İllər öncə “Bağımsızlığından əziyyət çəkən xalq” yazısı yazmışdım. Bağımsız elan olunduq, ancaq sevinə bilmədik. Çünkü həyat, məişət, quruluş, nizam, milli yön, heç biri yerində olmadı. Üstəlik dışasılılıq bir neçə yönə bağlandı. Sanki bağımsız olmağımıza görə kimlərəsə borclu qaldıq, başqa sözlə, Uluslararası güclərə “vergi” verməyə başladıq. Ölkənin enerji olanaqları su qiymətinə satışa qoyuldu. “Suyun qiyməti”ni isə iç talançılarımız mənimsədi. Suveren dövlətin asılı iqtisadiyyatı yarandı. Bununla da xalqın həyatı asılılığa bağlandı. Asılılığa bağlanmalarımız qələbə kimi bayram olundu (“əsrin müqaviləsi”ni ən böyük uğur kimi bayrama çevirməyi yada salmaq yetər). Asılı iqtisadiyyatın üzərində taktik diplomatiya quruldu. Böyük (böyük olanaqları) olduğumuz halda, cırtdanlara seçilmiş aqibəti yaşadıq. Milli strategiyası olmayan bağımsız dövlət – bununla xalq hara qədər gəlişə bilər ki?! Milli strategiya olsaydı, “Balanslaşdırma siyasəti”nin bugünkü sonucu gözə alınar, fəlakətlər qabaqlanardı. Hakimiyyəti qoruyan taktiki gedişlər bütövlükdə bağımsızlığı, xalqın gələcəyini qorxu altında qoyubdur. Hər kəsə içimizdə at oynatmaq olanağı verildi, təki hakimiyyətə toxunmasınlar. Batı bizim xalqımızı, özgürlük, demokratik hüquqlar qışqırda-qışqırda dağınıqlığa sürüdü; “mədəni bağlantılar, dostluq bağlantıları, bilimsəl konfranslar adı altında İran toplumumuzun bəlli kəsimini mollaların ixtiyarına bağladı; Rusiya açıq şəkildə xalqımızı vətənsizləşdirdi. Bir xalq olaraq, zorakılığın hər bir üslubuna uğradıq. İçəridə güvəncimiz qalmadığına görə, qruplar şəklində dışarıda güvənc qaynaqları axtarmağımız, bağımsızlığımızı qorxularla üz-üzə gətirib. Hakimiyyətin yadlığı, yağılığı xalqı elə acınacaqlı, dağınıq hala salıb, indi özü çaşbaş durumdadır. Hər yandan basqı görür, hədələnir. Rusiyanın ölkəmizdə çevriliş hədələri onun imperiyaçılıq niyyətlərinin görsənişidir, bu, üzdə açıq görünür. Ancaq Rusiyanın bu hədələri Azərbaycanın bağımsız varlıq olmasından qıcıqlanması ilə sınırlanmır. Həm də, Batının bölgəni ələ keçirməsindən yana keçirdiyi rahatsızlığın ifadəsidir. Ancaq Batı üzdə özgürlük carçısı kimi görünür. Halbuki ATƏT-in Minsk Qrupunun bölgəni bölüşdürmək, mənimsəmək üçün yaradılmış bir qurum olduğu, ötən illərin əməllərində, siyasal kanıtını çoxdan tapıbdır. Bizim üçün Batı Rusiyadan az qorxulu deyil. Baxın, Misirdə, İraqda, başqa ərəb ölkələrində bu çağa kimi diktatorların arxasında duran batı deyildimi?! Sonradan, vətəndaş savaşları ilə, onları devirən yenə Batı deyildimi?! Burada bizim el məsəli yerinə düşür:-“ilanın ağına da, qarasına da…”. Onların sadəcə görsənişdə fərqləri var – Rusiya həmişə açıq zor kimi görsənib, Batı isə yalançı özgürlük carçısı kimi. Hər ikisinin bizə (bütövlükdə Türk Dünyasına) münasibəti qorxuludur. Baxın, Fransanın, İngiltərənin, ABŞ-ın zaman-zaman tutduqları mövqeyə. Deyirlər Rusiyanın addımları, bəyanatları dünyaya açıq meydan oxumaqdır. Bəyəm Batı dünyaya azan oxuyur?! Batı dünyaya meydan oxumur, dünyanı meydansız qoyur.
