azərbaycanın öz torpaqları ilə alver eləməsi anlamındadır. Əslində siyasi dünya, ya birbaşa, ya dolayısı ilə Ermənistanın yanındadır.
Minsk Qrupunda olan Batı dövlətləri nə Rusiyanın, ortaqsız olaraq, Güney Qafqazın yiyəsinə çevrilməsini istəmirlər, nə də Azərbaycanın böyüyüb Güney Qafqazın aparıcı dövlətinə çevrilməsini. Ona görə də Azərbaycan-türk dövlətçiliyinə “qanun” yoluyla, başqa sözlə, Azərbaycanın öz əliylə son qoymağa çalışırlar. Yəni 7 rayon qaytarılır, Azərbaycan da “ ziyanın yarısından geri qayıdır” – Qarabağın bağımsızlığına göz yumur. Oraya “sülhməramlılar” (əslində işğalçı ordu bölmələri) yerləşdirilir. Bununla da, Güney Qafqaz dünyanı yönətən qüvvələr arasında işğal olunur. Azərbaycanın böyüməsinin, birləşməsinin qarşısı biryolluq alınır, ardınca Türkiyənin parçalanması gündəmə gəlir. Bununla da, dünyanın yönətiminə yeni nizam gətirəcək Türk Birliyi ideyası arxivə atılır. Biz dönə-dönə yazmışıq: Türk dünyasının birliyi – Azərbaycanın birləşməsindən keçir. Türk dünyası bilməlidir, Azərbaycanı bölə-bölə sifirlamağa çalışan qüvvələr türk birliyinin biryolluq yolunu bağlamaq üçün edirlər. Bu gün bütün diqqətlər Azərbaycana yönəlməlidir. Bir türk dövləti olan Azərbaycanın sorununu ələ keçirənlər, bu sorunun çözülməsinin qarşısını almaq üçün ediblər. Türklər də seyrçilik edir, yalançı dünyanın demokratiya adlanan ideolojisinə küsənirlər. Bizdə isə yazırlar: Ermənistanda hakimiyyət dəyişsə, Qarabağ məsələsinin çözümü irəliləyə bilər. Nə yazıqlar, hələ də Qarabağ məsələsinin açarını Ermənistanda axtarırlar. Əslində bu açar Rusiyada da, ATƏT-də də deyil, baxmayaraq onlar imkan vermir, Azərbaycanın milli qeyrətində, siyasi cəsarətindədir. Azərbaycan hakimiyyətində isə nə milli qeyrət təmsil olunur, nə də siyasi cəsarət. Dövlətin başında sağlam millətçi insanlar olmasa, dövlətin gələcəyi sorğu altına düşür. Tarixin bütün dönəmlərində dövləti möhkəmlədənlər millətçilər olublar. Baxın, bu gün də İngiltərənin basqısı altından çıxaraq, Şotlandiyanı bağımsız etməyə çalışan millətçi hakimiyyətdir.
Heç kim “millətçilik” sözünə damğa vurmağa çalışmasın. Millətçilik – özündə yaratdığı milli-bəşəri dəyərlərlə möhkəmlənib varlığını qorumaq anlamı daşıyır. Başqalarına gözağartmaq anlamı daşımır. Biz də sağlam millətçilik deyəndə dəyərlərimizə yiyə çıxmağı, varlığımızı qorumağı düşünürük.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
30 Günəş Ayı, 39-cu il. Atakənd.
( mart, 2017, Bakı).