Rusiya hər gün ermənini silahlandırır, özü də Minsk Qrupunun aparıcılarından biridir. Bəs o biri aparıcılar neyləyirlər?! – Deyirlər, Azərbaycan barış variantları haqqında düşünməlidir. Yəni erməninin silahlandırılmasına illərlə göz yummaq, Azərbaycanı isə “barışa” çağırmaq – Qarabağı, gerçək olaraq, Azərbaycansızlaşdırmaq deməkdir. Söz yox, Azərbaycan da silahlanıb, ordusunu modernləşdirməyə meyil edib. Ancaq bir var dövlətçiliyi qorumaq, bir də var zəbtçiliyi qorumaq. Burada Azərbaycana qarşı erməni zəbtçiliyi qorunur. Rusiya Azərbaycana SSRİ-nin gözüylə baxır, onun bağımsızlığı ilə barışa bilmir. Nə Rusiyanın, nə də Batının Azərbaycana qarşı münasibəti onun hakimiyyətinə qarşı münasibəti deyil, Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı münasibətdir. Bütün bu deyilənlərin fonunda Azərbaycanın siyasal müxalifəti, nə yazıqlar, cılız istəklərlə uğraşır. İllərlə Batıya yan alan müxalifət bir şeyi ciddi araşdırmır. Batı, SSRİ-nin dayaqlarını yıxmaq üçün, 90-cı illərdə bəlli qüvvələri millətçilik bayrağı altında ayağa qaldırmışdı. Sonrakı aşamada milli şüarlarla hakimiyyətə gələn qüvvələr Batıya gərək olmayacaqdı. Həmin qüvvələr Batı üçün “birdəfəlik” (odnarazovıy) qüvvə olduqlarını dərk eləmədilər, millətçilikdən əl çəkib Batının demokratiyası uğrunda döyüşə başladılar. Nə yazıqlar, Milli strategiya hazırlayıb Birlik yaratmaq haqqında düşünmədilər. Millilik çağıran (yaradan yox) qüvvələr Batının onları biryolluq qıraqda saxlayacaqlarını dərk etsəydilər, Azərbaycan da indiki duruma düşməzdi.
Bu gün Azərbaycan Qarabağla bağlı heç barış yolu da tələb edə bilməyəcək. Birincisi, Azərbaycan üçün barış adlanan məntiq yoxdur, savaşla əldən gedən torpaq barış yolu ilə necə qayıda bilər?! Barış Qarabağın ya hamısını, ya da ən yaxşı halda, bir parçasını vermək deməkdir. İkincisi, Rusiya onsuz da hər şeyə yeni adlar qoyur, bəhanələr axtarır. Azərbaycan iqtidarı Balanslaşdırma oyunu oynayanda Qarabağ uğrunda savaşsaydı, daha az bəhanə verərdi. İndi bizimkilərin, Qarabağla bağlı, “lazım gələrsə” kimi populist çıxışları da Rusiya üçün bəhanədir. İqtidar başqa cür siyasi alverlər haqqında düşünəcək (Rusiyanı sakitləşdirmək üçün, onun kadrı, Ramiz Meydiyevə yeni olanaqlar da yarada bilər, bunun əlamətləri görünür də). Ancaq Azərbaycan haqqında düşünməyəcək, düşünə bilməyəcək. Ümid isə satılmayan, sağlam milli bireylərin ortaya çıxmasına qalıb.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
(arxiv)